• çərşənbə, 08 Yanvar, 11:02
  • Baku Bakı 7°C

Şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına qayğı hamımızın müqəddəs borcudur

03.09.21 10:30 248
Şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına qayğı hamımızın müqəddəs borcudur
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, dövlətimiz və vətəndaşlarımız Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Torpaqlarımız uğrunda gedən ədalət müharibəsində iştirak edərək bizi doğma torpaqlarımıza, dədə-baba yurdumuza qaytarmaq kimi şərəfli bir yolda iştirak etmiş vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər dövlət rəhbərinin apardığı siyasətin bariz nümunəsidir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva ifadə edib.
Deputat bildirib ki, müharibədən çıxmış və 30 il ərzində torpaqları viran edilmiş, üstəlik müharibə zamanı düşmənin dinc əhaliyə qarşı həyata keçirdiyi terror aktları nəticəsində böyük iqtisadi itkilərə məruz qalmış bir dövlətin bu gün – müharibədən dərhal sonra müharibə iştirakçıları və onların ailə üzvlərinə belə miqyasda göstərdiyi qayğı ölçüyəgəlməzdir. Eyni zamanda, dövlətimizin siyasəti bundan ibarətdir və Prezidentimiz də hər bir çıxışında bunu vurğulayır ki, bu gün şəhid ailələrinin üzvlərinə, qazi və digər döyüş iştirakçılarına qayğı hamımızın müqəddəs borcudur. Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür - şəhid ailələri, Qarabağ müharibəsi qaziləri evlərlə təmin edilir, onların sosial problemləri, o cümlədən təhsil və məşğulluq problemləri həll olunur, övladlarına xüsusi diqqət və qayğı göstərilir.
Ü.Ağayeva diqqətə çatdırıb ki, bir tərəfdən müharibədə verdiyimiz itkilər, digər tərəfdən isə hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda bu işlər uğurla davam edir. Avqustun 25-də Prezident İlham Əliyevin "Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.
"Bu gün xalqımızın ən hörmətli, ən həssas qrupu olan şəhid ailələri, qazilərimizi, bütün döyüş iştirakçılarımız da bu diqqət və qayğı müqabilində böyük alicənablıq nümayiş etdirir və etiraf edirlər ki, şəhid vermək, əzizini itirmək böyük dərddir. Ancaq bundan da böyük dərd var - Vətən, torpaq, azadlıq dərdi. Bu dərdin yolunda bizim igid oğullarımız və hətta bacımız, qızımız, anamız şəhid oldu. Vətən yaşasın deyə onlar şəhid oldular və düşmənə qaya kimi sipər oldular, qaya kimi dayandılar onların qabağında. Onlar bizi ən ali arzumuza – torpaqlarımıza qovuşdurdular, Qarabağımızı, süqutu ilə belimizi qırmış Şuşamızı özümüzə qaytardılar. Ona görə də onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində, tarixində əbədi olaraq yaşayacaq”, - deyə deputat əlavə edib.
Bildirilib ki, Prezident İlham Əliyev özü şəxsən hər dəfə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, hərbçilər ilə görüşləri zamanı da Qələbəmizdən əvvəlki illərdə hər bir tədbirimizdə torpaqlarımızı qaytarmaq, Qarabağımızı azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək, şəhidlərimizin qisasını almaq arzusu ilə yaşadığımızı qeyd edirdi. Ancaq bu gün biz bu arzularımıza çatmışıq. Böyük dövlətlərin siyasəti, gizli təzyiqlərə sinə gərərək Azərbaycan özü ədaləti, beynəlxalq hüququ bərpa etdi, günahsız qurbanlarımızın, şəhidlərimizin, ev-eşiyindən didərgin və itkin düşmüş vətəndaşlarımızın qisası alındı. Bu gün Azərbaycan xalqı özünü bütün dünyaya müzəffər xalq kimi tanıtdı və əminik ki, tarixdə də belə yaşayacaq.
banner

Oxşar Xəbərlər