• cümə, 19 Aprel, 06:10
  • Baku Bakı 13°C

Seçki qarşıdurması

27.05.21 16:15 407
Seçki qarşıdurması
Ermənistanda müxalifət sərhəd gərginliyini əsas gətirib, seçkinin təxirə salınmasını tələb edir
Ermənistanda müxalifət ilk dəfə olaraq erkən parlament seçkilərinin ləğvi barədə danışmağa başlayıb. Ölkənin üçüncü ən böyük parlament fraksiyası - "Maarifçi Ermənistan"ın lideri Edmon Marukyan sərhəddəki gərgin vəziyyət səbəbindən iyunun 20-nə təyin edilmiş seçkilərin keçirilməsinin məqsədəuyğunluğu barədə şübhələrini dilə gətirib. Marukyana görə, oradakı vəziyyət daha da pisləşə bilər, buna görə də, hökumət seçkiləri ləğv etməyi düşünməlidir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla keçmiş prezident Robert Koçaryan arasında qarşıdurma fonunda müxalifətin özünün siyasi gələcəyindən qorxmaq üçün hər cür səbəbi var. İndi heç kim seçkilərin nəticəsini proqnozlaşdırmaq iqtidarında deyil, çünki Paşinyan səsvermənin ilk turunda qalib gəlməyi bacarsa da, parlament müxalifətinin revanşist qanadı yenə də Milli Məclisdə yerləşə bilər. Eyni zamanda, Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan"ını parlamentdə ikinci partiya mövqeyindən kənarlaşdırmaq çox çətin olacaq.
Erməni cəmiyyətində belə fikir var ki, bugünkü Ermənistan artıq üç il əvvəlki kimi deyil - heç kim "xalq" baş nazirindən dəyişiklik gözləmir və revanşistlər Paşinyanı zərərsizləşdirmək üçün siyasi bir kampaniya aparırlar. Erməni ictimaiyyəti Paşinyan və Koçaryan arasındakı mübarizədə hər şeyin - korrupsiya ifşalarından tutmuş şəxsi həyat detallarının işıqlandırılmasına qədər istifadə olunmasının gördü. Bu səbəbdən də, qarşıdakı seçkilərin necə nəticələnəcəyi suallar doğurur. Əsas faktorlaran biri də odur ki, Kreml Paşinyana ən müxtəlif rəqiblər ortaya atır. Birinci yerdə eks-prezident Robert Koçaryan gəlirdi. İndi isə sürpriz bir milyarder - Ara Abramyan ortaya atılıb.

