Şəhadətnamənin attestata çevrilməsi nəyi dəyişəcək?

"Artıq tam və ümumi orta təhsil səviyyələri üzrə
IX-XI sinfi bitirən şagirdlərə şəhadətnamə deyil, attestat veriləcək”. Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsində təhsil
haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın yeni
redaksiyada təsdiqinə əsasən edilən dəyişiklik ortaya bir sıra suallar çıxarıb.
NK-in bundan əvvəlki qərarına əsasən, ümumi orta təhsil səviyyəsini (IX sinif)
xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi
nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi
şəhadətnamə verilib. Yeni Qaydaya əsasən, ümumi orta təhsil səviyyəsini xüsusi
nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə
attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adiattestat
veriləcək.
İndiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə
təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli
attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilib.
Yeni Qaydaya əsasən isə tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla
təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli
attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında
fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat
veriləcək. Eyni zamanda, tam orta təhsil haqqında attestatda "Təhsil aldığı
təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılacaq.
Attestatda yekun qiymət hissəsi 2 yerə
bölünüb
Təhsil
Nazirliyinin məktəbəqədər və ümumi
təhsil şöbəsinin müdiri Aydın Əhmədov mətbuata açıqlamasında yeni
attestatların əvvəlki təhsil sənədlərindən daha rahat olacağını qeyd edərək,
onların forması və içərisinin məzmununun dəyişdiyini söyləyib: "Sənədin məzmunu
daha səlis və rahat formada yazılacaq. Təhsil sənədlərində bu kimi
dəyişikliklərin edilməsinin gələcəkdə vahid imtahanın tətbiq olunmasına heç bir
aidiyyatı yoxdur”. Nazirlik rəsmisinin sözlərinə görə, yeni attestatlarda
buraxılış imtahanlarının nəticələri qiymətlə yox, balla qeyd ediləcək. Attestatda
yekun qiymət hissəsi 2 yerə bölünüb ki, onlardan biri illik, digəri isə
buraxılış imtahanı qiymətidir: "Yəni bu tədris ilinin sonunda kurikuluma əsasən
tədrisini başa vuracaq IX sinif məzunlarının buraxılış imtahanlarındakı fənlər
üzrə nəticələri attestatda balla qeyd olunacaq. Gələcəkdə bu proses digər
siniflərdə də tətbiq ediləcək. IX sinifdə buraxılış imtahanı 2 fəndən - tədris
dili (Ana dili, Rus dili) və Riyaziyyat üzrə keçirilir. Amma illik qiymət bütün
fənlərdən çıxarılır. Əvvəllər buraxılış imtahanın nəticələri qiymətlə - "2”,
"3, "4” və "5” yazılırdı. Amma yeni attestatlarda buraxılış imtahanı keçirilən
fənlər üzrə qiymətlər balla yazılacaq. Qiymətlərin bala uyğun olaraq necə
hesablanacağı hələlik məlum deyil. Amma 100 ballıq sistemdə "4”, "5” və digər
qiymətlərin hansı bala uyğun tutulacağına dair ayrıca təlimat olacaq. İllik
qiymət isə elə əvvəlki qaydada yazılacaq”.
Hər
bir yenilik birmənalı qarşılanmadığı kimi, ümumi orta və tam orta təhsil
pilləsini bitirənlərə sənəd olaraq attestat veriləcəyi ilə bağlı Təhsil
Nazirliyinin bu qərarı qurumun özü tərəfindən təkmilləşdirmənin nəticəsi kimi
dəyərləndirilsə də, təhsil mütəxəssisləri tərəfindən birmənalı qiymətləndirilmir.
Ümumiyyətlə suallar yaranır: təhsil sənədlərində bu kimi dəyişikliklərin
edilməsinə səbəb nədir? Yeni islahat, yoxsa dünya təcrübəsinin tətbiqi? Bəlkə eksperiment?
Heç şübhəsiz,
təhsil sənədindəki dəyişikliyi məqsədəuyğun hesab edənlərlə yanaşı, eksperiment
kimi dəyərləndirilənlər də yox deyil.
Zamanın tələbinə uyğun
Təhsil sənədində baş verən dəyişikliyə münasibət bildirən professor Əjdər Ağayev hökumət
səviyyəsində verilən bu tip qərarların zaman-zaman meydana çıxdığını deyir: "Vaxt
var idi, orta məktəbi bitirənlərə "Kamal attestatı” verilirdi. İndi həmin sənəd
"Attestat” adlanır. Nə vaxtsa 9-cu sinfi bitirənlərə şəhadətnamə deyil, adi bir
sənəd verilirdi. Şəhadətnamə sözü «şahidlik» ifadəsindən gəlir. Amma "attestat”
sözünün məzmununda bitkinlik var. Hesab edirəm ki, sənədlərin indi təqdim
edilən formada adlandırılması daha məqsədəuyğun və hamı tərəfindən başa
düşüləndir. Burada heç bir ciddi problem yoxdur. Həmçinin bu qərarda hər hansı
elmi-pedaqoji əsas da gözləmək lazım deyil. Sadəcə, zamanın tələbinə uyğun
olaraq hamının başa düşdüyü sənəd adlarından istifadə olunur. Bu baxımdan, mən
bu dəyişikliyi məqsədəuyğun hesab edirəm».
