Şəhid həyat yoldaşının arzusunu reallaşdıran xanım - FOTOLAR
Əzizə Həsənova:
"Universitetə qəbul olduğum gün Fariz yuxuma gəldi, məni təbrik etdi. Qızım
birinci sinfə qəbul olanda dedi ki, atam evdə gözümün qabağından keçdi. Sonra
isə yuxuda görüb. Fariz deyib ki, Sevinc, sənə nə alım?
"Yoldaşım
mənə o ruhu aşılayıb ki, çalış, heç kim səni yazıq gözündə görməsin. Qoy desinlər
ki, qürurludur, mərddir. Mən də dediklərinə əməl etməyə, onun bütün arzularını
reallaşdırmağa çalışıram. Onlardan biri də mənim ali təhsil almağım idi. Həmişə
deyirdi ki, bir qadının, ananın oxumağı gələcək bir nəslin təhsilli olması deməkdir”.
Bu sözləri "Kaspi” qəzetinə müsahibəsində şəhid Fariz Həsənovun həyat yoldaşı
Əzizə Həsənova bildirdi.Ölümündən
sonra həyat yoldaşının arzusunu yerinə yetirərək tələbə adını qazanan Əzizə Həsənova
redaksiyamızın qonağı oldu.
"Ali təhsil
almaq istəyirdim”
Ə.Həsənova
deyir ki, orta təhsili başa vurandan sonra ali təhsil almaq istəyirmiş, amma
alınmayıb: "Ziyalı ailəsində doğulmuşam. Babam məktəb direktoru olub, nənəm də
kəndin baş həkimi idi. Ailədə təhsilə meyillilik olub. Bizim evin yarısından
çoxu kitabxana idi. Babamın bədii əsərləri evin bəzəyi idi. Gözümü açıb evdə
kitab görmüşdüm. Məndə də kitablara maraq yaranmışdı, oxuyurdum. Orta məktəbi
bitirəndə də ali təhsil almaq istəyirdim. O vaxt
mövcud şərait istədiyim qədər hazırlaşmağa imkan vermədi. Çalışırdım, amma
gücüm çatmadı, kollec təhsili aldım”.
"Məni hər
zaman motivasiya edirdi”
Ailə
qurandan sonra həyat yoldaşı onu özünüinkişaf, ali təhsil almaq mövzusunda
motivasiya edir: "Yoldaşım qadını məhdudlaşdıran biri deyildi, müasir idi.
Deyirdi ki, qadın təhsilli, baxımlı olmalı, səliqəli geyinməlidir. Biz
yoldaşımın işi ilə əlaqədar Qazaxın Kəmərli kəndində qalırdıq. Fariz nəinki təhsil
mövzusunda, bütün mövzularda məni hər zaman motivasiya edirdi”.
"Zəng
vurub deyəcək ki, oxu”
Tək
motivasiya etmir, həm də dəstək olurmuş: "Ailə qurandan sonra ali təhsil
almaqla bağlı içimdəki motivasiya ölə də bilərdi. Bəlkə də ailəyə, uşağa baş
qarışardı, heç nə etməzdim. Amma yoldaşım məndə mübarizə ruhunu hər keçən gün
daha da gücləndirirdi. Bəzən ev işlərini filan görürdüm, sonra boş olurdum.
Yoldaşım zəng vurub boş olduğumu eşidəndə, "özünü inkişaf etdir”, "kitabları
qarşına qoy, oxu” və s. deyirdi. Mən bir az qapalı idim, o, mənə dəstək olurdu.
Onun özünüinkişafa necə diqqətlə yanaşması məndə məsuliyyət yaratmışdı.
Düşünürdüm ki, indi boşam, Fariz zəng vurub deyəcək
ki, oxu. Rus dilini bilmirdim, mənimlə rusca danışırdı ki, öyrənim.
İndi də rusca biliyim çox deyil, amma nə öyrənmişəmsə, onun sayəsində olub. Evə
kompüter də aldı, dedi ki, kompüter kursuna get, öyrən. Mən getmək istəmirdim,
təkid edirdi. Deyirdi ki, özünə də xeyirdir, uşaqların gələcəyi üçün də
vacibdir. Deyirdi ki, uşaqlar məni görmürlər, bəlkə də heç görməyəcəklər, amma
sən onların yanındasan. Nə vaxtsa bizi tərk edəcəyini sanki hiss edirdi”.