Abramyan Paşinyana qarşı

Bir neçə gün əvvəl, mayın 21-də rəhbəri olduğu "Rusiyadakı erməni icmasının” saytında onun adından müraciət də yayımlanıb. Müraciətində Ara Abramyan qeyd edir ki, nə hakimiyyət, nə də müxalifət ölkəni böhrandan çıxarmaq iqtidarında deyil: "Ölkə konstitusiyası mənim, dövlətin seçkili orqanlarında vəzifə tutmağıma imkan verməsə də, bu, bizim böyük potensialımızı - təcrübə və biliyimizi vətəni xilas etmək üçün yararlanmağımıza maneə olmamalıdır”. Ara Abramyan 2016-cı il aprel hadisələrindən sonra da seçkilər yolu hakimiyyətə gələcəyini bildirmişdi. Lakin Ermənistandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan onun seçkilərdə ciddi bir nəticə əldə edəcəyinə inanmır. Amma şərhçi deyir ki, o, Rusiya icmasında yaxşı tanınan bir fiqurdur: "Onun Rusiya prezidenti Vladimir Putinlə, Kremlə çox yaxşı əlaqələri var. O, Rusiyadakı erməni icmasının rəhbəri kimi əsas rolu bu ölkədə yaşayan erməniləri qarşıdan gələn seçkilərdə daha da fəal etməkdir. Keçmişdə də Abramyan bir neçə dəfə hakimiyyətə gələcəyini demişdi, amma onun bu vədi heç vaxt gerçəkləşməyib. Ermənistan mediasında onun qarşıdan gələn seçkiyə də qatılacağı yazılır. Amma mən onun bu seçkidə elə də ciddi bir rolu olacağını düşünmürəm. Bu, sadəcə olaraq, seçki kampaniyasına Rusiya yönümlü elementlər qatacaq, amma seçkidə ciddi bir siyasi gücə çevrilə bilməyəcək. Xüsusilə də ona görə ki, Abramyan Ermənistanda elə də məşhur deyil”. Riçard Kirakosyan hesab edir ki, Rusiyanın qarşıdan gələn seçkidə müxalifəti dəstəkləməyəcəyi ehtimalı da Abramyanın şanslarını azaldır. 64 yaşlı Ara Abramyan sovet dönəmində, 1981-ci ildə SSRİ Elektron Sənayesi Nazirliyində idarə müdiri vəzifəsində çalışıb. Onun özü "Kommersant” qəzetinə müsahibəsində deyib ki, sərvətini, qiymətli daş-qaşların biznesindən əldə edib. Riçard Kirakosyan deyir ki, onun kimi şəxslər ABŞ-da kriminal, Azərbaycan və Ermənistanda isə oliqarx kimi tanınır. Onun fikrincə, Abramyanın bu qədər sərvəti necə əldə etməsi şübhəlidir. Hələlik Abramyanın seçkiyə müstəqil namizəd, yoxsa digər siyasi qüvvələrin namizədi kimi qatılacağı bəlli deyil. Ara Abramyan bu barədə danışmağı tez hesab edib. Bildirib ki, yaxın günlərdə Yerevana gedəcək və orada bütün bu məsələlərlə bağlı görüşlər olacaq. Bu görüşlərdən sonra onun seçkidə hansı formada iştirakı açıqlanacaq. Ekspertlər bildirirlər ki, xaricdəki erməni diasporunun etimadını itirmiş Nikol Paşinyana daxildəki müxalif qüvvələrdən daha çox, Ara Abramyanın namizədliyi təhlükəlidir. Ən mühüm amil isə onun Rusiyada yüksək dairədə dəstək qazanması ehtimalıdır. Bəzi mənbələr isə onu artıq indidən "Kremlin namizədi” deyə təqdim edir. Qeyd edək ki, 64 yaşlı Abramyan həm Rusiyanın, həm də Ermənistanın vətəndaşlığını daşıyır. Ancaq onun seçkilərə birbaşa Kremlin namizədi kimi qatılacağını söyləmək çətindir. Çünki Abramyan Rusiyadakı erməni diasporunun tanınmış üzvlərindən olsa da, yüksək nüfuza malik deyil. Digər tərəfdən, Abramyanın ciddi siyasi karyerası da yoxdur. O, ermənilər arasında daha çox milyarder kimi tanınıb. Abramyan rəhbərlik etdiyi Rusiya Müdafiə Texnologiyaları vasitəsilə 2000-ci ilin əvvəllərində Liviya iqtisadiyyatına 1 milyard dollar məbləğində investisiya da yatırmışdı. Lakin 2011-ci ildə "Ərəb baharı” zamanı Liviya lideri Müəmmmər Qəddafinin devrilməsi ilə Abramyana ciddi zərbə dəydi. Onun "Qəddafi ölkəsini, mən isə pullarımı itirdim” deməsi məşhur ifadəyə çevrilib.

Seçkilərə xarici oyunçuların diqqəti

Başqa bir məsələ xarici oyunçuların Ermənistanda baş tutacaq qarşıdakı seçkilərə diqqətinin kifayət qədər yüksək olmasıdır. "Past” nəşri yazıb ki, bu kontekstdə Nikol Paşinyan Qərbə, xüsusən də ABŞ-a, növbəti parlamentdə ən azı bir qərb vahidinin olması, bütün parlamentin Ermənistan üçün Rusiyanın strateji əhəmiyyətini qəbul edən qüvvələrdən və "rusiyasevər”ə çevrilmiş "Vətəndaş Müqaviləsi” partiyasından təşkil edilməməsi üçün hər şey etməyi vəd edib. "Buna görə də, indi bir "fürsət” üçün mübarizə gedir. Məlumata görə, vurğulanmış ən azı bir qərbyönümlü qüvvənin hansısa şəkildə parlamentə keçməsi üçün hakimiyyətin təbliğat və inzibati resursları işləyəcək. Lakin məsələ burasındadır ki, hazırda üzərində sonuncu "stavka”nın edilməli olduğu "qərb atı”na, hələlik qərar verilməyib. Bu, o qədər də asan deyil, bunun üçün bir neçə kiçik partiya mübarizə aparır, lakin hamısı o qədər zəifdir ki, hakim kulislərdə toplaşdıqları kimi, seçkilər nəticəsində "atın”, sadəcə "poni” olduğu məlum ola bilər”, - deyə nəşr qeyd edib. "Hər şey aydındır, Rusiya bizim hesabımıza növbəti dəfə öz geosiyasi maraqlarını həll edir, düşünürəm ki, Ermənistan kəskin şəkildə qarşı çıxmalı və veto qoyacağını deməlidir, əgər bu, keçməsə, Ermənistan bütün strukturlardan çıxmalıdır, çünki Azərbaycanla eyni strukturda ola bilməz”. Bunu isə erməni politoloq Ara Papyan deyib. Onun sözlərinə görə, Rusiyanın qarşısında sual qoyulmalıdır ki, ya müttəfiqsən, ya da deyilsən.
"Yarımhamilə vəziyyət olmur, siz bizim əl-ayaqlarımızı bağlayırsınız, müttəfiq münasibətlərimizi inkişaf etdirməyimizə imkan vermirsiniz, lakin öhdəliklərinizi yerinə yetirmirsiniz”, - deyə Papyan bildirib.

