• cümə axşamı, 25 aprel, 14:18
  • Baku Bakı 23°C

Sarkisyanın həbsi yaxınlaşır

16.01.20 18:53 942
Sarkisyanın həbsi yaxınlaşır
Paşinyanın tapşırığı ilə prokurorluq onun şikayətini rədd edib

Nikol Paşinyanın rəqib qismində gördüyü, eləcə də onun siyasətini tənqid edən şəxslərə qarşı repressiv tədbirləri ara vermir. Proseslərin gedişi göstərir ki, üçüncü prezident kimi erməni tarixinə düşmüş Serj Sarkisyanın həbsxana divarları arxasına düşəcəyi gün yaxınlaşır. Ötən gün prokurorluq Sarkisyanın əmlakına həbs qoyulması ilə bağlı qərardan verilmiş şikayəti rədd edib. Qeyd edək ki, Ermənistanın İstintaq Komitəsi Sarkisyanın əmlakı və bank hesablarına cinayət işində göstərilən məbləğ həcmində həbs qoyub. Sarkisyan 1 milyon dollardan artıq dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur.
Onun vəkili Amram Makinyan prokurorluğun qərarını qanunsuz və əsassız hesab edir. "Cinayət Prosessual Məcəlləsində açıq şəkildə göstərilir ki, şəxsin əmlakına miflər əsasında yox, cinayət işində sübutlar toplandıqda həbs qoyula bilər” vəkil deyib. Qeyd edək ki, keçmiş prezidentin işiylə bağlı ilin əvvəllərində ilkin istintaqa başlanılıb və artıq ölkədən çıxmaması ilə bağlı ondan yazılı iltizam alınıb. Bu işlə bağlı "Fleş” şirkətinin prezidenti Barseq Beqlaryan da məsuliyyətə cəlb olunub. Söhbət 2013-cü ildə kəndlərin yanacaqla təmin edilməsi üçün ayrılmış subsidiyalardan gedir. Amma Sarkisyan və Beqlaryan ittihamı rədd edirlər. Qeyd edək ki, keçmiş prezident Robert Koçaryan da hazırda həbsdədir. O, 2008-ci ildə Ermənistanda keçirilən etiraz aksiyasını zorakılıqla dağıtmaqda, konstitusion quruluşu devirməkdə və korrupsiyaçılıqda ittiham olunur. Həmin hadisələr zamanı azı 11 nəfər ölmüşdü. Həmin vaxt ondan sonra prezident seçilmiş Serj Sarkisyan da bu işlə bağlı ifadə verib. Aksiyaçılar həmin vaxt seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz edirdilər.
Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan növbəti hərəkəti ilə özünü yenə də gülüş obyektinə çevirib. Baş nazir ötən gün prokurorluqda ifadə verib və müstəntiqin otağında selfi çəkərək facebook-da yerləşdirib. "Ermənistan tarixində ilk dəfə olaraq, İstintaq Komitəsinin dəvəti ilə hökumət rəhbəri müstəntiqin kabinetində suallara cavab verir” - deyə o yazıb. Paşinyan nə üçün istintaqa dəvət olunmasının səbəbini açıqlamayıb. "Paşinyanın sayəsində istintaqda dindirilən bütün şəxslər onları dindirən müstəntiqlərlə selfi çəkdirmək imkanı əldə ediblər”, - deyə hüquq-müdafiəçisi Ruben Melikyan baş naziri məsxərəyə qoyub. Keçmiş deputat Arman Saqatelyan isə Paşinyana xatırladıb ki, heç də o, istintaqa ifadə verən ilk dövlət başçısı deyil. "Paşinyanı məyus etməli olacağam. Çünki Ermənistan tarixində vəzifədə olarkən dindirilən ilk dövlət başçısı o deyil, Robert Koçaryandır. 2000-ci idə Koçaryan 27 oktyabr işi üzrə istintaqa ifadə verib. Təəssüf edirəm ki, Paşinyanın Ermənistan tarixinə istintaqa ifadə verən ilk dövlət başçısı kimi düşmək səyləri komik alınıb”, - deyə o bildirib. Nikol Paşinyana "gülən”lər arasında Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da var. "Paşinyanın birinci və tək olmaq qətiyyəti özünü hər şeydə büruzə verir”, -deyə o, sosial şəbəkədə yazdığı statusda bildirib.
