Saxta balın zərərləri

Saxta balın zərərləri

Təfsilat
25 May 2019, 15:30 190
Bal saxlanma şərtləri və istifadə müddəti olmayan, 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin, saysız-hesabsız müalicəvi xassələri özündə daşıyan qida məhsuludur. Onun rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 faiz su, 80 faizdən çox karbohidrat, 0.4 faiz zülal, 0.3 faiz kül var. Bundan başqa tərkibinə üzvi turşular və fermentlər də daxildir.
 
Bal daha çox müalicə məqsədilə, eyni zamanda, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində istifadə olunur. Bəzən balın tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər - "Bacillus cereus”, "Clostridium perfringens” bakteriyaları balda uzun müddət yaşaya bilər. Balda olan "Clostridium botulinum” bakteriyası 2 yaşdan aşağı körpələrdə ciddi qida zəhərlənməsi sayılan "botulizm”ə yol aça biləcəyi üçün onlara bu qida məhsulu verilməməlidir.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, son dövrlərdə ölkəmizdə saxta balların hazırlanması və satışı artıb. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii bala oxşayır. Lakin arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinler süni balda yoxdur. Saxta bal hazırlanarkən şəkərli məhsul – yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru, təbii rəngləndiricilər – dazı otu, çay dəmləməsi, zəfəran, yaxud süni rəngləndiricilərdən istifadə olunur.
 
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri bir-birindən ayıran çox mühüm fərqlər var. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar da törədə bilər. Tədqiqatlar göstərir ki, insan orqanizminə şəkərin heç bir faydası yoxdur. Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir. Bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və onun normal fəaliyyətinin çətinləşməsinə gətirib çıxarır. 

Əgər insan aktiv həyat tərzi keçirmirsə və normadan artıq şəkər qəbul edirsə, o zaman xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozuntular, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi, orqanizmin hormonal balansının pozulması, diqqət dağınıqlığı, dişlərin çürüməsi və bununla bağlı yaranan böyrək və bağırsaq iltihablanmaları, orqanizmin immun sisteminin zəifləməsi kimi xəstəliklər meydana çıxa bilər.
 
Bütün bunları nəzərə alaraq istehlakçıların təbii baldan istifadə etməsi daha məsləhətlidir.

Balın faydaları 

Bal dünyanın ən möcüzəvi məhsullarından biridir. Bal bəşəriyyətə çoxdan məlum olan və dadlı bir təam, həm də dərman kimi istifadə edilən bir məhsuldur. Bal çox qiymətli bir qida məhsuludur. Bal mədədə uzun müddət qalır, bağırsaqdan asanlıqla keçərək limfatik sistemə sorulur, buradan isə qana və toxumalara yayılır. Balın əsas tərkibi insan orqanizmi tərəfindən asanlıqla mənimsənilən qlükoza və fruktozadır. 

Bunlardan əlavə tərkibində olan vitamin kompleksi, mikroelement, antibakterial maddə, biogen stimulyatorların hesabına balı təbii unikal bir dərman da hesab etmək olar. Balın kimyəvi tərkibi onun hansı çiçəklərdən, hansı ərazidə və ilin hansı fəslində yığılmasından asılı olaraq dəyişir. Baldan həm elmi, həm də xalq təbabətində istifadə edilir.
 
Hal-hazırda yeni sort balların işlənməsi üsulları hazırlanmışdır. Bu məqsədlə arıları xüsusi şirintəhər məhlulla qidalandırırlar. Balın bu əldə edilmə üsulu ekspress və ya sürətli üsul adlanır. Bu metodla 85 yeni sort bal əldə edilmişdir: polivitamin, hematogen, südlü, jenşen balı və s. İndi süni bal da sintez edirlər: qarpız, yemiş, qarğıdalı, balqabaq, xurma balı və s. Bu cür balı bu meyvələrin şirələrinin uzun müddət buxarlandırılması yolu ilə əldə edirlər. Təbii ki, bu cür təam həm kimyəvi tərkibinə, həm də müalicəvi təsirinə görə təbii balı əvəz edə bilməz. 

Bəs təbii balı saxta baldan necə ayırd etmək olar? Bunun üçün məlum üsulları təqdim edirik:
 
Balın həqiqiliyini bilmək üçün QIZIL QAYDALAR


1.Balın tərkibini oxuyun
İlk öncə, balın tərkibini oxuyun və hansı tərkib hissələrindən ibarət olduğuna baxın. Tərkibində əlavə maddələrin olmadığına əmin olun. İstehsalçı balın tərkibini və tərkibindəki maddələrin faizini məhsulun üzərində qeyd etməlidir.

2. Karamelləşdirmək üsulu
Siz, həmçinin, sadə bir üsulu yerinə yetirə bilərsiniz. Bir neçə qaşıq balı kasaya yerləşdirin və yüksək dərəcəyə qədər qızdırın. Əgər bal təbiidirsə, o karamelləşəcək, əgər saxtadırsa, köpüklənəcək.

3. Xalis bal yapışqan olmur
Digər bir effektiv üsul budur ki, bir balaca balı barmaqlarınıza yaxın və barmaqlarınızı bir-birinə sürtün. Əgər bal xalisdirsə, dəriniz onu asanlıqla hopduracaq. Əgər bal saxtadırsa, o barmaqlarınıza yapışıb qalacaq. Bu, onun tərkibindəki şəkər və süni şirinləşdiricilər səbəbilə baş verir.

4. Arısayağı üsul
Arısayağı üsul da maraqlı və effektivdir. Biz bilirik ki, qarışqalar arıların ifraz etdiyi həqiqi bala toxunmurlar. Odur ki, bir balaca balı hər hansı bir küncə yerləşdirin. Qarışqalar ona toxunmadan yanından keçsələr, əmin ola bilərsiniz ki, aldığınız bal xalisdir.

5. Kağız üsulu
Siz kağızdan istifadə edərək balın tərkibində suyun olub-olmadığını üzə çıxara bilərsiniz. Bir balaca balı kağızın üzərinə yaxın. Əgər bal təbiidirsə, bir müddət sonra kağız islanıb cırılmayacaq. Əgər saxtadırsa, tərkibindəki su səbəbi ilə kağızı isladıb cıracaq.

6. Yumurta sarısı üsulu
Əgər bal təbiidirsə, yumurtanın sarısını balla qarışdırdıqda yumurta sarısı sanki bişmiş kimi olacaq. Odur ki, bir yumurta sarısını az miqdarda balla qarışdıraraq bunu yoxlayın.

7. Kristallaşma (xarlaşma)
Təbii bal zamanla xarlaşır. Saxta bal isə, hətta uzun müddət keçdikdən sonra da siropu xatırladır. Ancaq bal xarlanıb, lakin kristallaşma bərabər səviyyələrdə getməyibsə, bu da balın saxtalığına işarədir. Həmçinin təbii bal uzun müddət qaldıqda rəngi tündləşir, konsistensiyası qatılaşır.

8. Su və yod ilə yoxlama üsulu
Bu üsul, balın xalis yoxsa, saxta olduğunu üzə çıxarmaq üçün istifadə olunan ən asan üsuldur. Xalis balı suya tökdükdə, o suyun dibinə enir, saxta bal isə əriyir.

Satıcılar çox zaman bala təbii görüntü vermək üçün ona un və ya nişasta qatırlar. Bu da balın dad keyfiyyətinə və kalorisinə mənfi təsir edir. Bunu müəyyən etmək üçün bir qədər balın üzərinə azca distillə olunmuş təmiz su (ev şəraitində qaynadılmış su da olar) əlavə edib qarışdırın. Daha sonra isə bir neçə damcı yod əlavə edin. Əgər maye göyərərsə, deməli balda un və ya nişasta qatqısı var. Əksinə olarsa, deməli qatqı yoxdur. 

9. Çörək üsulu
Az miqdarda balı bir parça çörəyin üzərinə yaxın. Əgər bal təbiidirsə, çörək bərk qalacaq. Əgər saxtadırsa, tərkibindəki su səbəbi ilə çörəyin səthi islanacaq.

10. Ağızda cimilti (yanma)
Xalis bal ağızda cimilti yaradır, saxta bal ağıza qoyulduqda isə heç bir təsirə malik olmur.
 
11. Balı iyləyin 
Saxta balın heç bir ətri olmur. Lakin bəzi bitkilərdən alınan balın da ətri olmaya bilər. Məsələn, yağıotu (ivançay) bitkisinin balı.

12. Sirkə ilə yoxlama üsulu 
Bəzən bala tabaşir də qatırlar. Bunu tərkibdə müəyyən etmək üçün balı bir qədər təmiz suda həll edib üzərinə bir neçə damcı sirkə damızdırın, əgər məhlul qaynamağa, köpüklənməyə başlayarsa, bu tərkibdə tabaşirin olmasını göstərir.

13. Köpük olmamalıdır 
Təmiz təbii bal köpüklənməməlidir, əgər köpüklənirsə, bu balın tam yetişmədiyini və turşuduğunu göstərir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən "Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.