"O
arzularından biri də təhsilimdir”
Farizlə
Əzizə 2012-ci il sentyabrın 30-da ailə qurmuşdular. 8 illik evlilik. Bu müddətdə
Fariz daim həyat yoldaşının təhsil almasına çalışsa da, necəsə Əzizənin ali təhsil
alması ildən-ilə qalırmış: "Mən valideynlərimi də itirmişəm. Yoldaşım mənə
ata-anamı əvəz edirdi. Onların yoxluğunu hiss etdirmirdi. Fariz həyatdan köçəndən
sonra tək olduğumu hiss etdim. Gördüm ki, ağlayıram, mənimlə bərabər övladlarım
da çökür. Yoldaşım da onları mənə əmanət edib. Onların məndən başqa heç kimi
yoxdur. Son gedişində bildirdi ki, bu, dönüşü olmayan gediş ola bilər. Dedi:
"Uşaqlara yaxşı bax, oxut, möhkəm ol, çalış heç kimin qarşısında əyilmə”.
Deyirdi ki, ağlasan, bir sən ol, bir zülmət gecə, bir də yastıq. Heç kim göz
yaşlarını görməsin. Deyirlər ki, ağrı insanı gücləndirir. Məndə də belə oldu.
Fariz şəhid olandan sonra onun arzularını həyata keçirməyi qarşıma məqsəd
qoydum. O arzularından biri də təhsilim idi”.
"Psixoloji
olaraq dəstəyini hiss edirəm”
Farizin
vaxtilə dediyi sözlər ona daim dəstək olur və qısa müddət hazırlaşıb
universitetə qəbul olur. Ə.Həsənova deyir ki, Farizi yanında hiss edir və bu,
ona güc verir: "Universitetə qəbul olduğum gün Fariz yuxuma gəldi, məni təbrik
etdi. Qızım birinci sinfə qəbul olanda dedi ki, atam evdə gözümün qabağından
keçdi. Sonra isə yuxuda görüb. Fariz deyib ki, Sevinc, sənə nə alım? Sevinc də
deyib ki, mənə qanadlı mələk al, ata... Onu yuxumda görəndə, pozitiv oluram,
inanıram ki, yanımdadır, ölməyib, sağdır. Psixoloji
olaraq dəstəyini hiss edirəm, özümdə güc tapıram, ayaqlarım üstündə
durmağımın vacibliyini dərk edirəm. Mən çöksəm, Farizin də, uşaqların da çökəcəyini
hiss edirəm”.
"Ayaqlarım
üstündə durmağı bacarmalıyam”
Əyani təhsil
alacaq. Deyir ki, analıq məsuliyyəti ilə yanaşı, təhsil almaq onun üçün çətin gəlmir:
"Çünki ən böyük çətinlikləri yaşamışam. Artıq "çətinliyim sınağımdır” deyib irəli
gedirəm. Fariz həmişə deyirdi ki, həyat mübarizədir, gərək mübarizə aparmağı
bacarasan. O mübariz insan idi, mənə də bunu aşılayırdı. Onunla həmişə fəxr
etmişəm, indi də edirəm. Həyatla mübarizədə çökməmək üçün çalışıram. Həyat mənə
nə qədər çətin üzünü göstərsə də, ayaqlarım üstündə
durmağı bacarmalıyam. Gərək hər çətinliyə sinə gərim, uşaqları elə böyüdüm
ki, atasızlığı hiss etməsinlər. Onları elə yetişdirməliyəm ki, şəhidimin adına
layiq olsunlar”.
Əzizənin
bakalavrdan sonra magistr təhsili almaq da fikri var.
Farizin
dünyadakı siması
Müsahibimiz
sonda qeyd etdi ki, nə qədər ömrü var, həyat yoldaşının arzularını yerinə
yetirmək üçün çalışacaq: "Öz təhsilim Farizin arzularından biri idi, onun əsas
hissəsinə nail oldum. Övladlarımın təhsilli olmasını istəyirdi, bunun üçün də əlimdən
gələni edirəm və edəcəyəm. Digər arzularını da reallaşdırmaq üçün ömrümü sərf
edəcəyəm. Fariz bu dünyada yoxdur, amma mən və övladlarım onun dünyadakı
simasıyıq və onu bu dünyada təmsil edirik”.
Aygün
Asimqızı