• cümə axşamı, 28 mart, 18:30
  • Baku Bakı 13°C

Sandu Moldovada kimlərə üstünlük verir?

20.06.19 19:02 500
Sandu Moldovada kimlərə üstünlük verir?
Moldovada hakimiyyətsizliyə son qoyulduqdan sonra sabitlik yaranıb. Hökumətin formalaşması ilə Avropa strukturlarını təmsil edən şəxslərin səfərləri start götürüb. Ötən gün Avropa İttifaqının genişlənmə və qonşuluq üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti Kişinyova gəlib. Məqsəd də, hakimiyyət dəyişikliyindən sonrakı durumu qiymətləndirmək və Moldovanın maliyyələşməsinin bərpasının mümkünlüyüdür. Yeni rəhbərliklə Aİ-nin baş diplomatı Federika Mogerini, Almaniya kansleri Angela Merkel də görüşmək niyyətindədir. Hər iki rəsmi, baş nazir Mayya Sandunu Brüssel və Berlinə dəvət edib. Artıq prezident İqor Dodon Sandunun Rusiya prezidenti Vladimir Putinlə də görüşünü istisna etməyib. Lakin məsələ ondadır ki, yeni hökumət prioriteti Qərbdə görür. Elə ilk təmaslarını da məhz Qərb strukturları ilə həyata keçirməsi bunu deməyə əsas verir. Avropa İttifaqı, ABŞ və Rusiyanın belə diqqət göstərməsinin səbəbi hakimiyyətin dinc yola ötürülməsidir. Oliqarxların əvəzinə hakimiyyətə avropayönümlü və rusiyapərəst partiyalar gəlib. Ən əsas da odur ki, Brüssel, Vaşinqton və Moskva da belə bir alyansı dəstəkləyiblər. Prezident İqor Dodon bildirib ki, Qərbin və Rusiyanın Moldovada siyasi böhranın həlli ilə bağlı vahid mövqeyi digər münaqişələrin həllində yaxşı nümunə ola bilər. O bildirib ki, yeni hakimiyyətin Qərb və Vaşinqton tərəfindən dəstəklənməsi, oliqarx Vladimir Plaxotnyukun lideri olduğu Demokrat Partiyası ilə əvvəlki rejim tərəfdarları arasında toqquşmalardan yaxa qurtarmağa kömək edəcək.
Oliqarxın Moldovadan qaçmasından dərhal sonra yeni hakimiyyət ölkənin maliyyələşməsi və ixrac məsələlərinin həllinə başlayıb. Birinci problem Avropa İttifaqı, ikinci isə Rusiyadan asılıdır. Yohannes Han dünən Moldovaya səfərinin yekunu ilə bağlı bildirib ki, hələ sentyabr ayında makromaliyyə yardımlarının bərpası üçün zəruri olan islahatlar paketini hökumətə təqdim edib. Müəyyən şərtlər olub və bu həftə ərzində Sandu hökuməti ilə onları müzakirə edəcəyik. Ardınca da əlavə edib ki, Avropa İttifaqı hökumətin həyata keçirəcəyi islahatları izləyəcək. Hanın ikinci səfəri gələn aya nəzərdə tutulub. Budəfəki səfəri parlament çoxluğunu müəyyən edəcək partiyalarla danışıqlarla bağlıdır. Bildirib ki, Moldovada stabil hökumətin yaradılması onların əsas məramıdır: "Biz istərdik ki, evində daim sülh olan bir qonşumuz olsun. Bizim üçün vacib olan budur”.
Öz növbəsində Avropa diplomatiyasının rəhbəri xanım Federika Mogerini də ümidvardır ki, Moldovanın yeni hakimiyyəti yaxın zamanlarda Brüsselə səfər edəcək. Xanım bildirib ki, Aİ bu ölkədə baş verənləri diqqətlə izləyir: "Bizim üçün Moldova hakimiyyət orqanları tərəfindən nələr ediləcəyi aydındır. Əsas məsələ islahatların həyata keçirilməsi, Avropa İttifaqı-Moldova arasında assosiativ sazişdir”. Kansler Angela Merkel isə ümidvardır ki, moldovalı baş naziri Berlində görəcək. "Sizin ölkə ciddi siyasi və iqtisadi çağırışlar qarşısındadır. Alman hökuməti sizin avropayönümlü, demokratik və islahatlara yönəlik siyasətinizi müdafiə edəcək”, - deyə kansler Sanduya ünvanladığı müraciətdə bildirib.
İqod Dodon hesab edir ki, Sandunun rəhbərliyi ilə yeni hökumət Rusiya ilə yaxşı münasibətlər qura biləcək. Həftənin sonu Rusiyanın baş naziri Dmitri Medvedyevlə görüşəcəyini bildirən Dodon, Moldova məhsullarının Rusiyaya əlavə vergi olmadan ixracının reallaşdırılmasını müzakirə edəcəyini bildirib. "Sandu və Medvedyev arasında tarixi görüşü gözləmək mümkündürmü” sualına "Dodon ola bilsin Putinlə də görüş baş tutsun” cavabını verib. Əlavə edib ki, insanlar daha əvvəlki tək gömrükdə problemlərlə üzləşməyəcəklər, çox gözəl iqtisadi mübadilə olacaq. Hazırda Moldovanın əsas iqtisadi tərəfdaşı Rumıniyadır. Moldovadan Avropa İttifaqı (Aİ) ölkələrinə ixrac olunan məhsulların 42 faizi Rumıniya bazarının payına düşür. O ki qaldı yeni hökumətin Rusiya ilə münasibətlərinə, Mayya Sandu də bu günlərdə Moskva ilə yaxşı münasibətlərin tərəfdarı olduğunu bildirib. Dodon avropayönümlü ACUM (indi) bloku ilə Sosialistlər Partiyası arasında kövrək sülhün saxlanılmasının zəruriliyini bildirib. Bu sülhün uzun müddət sürməsinin zəruriliyini dilə gətirib.
Yeri gəlmişkən, artıq faktiki olaraq Moldova hökuməti formalaşıb. Sandu hökumətində təmsil olunan bir çox nazirlər uzun zaman Qərb korporasiyalarında, beynəlxalq təşkilatlarda çalışıblar. Hökumətin 11 üzvündən 8-i ACUM blokunun üzvləridir. Elə Sandunun özü də uzun zaman xaricdə işlədikdən və təhsil aldıqdan sonra ölkəyə dönüb. 2012-ci ildə ölkəyə dönən kimi təhsil naziri təyin olunub. Həbsdə olan Vladimir Filatın hökumətində çalışıb. 2015-ci ildə elan edib ki, PAS (Fəaliyyət və Həmrəylik Partiyası) yaradır. 2019-cu il parlament seçkilərində Andrey Nestasenin "Şərəf və Həqiqət Platforması” ilə birlikdə ACUM blokunu təsis edib. Nestase yeni hökumətdə baş nazirin müavini, daxili işlər naziri kimi çalışır. Mayya Sandu hökuməti formalaşdırarkən diqqəti əsasən xaricdə işləyən insanlara ayırıb. Ümid edir ki, yeni nazirlər də Qərb standartlarına uyğun işləyəcəklər.
O da bəlli olub ki, Demokratik Partiyanın rəhbəri, ölkənin "boz kardinal"ı Vladimir Plaxotnyukun ardınca Moldovanın Demokratik Partiyasına bağlı olan siyasətçi və biznesmenlər də ölkəni tərk etməyə başlayıblar. Daxili işlər naziri Andrey Nestase Plaxotnyukun deputat toxunulmazlığının götürülməsi tələbi ilə parlamentə müraciət edib. Eyni zamanda Konstitusiya Məhkəməsi hakimlərinin müvəqqəti olaraq vəzifələrindən götürülməsi və məsuliyyətə cəlb edilməsini tələb edib. Nazir bildirib ki, baş prokurora, hakimlərin ölkədə hakimiyyəti mənimsəmək istədiyi barədə xəbərdarlıq edib. Yeri gəlmişkən, Plaxotnyukla yanaşı, "Şor” partiyasının lideri İlan Şor da yoxa çıxıb. Bu şəxs 2014-cü ildə ölkədən 1 milyard dolların yoxa çıxması ilə bağlı qaldırılan cinayət işində əsas fiqurantdır. Barəsində qüvvəyə minməyən 7 illik həbs cəzası var. Lakin indi məlum olur ki, o da Plaxotnyukla birlikdə ölkədən qaçıb. Rusiyaya getdiyi bildirilən bu şəxs, müğənni Jasminin əridir.

Azər
banner

Oxşar Xəbərlər