• cümə axşamı, 25 aprel, 01:24
  • Baku Bakı 19°C

Sağlam həyat tərzi bütün xəstəliklərə qalib gəlir

22.01.19 10:00 1390
Sağlam həyat tərzi bütün xəstəliklərə qalib gəlir
Bütün dünyada olduğu kimi, Azərbaycanda da 2018-ci ildə ürək-damar xəstəlikləri ölümə və əlilliyə səbəb olan bir nömrəli xəstəlik oldu. Bu haqda Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov məlumat verib. R.Mahmudovun sözlərinə görə, çox zaman dializ olunan xəstələr belə sonda ürək-damar çatışmazlığından dünyasını dəyişir: "Ürək-damar xəstəlikləri ilə mübarizə səhiyyə ilə bağlı nəticələrin yaxşılaşmasına töhfə verir”. Maraqlıdır, bu kimi xəstəliklərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

"Stent for life” layihəsi

Kardioloq Üzeyir Rəhimov bildirir ki, hazırda nəinki Azərbaycanda, bir sıra ölkələri çıxmaq şərti ilə bütün dünyada ürək-damar xəstəlikləri ölümün birinci səbəbidir: "Lakin Şərqi Avropanın bəzi kiçik ölkələrində bu xəstəlikdən ölümün səviyyəsi qısa müddətdə iki dəfə azalıb. Həmin ölkələrə misal olaraq Sloveniya, Çexiya, Slovakiyanın adını çəkmək olar. Bu ölkələrdə ürək-damar xəstəliyindən ölüm ikinci yerdədir. Buna isə dövlətin bu sahədə çox diqqətlə apardığı siyasət nəticəsində nail olunub. Belə ki, "Stent for life” (həyat üçün stent) deyilən bir proqram var. Bu layihə nəticəsində həmin ölkələrdə xəstəliyin müalicəsi ilə məşğul olan, anju edib stent qoyulan mərkəzlər yaradılıb. İnfarkt keçirən xəstələr ilk 6 saat ərzində həmin mərkəzlərə çatdırılır və damarları açılır. Bu addım atılandan sonra o ölkələrdə ürək-damar xəstəliyindən ölənlərin sayı azalıb. Düşünürəm ki, ölkəmizdə də infarkt diaqnozu qoyulan hər bir xəstə damarın çox tez bir vaxtda açılacağı mərkəzə yönləndirilərsə, ürəkdə zədələnmə az olar və həmin insanın yaşama şansı artar. Hazırda inkişaf etmiş ölkələrdə yalnız bu üsulla irəliləyiş əldə edilib”.

Kardioloq qeyd edir ki, bu xəstəliklə bağlı risk qrupuna daxil olan şəxslər tez-tez müayinədən keçməlidirlər: "Bundan başqa, insanları müasir standartlara cavab verən həkim və mərkəzlərə yönləndirmək lazımdır. Təzyiq, şəkər, xolesterin xəstəlikləri ilə ciddi mübarizə aparılmalıdır. Xəstəliklər nəzarət altında olmalıdır. Bu kimi xəstəliklərin daşıyıcısı olan şəxslər çəkilərinə diqqət etməlidirlər. İnsanlar arasında dieta saxlamaq təbliğ edilməlidir. Mümkün olduğu qədər ölkədə çoxlu piyada gəzmək, velosiped sürmək üçün yerlər yaradılmalıdır. Xəstəliyi olmayan insanlar 6 ayda bir, risk qrupunda olanlar isə daha tez-tez yoxlamalardan keçməlidir”.

20-30 il əvvəl xəstəlik bu səviyyədə deyildi

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, günümüzdə ürək-damar və onkoloji xəstəliklər əhali arasında yayılma səviyyəsinə görə birinci yerdədir: "Bu xəstəliklər həmişə ölümün, əmək qabiliyyətinin itirilməsinin əsasını təşkil ediblər. Amma son vaxtlar statistikanın belə artmasının bir sıra yerli və ekoloji səbəbləri var. Məsələ bundan ibarətdir ki, bu gün insanlar çox tənbəlləşiblər. Həddən artıq qida qəbul edib, az hərəkətdə olurlar. Yəni qəbul edilən kalori ilə xaric olan arasında balans pozulub. Nəticə etibarı ilə də daxil olan kalori insanların bədənində yığılaraq qan-damar sistemində problemlərin əmələ gəlməsinə şərait yaradır. 50 yaşında on nəfər adam götürsəniz, onlardan ən azı 3-4-nün ürəyində stent olacaq. 20-30 il əvvəl xəstəlik bu səviyyədə deyildi”.

