Şamil Vəliyev: "Mirzə Cəlil ənənəvi ədəbi inkişafın istiqamətini və meyarlarını dəyişdi"
Cəlil Məmmədquluzadə
elə bir ədəbi məktəbdir ki, ondan öyrəniləsi çox şey var. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Cəlil Məmmədquluzadənin 150
illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli sərəncamı
da bunun daha bir bariz ifadəsidir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
böyük yazıçı, dramaturq, publisist və ictimai xadimin anadan olmasının 150
illiyi ilə bağlı imzalanan sərəncamda
deyilir: "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində
müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir.
Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində Azərbaycançılıq məfkurəsi
dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar
həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər
daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin
saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi
qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna
malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda
və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına
yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin”
jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”. BDU Mətbuat tarixi və ideoloji
iş metodları kafedrasının müdiri,
filologiya elmləri doktoru, əməkdar
jurnalist, professor Şamil Vəliyevlə söhbətimiz də Cəlil Məmmədquluzadə
yaradıcılığı ətrafındadır.
- Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin anadan olmasının 150
illiyinin yüksək səviyyədə qeyd olunması haqqında sərəncam imzalayıb. Bu sərəncam
hansı zərurətdən doğdu?
- Bu sərəncam müasir Azərbaycanın ictimai-mədəni
fikri, həyatı üçün son dərəcə önəmlidir. Prezidentimizə də Allah kömək olsun ki,
hər zaman cəmiyyətin, insanların düşüncələrini nəzərə alır və bu da onun
imzaladığı sərəncamlarda özünü göstərir. Tək ədəbi, mədəni həyatla bağlı məsələlərdə
deyil, həmçinin, iqtisadi, siyasi məsələlərdə də bunu görürük və alqışlayırıq. Cəlil Məmmədquluzadənin
yubileyləri əvvəllər də keçirilib, məsələn, 1966-cı ildə keçirilən yubileyini
deyə bilərəm. Cəlil Məmmədquluzadənin anadan olma tarixi 1866-cı il
götürülürdü, amma tanınmış alimimiz İsa Həbibbəylinin dəqiqləşdirdiyinə görə bu
tarix indi 1869-cu ildir. Bu arxiv sənədləri artıq elmi ictimaiyyətə təqdim
olunub. Cəlil Məmmədquluzadənin İrəvan Qori Seminariyasındakı sənədləri həm
onun təhsili, həm iş sənədləri ilə uzlaşdırılaraq dəqiqləşdirilib. Biz Azərbaycan
xalqı olaraq, hər zaman ədəbi, mədəni irsə arxalanmışıq, müraciət etmişik və tarix
həqiqətlərindən faydalanmışıq. Bu mənada Mirzə Cəlilin yaradıcılığının bugünkü
həyatımıza transfer olunması son dərəcə aktual, dəyərli və faydalıdır. Bu gün də
cəmiyyətimizdə Mirzə Cəlilin yeri görünməkdədir. Onun kimi şəxsiyyətlərə, işıqlı, ideyalı və sabit qələm
adamlarına çox ehtiyac var.
- Sizcə, Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı bu günədək lazımınca tədqiq
olunubmu?