"Qolos Armenii” isə yazır ki, bu gün Ermənistanda Paşinyanın real dayağı xalq deyil, Corc Sorosun agentura şəbəkəsidir. "Reallıq belədir ki, Soros təşkilatları olmadan Paşinyan dekabrın 31-dən yanvarın 1-nə keçən gün meydanı doldura bilməzdi. Nə vaxtdan Sorosun agentura şəbəkəsi deyil, xalq Paşinyanın real siyasi qüvvəsi hesab edilir? Onlarsız nə reytinq, nə təminatlı kütləvilik olar, özü də bu agentura günbəgün öz nüfuzunu genişləndirmək üzrədir. Baş nazir artıq açıq cəmiyyət fondlarının yumşaq təzyiqi altındadır. Və bu siyasətini tək parlament divarları içində deyil, hökumətdə də davam etdirir. Hakimiyyətin birinci eşalonunda vəziyyət təhlükə doğurmaya bilməz, Paşinyan Soros nomenklaturasından asılı vəziyyətdədir. Ona praktiki olaraq bütün sahələr üzrə öz oyun qaydalarını diktə edir”, - deyə nəşr yazır.
Erməni siyasiləri, müxalifət isə Paşinyanın qızı Məryəm ilə Artur Vaneçyan arasında qarşıdurmaya sərt reaksiya göstəriblər. Xatırladaq ki, Paşinyanın qızı Vaneçyanı onların ailəsinə qarşı mətbuatda kampaniya aparmaqda, onu təşkil etməkdə ittiham edib. Sabiq deputat Vaan Babayan "Paşinyan axı öz ailəsinə necə izah edə bilmir ki, siyasətə qarışmaq olmaz. İzah etsin ki, bütün bunlar ona böyük zərbə vurur” deyib. Onun sözlərinə görə, Vaneçyan da Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri kimi bu cür məsələlərə reaksiya verməməli və söhbətlərə getməməli idi. "Vətəndaş düşüncəsi” ictimai təşkilatının sədri Narek Samsonyan da bildirib ki, "dünyanın heç bir ölkəsində dövlət başçısının ailə üzvləri siyasətlə məşğul olmurlar. Ermənistanda isə vəziyyət tamam başqadır. Paşinyan, sadəcə öz ailəsinə dinclik vermir. Xanımı, qızı siyasətlə məşğul olur. Məryəmi kamil yaşa çatmış biri hesab etmək olmaz”.
Ümumiyyətlə, 2018-ci ilin "məxməri inqilabı” dövründəki vəziyyətdən fərqli olaraq hazırda Paşinyanın reytinqi xeyli aşağı düşüb. Bu qənaətə "Vestnik Kafkaza” apardığı araşdırma nəticəsində gəlib. Sosioloqlar hakimiyyətin də reytinqinin aşağı düşdüyü qənaətindədirlər. Lakin erməni siyasi elitası bunu etiraf və qəbul etməyə tələsmir. Buna baxmayaraq, cinayət işləri və kadr yerdəyişmələri Paşinyanın onsuz da kövrək olan hakimiyyətində pərdəarxası siyasi intriqalara aydınlıq gətirir. Hakimiyyət informasiya sferasında öz mövqelərinin zəifləməsindən ehtiyat edir. Mətbuat katibi Vladimir Karapetyanı vəzifəsindən azad etməsi də məhz bununla bağlıdır.
Nikolun hakimiyyətə gəlməsindən iki ilə yaxın vaxt keçir. Bu müddət ərzində Ermənistanın həyatında keyfiyyət dəyişiklikləri baş verməyib, informasiya məkanı qalmaqallı təhqiqat işləri ilə dolub. Vaxt gedir, ictimai dəstəyi uzun müddət sabit, yüksək səviyyədə saxlamaq isə mümkün olmayacaq. Özü də siyasi rejim dəyişsə də, oliqarxik idarəçilik sistemi qalır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər