Seçki, yoxsa təhqir kampaniyası?
Ekspertlər iddia edirlər
ki, Ermənistanda vətəndaş müharibəsi qaçılmazdır
Ermənistanda seçki prosesi (əgər buna seçki demək mümkündürsə)
namizədlər arasında ən çirkin formada kompromat savaşı, qarşılıqlı təhqirlər,
casus ittihamları, hətta ailə üzvləri haqqında ifşaedici materialların dərci və
elanı ilə davam edir. Görünən odur ki, Rusiyanın xeyir-duası ilə seçkiyə
qoşulan eks-prezident Robert Koçaryan hər vəchlə əsas rəqibi Nikol Paşinyanı
üstələməyə çalışır. Artıq indidən bu qənaətə gəlmək olar ki, Kreml, nəyin
bahasına olursa-olsun Koçaryanı hakimiyyətdə görmək istəyir və buna da nail ola
bilər. Ola bilsin ki, koalision hökumət formalaşsın və Koçaryan da bu iqtidarda
spiker postunu tutsun. Keçirilən rəy sorğularının nəticələri də bu qənaəti
gücləndirir - Nikolla onu cəmi bir neçə faiz səs ayırır. Maraqlıdır ki, erməni
cəmiyyətində 2018-ci ildən bəri "Qarabağ klanın”ın parlaq nümayəndəsi
Koçaryana, Serj Sarkisyana qarşı nifrət pik həddə idi. İndi isə bəlli olur ki,
hər iki namizədin reytinq fərqi cüzidir. Özü də Qarabağdakı fiaskodan sonra.
Maraqlıdır ki, "Qallup”ın mart ayında keçirdiyi sorğuda Paşinyanın rəhbərlik
etdiyi "Mənim addımım” partiyası respondentlərin 33 faiz səsini toplamışdı,
Koçaryan isə dördüncü idi. Mayın son günlərində "Mənim addımım” partiyasının
səsi 23 faizə düşdü, Koçaryanın rəhbərlik etdiyi "Ermənistan” blokunun səsi 17
faizə yüksəldi. Son sorğuda Paşinyan yerində sayır (23 faiz), Koçaryan isə
irəliləyir (20 faiz).
Nikol Paşinyanın reytinqinin düşməsi bir sıra səbəblərlə bağlı ola
bilər. Erməni diversantları qaytara bilməməyi, Laçın-Gorus sərhədində baş verən
gərginlik, sərhədlərin demarkasiyası ilə bağlı yeni sənədin imzalanacağı xəbəri
və s. Koçaryan da bütün bunlardan məharətlə istifadə edir. O, "Vətənin xilası”
hərəkatında təmsil olunan daşnakları və keçmiş qubernator Vahe Akobyanın
yaratdığı "Dirçələn Ermənistan” partiyasını ətrafına cəm edib. Bundan çıxış
edərək demək olar ki, Zəngəzur, qarşıdakı günlərdə seçkilərin əsas cəbhəsi
olacaq. Koçaryanın tez-tez Zəngəzura gəlməsi və seçki kampaniyasına buradan
başlamaq qərarı da təsadüfi deyil. Buna baxmayaraq, Nikol da təslim olana
oxşamır. İnzibati resurslarla rəqibinin kampaniyasına əngəl yaradacaq.
Artıq erməni mediası əminliklə yazır ki, seçkilərin ikinci turu
qaçılmazdır. "Qraparak” qəzeti yazır ki, hakim partiya birinci turda digər
partiyalar kimi, 50%+1 toplaya
bilməyəcək. Seçki Məcəlləsinə görə, koalisiyanın formalaşmasına altı gün
gərəkdir. Bu müddət ərzində maksimum üç qüvvə koalisiya yaratmalı və ən azı
onların 54 faiz səsi olmalıdır. Əgər bu, baş verməzsə, o zaman birinci
səsvermədən 28 gün sonra ikinci tur keçiriləcək. Burda blokun iki partiyası
iştirak edəcək. İkinci turda qalib olana avtomatik olaraq 54 faiz veriləcək.
İkinci turun keçirilməsi planı Nikol Paşinyan üçün əsas ola bilər. Sorğunun
nəticələrini nəzərə alsaq, o zaman görərik ki, hakimiyyət birinci turda qalib
olacağına inanmır. Koalisiyaya ümid də yoxdur. Belə ki, parlamentə düşən digər
partiyalar dərhal ona qarşı birləşəcək. "Təki Nikol olmasın” ideyası hakim
ideya olacaq. Çünki hazırda müxalifəti antipaşinyan xətt birləşdirir. Lakin
erməni qanunvericiliyi elə qurulub ki, Paşinyan brinci tur üçün sakit ola
bilər. 25 faiz səs toplasa belə, bu, fəlakət olmayacaq. Başqa ölkələrdə bu,
hakim partiyanın fiaskosu ola bilərdi. Beləliklə, de-fakto Nikol Paşinyan
birinci turu uduzacaq, lakin de-yure birinci turda ona qalib gəlmək mümkün
olmayacaq. Beləliklə, indidən demək olar ki, "Vətəndaş müqaviləsi” ikinci turu
hədəf götürüb. Bu, ilk növbədə daha güclü rəqibin müəyyən olunması və ona qarşı
mübariz aparmaqdır. Bu rəqib də Koçaryanın başçılıq etdiyi ultramilətçi
"Ermənistan” blokudur.
Bununla yanaşı, erməni cəmiyyətində seçkidən sonra vətəndaş
müharibəsinin başlana biləcəyi ehtimalı da güclənir. Və bu xətt tərəfdarları
indidən deyirlər ki, əgər Nikol Paşinyan yenidən baş nazir vəzifəsinə
seçilməsə, Ermənistanda dəhşətli vətəndaş müharibəsi başlanacaq. Məsələn,
Vətəndaş Partiyasının həmtəsisçisi, tanınmış erməni ekspert Artur Ambartsumyan
bildirib ki, Paşinyan növbədənkənar seçkilərin başqa nəticəsi ilə
razılaşmayacaq və qəbul etməyəcək: "Onu yalnız özünün seçiləcəyi nəticə qane
edəcək. O, bu barədə bir neçə dəfə deyib. 2020-ci ildə xalq qarşısında çıxış
edərkən bəyan etdi ki, Ermənistanda vətəndaş müharibəsi olmayacaq, yalnız ona
görə ki, insanlar düzgün hökumət seçəcəklər. Bir neçə gün bundan əvvəl isə
Armavirdə bildirib ki, seçkilərdə öz qələbəsindən başqa hər hansı digər
nəticəsini qəbul etməyəcək”. Ambarsumyan əminliklə bildirib ki, Nikol Paşinyan
yenidən seçilməsə, ən dəhşətli addımlara əl atacaq: "Ermənilər ermənilərin
qanını İrəvan küçələrinə tökəcək”.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Ermənistanı qarşıda
hələ çox ağır günlər gözləyir. Kimin bu
prosesdən qalib çıxacağını demək bir qədər çətindir. Lakin fakt odur ki, erməni
cəmiyyətinin xaos və qarşıdurmalı günləri sona çatmayıb, bəlkə də bundan sonra
başlayır.Azər NURİYEV