Qiymətlərin balla yazılacağına gəlincə, ekspert bu məsələyə münasibətdə
narazılığını ifadə edir. Ekspert bir sənəddə iki qiymətləndirmə sisteminin
tətbiqini məqsədəuyğun saymır: «Mən bu qərarı eşidəndə, təəccüb etdim. Tutaq
ki, qiymətlərin yarısı illik qiymətlərdir, bunların hamısı 5 ballıq sistemlə
yazılır. Qalanları isə 100 balla yazılır. Bu, son qərara gəlinməmiş nəticədir. Bir məqsədə ikili yanaşmaq olmaz.
Bu, elmlə də, məntiqlə də düzgün deyil. Ya bütünlüklə 100 ballıq sistemə
keçilsin, ya da 5 ballıq sistem öz mövqeyini qoruyub saxlasın. Onsuz da 100
ballıq sistemin özü də 5 ballıq sistemə əsaslanır. Bu baxımdan, ikili tətbiqə
ehtiyac yoxdur. Düşünürəm ki, ümumtəhsil məktəbində hələ ki 5 ballıq sistemdir.
Həmin sistemlə də getmək lazım idi”.
Eksperimentlər?
Təhsil eksperti Kamran Əsədov isə
nazirliyin sonuncu qərarının bir
qədər anlaşılmazlıq yaratdığı fikrindədir. Belə ki, ölkədə təhsil sənədlərinin
verilməsi qaydaları Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir: "Təhsil Nazirliyi
öncə bu dəyişiklikləri ictimaiyyətə elan etdi, ondan bir neçə gün sonra qərar
Nazirlər Kabineti tərəfindən rəsmi olaraq bildirildi. Yəni ilk növbədə qərar
Nazirlər Kabineti tərəfindən verilməli, daha sonra Təhsil Nazirliyi öz qərarını
açıqlamalı idi”. Doqquzillik şəhadətnamənin adının dəyişdirilərək tam orta
təhsili bitirmək haqqında "Attestat” olaraq verilməsini uyğunsuzluq kimi
dəyərləndirən ekspert bu qərarın yenidən anlaşılmazlıq yaradacağını hesab edir.
Ekspert qərarın, həmçinin mütərəqqi tərəflərinin olduğunu da qeyd
edir. O mənada ki, sənəddə tədris olunan fənnlərin saatları göstəriləcək: «Bildiyiniz
kimi, Azərbaycan tələbələri təhsillərini davam etdirməkdən ötrü daha çox xarici
ölkələrə gedirlər. Ənənəvi attestatlarımız xarici ölkələrdə tanınma zamanı
müəyyən problemlər yaşayırdı. Məsələn, təhsil pillələri 12 illik olan ölkələrdə
şagirdlərimizi qəbul etmirdilər. Hesab edirdilər ki, onlar dərs saatlarını tam
mənimsəməyiblər. Fikrimcə, sənəddə dərs saatlarının göstərilməsi onların yolunu
açacaq. Bu, onu göstərir ki, Təhsil Nazirliyi xaricdə təhsil almağa gedən
abituriyentlər üçün yaşıl işıq yandırır”.
Bununla belə, yenə də iki qurum arasında ziddiyyətin ortaya çıxacağı
istisna olunmur: "Hal-hazırda buraxılış imtahanları iki və üç fənndən
ibarətdir. Ona görə əsaslandırdılar ki, bu, təhsil prinsiplərinə bir qədər
uyğun gəlmir, yəni ali məktəblərə qəbul zamanı ballar uyğunlaşdırılsın. Heç də
orta məktəblərin səlahiyyəti ali məktəblərə qəbul planını doldurmaq və ya ali
məktəblərə qəbul prosesini həyata keçirmək deyil. Ölkə əhalisinə təhsil sənədi
bir formada verilir. Təhsil Azərbaycan və rus dillərində olan məktəblərdə qəbul
imtahanları Azərbaycan dili və riyaziyyat, tədris digər dillərdə olan
məktəblərdə isə yalnız riyaziyyatdan olacaq. Bu da təhsil sənədləri arasında
uyğunsuzluğa gətirib çıxaracaq”.
