Qardaş Türkiyənin Qara dəniz sahilində yerləşən ən böyük liman şəhəri Samsun tarixinin yeni dövrü ilə baş-başa olsa
da keçmişinin yadigarlarını da qəribə bir təmkin və nəvazişlə sinəsinə
sıxmaqdadır. Başı dağlar üstündə əlçatmaz buludlara dəyən şəhər ayaqlarını Qara
dənizin sularında isladan nəhəng bir insana bənzəyir. Müasir tikinti və şəhərsalma
memarlığı ilə adamı təəccübləndirən, həm də ruhlandıran şəhər miladdan öncə 750-760-cı illərdə Amisos adı
ilə qurulsa da sonralar tarix boyunca Anadolu sivilizasiyalarının yaşadığı məkanlardan
olmuşdur. Təbii ki, bu qədim tarixin az qala hər bir səhifəsinə - Amazon
Köyü, Amazon Adası, Təkkəköy Mağaraları, Amisos Təpəsi, Böyük Cami, Gökcəli (Çivisiz) Cami, Fazil Əhmət Paşa mədrəsəsi, Sivrikəsə Cami, Mater Dolorosa Katolik Kilisəsi, Qasımzadə Əhməd Sufi Camisi, Saat Qulləsi, Gazi Muzeyi,
Alacam Mübadilə muzeyi, Bandırma Vapuru, Lerdüge
Tümülüsləri kimi tarixi yerləri ilə yer ayıran Samsun böyük Mustafa
Kamal Paşanın 19 may 1919-da Milli Mücadilə tarixinin başladığı yer olaraq da qardaş
Türkiyənin şanlı tarixinə möhür vurmuşdur.
Bu tarixi
böyük bir qürur və fəxr yeri hesab edən samsunlular şəhər mərkəzindəki Atatürk
parkında uçaltdıqları Atatürk heykəlini Şərəf abidəsi adlandırmışlar. Atatürk heykəli
1928-1931 illərdə Avstryalı heykəltaraş Heinz Kreppel tərəfindən qurulmuşdur.
Doqquz metrə qədər hündürlüyü olan heykəl
deyilənə görə dünyada ölçüsü və tarazlığı baxımından ikinci böyük heykəldir.
Şahə qalxan at belində oturan əsgəri forma geymiş Atatürk dimdik duruşu ilə türkün güc və cəsarət
simvolu kimi görünməkdədir. Üstəlik Böyük Ataturk sevgisini özlərinin torpaq və
bayraq sevgisi ilə, həm də həyat sevgisi ilə yanaşı qoyan türklər Atatürk dəyərinin hər bir anından bəhrələnmək, məmləkətin
hər bir guşəsində onunla bağlı olan izləri axtarmaq istəklərindən
qürurlanmaqdadırlar. Samsunlular da fəxrlə Samsundan Milli Mücadiləyə qalxan
Atatürkun əzəmətli heykəlini qoymuş və bu heykəli şəhərin simvoluna çevirmişlər: Atatürkü logomuzdan
çıkarmaya kimsənin gücü yetməz! İndi bu heykəl Samsun Universitetinin loqosudur, Samsun
Böyükşəhər Bələdiyyəsinin bayrağında, hətta möhüründə belə emblem olaraq yer
alır...
Samsunlular qonaqpərvər və
istiqanlı olduqlarını ilk təmaslarında büruzə verirlər. Azərbaycanlı olduğumuzu
biləndə isə, sanki uzun illərin ayrılığının "günahgarı kimi” daha böyük məhəbbət və sevgi ilə təmas
qurmağa, suallar verməyə çalışırlar. Müstəqillik uğurumuzun tarixi bir nailiyyət
olduğunu dönə-dönə söyləməkdən və şükranlıqlarını dilə gətirməkdən yorulmurlar.
İştirakçısı olduğumuz tədbirlərdə də Türkiyə və Azərbaycan əlaqələrinin vüsəti, enerji
layihələrinin həyata keçirilməsində strateji ortaqlıq və tərafdaşlıq məsələləri
diqqət mərkəzində idi. Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ),
TANAP neft-qaz layihələrinin, regionun nəqliyyat xəritəsini dəyişdirən
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin gerçəkləşməsi də Türkiyə və
Azərbaycan dövlətləri rəhbərlərinin
güclü siyasi iradəsi nəticəsində baş tutmuş, "Bir millət, iki dövlət” anlamının daha böyük çərçivədə bir daha təsdiqi idi. Dağlıq
Qarabağ probleminin həllinin qəsdən ləngidildiyi samsunlu aydınların - 19 Mayıs
Universitetinin müəllimləri Öznür Umitin, Sezayi Çağların, Metin Sağlamın və
başqalarının həyacan dolu suallarında da hiss edilməkdə idi. Bu söhbətlərin hər
birində Azərbaycan-Türkiyə
əlaqələrinin tarixindən və bu günündən söhbət açılır. Türkiyənin Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini
tanıyan ilk ölkə olması, bütün səfirlik və diplomatlarının Azərbaycanın
mövqeyindən çıxış etmələri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərinin
işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini
bağlaması və Azərbaycanın mövqeyini beynəlxalq tədbirlərdə təkcə sözdə yox, həm
də əməli işdə dəstəkləyən bir dövlət olduğu və bu əlaqələrin bölgənin
inkişafında, siyasi sabitliyin yaradılmasında önəmi vurğulanır.
Samsun Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Fəridə Qasımzadə və 19 May Universitetinin professoru Azər Qasımzadə ilə
Samsunda həmyerlilərimiz 19 May Universitetinin professoru Azər Qasımzadə
və onun xanımı Azərbaycan Mədəniyyət və
Həmrəylik Dərnəyinin rəhbəri Fəridə Qasımzadə ilə görüşümüz Samsun təəsüratlarımızın zəngin və maraqlı bir səhifəsi olur. Düzü, görüşümüz
Samsundakı Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin fəaliyyəti haqqında məlumatlarımızı
dərinləşdirmək istəyi ilə bağlı olsa da,
maraqlı bir ziyalımızla da tanış
olmuşduq: professor Azər Qasımzadə ilə. Uşaqlıq illəri Qarabağ bölgəsi-Ağcabədi
və Şuşa ilə, sonralarsa Bakı ilə bağlı olan Azər müəllimlə təsadüfü tanışlığımız gözlənilməz olduğu qədər
də, gözlənilməz bir sevinc bəxş etmişdi. Göründüyü kimi də sadə və səmimi bir
insan olan professor Bakıda orta məktəbi bitirdikdən sonra Rusiyanın (o vaxtlar SSRİ) paytaxtı Moskvada təhsil almış, elmə marağı və
istedadı ilə fərqlənmiş, gənc yaşlarında - 35
yaşında elmlər dokturu adına yiyələnmişdir. Müstəqillik illərində görkəmli
alim Azad Mirzəcanzadənin dəvəti ilə Bakıya dönmüş, yeni yaranmaqda olan Ali
Atestasiya Komissiyasıda calışmışdır. Sonralar ən müxtəlif xarici ölkələrdən
aldığı iş dəvətlərindən birini - Türkiyənin Samsun 19 May Universitetində
calışmaq dəvətini qəbul etmiş, 1995-ci ildən də burada çalışmaqdadır.
Professor Azər Qasımzadə
Azər müəllimin elmi səyləri nəticəsində bu
universitetin elmi əlaqələri daha da genişlənmiş, səmərəli layihələri və təklifləri
sayəsində böyük təcrübə bazası olan ən
modern avadanlıqlarla təhciz olunmuş
inşaat mühəndisliyi labarotoriyası yaradılmışdır. Dünyanın Kanada,
Yaponiya, İsveçrə, Niderland kimi ölkələrinin, NATO hərbi birliyinin, neft
emalı nəhənglərinin tikinti layihələrinin işlənməsində onun yaratdığı
laboratoriyanın həyata vəsiqə alan işləri universitetə dividetlər
qazandırmışdır. Görüşümüzdə Yaponiyadan yeni qayıtdığını bildirən Azər müəllim
son çalışmalarının yaponyalı həmkarları tərəfindən böyük rəğbətlə
qarşılandığını və Yaponya Elmi Dəstəkləmə qurumu tərəfındən maliyələşdirilən "Yüksək
təhlükəsizlik qurğuları üçün yeni seyismik izolyasiya sistemi (2019-2021)" adlı
layihəsinin qəbul olunduğunu bildirir. Çox şirin ləhcəsində, canında-qanında böyük bir Azərbaycan sevgisi gəzdirən, Türkiyənin
təhsil sistemində ilk onluqda dayanan Samsun 19 May Universitetinin uğurlarında
önəmli payı olan, inşaat fakultəsinin rəhbəri, azərbaycanlı professor Azər
Qasımzadənin digər tədqiqat işləri ilə tanışlığımız vaxt darlığından baş
tutmasa da, qazandığı uğurları bizi sevindirdi. Həm də xaricdə çalışan və böyük
elmi mərkəzlərdə tanınan bir alimimizin də Azərbaycan cəmiyyətinə təqdimatı
üçün yeni bir mövzu olacağına inam verdi.
Fəridə xanımla söhbətimiz isə Samsunda Azərbaycan Mədəniyyət
və Həmrəylik Dərnəyinin yaradılması ideyasından başlandı. Əslində söhbətə o,
özü başlayaraq dedi ki, biz buraya gələndə Azərbaycan hələ yeni-yeni tanınmaqda
idi. Təhsilə gələn tələbələrin sayı da barmaqla sayılacaq qədər az idi. Hələ
Moskvada yaşadığımız illərdə qurbətin nə olduğunu hiss etmişdik. Uneversitetdə
təhsil alan azərbaycanlılara dəstək olmaq, onların problemlərini həll etmək, hansısa
müraciətlərinə kömək etmək sıradakı işlərimizdən idi. Hərdən onlarlı toplayır, bəzi
milli bayramlarımızı kiçik bir dairədə də olsa qeyd etməyə çalışırdıq və
alınırdı. Hətta hiss edirdik ki, bu Vətəndən, ata-ana nəvazişindən uzaq olan tələbə
uşaqlarda yeni həvəs, inam yaradır. Uzun zaman belə görüşlərə şahidlik edən, Azər
müəllimin universitet həmkarlarıdan biri təklif etdi ki, Türkiyədə belə özfəaliyyətlərə
qanun yol vermir, siz rəsmi bir təşkilat yaradın, qeydiyyatdan keçin və fəaliyyətinizi
də rahatca, ölkənin qanunlarına uyğun bir şəkildə davam etdirin. Düzü çox
düşünüb-daşınmağa da ehtiyac olmadı, beləcə 2006-cı ıldə Samsun Azərbaycan Mədəniyyət
və Həmrəylik Dərnəyi adlandırılan təşkilatı
yaratdıq. - Necə
deyərlər fəaliyyətinizi "gizlilikdən” çıxardınız və nə cür qarşılandınız? - Düzü çox gözlənilməz marağın şahidi olduq.
Sanki adamlar bunu çoxdan gözləyirdilər. Burada yaşayan azərbaycanlılar tələbələr
idilər və onlarla da ilkin münasibətlər
qurulmuşdu, sayları da az olduğundan az qala hər birini adbaad tanıyırdıq. Əslində
mənəvi və bəzən də maddi dəstəyə ehtiyacı olanlar da tələbələr idilər.
Demokratik və qardaş bir ölkə olan Türkiyədə bu çür fəaliyyətlərə ciddi dəstək
də var. Türkiyəli həmkarlarımızın və dostlarımızın təmənnasız yardımlarını ilk
günlərdən hiss etdik. Milli bayramlarla,
müəyyən tarixi hadisələrlə bağlı olan tədbirlərin daha geniş çərçivədə keçirilməsi
və təqdimatı bizi daha da ruhlandırdı. Bir az irəlidə dediyim kimi, Türkiyənin
özündə belə o vaxtlar Azərbaycanı hələ yetərincə tanımırdılar, qardaş, dost
olduğumuzu söyləyənlər belə xalqımızın başına gətirilən müsibətlərdən, erməni-daşnaq
təcavüzünün qurbanlarından xəbərsiz idilər. Hətta az qala məlumatsızlıq
ucbatından Qarabağ həqiqətlərinə, bu qədim
torpaqlarımızın işğalını başqa çür görənlər də var idi. Belə olanda Azərbaycan
həqiqətlərinin qardaş Türkiyədə tanıdılması önəmli idi, bu tədbirlərdə müəllim
və tələbələrimizin böyük zəhməti var. Başqa şəhərlərdə-Adanada, İzmirdə,
Qarsda, Ərzurumda, Ankarada yaradılmış Azərbaycan dərnəkləri ilə əl-ələ verərək
bu müqəddəs işin öhdəsindən gəlməyə
çalışdıq və çox şeylərə də nail olduq. - Bəs maddi dəstəyi haradan əldə edirdiniz? -
Bir az öncə dediyim kimi dərnəyimizin üzvüləri əsasən universitetdə təhsil alan
tələbələr idilər. Əslində onların özlərinə maddi kömək lazım idi. Hətta o zaman
bəzən valideynlərin göndərdiyi pulu da vaxtlı-vaxtında almaq belə
çətin idi. İlkin məramımız uşaqlara çətinliklərdə arxa durmaq idi. Simvolik
olaraq 1 türk lirəsi üzvülük haqqı müəyyənləşdirdik, bu böyük bir vəsait
deyildi. Bizə önəmli bir maddi dəstək verməsə də ciddi bir stimul yaradırdı.
Universitet rəhbərliyinin, Samsun şəhər bələdiyyə və təşkilatlarının köməyi ilə
Azərbaycanı tanıdan, müstəqil ölkəmizin uğurlarını, tarixi nailiyyətlərimizi təqdim
edən tədbirlərə imza atdıq. Tədricən tanınmağa başlamışdıq. Sonralar tədbirlərimizə
Ankaradakı səfirliyimizdən rəsmi nümayəndələr də gəldi, ara-sıra Azərbaycandan
da qonaqlarımız olurdu. - Haqqında danışdığınız Samsun
Universitetinin yetirmələri və həm də sizin dərnəyin üzvü olanlar haqqında nə demək istərdiniz? - Bu barədə çox ətraflı danışmaq olar və
onlarca yetirmələrin adlarını çəkmək olar. Ən önəmlisi odur ki, bizim gənclər
çalışqan, istedadlı və zəhmətsevərdirlər.
Özlərinə inandıqca daha potensiallı və bacarıqlı olduqlarını ortaya qoya bilirlər,
bu istək onları irəli aparır, bacarıqlarını təsdiq etdirir. Bu fikirləri söylədikcə,
təhsilini başa vurduqdan sonra Azərbaycana dönən, Azərbaycanda çalışan və uğurlar qazanmış bir tələbəmizin, Cavid
Həmişəyevin kardiologiya ixtisası üzrə
uzmanlıq təhsili illərini yadıma salıram. Cavid istedadlı həkim olmaqla, çox da
zəhmətsevər bir gənc idi. Təcürbədə öyrəndiklərinin tətbiqi üçün boş qalan
vaxtının bir hissəsini müqavilə ilə çalışdığı özəl klinikada keçirirdi. Samsun
İstanbul ilə müqayisədə kiçik olduğundan
burada klinikaların sayı da dəfələrlə azdır. Uzman olmağa hazırlaşan Cavid 750
km-ə qədər olan yolu gedib-gəlməyə tənbəllik etməzdi, hətta gecə növbələrində
belə qalmaqla həm təcürbi biliklərini möhkəmləndirər, həm də maddi vəsait
qazanırdı. Bu zahirən asan görünsə də, çətin və məsuliyyətli bir iş idi. O, vətənə
dönəndə də yaxşı bir həkim kimi uğurlarını eşitdik, amma başına gələn faciə
onun buradakı tanışlarını, eləcə də bizləri çox məyus etdi. O, buna heç layiq
deyidi, bütün istedad və bağcarığı ilə Vətəninə və tibb elminə daha böyük töhfələr
verəcək bir gənc idi.
Daha bir uzman həkimin adını çəkmək istərdim:
Firdovsi İbrahimov. Çalığqanlığı və dərin biliyi ilə seçilərdi, uzmanlıq təhsilini
Samsunda aldı. Türkiyədə qalmaq, burada çalışmaq şansı böyük idi, amma Azərbaycana
döndü, yaxşı da etdi, ola bilsin ilk vaxtlarda bəzi çətinliklərlə də qarşılaşdı, amma əməli ilə vətənpərvərlik
nümunəsi göstərdi. Səhv etmirəmsə Mərkəzi Klinik Xəstəxanada çalışır, sayılıb-seçilən
həkimlərdəndir. Kardioloq dosent Fərid Əliyev ATU-da, uşaq həkimi Əli Guliyev Güven,
radioloq Kamran Yaqubov Mərkəzi Klinik, radioloq dosent Nüşabe Kaya İstanbul
Medikal Park xəstəxanasında, plastik rekonstruktiv cərrah Taleh Nemətzade Azərbaycanda
"Medistyle”, Reyhan Babayeva İstanbul göz, kardioloq Mehman Ağamalıyev Azərbaycan Zəfəran klinikasında,
onkoloq Əhməd Namazov İsraildə Ben Gurion
Universitetinde, diş həkimleri Elçin Abbasov, Vuqar Qurbanov da
Bakıda çalışırlar. Bu siyahını bir xeyli
artırmaq da olar. Türkiyənin ən müxtəlif şəhər və bölgələrində çalışan mütəxəssislərimizin
sayı indi lap çoxdur. Samsunda müxtəlif ixtisaslar üzrə təhsil almış,
hal-hazırda Azərbaycanda, Türkiyənin bir çox şəhərində, Almanyada, İsraildə
çalışan çox bacarıqlı gənclərimiz var. Fəxrlə deyə bilərəm ki, Azərbaycanımızın
adını, şərəfini uca tutmaq onların hər birinin mənəvi borcu olmaqdadır. - Son dövrdəki fəaliyyətiniz
haqqıda nə deyərdiniz? - İndi kontingentimiz xeyli genişlənib. Dərnək Türkiyənin təhsil sistemində ilk onluqda yer
alan On Dokkuz May Universitetində calışan müəllimləri və universitetin müxtəlif
fakultələrində təhsil alan tələbələri birləşdirir. 450 nəfərə qədər azərbaycanlının
təmsil olunduğu dərnək bölgədə Azərbaycanın tanıdılmasında və ölkəmizlə
bağlı tədbirlərin təşkilində əhəmiyyətli rol oynayır. Keçirdiyimiz tədbirlər
daha genişmiqyaslı və əhatəlidir. Türkiyə də biz azərbaycanlılar üçün müqəddəs Vətəndir. Amma canı-dildən bağlı
olduğumuz Azərbacanın uğurları bizim hər birimiz üçün əvəzi olmayan töhfədir.
Müstəqillik tariximizin bizə bəxş etdiyi bu böyük dəyəri qiymətləndirmək, ona
önəm vermək bir an belə unutmayacağımız həqiqətdir.
Samsun Atatürk parkındakı Atatürk heykəli
... İndi Bakıda bu sətirləri yazanda
fikrimdən keçənləri anlada bildiyim qədər də anlatmadığım çox şeylərin
qaldığının fərqində idim. Ən ümdəsi isə
hələ çox uzaqlarda vətən təəsübü çəkənlərin Vətən sevgisinin nə qədər böyük
olduğunu duymamaq mümkün deyil.
Qasımzadələr ailəsi onlardan biri
olsa belə, özlüyündə onlar da qardaş diyarda, Azərbaycandan min kilometrdən də
çox uzaqlarda yerləşən Samsunda yeni bir
Azərbaycandırlır. Bəlkə də daha çox saatlarını da Bakı vaxtı ilə qurmaq istəyirlər
hərdən. Yadıma o da düşür ki, Samsunun
hündür yerlərindən olan Amisos təpələrindən
baxanda ayaqlarımız altında qalan şəhəri Bakıya bənzədən Azər müəllim durduğumuz yeri keçmiş Dağüstü Park adlandır, qarşıdakı dənizin
isə Xəzər olduğuna az qala bizi inandırmaq istəyir. Səfər yoldaşlarım Qənimət Səfərli,
Tahir Aydınoğlu və Şakir Quliyev eşitdiklərini təsdiqləsələr də bilirlər ki,
indi Bakıda yox, Bakıya bənzəyən Samsundadırlar. Azər müəllimsə "bələdçiliyinə” davam edir, bu tərəfə yol Bayıla, bu tərəfə
isə Baksovetə, Azneft meydanına doğru gedir...
Sonda qeyd
edim ki, Qasımzadələr ailəsinin yeganə övladı olan Fərid də həkimdir. Tibb təhsilini 19 May Universitetində
tamamlayaraq Ankara Tibb Universitetində ürək ve damar cərrahiyəsi ixtisasi üzrə
uzmanlıq təhsili almışdır. Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin qurucu
üzvlərindən olan Fərid "Ankara Yüksək İxtisas Eğitim-Araşdırma Xəstəxanası”nda
ürək-damar cərrahı olaraq çalışmakdadır. Demək hələ yazılası, tanıdılası yeni qəhrəmanlar da var... Namiq Əhmədov,
Əməkdar jurnalist.
Samsun-Bakı