• cümə, 19 Aprel, 20:26
  • Baku Bakı 24°C

Saxta arayışları qoltuqlarına vurub...

18.11.19 18:59 2078
Saxta arayışları qoltuqlarına vurub...
Radikalların qanunsuz aksiyalar təşkil etməsinin arxasında həm də maddi maraq dayanır

Ötən həftə Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Həbs edilənlər Almaniyada "miqrant alveri” ilə məşğul olmaqda, o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli biliniblər. Saxlanılanlar barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, "Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.
Bu hadisə özlərini demokrat adlandıranların, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınanların bəzisinin əsl mahiyyətini ortaya qoyub. Bir daha bəlli olub ki, "jurnalist”, "müxalifətçi”, "demokrat” kimi xaricə ixrac olunanların mütləq əksəriyyəti saxta yollarla, xeyli xərcə düşərək Avropada "siyasi sığınacaq” ala biliblər. Onlara bu işdə Azərbaycandakı radikal müxalifət partiyaları və həmin təşkilatların xaricdəki bəzi üzvləri köməklik göstəriblər. Beləliklə də böyük bir şəbəkən yer aldığı "miqrant alveri”, "mühacir biznesi” alman polisi tərəfindən ifşa olunub. Müsavat Partiyası rəhbərliyi isə fakt qarşısında qaldığından yalnız nala-mıxa vurur, diqqəti özündən yayındırmaq üçün müxtəlif yalanlara əl atır. Lakin sosial şəbəkə istifadəçiləri, o cümlədən xaricdə yaşayan bir çox jurnalistlər Müsavat funksionerinin imzası və möhürü olan "arayışları”, "zəmanət məktubları”nı, "partiya üzvlüyü” vəsiqələrini ictimailəşdirərək, radikalları küncə sıxışdırıblar.
Baş verənlər fonunda o da bəlli olub ki, müxalifətin indiyə qədər təşkil etdiyi razılaşdırılmış və qanunsuz aksiyalar "mühacir biznesi”nin "çiçəklənməsində” mühüm rol alır. "Müxalifətçi” adı altında Avropaya miqrasiya etmək, orada "siyasi sığınacaq” almaq istəyənlər mütləq bu aksiyalarda iştirak edir, məqsədli şəkildə qanunazidd əməllərə və davranışlara yol verməklə asayiş keşikçilərini təxribata çəkir, loru dillə desək, özlərini kiməsə döydürürlər. Daha sonra həmin şəxslər bunu "polis zorakılığına məruz qalmaq”, "iqtidarı tənqid etdiyinə görə təzyiqlə üzləşmək”, "təqib olunmaq” kimi cəmiyyətə sırıyır, özlərinin "müxalifətçi” obrazlarını yaradırlar. Bütün bu prosesləri keçəndən sonra isə saxta arayışları qoltuqlarına vurub "cənnəti görmək” ümidi ilə Avropaya üz tuturlar. Amma Alman polisinin keçirdiyi son əməliyyat onu deməyə əsas verir ki, yalançı müxalifətçilərin "cənnət həzzi” o qədər də uzun sürmür.
Millət vəkili Elman Nəsirov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında təəssüflə bildirib ki, Azərbaycan müxalifəti biabırçı xüsusiyyətinə görə fərqlənməyi bacarıb. Onun sözlərinə görə, başqa ölkələrdə müxalifət hökumətin düzgün olmayan hansısa siyasətini tənqid edir, bununla əlaqədar alternativ fikrini, ideyasını, təklifini ortaya qoyur. Lakin Azərbaycandakı radikallar iqtidarın həyata keçirdiyi siyasət nəticəsində əldə edilən uğurlara kölgə salmaq, qaraguruhçuluq etməklə bərabər, həm də "mühacir biznesi” kimi biabırçı vasitələrə əl atır: "Dünyanın heç bir ölkəsində belə bir hala rast gəlinməyib ki, müxalifətin fəaliyyətində "miqrant alveri” prosesi baş versin. Acınacaqlı hal burasıdır ki, radikallar yalan vədlər verib insanları aldatmaqla, siyasi məqsədlərə alət etməklə bərabər, həm də onlardan öz biznes maraqları üçün də yararlanır. Heç bir zərurət olmadığı halda qanuni və qanunsuz aksiyalar təşkil edir, süni şəkildə polislə qarşıdurma yaradır, müəyyən foto-video çəkilişlər aparmaqla bundan siyasi, maddi divident əldə edir. Son günlər Almaniya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar və saxlanılan azərbaycanlı müxalifətçilər, onların törətdiyi əməllər onu göstərir ki, müxalifət açıq-aşkar "mühacir biznesi” ilə məşğul olur, bundan maddi qazanc əldə edir. Yəni, xaricdə yaşamaq istəyən bəzi insanların bədbəxtliyi üzərindən özlərinin xoşbəxtliklərini təmin edirlər. Bütün bunları xalqımız görür və ona görə də müxalifətə etimad göstərmir. Siyasi hakimiyyətdən xalq tərəfindən uzaqlaşdırılan indiki radikal müxalifət 26 ildir bu etimadı bərpa edə bilmir. Səbəb sadədir. Onlar məzmun və məna baxımından yenilənməyi bacarmırlar, yeni ideyaları, yeni təşəbbüsləri yoxdur. Onların bütün fəaliyyəti antimilli, antidövlət xarakterlidir”.
"Yurddaş” Partiyasının sədri Mais Səfərli də qeyd edib ki, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və müxalifət düşərgəsində təmsil olunan digər şəxslər çoxdan siyasətdən getməli olsalar da, "bəlkə qaytardılar” xülyasına qapılaraq hər vasitə ilə gündəmdə qalmağa çalışırlar. Partiya sədri deyib ki, radikal müxalifət liderlərinin xalq tərəfindən heç bir dəstəyi yoxdur: "Adları çəkilən qüvvələr Azərbaycan xalqının dəstəyini tamamilə itiriblər. Xalqa zidd siyasət aparmaları səbəbindən rəhbərlik etdikləri partiyaların strukturları dağılıb. Ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlirlər. Amma görünür onlar üçün siyasətdə qalmaq bir yaşam tərzidir, gəlir mənbəyidir və əlindən başqa bir iş də gəlmir. Hazırda həmin radikal partiyaların və onların liderlərinin adları çox ciddi bir qalmaqalda hallanır. Bu, təkcə siyasi qalmaqal deyil, burada cinayət tərkibli məsələ var. Düşünürəm ki, adları miqrant alverində və digər qanunsuz əməllərdə çəkilən müxalif şəxslər istefa verməlidirlər. Təbii ki, bu şəxslərin istefa vermələri heç də onları hüquqi məsuliyyətdən azad etmir. Yəni, onların hüquqi məsuliyyətinə baxılmalıdır. Çünki bu, çox ciddi bir məsələdir, Azərbaycanın imicinə zərər vurur. Mətbuatdan oxuyuruq ki, yüzlərlə insan ifşa olunmuş həmin şəbəkənin vasitəsi ilə "siyasi mühacir” adı alacaqları vədi ilə Avropaya aparılıb. Belə çıxır ki, guya Azərbaycanda insanların hüquqları pozulur. Əlbəttə ki, burda kimin günahı varsa, hər kəs öz cəzasını çəkəcəkdir. Demək olar ki, bu, birbaşa onların xislətinin açıb cəmiyyətə göstərir. Bundan sonra qalmaqalda adları hallanan müxalif liderlərin siyasətdə qalması çox böyük bir biabırçılıq olar”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər