AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«…Satqınlar sevinməsin»

«…Satqınlar sevinməsin»

Siyasət
19 Dekabr 2012, 08:54 1754
“Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan bp şirkəti iradlara çox böyük məsuliyyətlə yanaşdı” – dekabrın 18-i Milli Olimpiya Komitəsində keçirilən mərasimdə danışan prezident İlham Əliyev belə deyib.

AzərTAc-ın məlumatına görə, dövlət başçısı çıxışında 2012-ci ilin ölkə üçün çox uğurlu olduğunu qeyd edib: “Ölkə qarşısında duran bütün əsas vəzifələr bu il də icra olunub. İqtisadiyyatımız uğurla inkişaf edib. Sosial məsələlərin bir çoxu həllini tapıb. Sovet dövründən dondurulmuş vəziyyətdə qalan əmanətlər vətəndaşlara qaytarılır. İqtisadiyyatımız indi daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Bu da təbiidir. Bir neçə il bundan əvvəl qarşıya məhz belə vəzifə qoyulmuşdu. Bu ilin yekunlarına görə, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artacaq. Bu, çox böyük göstəricidir, onu göstərir ki, iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyat kimi inkişaf edir.

Bildiyiniz kimi, bu il neft hasilatında müəyyən tənəzzül olub. Mən bu barədə fikirlərimi, iradlarımı bildirmişdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlayıb. Bir müddət əvvəl Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan bp şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşdı. Bu gün səhər bp şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq güclü əsaslar üzərində qurulub. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaq. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək.

Nə üçün mən bu barədə fikir bildirirəm? Ona görə ki, bu gün bu görüş baş tutdu. Eyni zamanda, ona görə ki, mənim iradlarımdan sonra Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı bir ciddi problem var. Sanki Azərbaycan ilə, SOCAR ilə onun tərəfdaşları arasında hansısa problemlər var. Problemlər ola bilər. Ancaq bizim üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk. Tərəfdaşlarımız da iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə yanaşırlar.

Sadəcə olaraq demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, idmançılarımızın London yay olimpiya oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin.

Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır. Neft-qaz sektorumuz iqtisadiyyatın dayağıdır. Yenə də qeyd etmək istəyirəm ki, bu sahədə Azərbaycan rəhbərliyinin qətiyyəti, tərəfdaşlarımızın məsuliyyəti və bp-SOCAR münasibətlərinin düzgün istiqamətdə davam etdirilməsi nəticəsində xoşagəlməz meyllərin qarşısı alındı və gələn ildən başlayaraq neft-qaz sektorunda sabit iqtisadi inkişaf təmin ediləcək”.

Dövlət başçısı çıxışında birinci Avropa olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərara da toxunub və bunu ölkənin güclənməsi ilə bağlayıb: “Bu qərarın qəbul edilməsində bir neçə mühüm amil öz rolunu oynayıb. İlk növbədə ölkəmizin inkişafı. İyirmi bir ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Tarix baxımından bu qısa müddət ərzində özümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilmişik. Bizim beynəlxalq nüfuzumuz həddindən artıq yüksək səviyyədədir. Bu nüfuzun təzahürüdür ki, biz BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik, yəni dünyada bundan yuxarı beynəlxalq qurum yoxdur. Bizim bütün ölkələrlə ikitərəfli əlaqələrimiz də çox müsbətdir.

Eyni zamanda əgər təkcə beynəlxalq nüfuzumuz olsaydı, iqtisadi imkanımız olmasaydı çətin ki, bu məsuliyyətli iş bizə tapşırılardı. Əlbəttə, ölkəmizin iqtisadi inkişafı böhranlı illərdə də davam edib. İndi Avropanın bir neçə ölkəsində ciddi böhran davam edir. Yəni bu böhranın sonu görünmür və vaxt keçdikcə daha da çox ölkə bu böhrandan əziyyət çəkir. Artıq bir neçə ildir ki, bu proseslər gedir və bu böhranlı illərdə Azərbaycan ildən-ilə iqtisadi nailiyyətlərlə bütün Avropanı təəccübləndirir. Əlbəttə, bu qərarın qəbul edilməsində bizim iqtisadi imkanlarımız və gələcək iqtisadi inkişafımız da az rol oynamayıb”.