- Cəlil Məmmədquluzadənin yaradıcılığı hələ öz
zamanında tədqiq olunmağa başlayıb. Jurnal nəşrə başlayanda - 4-cü nömrənin
çapından sonra onun haqqında dövrü mətbuatda yazılar gedib, şəxsiyyətinə və fəaliyyətinə
münasibət bildirilib, fəaliyyəti, yaradıcılığı tədqiq olunub. Öz zamanında
Firudun bəy Köçərli, Abdulla Şaiq, Üzeyir bəy Hacıbəyli, həmçinin, dövrün digər
tanınmış ziyalıları onun haqqında yazılar yazıblar. Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularından Məhəmməd Əmin Rəsulzadə isə Cəlil Məmmədquluzadə haqqında
ayrıca məqalələr yazıb. Bütövlükdə
"Molla Nəsrəddin” ədəbi məktəbinin
formalaşması haqqında 1920-ci ilə qədər dəyərli
yazılar yazılıb. Sovet hakimiyyəti qurulan dövrdə, xüsusilə 1920-1930-cu
illərdə də "Molla Nəsrəddin” və Cəlil Məmmədquluzadə
haqqında yazılar dərc olunub. Həmişə də onun yaradıcılığında "ağlar güləyənlik”
önə çəkilib. İstər Əhməd bəy Ağaoğlunun, istər Əli bəy Hüseynzadənin, istərsə də
Məmməd Əmin Rəsulzadənin yaradıcılığında bu məqama üstünlük verilib. "Göz yaşı
içində gülüş” məqamı keyfiyyət göstəricisi kimi "Molla Nəsrədin”in istər
publisistikası, istər bədii yaradıcılığı, pyesləri, hekayələri haqqında qeyd
olunub. Eyni zamanda, "Molla Nəsrəddin” və Cəlil Məmmədquluzadə haqqında tədqiqat
aparılarkən onun yaradıcılığı rus ədəbiyyatı, rus realizmi ilə xüsusən Qoqol
yaradıcılığı ilə müqayisəli təhlil olunub, keyfiyyət özəlliyi göstərilib.
İkinci Dünya Müharibəsindən sonra da Cəlil Məmmədquluzadə haqqında xeyli yazılar
dərc olunub, amma bu dövrdə daha çox siyasi yanaşmaları görürük. Mirzə Cəlil yalnız
proletar yazıçı kimi təqdim olunub. Onun milli tərəfləri, keyfiyyət özəllikləri,
bədii ustalığı arxa planda qalıb. Adını çəkdiklərimdən başqa, 20-30-cu illərdə
M.Cəlil yaradıcılığını tədqiq edənlərdən arasında akademik Məmməd Cəfər, Cəfər
Xəndan, Əziz Mirəhmədov, Abbas Zamanov və digər alimlərin də adını çəkmək olar.
Nəhayət, müasir dövrdə də Mirzə Cəlilin yaradıcılığı tədqiq olunur. Müasir dövr
araşdırmalarından danışanda çoxlarının adını çəkmək olar, amma İsa Həbibbəylini
xüsusi qeyd eləmək lazımdır. Niyə? Ona görə ki, İsa Həbibbəyli çox məşhur
fundamental monoqrafiya yazdı. Onun doktorluq işi də Cəlil Məmmədquluzadə
mühiti və müasirləri haqqındadır. İ.Həbibbəyli Cəlil Məmmədquluzadəyə müasirlik
mövqeyindən yanaşdı, yəni orada artıq siyasi partiyalı təhlil yox, obyektiv
elmi təhlil vardı. Obyektiv elmi təhlil isə elmin əsas keyfiyyət göstəricisidir.
Bu o deməkdir ki, Molla Nəsrəddinçilik tədqiqatı yeni mərhələyə daxil oldu. İsa
müəllimdən sonra tələbələri də onun yolunu davam etdirirlər. Bu baxımdan, BDU-nun
kafedra müdiri Allahverdi Məmmədlinin xidmətlərini də xüsusi qeyd etməliyəm. O
da namizədliyini, doktorluq dissertasiyasını məhz Cəlil Məmmədquluzadə
yaradıcılığına həsr edib. Onun dissertasiyası
çox dəyərlidir və günümüzlə səsləşir.
-
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbi
mühitinə hansı yenilik gətirib? Nələrlə yadda qalıb?
- Bu sual çox maraqlıdır və geniş cavab tələb edir. Amma qısaca olaraq bəzi məqamları
demək istəyirəm. Ən böyük yenilik odur ki, Mirzə Cəlil ənənəvi ədəbi inkişafın
istiqamətini və meyarlarını dəyişdi. O,
hətta klassik Azərbaycan ədəbiyyatına və poeziyasına yeni düşüncə tərzi gətirdi,
ədəbi-bədii şüurda islahatlar apardı. Ədəbiyyatımızın lirik qəhrəmanlar, ədəbi qəhrəmanlar,
dramatik qəhrəmanlar mənzərəsi dəyişdi. Satira məktəbi bütövlükdə ədəbiyyatımızın
inkişafının təməlində dayandı. Mirzə Fətəli Axundov yaradıcılığında da realizm
var idi. Onun yaradıcılığı ilə başlayan maarifçi realizm Cəlil Məmmədquluzadənin,
Molla Nəsrəddinçilərin fəaliyyəti ilə bütövlükdə tənqidi realizm səviyyəsinə
yüksələ bildi. Onlar nəinki real olanları göstərirdilər, həm də bunu olduğu
kimi təsvir edirdilər. Yəni ancaq göstərmirdilər, həm də gördüklərini dəyişməyə,
yeniləşdirməyə çalışırdılar. Bu mənada Mirzə Cəlil islahatçı yazıçı kimi ədəbiyyatımızda,
publisistikamızda xüsusi yer tutur. Klassik Azərbaycan ədəbiyyatında bir çox qəhrəmanlar,
lirik qəhrəmanlar, ümumiyyətlə, ədəbi qəhrəmanlar alyanaqlı, baldodaqlı,
kipriyi ox, qonçədəhan, sərviboylu gözəllər idi. Bunların hamısı bədii yalanlar
idi və real insan surətlərinin yaranması lazım idi. Bizlə, cəmiyyətimizlə həmnəfəs
olan insanların ədəbiyyata gəlməsi son dərəcə vacib idi. Gerçək insanların əzablarının,
iztirablarının, arzularının, gələcək haqqında düşüncələrinin ədəbiyyata gəlişi,
bütövlükdə onların söylənməsi hünər tələb edirdi. Bu hünəri Cəlil Məmmədquluzadə göstərdi və bunları ədəbiyyata
gətirə bildi və bununla da yeni üslub, yeni metod formalaşdı. Mirzə Cəlil bəzən
ictimai həyatımız və siyasi gerçəklik üçün qadağan olunan, senzuradan keçməyəcək
sözləri də kinayə, istehza ilə üstüörtülü
qaydada deyə bildi. Bu, bir yenilik idi. Realizm ədəbiyyatın milləti özünə
tanıtmasına səbəb oldu. Özü-özünü tanıyan, özü-özünü tənqid edən millət özünü
yenidən qurmağı da bacardı. Millət yeni həyat tərzinə, azadlıq uğrunda mübarizəyə
qoşuldu və Azərbaycan Xalq Cümhuriyyətini yarada bildi. Bu ictimai, mədəni həyatımız
baxımından yenilik oldu. Ədəbiyyatda, bədii yaradıcılıqda, jurnalistikada,
bütövlükdə yeni janrların, yeni formatlı yazı nümunələrinin ortaya çıxması Mirzə
Cəlilin sözün həqiqi mənasında islahatçı ədib olmasını təsdiqlədi.
- Cahangir Məmmədli mənə verdiyi müsahibəsində
demişdi ki, Cəlil Məmmədquluzadənin və Sabirin satira hədəfləri bu gün yeni bir
tərzdə hələ də meydandadırlar. Sizcə, Cəlil
Məmmədquluzadə bu gün nə qədər müasir və aktualdır?
- Cəlil Məmmədquluzadə bu gün də son dərəcə
aktualdır. Eyni zamanda onun həmfikirləri, qələm dostları, M.Ə.Sabir və digərləri
kimi.... Ona görə aktualdırlar ki, onların tənqid etdikləri tiplər içimizdə yenə
də qalmaqdadırlar. Cəmiyyətin islaha ehtiyacı olduğu müddətcə Cəlil Məmmədquluzadə
müasirimiz olaraq qalacaq. Bu mənada Mirzə Cəlil və Molla Nəsrəddinçilər xidmətimizdə
duracaq və bizə yol göstərəcəklər.
- Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyat
tarixində böyük demokrat kimi qiymətləndirilir. Onun demokratik düşüncələri
haqqında nə deyə bilərsiniz?
- Cəlil Məmmədquluzadə sözün həqiqi mənasında böyük
demokratdır. Onun demokrat olduğunu ədəbi yaradıcılıq nümunələri, tarixi xidmətləri,
şəxsiyyəti, eləcə də qələm dostları təsdiqləyir. Əli Nazim və Mirzə İbrahimovun
tədqiqatları M.Cəlilin demokratlığının necə əhəmiyyətli olduğunu sübut edir. O,
demokratdır bu mənada ki, cəmiyyətdə, Azərbaycan ictimai gerçəkliyində hər
zaman sözün doğrusunu, sağlam düşüncəni müdafiə edib. Demokratlığı, böyüklüyü həm
də ondadır ki, cəmiyyətdə doğru sözün, həqiqi sözün eşidilməsi, M.Cəlil
yaradıcılığı ilə aktuallaşır. "Doğru söz söyləmək hünərdir” - deyir Mirzə Cəlil.
O, təkcə milli demokrat sayılmır, insan, yazıçı və şəxsiyyət olaraq da
demokratdır.
- Cəlil Məmmədquluzadəni ədəbiyyatımızda Molla Nəsrəddinçilik
məktəbinin banisi hesab edirlər.
- Bu
doğrudan da belədir ki "Molla Nəsrəddin” məktəbinin banisi Cəlil Məmmədquluzadədir.
Cəlil Məmmədquluzadə mətbuata "Şərqi Rus” qəzeti ilə gəlib. Bir müddət Məhəmməd
Ağa Şahtaxtlının yanında çalışıb, nəhayət, imkan olan kimi "Molla Nəsrəddin”in
nəşrinə başlayıb. Əvvəla onu deyim ki, "Molla Nəsrəddin”i təbiət və zəmanə özü
yaratdı. "Molla Nəsrəddin” bir dövrün ədəbi, bədii salnaməsidir. Təkcə tarixi
fakt deyil, həm də ədəbi, bədii, mədəni abidədir. M.Cəlil həm də bu jurnalın fəaliyyət
proqramını müəyyənləşdirib, onun rəsmi icazəsini ala bilib. Birinci nömrədə
deyirdi "ey mənim müsəlman qardaşlarım, sizi deyib gəlmişəm. O kəsləri ki mənim
sözlərimdən xoşlanmayıb, gedirlər hamam küncündə yatmağa, xoruz döyüşdürməyə,
it boğuşdurmaya və digər qeyri-vacib əməllərlə məşğul olmağa. Mən sizinlə
Türkün açıq ana dilində danışacağam, o dildə ki, bir zamanlar beşik başında
ananız sizə lay-lay demişdir”. Beləliklə, M.Cəlil ana dilində danışmağı gündəmə
gətirdi və bunun üçün mübarizə apardı. Bu mübarizədən sonra, Ana, Vətən uğrunda
mübarizəsini davam etdirdi. Ana dili uğrunda, ana vətən uğrunda mübarizə, həm də
xalqın müstəqil dövləti uğrunda mübarizəyə çevrildi. Ona görə də Cəlil Məmmədquluzadə
sözün həqiqi mənasında satirik mətbuat orqanı olan "Molla Nəsrəddin”in, eyni zamanda
yeni ədəbi, bədii axtarış epoxasının banisi sayılır. Biz hər zaman Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin”dən
öyrənməyi bacarmalıyıq. Onu müasir
günümüzlə uzlaşdıraraq, vəhdətdə, əlaqəli şəkildə təhlil etməliyik.
Aynurə Vəliyeva