• cümə, 26 Aprel, 21:09
  • Baku Bakı 22°C

Sarkisyan təşviş içində

31.01.17 09:00 988
Sarkisyan təşviş içində
Ermənistanda qarşıdan gələn parlament seçkiləri öncəsi ciddi proseslər baş verməkdədir. Prezident Serj Sarkisyana qarşı ciddi müxalifət blokunun yaradılması hakimiyyəti əməllicə təşvişə salıb. Artıq bu səbəbdən də seçkilərin aprelin 2-dən başqa tarixə dəyişdirilməsi barədə söhbətlər yayılıb. Prezident özü də bunu istisna etməyib. S.Sarkisyan bəyan edib ki, parlament seçkisinin müəyyən müddətə kimi təxirə salınmasına qarşı deyil. O, hakim Respublika Partiyasının iclasında deyib ki, parlament seçkisinin aprelin 2-nə təyin edilməsi ilə bağlı bu gün siyasi meydanda bir sıra fikir ayrılıqları mövcuddur. S.Sarkisyan seçkinin başqa tarixə çəkilməsinə etiraz etmədiyini vurğulayıb, amma qeyd edib ki, bütün seçki iştirakçıları bəlli olanadək gözləmək lazımdır. "Biz onlarla hər şey barədə razılığa gələ bilərik. Hesab edirəm ki, seçkini təxirə salmaqda bizə heç kim mane olmur. Əgər siyasi razılığa gəlsək, əminəm ki, hüquqşünaslarımız buna əsas verəcək və seçki prosesi pozulmayacaq. Amma gəlin gözləyək, görək nə olur”, - deyə S.Sarkisyan bildirib.
Bəli olduğu kimi, aprel ayında baş verən hərbi əməliyyatlardan sonra köklü islahatlara gedən prezidentin qurban verdiyi birinci şəxs müdafiə naziri Seyran Ohanyan oldu. Əksəriyyət hesab edirdi ki, Ohanyan asanlıqla siyasət meydanını tərk etməyəcək. Və belə də oldu. O, bir müddət sonra siyasi fəaliyyətə başlamaq və qarşıdan gələn parlament seçkisində mübarizə aparmaq qərarını ortaya qoydu. İndi o, seçkiyə keçmiş xarici işlər naziri Vardan Oskanyanla bir blokda gedir.
Bu bloka müxalifətdə olan "Milli özünütəyinetmə” birliyi, "Üçüncü respublika” və "Demokrat” partiyaları da daxildir. Bloka Seyran Ohanyanın başçılıq edəcəyi gözlənilir. Onların sırasına sabiq baş nazir Ovik Abramyan da qoşulub. Eks-baş nazir iqtidara qarşı sərt bəyanatlar səsləndirməkdədir. "Unutmamalıyıq ki, nə vaxtsa ana çaya qarışan zərərli tullantılar onu tam yararsız hala sala və bütün yatağı ürküdə bilər.Və ola bilsin ki, bunadək ondan ayrılan və hələ də torpaq qoxusu verən qollar məhv olanadək, heç olmasa bir-iki kəndə həyat verə bilər”, - deyə Ermənistanın keçmiş baş naziri Ovik Abramyan özünün Feysbuk səhifəsində prezident Serj Sarkisyanın siyasi xadimlərin hakim partiyadan ayrılması ilə bağlı bəyanatına cavab olaraq yazıb. S.Sarkisyan hakim partiyanın toplantısında deyib ki,"böyük çaylar bütün həyatı boyu inkişafı təmin edir, həyat, çörək və su verir. Ondan ayrılan qollar isə bir daha geri dönmür, quruyaraq yoxa çıxır”. Hakim partiyanın sözçüsü Eduard Şarmazanov deyib ki, Sarkisyan bununla hakim partiyadan ayrılanlara demək istəyir ki, sonları olmayacaq. "Bu, xəbərdarlıq yox, reallıqdır. Siyasi əsas və motiv göstərmədən və siyasi proqram olmadan başqa yolla gedənlərin gələcəyini görmürəm”, - deyə E.Şarmazanov vurğulayıb. O hesab edir ki, partiya qarşıdan gələn seçkilərə prezidentin rəhbərliyi ətrafında daha sıx şəkildə gedəcəyindən bir az möhkəmlənəcək. Siyasi müşahidəçilərsə Abramyanın hakim partiyadan gedişini Sarksiyana ciddi zərbə sayırlar.
E.Şarmazanov həmçinin, prezident Sarksyanın Qaqik Tsarukyanın yenidən siyasətə dönməsi barədə dediklərinə də toxunub. O deyib ki, prezidentin bəyanatı göstərir ki, onlar Tsarukyanın siyasətə dönməsini alqışlamır və onu siyasi səhnədə görmürlər."Bu həm də Tsarukyanın prezident və hakim partiyanın planı ilə yenidən siyasətə dönməsi barədə deyilənlərin doğru olmadığını göstərir”, - deyə Şamrazyan vurğulayıb.
Ekspertlər isə hesab edirlər ki, keçmiş baş nazir Ovik Abramyan prezident Serj Sarkisyan və hakim partiya üçün çox təhlükəli adama çevrilir. Politoloq Stepan Danielyan hesab edir ki, Ovik Abramyan həmişə hakimiyyətdə olub və hazırda Ermənistandakı mövcud seçki sistemində çox vacib rol oynayıb: "Ermənistanda seçkiqabağı qərargah rəhbərinin rolu çox əhəmiyyətlidir. Burda yada salmaq lazımdır ki, vaxtilə Serj Sarkisyanın seçki qərargahının rəhbəri Ovik Abramyan olub, Sarkisyanın özü isə keçmiş prezident Robert Köçəryanın seçki qərargahına rəhbərlik edib”. S.Danielyanın sözlərinə görə, Ermənistanda seçkiqabağı qərargahın rəhbəri əslində ölkədəki mövcud sistemlərin təminatçısıdır. "Serj Sarkisyan sistemi dəyişməklə, görünür bu ənənəni dağıdır və Ovik Abramyan yəqin ki, Sarkisyan üçün çox təhlükəli adama çevrilir. Ovik Abramyan özünə yeni rol axtarır və onun başqa partiyaya keçməsi (müxalifət kəlməsi işlətmirəm) zənnimcə, hakim partiya üçün çox təhlükəlidir”, - deyə politoloq vurğulayıb. Abramyanın "Tsarukyan” blokuna qoşulmasının mümkünlüyünə gəldikdə isə Danielyan deyib: "Ovik Abramyanın görünür iki variantı var. Ya "Tsarukyan”, yada Seyran Ohanyan blokuna qoşulmaq. Onun hansı bloka qoşulacağını deyə bilmərəm. Amma Abramyanla Tsarukyanın imkan və resurslarını nəzərə alsaq, ölkədəki seçki ənənələrinə görə onlar birlikdə özləri üçün azı 2-ci yeri təmin edə bilərlər. İkinci yer isə, Respublika Partiyasının sabit əksəriyyət qazanmayacağı halda, onlara ikinci mərhələdə mübarizə imkanı yaradacaq”, - deyə politoloq bildirib.
Azər
banner

Oxşar Xəbərlər