Sağlam olmayan tənəffüs və həzm orqanlarımız
Azərbaycanda əhali arasında
ən çox rast gəlinən xəstəliklər tənəffüs orqanlarının, daha sonra isə həzm
orqanlarının xəstəlikləridir. Trend-in məlumatına görə, əvvəllər də xəstələnmə
halları sırasında tənəffüs orqanları ilk yerdə olub. Lakin əhalinin ən çox
düçar olduğu ikinci qrup xəstəliklər bəzi infeksion və parazitar
xəstəliklərdir. 2005-ci ildə ölkədə bütün xəstəliklər üzrə qeydə alınmış
xəstələrin ümumi sayı 1 503 824 nəfər olub. Onların 677 123 nəfəri tənəffüs
orqanlarının xəstəliklərindən əziyyət çəkib. Həmin ildə 129 299 nəfər bəzi
infeksion və parazitar xəstəliklərdən, 117 345 nəfər qan dövranı sisteminin xəstəliklərindən,
107 162 nəfər həzm sisteminin xəstəliklərindən əziyyət çəkən xəstə kimi
qeydiyyata götürülüb. Lakin sonrakı illərdə ölkə üzrə qeydə alınan xəstələrin
sayının artma prosesi ilə yanaşı, həzm və qan dövranı sisteminin
xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması da müşahidə edilib. Bu
artım sayəsində həzm sisteminin xəstəlikləri üzrə qeydə alınmış xəstələrin sayı
əhali arasında daha çox rast gəlinən ikinci qrup xəstəliklər olub. İnfeksion və
parazitar xəstəliklərdən əziyyət çəkənlərin sayı isə qan dövranı xəstələrinin
sayından sonra əhali arasında ən çox rast gəlinən dördüncü qrup xəstəliklər
olub. 2015-ci ildə ölkə üzrə xəstələrin sayı 1 824 086 nəfər olub ki, onun 752
669 nəfəri tənəffüs orqanları, 156 197 nəfəri həzm sistemi xəstəliklərindən,
134 225 nəfəri qan dövranı sisteminin, 114 955 nəfəri bəzi infeksion və
parazitar xəstəliklər üzrə xəstə kimi qeydə alınıb. Bu tendensiya sonrakı
illərdə də müşahidə edilib. 2017-ci ildə ölkə üzrə qeydə alınan 1 875 652
xəstənin 735 922 nəfəri tənəffüs orqanlarının, 160 801 nəfəri həzm sisteminin,
143 182 nəfəri qan dövranı sisteminin, 124 457 nəfəri bəzi infeksion və
parazitar xəstəliklərdən əziyyət çəkib. 2018-ci ildə ölkə üzrə qeydə alınan 1
895 897 xəstənin 762 809 nəfəri tənəffüs orqanlarının, 164 531 nəfəri həzm
sisteminin, 144 719 nəfəri qan dövranı sisteminin xəstəlikləri, 119 954 nəfəri
bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydiyyata alınıb.
Maraqlıdır, adıçəkilən
xəstəliklər ölkəmizdə bu qədər geniş yayılmasının əsas səbəbləri nədir? Bunun qarşısını
almaq üçün hansı addımlar atılmalı, insanlar nələrə diqqət etməlidirlər.
Pulmonoloq Əsəd Beydullayev bildirdi
ki, tənəffüs orqanları
xəstəliklərinin yaranmasına ən böyük səbəb siqaretdir: "Xəstəliklərin kişilər
və qadınlar arasında yayılma arealı da fərqlidir. Məsələn, qadınlar arasında
süd vəzi xərçəngi daha çox rast gəlinəndirsə, kişilərdə bu, ağ ciyər xərçəngidir.
Ümumi olaraq tənəffüs orqanları xəstəliklərinin yayılma səbəbindən danışası
olsaq, ilk olaraq iqlimdə olan dəyişikliklər, ekoloji tarazlığın pozulması və
siqaretdən istifadəni qabartmalıyıq. Qeyd edim ki, tənəffüs orqanları
xəstəlikləri arasında ən çox rast gəlinən xəstəliklərdən biri allergik
astmadır. İstifadə etdiyimiz bəzi əşyalar özümüz də bilmədən, allergik hallara
səbəb olur. Məsələn, fikir versəniz, şəhərdə xaricdən gətirilən çoxlu sayda
dekor bitkilərin olduğunu görərsiniz. Onlar da çox zaman tənəffüs orqanlarında
müxtəlif allergik xəstəliklərin yaranmasına səbəb olur. Amma təbii ki, tənəffüs
orqanları xəstəliklərinin yaranmasına ən böyük səbəb siqaretdir. Son dövr
müşahidələrimizə əsasən deyə bilərik ki, qadınlar və uşaqlar arasında da
siqaret çəkmə halları geniş yayılıb. Ona görə də, tənəffüs orqanları
xəstəliklərinin geniş yayılması qaçılmaz hal alıb. Bir nəfər siqaret çəkməklə
yalnız özünü yox, ətrafındakı şəxslərin də ağ ciyərinin zədələnməsinə səbəb
olur. Çünki həmin adamlar özləri çəkməsələr də, tüstü dolu havanı tənəffüs
yollarına ötürürlər. Qeyd edim ki, siqaret çəkənlərdə ağ ciyər xərçənginə
tutulma ehtimalı digər insanlardakından 15 dəfə çoxdur”.
Həkim qeyd etdi ki,
xəstəliklərin qarşısının alınmasında insanların məlumatlandırılması böyük rol
oynayır: "Yaxşı olar ki, insanlara siqaretin zərərləri haqqında daim məlumat
verilsin, onlar bu mövzuda maarifləndirilsin. Mən həkim olaraq üzərimə düşən
məsuliyyəti yerinə yetirirəm. Xəstələrimlə real görüşlərdə söhbətlər aparıram,
sosial şəbəkələrdə maarifləndirici məlumat paylaşıram. Təbii ki, son dövrlər
dövlət səviyyəsində də siqaretin çəkilməsi əleyhinə bir çox tədbirlər görülür.
Ən əsas məqsədimiz ictimai yerlərdə siqaret çəkilişinin qadağan edilməsidir.
Düzdür, bu sahədə də bəzi qərarlar verilib. Amma düşünürəm ki, bu qərarları
daha da sərtləşdirmək lazımdır”.
Qastroloq Elnarə Əliyeva deyir
ki, həzm orqanları xəstəliklərinin yarama səbəbi isə insanların düzgün
qidalanmamağı və hərəkətsiz həyat şəraitində yaşamalarıdır: "Son dövrlər
insanlar hazır qidalardan, qatqılı içkilərdən çox istifadə edirlər. Hətta, iki
yaşından sonra uşaqlara lazım olmayan müxtəlif rəngli içkilər verilir. Əvvəllər
uşaqlara evdə bişmiş kompotlar verilirdisə, indi onların yerini şirələr alıb.
Mən hər zaman deyirəm ki, uşaqlara yalnız su verin. Onlara qəti şəkildə şəkər
miqdarı çox olan içki vermək olmaz. Həmin zərərli ərzaqlarla uşaq vaxtından
qidalananlar böyüyəndə, istər-istəməz, həzm prosesində problemlərlə üzləşirlər.
Hazırda şəhərə çıxıb insanların qidalanması ilə bağlı sorğu keçirsək, böyük
əksəriyyət düzgün qidalanmadığını etiraf edəcək. Mütləq şəkildə "fast food”
qidalarında uzaq durmaq, az istifadə etmək vacibdir. Əgər "fast food” yeyiriksə
belə, tərkibində müxtəlif rəngli sousların az olmasına önəm verməliyik. Fikir
versəniz, görərsiniz ki, gənclərimizin qolları, ayaqları arıqdır, amma qarın
hissədə piylənmə var. Bu isə gecə yeməkləri ilə əlaqədardır. Axşama doğru
orqanizm istirahət etmək, yatmaq istəyəndə, siz, yemək yeyirsiniz və onun da
gücü çatmır yediklərinizi həzm etməyə. Bu da bədəndə zərərli piy deposu
yaradır. Həmçinin hərəkətsiz həyat tərzi də həzm orqanlarımızın yaxşı
işləməməyinə, orada müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Gün
ərzində çoxlu piyada gəzmək şərtdir. Hətta, maşını olan şəxslər belə,
avtomobillərini gedəcəkləri yerdən heç olmasa bir dayanacaq uzaqda saxlayıb
qalan yolu piyada getməlidirlər. Düzgün qidalanarlarsa və fiziki baxımından
aktiv həyat tərzinə keçid edərlərsə, həzm sistemi ilə bağlı bir çox problemi
həll etmiş olarlar”.
Günel
Azadə