• cümə axşamı, 28 mart, 22:11
  • Baku Bakı 13°C

“Səbr strategiyası ABŞ-ın dünyadakı lider rolundan boyun qaçırmasıdır”

03.04.15 10:32 745
“Səbr strategiyası ABŞ-ın dünyadakı lider rolundan boyun qaçırmasıdır”
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar mərkəzinin eksperti Qreqori T.Kili ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa çağırıb. APA-nın məlumatına görə, o, “Rollcall” saytında “Strateji səbr üçün vaxt yoxdur: Azərbaycan nümunə kimi” başlıqlı məqaləsində ABŞ prezidenti Barak Obamanın dünyada “strateji səbr” üçün çağırışlarını əks etdirən yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib.
O qeyd edib ki, Avropa, Afrika və Yaxın Şərqdə Obama administrasiyasının strateji səbrinin bir sıra uğursuzluğa düçar olmuş nümunələri var. Müəllif bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox maraq göstərmir: “Azərbaycanla Ermənistan arasında münaqişə son aylar güclənib. Münaqişə regiondakı sabitliyə təhdiddir. Birləşmiş Ştatlar yalnız Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu həmsədri qismində münaqişənin nizamlanmasında iştirak etməklə kifayətlənir”.
Ekspert Azərbaycan rəsmilərinin Vaşinqtonda keçirilən forumda iştirak etdiyini, onların Obama administrasiyasını Cənubi Qafqaz regionu üçün daha aydın uzunmüddətli geosiyasi strategiya hazırlamağa çağırdıqlarını bildirib: “Obama administrasiyasının strategiyada “regional münaqişələrin həlli istiqamətində Qafqaz ölkələri ilə əlaqələri artırmaq” kimi qeydi region üçün kifayət deyil. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edib və enerji istehsalçısı, etibarlı beynəlxalq müttəfiq kimi ABŞ-ın strateji tərəfdaşına çevrilib. Bakı-Tiflis-Ceyhan boru xətti ilə gündə 1 milyon barel neft nəql olunur, Trans Xəzər qaz kəməri isə Avropanın artmaqda olan enerji ehtiyaclarına cavab verəcək. Əfqanıstan məsələsində Azərbaycan ABŞ hərbi qüvvələrinin, avadanlıqların daşınması baxımından strateji mövqeyə malikdir. Bu ölkə Əfqanıstanda xidmət göstərən NATO Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin yarısını təhlükəsiz tranzit yolu ilə təmin edib”.
Müəllifin sözlərinə görə, onun bu məqaləsi silahlı müdaxilə üçün deyil, dünya lideri kimi vacib roldan üz döndərməməyə çağırışdır: “Azərbaycan ABŞ rəhbərliyini məsələyə diqqəti artırmağa çağırır. Strategiyada göstərildiyi kimi səbrlə bağlı məqsədə çatmaq milli təhlükəsizliyimizi və Avropadakı tərəfdaşlarımızın təhlükəsizliyini təhdid altına ala bilər. Bu “səbr” isə məqsəd deyil, bütün dünyada lider kimi öz rolundan boyun qaçırmaqdır”.
banner

Oxşar Xəbərlər