Rusiyaya qarşı hücumlar başlayır

Bu günlərdə Ermənistan hökumətinin iclaslarından birində ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib ki, Qaragöl sektorunda əhəmiyyətli mövqe dəyişikliyi yoxdur və vəziyyət eyni olaraq qalır. Onun sözlərinə görə, gölün yaxınlığında azərbaycanlı əsgərlər var, çoxlu sayda erməni əsgər də oradadır. Paşinyanın bildirdiyinə görə, vəziyyət hərbi eskalasiyaya çatmayıb, qarşılıqlı atışma və toqquşma yoxdur. Erməni mətbuatı yazır ki, Ermənistanın strateji müttəfiqi maskasını belə çıxarmayıb. Ərazidə Ermənistan-Azərbaycan sərhədinin aydınlaşdırılması məsələlərində Azərbaycan tərəfi ilə danışıqlar aparmaq rus qoşunlarının çiyinlərindədir. "Ancaq Ermənistan Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Baş Qərargahı nə ilə məşğuldur? Artıq söhbət Qarabağdan yox, konkret olaraq Ermənistan sərhədlərindən, Ermənistanın suverenliyindən gedir. Və mürəkkəb regional proseslər getdiyi aydındır, buna görə də, balanslaşdırılmış yanaşma nümayiş etdirmək lazımdır. Lakin bu şəraitdə də tərkibində Ermənistanın marağı nöqteyi-nəzərindən adekvat təkliflər etmək, Ermənistanın suverenliyinə və təhlükəsizliyinə zərər vurmadan fəaliyyət göstərmək iqtidarında olan danışıq aparanların ola biləcəyi hakimiyyət lazımdır”, - deyə erməni ekspertlərdən biri yazıb.
Bu arada Ararat Mirzoyanın başçılıq etdiyi erməni nümayəndə heyəti mayın 16-18-də rəsmi səfərlə Moskvada olacaq. Bu barədə "Hraparak” nəşri yazıb. Nəşr qeyd edir ki, bu səfər bir ay əvvələ, aprelin 13-nə planlaşdırılmışdı, lakin, xəbərlərə görə, rəsmi Moskva siyasi səbəblərlə qəbul etməkdən imtina edib. "Rusiya səlahiyyətliləri qəzəbləniblər ki, Paşinyanın Moskva səfərindən sonra əsirlərlə bağlı hekayə səhnələşdiriblər, əsirlərin gətirildiyinə dair saxta xəbərlər yayıblar, Muradov buna cavab verməyə məcbur olub. Ermənistan parlamentinə bildiriblər ki, Dövlət Dumasının spikerinin iş qrafiki dolub, boş olanda qəbul edəcək.
İndi səfər baş tutacaq, çünki Rusiya səlahiyyətliləri Əliyevin Zəngəzur dəhlizi haqqında son bəyanatlarını və Qərbin maraqlarını nəzərə alaraq, seçkilərdən əvvəl Paşinyan hakimiyyətinə qarşı nəzarəti zəiflətməməyə qərar veriblər”, - deyə nəşr bildirib.
Rus ekspert Stanislav Tarasov isə bu bu nəticəyə gəlir ki, Ermənistanda Qarabağ müharibəsində alınmış məğlubiyyətdən sonra başlayan siyasi məntiq tarixi ziddiyyətlərdən asılı olmayaraq ölkənin bütün siyasi qüvvələrinin birləşməsini tələb edir. "Müharibənin bitməsindən sonra nə qədər çox vaxt keçirsə, Ermənistanın düşdüyü uçurum o qədər görünən olur", - deyə o bildirib. Tarasov deyib ki, Paşinyan 2018-ci ilin mayında sahib olduğu dəstəyi itirib. "Paşinyanın hakimiyyəti saxlamaq üçün öz müxaliflərinə qarşı təzyiq mexanizmlərindən istifadə edəcəyinə dair əlamətlər var ki, bu da Ermənistanın vəziyyətini daha da pisləşdirəcək", - deyə Stanislav Tarasov qeyd edib. Deməli, bu qənaətə gəlmək olar ki, Ermənistanı qarşıda çox ciddi problemlər gözləyir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər