• cümə, 29 Mart, 10:20
  • Baku Bakı 5°C

Saxta profillərdən real şər-böhtan

28.03.19 09:30 921
Saxta profillərdən real şər-böhtan
Ötən gün sosial şəbəkədə meyxanaçı və ifaçı Vasif Əzimovun dostluq təklifini qəbul etdim. Üzərindən bir neçə dəqiqə keçməmiş, həmin profildən mesaj aldım: "Yaman dilxoram, konturum yoxdur, mənə kontur göndərə bilərsinizmi?” Açığı, ifaçını qiyabi şəkildə tanısam da, bunu onun yazdığına inanmadım. Şou yazarları ilə əlaqə saxlayıb Vasif Əzimovun adından belə bir mesaj aldığımı dedim. Onlar isə nəinki Vasif Əzimov, bir çox sənətçilərin adından sosial şəbəkədə saxta profillər açıldığını və ifaçının sənət dostlarına, eyni zamanda pərəstişkarlarına belə mesajlar göndərdiklərini bildirdilər.
Bir qədər araşdırma etdikdə, ifaçının məsələ ilə bağlı mətbuata açıqlama da verdiyinin şahidi oldum. Deyib ki, "Facebook”da onun adı ilə açılan bu səhifənin admini tanımadığı insanlara dostluq təklifi göndərir, daha sona mesaj yazaraq kontur istəyir, gecə saatlarında zəng edir. Artıq bəzi narahat olan insanlar bununla bağlı sosial şəbəkədə status yazıblar.
"Lazımi tədbirlər görəcəm”
İfaçının dediklərindən sonra aydın oldu ki, mən tək deyilmişəm. Həmkarlarım da bu cür hadisələrlə rastlaşıblar, özü də eyni profil tərəfindən. İfaçı deyib ki, bu məsələ ilə bağlı lazımi tədbirlər görəcək: "Artıq neçənci dəfədir ki, başıma belə bir iş gəlir. Mənim sosial şəbəkələrdə yalnız "İnstagram”da hesabım var. Qalan heç bir yerdə profilim yoxdur. Bu haqda mənə xəbərdarlıq ediblər. Orada yazan şəxs mən deyiləm. Hamı məni tanıyır. Bilənlər bilir ki, mən o cür xasiyyətdə bir adam deyiləm. Əgər belə davam etsə, lazımi tədbirlər görəcəm”.
"Qoymaram kimsə adımı ləkələsin”
Ötən həftə tanınmış aktrisa Günel Məmmədova da belə bir hadisə ilə qarşılaşıb. "Kaspi”yə danışan aktrisanın sözlərinə görə, onun adına "İnstagram”da səhifə açılıb və oradan bir çox insanlarla yazışıblar. Aktrisa deyir ki, bu ona böyük bir travma yaşadıb: "Xəbərim olmayıb ki, adıma "İnstagram”da səhifə açılıb, həmin profildən tanıdığım-tanımadığım adamlara xoşagəlməz mesajlar yazılıb. Özünü mən olaraq qələmə verən bir şəxs kişilərə mənim adımdan şərəfsiz təkliflər edərək özündən hekayələr uydurub. Guya mən boşanmışam, hamiləyəm. Hələ mən hadisələri sizə üstüörtülü danışıram. Bunu mənə "Günəşim ol” serialında birgə çəkildiyim bir dostum dedi. Teatrda çalışdığım iş yoldaşım Elşən Şıxəliyev də mənim adımdan birinin ona mesaj yazdığını və özünü ələ verdiyini bildirmişdi. O, məndən böyük olduğu üçün hər zaman "müəllim” deyə müraciət edirəm. Adımdan istifadə edən şəxs ona "Elşən” deyə müraciət edib və yazıb ki, "səndən xoşum gəlir”. Elşən Şıxəliyev başa düşüb ki, bu mən deyiləm. Məsələdən xəbər tutanda, həmin dəqiqə 102-yə zəng etdim. Sosial şəbəkədə belə proses olduğunu qeyd etdim, həmin şəxsi polisə verəcəyimi, tezliklə onu tapacağımı yazdım. "İnstagram”da "Günel Məmmədova” adlı bir neçə fan səhifəm var. Mən bu statusu yazdıqdan sonra onlar bir-bir mənə "başqaları ilə sizin adınıza yazışan biz deyilik” kimi mesajlar yazmağa başladılar. Qəribəsi odur ki, mənim adımdan şər-böhtan yazan səhifə mənə "sizi çox istəyirik”, "onu yazan necə şərəfsiz ola bilər ki, sizin adınızdan belə nalayiq işlər görsün” – kimi mesaj yazmışdı. Mən o səhifəni işlədənə heç nə yazmadım. Hadisədən sonra həmin səhifə adını dəyişdirib, çəkildiyim "Ata ocağı” serialının adını qoyub. Yalnız bu serialdan olan şəkilləri saxlayıb”.
Polisə müraciət etdiyini deyən aktrisa hazırda araşdırma aparıldığını bildirir: "Mənə göndərdikləri yazılara baxanda düşündüm ki, bu insanın həqiqətən də psixoloji problemləri var. Çünki mənim adımdan insanlara elə şeylər yazıb ki, o heç kimin ağlına belə gələ bilməz. Əlbəttə ki, yazdıqlarının hamısı yalandır. Bu, şüurlu şəkildə olunan bir hərəkətdir. O şəxsin dostlarıma yazdığı sözləri "screen” edib mənə göndəriblər. Mənim adımnan yazışan adamın mesajları məni dəhşətə gətirir. Polislər dedi ki, həmin şəxsi tapmaq bir az çətindir, ancaq çalışacağıq sizə kömək edək. Biz də hələ ki gözləyirik. Hüquq mühafizə orqanında çalışan dostlarımız bunu ancaq İT mütəxəssislərinin tapa biləcəyini deyirlər. O insan hələ ki eyni xətdən istifadə edir. Əgər bu səhifəni bağlayıb, başqa bir səhifədən yazmış olsaydı, tapmaq çətin olardı. O səhifəni işlədənin təxmini kim olduğunu bilirəm”.
G.Məmmədova bunun bir təxribat olduğunu vurğulayır: "O insan kompyuter arxasında dayanıbsa, ona heç nə deyə bilmərəm. Ancaq polis onu tapıb mənə dəqiq adını desə, yaşadığı ünvanı versə, mən biləcəm ki, ona nə edirəm. Əgər mən onu ittiham etsəm, o, səhifəni bağlayacaq, bunun üçün də həmin səhifənin məhz onun olduğunu bildirmirəm”.
Aktrisa dostlarının ona belə hadisələrə laqeyd yanaşmasını məsləhət gördüyünü desə də, o, məsələnin sonuna qədər getməkdə israrlıdır: "Mənim üçün toxunulmaz olan qeyrət, namus, ad-san var, bunlara toxunmaq olmaz. Kimsə haqqında ağzına gələni yaza bilməzsən. Sabah bilsəm ki o insan kimdir, haqqımda yazdıqlarını onun burnundan gətirərəm. Mən tək deyiləm, arxamda ailəm var. Qoymaram kimsə adımı ləkələsin. Mən neçə ildir ki, təmiz adım üçün çalışıram. Kimsə mənim haqqımda ağzına gələni danışa bilməz. Heç kimə bu ixtiyarı vermirəm”.
"Bizdə də bir çox icra mexanizmləri işlənilmir”
Hüquqşünas Ellada Bayramova sosial şəbəkə istifadəçilərinin bu problemi ilə bağlı qanunvericilikdə bir mexanizm olmadığını və bu sahədə heç bir cəzanın verilmədiyini deyir: "Sosial şəbəkələrdə hər hansı bir şəxs saxta istifadəçi tərəfindən böhtana məruz qalar, təhqir edilərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1 maddəsinə əsasən məsuliyyətə cəlb olunur. Qanun çərçivəsində sosial şəbəkədə, internetdə baş verən böhtan xarakterli heç bir hadisəyə hüquqi yanaşma yoxdur. Hətta bir şəxsin adına açılan saxta profillə bağlı məhkəməyə müraciət edəndə, həmin şəxsi o qədər də ciddiyə almırlar. Çünki profillərin çoxu "fake” ola bilər. Ona görə də onların kim olduğunu isbat etmək çətin olur. Xaricdə belə bir mexanizm hazırlanıb ki, bu problemlə əlaqədar məhkəməyə müraciət ediləndə, 5 dəqiqə ərzində həmin profilin hansı kompyuterdə, kim tərəfindən yaradıldığı aşkar oluna bilir. Bizdə bu mexanizm istifadə olunmadığına görə, müəyyən etmək çətin olur. Əslində sizə hər hansı profildən dostluq təklifi gəldikdə, ilk baxışdan sezmək olur ki, bu, feykdir, yoxsa əsl profildir. Bir az diqqətli olmaq lazımdır. Bunun üçün hər dostluq təklifini qəbul etmək düzgün deyil. Bu mənim fikrimdir. Dostluq təklifi gələrsə, onunla ortaq dostlarınız çoxdursa və o adamı tanıya bilirsinizsə, onda qəbul edə bilərsiniz. Profilin paylaşdığı şəkillər, ötürdüyü informasiyalar çox önəmlidir. Feyk profillə həqiqi profil həmin dəqiqə seçilir”.
Ekspertimiz deyir ki, hüquq mühafizə orqanlarının nəzdində internet hadisələri, oğurluqları ilə bağlı şöbənin yaradılması vacibdir: "Orada çox bacarıqlı kompyuter mütəxəssisləri çalışmalıdır. İT mütəxəssisləri bu işi çox gözəl bacarırlar”.
Belə hadisələr təkcə məşhurların başına gəlmir. İş adamlarının, elə qonşumuz Fatma xalanın, ucqar bir kənddəki Alı dayının başına da gələ bilər. Təbii ki, normal işi, statusu olan şəxslər oturub bütün zamanını bu kimi boş şeylərə xərcləməz. Bu işlə məşğul olanlar tüfeyli həyat keçirənlərdir. Kiminsə anasının, bacısının adına ləkə gətirməyə çalışan insanların həyatdakı yaşam missiyasını anlamaq elə də asan deyil.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər