• cümə axşamı, 28 mart, 20:44
  • Baku Bakı 13°C

Salmonellyoz xəstəliyindən qorunmaq yolları

22.11.22 17:30 685
Salmonellyoz xəstəliyindən qorunmaq yolları

Salmonellyoz quşların, ev və çöl heyvanlarının iti, yarımiti, xroniki gedişə malik infeksion xəstəliyidir. Xəstəlik hərarətin yüksəlməsi, mədə-bağırsaq pozuntusu, intoksikasiya və septisemiya ilə xarakterizə olunsa da, bəzən simptomsuz keçir. Xəstəliyin törədicisi Enterobacteriaceae ailəsinə və Salmonella cinsinə mənsub olan qrammənfi, spor əmələ gətirməyən, çubuqvari, hərəkətli, aerob və ya fakültativ anaerob polipatogen bakteriyalardır. Salmonella cinsinə mənsub olan həmin bakteriyaların iki növü və 2500-dən çox serotipi mövcuddur ki, onların da əksəriyyəti qida toksikoinfeksiyası kimi tanınır.

Kaspi.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin mütəxəssisləri Q.Cəlladov, K.Əliyeva və R.Kəngərlinin hazırladığı məqalədə bəhs edilir.

Zoonoz xəstəlik olduğundan salmonellyoza insanlar da yoluxur. Quşçuluq məhsullarından quş əti və yumurta ilə insanların həmin infeksiya növünə yoluxmasına daha çox təsadüf bu məhsulların çirklənməsinə səbəb olan qida infeksiyalarından biri də salmonellalardır. Qeyd edək ki, soyuducuda bir aydan çox saxlanıldığı təqdirdə, yumurtanın səthində mövcud olan salmonellalar daxilə nüfuz edərək yumurta sarısında sürətlə artıb çoxalır. Bu da yumurtanın potensial xəstəlik mənbəyinə çevrilməsinə səbəb olur.

Bağırsaq infeksiyası kimi tanınan salmonellyoza cavan və körpə heyvanlara daha çox yoluxur. Xəstəliyə yoluxma əsasən ağız, nadir hallarda tənəffüs yolu ilə və bətndaxili, anadan balaya ötürülmə yolu ilə baş verir. Patogen törədicilər bağırsaqda artıb-çoxalaraq neyrotrop xüsusiyyətə malik endotoksinlər ifraz edir və bu, heyvanlarda diareyaya səbəb olur. Limfa sisteminə və qan dövranına daxil olan törədicilərin, eləcə də onların həyat fəaliyyətinin məhsulu olan toksinlərin təsirindən orqanizmdə septisemiya, hətta mərkəzi sinir sisteminin pozuntuları baş verir. Bəzən orqanizmin immun sisteminin zəifləməsi heyvanların bağırsaq mikroflorasında adi həyat tərzi keçirən salmonellaların aktivləşərək xəstəliyə səbəb olması ilə nəticələnir.

Salmonellyozun mənbəyi xəstə və xəstəlik keçirmiş heyvanlar, infeksiya ilə çirklənmiş yem, su, süd, süd qabları və s. hesab olunur. İtlər, pişiklər, vəhşi quşlar, həşəratlar və sinantrop gəmiricilər xəstəlik daşıyıcısı kimi qeyd edilir.

İnsanlar salmonellyoza xəstə heyvanlarla təmas nəticəsində, heyvan və quş kəsimi zamanı, həmçinin xəstəlik törədicisi ilə çirklənmiş və zəruri termiki təsirə məruz qalmayan çiy və ya yarımbişmiş heyvan mənşəli məhsulların (ət, süd və balıq məhsulları, yumurta və s.) istehlakı ilə yoluxurlar. Xüsusilə heyvan kəsimi və heyvan mənşəli məhsulların daşınması, saxlanması və realizasiyası dövründə yol verilən nöqsanlar insanların salmonellyoza yoluxma riskini artırır.

Xəstəliyin inkubasiya dövrü törədicinin virulentliyi və orqanizmin davamlılığından asılı olaraq dəyişir və adətən 1-10 gün təşkil edir. Xəstəliyə diaqnoz epizootoloji məlumatlar, kliniki əlamətlər, patoloji-anatomik dəyişikliklər və laboratoriya müayinələri (seroloji və bakterioloji) əsasında qoyulur.

Salmonellaların normal inkişafı üçün mühitin pH göstəricisinin 7,2-7,4 və temperaturun 35-37 dərəcə olması optimal hesab edilir. Xarici mühit amillərinə qarşı davamlı olan bu bakteriya növü torpaq və peyində 10-18 ay, suda 4-5 ay, ət və kolbasa məhsullarında 2-5 ay, dondurulmuş ətdə 6-12 ay, süddə 10-20 gün, pendirdə 12 ay, yumurta qabığında isə 2-3 aya qədər sağ qala bilir. Lakin termiki təsirə davamsız olan salmonellalar 70 dərəcə və daha yüksək temperaturun təsirindən 5-10 dəqiqə dezinfeksiyaedicilərin (2 faizli fenol, 3 faizli natrium hidroksid, 5 faizli aktiv xlor və 3 faizli formaldehid məhlulu) təsirindən isə 15-20 dəqiqə ərzində tələf olur.

Xəstəliyə qarşı mübarizə tədbirləri çərçivəsində heyvanların yaxşı bəslənməsi, heyvan kəsimi və heyvan mənşəli məhsulların tədarükü dövründə baytarlıq-sanitariya və sanitar-gigiyenik qaydaların təmin olunması, heyvanlar arasında spesifik və ümumi profilaktik tədbirlərin (peyvəndləmə, dezinfeksiya, dezinseksiya və deratizasiya) həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Nəzərə almaq lazımdır ki, xəstəlik törədicisi, eləcə də qida toksikoinfeksiyası kimi tanınan salmonellalar qida zəncirinin bütün mərhələlərində insan sağlamlığı üçün risk amili hesab edilir. Odur ki, insanların salmonellyoz və digər bu kimi zoonoz infeksiyalardan qorunması üçün heyvanların yetişdirilməsi və heyvan mənşəli qida məhsullarının tədarükü qida təhlükəsizliyi tələbləri çərçivəsində həyata keçirilməli və həmin məhsulların istehlakı zamanı qida gigiyenası qaydalarına ciddi riayət olunmalıdır.

banner

Oxşar Xəbərlər