• cümə, 19 Aprel, 10:45
  • Baku Bakı 13°C

Sazın yaşadığı ünvan - Reportaj

22.05.14 09:36 2018
Sazın yaşadığı ünvan - Reportaj
İzləri tarixin dərinliklərinə gedib çıxan aşıq sənəti bu gün də öz varlığını qorumağa çalışır. Aşıq sənəti elə bir yaradıcılıq növüdür ki, milli-mədəni düşüncənin söz və musiqi ilə vəhdəti burada ifadə olunur. Aşıq sənətinin keçdiyi yol, minillik tarixi, dünəndən bugünə yaratdıqları barədə çox söz deyilib, çox şey yazılıb. Bu sənəti milli sərvət kimi dəyərləndirən insanlar ona sahib çıxmağı özlərinə hər zaman borc bilirlər. Belə insanlardan biri də Hüseyn Həsənovdur.
Hüseyn dayının 87 yaşı var. Ömrünün ahıl çağında yorulmadan, böyük həvəslə Aşıq Ələsgər muzeyini yaradan Hüseyn dayını bu işi görməyə vadar edən bir neçə səbəb var. Bunlardan ilki onun ustad Aşıq Ələsgərin torpağında doğulmasıdır. Hüseyn dayı 1927-ci ildə Göyçənin Ardanış kəndində dünyaya göz açıb. Doğulduğu bu torpaqlar böyük sənətkarlar, ustad aşıqlar yetirib. Elə böyüdüyü saz-söz mühitinin təsirindən o belə bir muzeyi yaratmağa səy göstərib.
Biz də haqqında çox eşitdiyimiz bu muzeylə bağlı “yüz eşitməkdənsə, bir görmək məqbuldu” deyərək Hüseyn dayının evinə yollandıq. Elə binanın qarşısına gəlib çatarkən eyvanı ustad sənətkarların şəkilləri ilə bəzədilmiş evlə qarşılaşdıq. Bu bizi içəridə daha maraqlı məqamların gözlədiyindən xəbərdar edirdi. Muzey 9 mərtəbəli binanın 2-ci mərətəbəsindəki mənzildə yerləşir. Muzeyi yaratmaq üçün Hüseyn dayı 5 otaqlı evinin 4 otağını ayırıb. Müsahibimiz muzeyə “Aşıq Ələsgər” adını verməsinin görkəmli aşığın bu sənətdəki yerinə olan böyük hörmətdən qaynaqlandığını dedi. Otaqlarda üst-üstə yığılmış əşyalar muzeyin zənginliyindən xəbər verirdi. Hüseyn dayı muzeyə 4 qramafon, 3 ədəd patefon, 5 ədəd priomnik (radioqəbuledici – red.) toplayıb. Qeyd edək ki, bunların əksər hissəsini o öz maddi vəsaiti hesabına müxtəlif yerlərdən tapıb gətirib. O deyir ki, Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Cənubi Azərbacandan ona aşıq sənəti ilə bağlı əşyalar göndərilir. Bunların arasında müxtəlif fotoşəkillər, musiqi alətləri, şeir kitabları və başqa şeylər olur. Bunları əldə etməkdə ona ziyalılar, iş adamları, aşıq sənətinin vurğunu olan insanlar yaxından köməklik göstərirlər. Məsələn, Gədəbəy rayonunun Arıqıran kənd sakini Hüseyn Əkbərov muzeyə bir patefon, aşıq ədəbiyyatı və sənəti ilə bağlı bir neçə kitab hədiyyə göndərib. Həmçinin iş adamı Akif Nəbiyev tərəfindən 2 saz, bir qramafon və 1 patefon hədiyyə verilib.
Burada aşıq musiqisi ifaçılarının və müğənnilərin 900-ə yaxın səs valları saxlanır. Vallar muzeyin divarları boyu asılıb. Muzeydə 2000-ə yaxın fotoşəkil mövcuddur. Həmin şəkillər muzeyn divarlarında özünə yer tapa bilib. Bu şəkillər aşıq sənətinin görkəmli nümayəndələrinə məxsusdur. Fotoların içərisində ən qədimi 1912-ci ildə Tiflisdə çəkilmiş Aşıq Abbasqulu və onun dəstəsinin şəklidir. Bu şəkil həmçinin muzeyin ən qədim əşyasıdır. Muzeyə Cənubi Azərbaycan aşıqlarının 60-dan çox şəkli də yerləşdirilib. Muzeydə saz, balaban, zurna kimi milli musiqi alətləri ilə yanaşı, aşıq geyimləri, aşıq şeirləri və sənəti haqqında yazılmış 600-ə yaxın müxtəlif kitablar da var. Həmçinin muzey Aşıq Ələsgərin adını daşıdığı üçün burada ona həsr olunmuş şeirlər də sərgilənir. Bütün bunlar muzeyi ziyarət edənlərin böyük marağına səbəb olur. Muzeyin ziyarətçiləri ilə maraqlanarkən Hüseyn dayı bildirdi ki, bura Azərbaycanın görkəmli ziyalıları, aşıq sənətini sevənlərlə yanaşı, xaricilər, hətta xarici ölkələrin Azərbaycandakı səfirləri də baş çəkiblər. Xaricilərin muzeyə səfərləri barəsində ürək dolusu danışan Hüseyn dayı onlarla bağlı yadda qalan xatirəlrini də bizimlə bölüşdü. Hüseyn dayı deyir ki, ilk dəfə 2011-ci ildə Hindistanın o vaxtki səfiri Debunat Şon muzeyə baş çəkib. Muzeydə Hindistan məşhurlarının guşəsinin yaratdılmasını səfir çox bəyənib. Bu barədə ölkəsində də məlumat verib. Daha sonra 2013-cü ildə Hindistanın növbəti səfiri Vinod Kumar muzeylə tanış olub. Muzeyi bu iln martında Fransanın ölkəmizdəki səfiri Paskal Mönie də ziyarət edib. Hüseyn dayı səfirlərin ziyarəti zamanı çəkilmiş şəkilləri də muzeyin divarlarına həkk etdirib. Müsahibimiz deyir ki, əcnəbilərin ard-arda bu ziyarətləri Mədəniyyət və Turizm Nazirliyini bu işə ciddi yanaşmağa vadar edib. Belə ki, uzun yazışmalardan sonra muzeyə yer ayrılacağı barədə Hüseyn dayıya vəd verilib. O ümid edir ki, əsası 2002-ci ildə qoyulan muzeyə nəhayət, 12 il sonra öz adına layiq yer veriləcək.
Ömrünü aşıq sənətinin təbliğinə və qorunmasına həsr edən bu insan bizimlə olan səmimi söhbətində bildiyi hər şeyi bölüşməyə çalışırdı. Gördüklərimizdən və eşitdiklərimizdən gəldiyimiz qənaət bu oldu ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrini bir araya gətirib tarixi özündə əks etdirən bu muzey aşıq sənətinin təbliği baxımından əvəzsiz xidmətlər göstərir və bu işi daha geniş müstəvidə apara bilər. Hüseyn dayı Aşıq Ələsgər irsinin hələ də öyrənilməli olduğunu, ciddi tədqiqata ehtiyac duyulduğunu bildirir. O, uzun illər əziyyətlə yaratdığı bu mədəniyyət ocağının tanıtdırılmasında hər kəsi yardımçı olmağa çağırdı: “Aşıq sənəti bizim milli sənətimiz, folklorumuzdur. Biz bu sənəti, onu görkəmli nümayəndələrini xalqa tanıtmalıyıq. Bu, bizim milli-mənəvi dəyərlərimizin qorunub saxlanması baxımından böyük əhəmiyyət daşıyır”.
Elvin Səlimov

banner

Oxşar Xəbərlər