Ekspertin sözlərinə görə, xarici ölkələrdə natamam orta təhsil
səviyyəsini bitirənlər tam fərqli, tam orta təhsili bitirənlər isə ayrı sənəd
alırlar: "Ancaq eyni sənəd altında göstərilmə zamanı şagirdin 9 il oxuması qeyd
olunmayacaq. Burada natamam və tam orta təhsildən söhbət gedir. Hətta, xaricə
sənəd qəbulu zamanı 9-cu sinif şagirdləri belə, attestatı təqdim etdikdə, bəlkə
də hansısa ali müəssisələr onları tələbə olaraq qəbul edəcək. Ancaq bu, bizim
qanunvericiliyə ziddir. Digər tərəfdən, şagirdlərə orta məktəbdə keçdikləri
fənnlərin ümumi qiymətləri və buraxılış imtahanlarında göstərdikləri nəticələr
yazılacaq. Ancaq "Təhsil haqqında qanun”a və Nazirlər Kabinetinin sərəncamına
görə, sənəd təhsilin müəyyən pilləsini bitirdikdə verilir. Məsələn, builki
imtahanların nəticələrinə baxsaq, 35 min şagird ana dilindən "2” almışdı. Siz
buraxılış imtahanının nəticəsini ora yazsanız, yeni qərara görə balı
yazmalısınız. "2” qiymət alan axı buraxılış sənədi ala bilməz – bu o deməkdir
ki, siz həmin pilləni bitirməmisiniz. Əgər siz "2” almısınızsa, əvəlki illərdə
qiymətinizə baxılır və orta qiymət çıxarılırdı, nəticədə siz müsbət qiymət
alırdınız. Amma indi belə çıxır ki, Təhsil Nazirliyi yeni qaydalarla onların
qarşısını almış olacaq. Yəni təhsil sənədini verəcək, ancaq onlara növbəti
pillədə təhsilini davam etdirmə imkanı verməyəcək. Həm buraxılış imtahanının,
həm də orta məktəbdə keçirilən fənnin qiyməti yazılacaqsa, haradasa 30 mindən
çox insan "2” alacaq və onların ali məktəblərə qəbul sənədi təhsillərini davam
etdirməyə imkan verməyəcək”.
Təhsil tez-tez islahatlar
aparılmasını və dəyişiklikləri sevmir
Ekspert dünya
təhsil sistemində attestatın yalnız tam olaraq məktəbi bitirdikdə verilən sənəd
sayıldığnı qeyd edir. Məsələn, Türkiyədə «Orta okul», «Lisey» dövrlərinin
sənədləri tamamilə fərqlidir - birində sertifikat, digərində diplom verilir: "Hesab
edirəm ki, bu qərar tam açıqlama olmadan verilib. Bu, eyni zamanda xaricdə ali
məktəblərə qəbul zamanı şagirdlərimizə ciddi problem yaradacaq. Eyni ad
altında, yalnız iç vərəqində tam və ya natamam orta məktəbi bitirməsinin
göstərilməsi yaxşı hal deyil. Bundan əlavə, sənəddə essenin qiyməti də
yazılmayacaq, yalnız buraxılış fənnlərinin qiyməti yazılacaq – bu baxımdan bu,
tələsik atılmış addımdır”. K.Əsədov hesab edir ki, təhsil tez-tez edilən
islahatları və dəyişiklikləri sevmir. Belə ki, son 6 ildə buraxılış imtahanları
və orta məktəblərdə tədris ilə bağlı çox tez-tez islahatlar həyata keçirilir: "Məsələn,
kurikumların və ya müəyyən fənnlərin tətbiqi, buraxılış imtahanlarının Təhsil
Nazirliyindən alınıb TQDK-ya verilməsi, fənnlərin 8-dən 3-ə endirilməsi, sonra
artırılması və s. nəsillər arasındakı əlaqəni qırır və insanlarda növbəti ildə
«Mən təhsilimi necə davam etdirəcəyəm?» inamsızlığı və sualı yaradır”.
Sovet
dövründə təhsil prosesinin 50 il eyni qayda ilə həyata keçirildiyini xatırladan
ekspert hesab edir ki, təhsili adiləşdirmək olmaz: "Təhsil elə bir spesifik
sahədir ki, burada tez-tez eksperimentlər aparmağa ehtiyac yoxdur. Son illər
Azərbaycanda təhsil sahəsində islahat adı altında eksperimentlər həyata
keçirilir. Son illərin təhsil nəticələrinə baxsaq, ortada heç də uğurlu nəticə
yoxdur».
Şəhadətnamənin tarixin arxivinə göndərilib attestatla əvəz olunması,
qiymətlərin balla əvəz edilməsinin təhsil sahəsinə hansısa müsbət yeniliklər
gətirib-gətirməyəcəyini zamanla biləcəyik. Ekspertlərin "məqsədəuyğun” və ya
"eksperiment” deyə haqqında fikir söylədikləri dəyişikliyə cavab olaraq
"vaxtında atılan addım” rəyini vermək üçün də yenə zaman lazımdır. Təbii ki,
əgər şəhadətnamənin attestata çevrilməsinin uğurlu nəticəsini görə bilsək...
Təranə Məhərrəmova
