• çərşənbə, 24 Aprel, 21:25
  • Baku Bakı 23°C

Şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həlli prioritet məsələlərdəndir

20.07.21 16:30 303
Şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həlli prioritet məsələlərdəndir
Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışı hər zamankı kimi, bu dəfə də Azərbaycan cəmiyyətində təqdirlə qarşılandı. Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində respublikamızda heç bir sosial layihə təxirə salınmadı. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, həmçinin əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr çərçivəsində şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir.
Kaspi.az xəbər verir ki, bunu Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Fazil Mustafa şəhid ailələri və müharibə əlillərinin daim Prezident İlham Əliyevin diqqətində olduğunu qeyd edib. O deyib: "Prezident İlham Əliyevin görüşdə söylədiyi fikirlər şəhid ailələrinə və müharibə əlillərinə insanların daha həssas yanaşmalarını təbliğ edən bir davranışdır. Dövlətimizin başçısının bu davranışından sonra insanlar bu təbəqədən olan şəxslərə daha da həssas yanaşır, məmurlar onları daha çox diqqətdə saxlayır və problemləri ilə yaxından maraqlanırlar. Bu da olduqca vacib addımlardan biridir.
Bundan əlavə, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin, maddi durumlarının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Onların sosial problemlərinin həlli prioritet məsələlərdən hesab olunur. Bu cür görüşlərdə hər dəfə konkret addımların atılması Azərbaycan cəmiyyətində vətənpərvərliyin yüksəlməsinə səbəb olur. Belə işlər Azərbaycan vətəndaşına daha çox fayda verir. Şəhid ailələrinin və müharibə əlillərinin dövlətin onlara göstərdiyi qayğı və diqqətdən qürur hissi keçirirlər.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə çıxışı zamanı Ermənistana və onun havadarlarına xəbərdarlıq edərək, Azərbaycana qarşı ərazi iddiası, həmçinin revanşist düşüncəsi olanlara ciddi mesajlar verdi.
"Dövlətimizin başçısının Azərbaycan Ordusunun müharibəyə hər an hazır olduğunu söyləməsi Ermənistan cəmiyyətində müzakirələrə və təşvişə səbəb olub. Təbii ki, bu həyəcana ilkin səbəb Şuşa Bəyannaməsinin imzalanması olmuşdu. Bu Bəyannamə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”sini bir daha təsdiqlədi. Xüsusilə də Bəyannamədəki hərbi yardım barədə müddəalar hər iki ölkənin parlamentində təsdiq edilmiş həmin dövlətlərarası müqavilənin hərbi–siyasi və təhlükəsizlik məsələlərinə dair 1-ci, 2-ci və 3-cü maddələrində öz əksini tapıb. Bunu həm Ermənistana, həm də onun havadarlarına ciddi siyasi mesaj kimi qiymətləndirmək olar. Əgər Ermənistan 44 günlük acı və biabırçı məğlubiyyətdən nəticə çıxarmayacaqsa, yenə də başları üzərində "dəmir yumruğu” görəcək”, - deyə deputat qeyd edib.
banner

Oxşar Xəbərlər