Genofondun sağlamlığı üçün ciddi işlər görülməlidir

Həkim deyir ki, bütün bunlar insanların həyat tərzinə bağlı olan xəstəlikdir: "Bunun qarşısını almaq üçün televiziyalarda maarifləndirici verilişlər təşkil edilməlidir. İnsanlara həyat tərzini dəyişməyin, sağlam həyata keçməyin yolları izah edilməlidir. Siqaret çəkməkdən, alkoqollu içki qəbul etməkdən uzaq olmağı, gündə ən az bir neçə kilometr gəzməyi insanlar arasında təbliğ etmək lazımdır. Bir çox insanlarda qidalanma rejimsizdir. Axşam saatlarına qədər yeyənlər var. Təbii ki, bu kimi ziyanlı vərdişlər insanların sağlamlıq sisteminin sıradan çıxmasına zəmin yaradır. Məsləhət görərdim ki, kütləvi idman yerləri yaradılsın. Dövlət bu kimi nüansları nəzərə alaraq, genofondun sağlamlığı üçün ciddi işlər görməlidir. Çünki bu kimi xəstəliklər nəticəsində əmək qabiliyyətinin itirilməsi çox ciddi sosial, iqtisadi problemlərin ortaya çıxmasına səbəb olur”.

Xəstəliklər irsi keçir?

Həkimlər xəstəliklərin bir çoxunun insanların həyat tərzi ilə bağlı olduğunu qeyd edirlər. Amma bəziləri bunu qəbul etmək istəməyib, irsiyyətlə əlaqələndirirlər. Maraqlıdır, bu xəstəliklər irsən keçirmi? "İnsan özünün ya həkimidir, ya qənimi” deyən "Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə bildirir ki, bir çoxları xəstəliyini irsiyyətlə bağlamağa çalışır: "Xəstələrdən tez-tez eşidirik ki, "babam da, atam da, anam da bu xəstəlikdən ölüb. İrsi xəstəlikdir”. Təəssüf ki, xəstəliyi heç kəs öz həyat tərzi ilə əlaqələndirmək istəmir. Bəla burasındadır ki, xəstəliyin irsən keçməsi fikrini mikrobların qarşısında aciz qalan bir çox həkimlər də qəbul edir. Xəstəliyi genlərin boynuna yıxmaq həm xəstələri qane edir, həm də həkimləri. Əslində isə, irsi xəstəlik yoxdur! Əlbəttə, irsi qüsur ola bilər. Əgər xəstəliklər genlərlə keçsəydi, onda gərək dünyada tək bir xəstəlik mövcud olaydı - əcdadımız sayılan Adəmlə Həvvanın xəstəliyi.İlk əcdadlarımızın xəstə olub-olmadığını deyə bilmərəm. Amma hamı belə bir fakta şahididir ki, eyni ailədə bir uşaq bu xəstəlikdən, o biri başqa xəstəlikdən, üçüncü də tamam başqa xəstəlikdən əzab çəkir. Üstəlik, gündə təzə xəstəlik meydana çıxır. Lakin bu reallığı da inkar etmək olmaz ki, bəzən həqiqətən də baba da, ata da, nəvə də eyni xəstəlikdən ölür. Belə hallar az olsa da, mövcuddur və adamların şüurunda qəti fikir formalaşdırıb ki, xəstəliklər irsən keçir. Çox təəssüf ki, belə düşünənlər xəstəliklərə qarşı mübarizə aparmır, öz "acı taleyi” ilə barışır və dərmanların hesabına yaşayır”.

Eyni pis vərdişlərin nəsildən-nəslə ötürülməsi

Bəs, əgər xəstəliklər irsən keçmirsə, babanın, oğulun və nəvənin eyni xəstəlikdən ölməsi faktını nə ilə izah etmək olar?: "Bunun çox sadə izahı var. Bütün xəstəliklərin kökü eynidir - mühit və həyat tərzi. Əgər insan qeyri-sağlam həyat tərzi yaşayırsa və pis vərdişlərin quludursa, o, mütləq xəstə olmalı və dünyasını tez dəyişməlidir. Başqa cür ola bilməz. Xəstəlikləri məhz pis vərdişlər törədir. Onlar isə həddən ziyada çoxdur. Kitablarımın birində pis vərdişlərin siyahısını vermişəm. Siyahı çox uzun alındı - 200-ə yaxın pis vərdişi yadıma sala bildim. Güman edirəm ki, onlar daha çoxdur.

Dünya tibb elminin banisi Hippokratın "bizi öldürən qocalıq deyil, pis vərdişlərdi” kəlamını rəhbər tutsaq, deməliyik ki, hər pis vərdişin özünə məxsus xəstəliyi var. Məsələn, ətbaz ailə ürək-damar xəstəliklərinə meyilli olursa, çörək və un məmulatlarını çox sevən ailə oynaq xəstəliklərinə, şirniyyata üstünlük verən ailə isə sümük xəstəliklərinə daha çox meyilli olur. Burdan belə bir qənaətə gələ bilərik ki, xəstəliklərin daşıyıcısı genlər deyil, pis vərdişlərdi. Babanın, oğulun və nəvənin eyni xəstəlikdən ölməsinin başlıca səbəbi - həmin ailədə eyni pis vərdişlərin nəsildən-nəslə ötürülməsidir. Deyək ki, baba da ətbaz olub, oğul da, nəvə də”.
"Dəyişən yeganə şey - həyat tərzim oldu”

Ə.Əzimzadə qeyd edir ki, kitablarını oxuyan və sağlam məntiqə inanan yüzlərlə xəstə öz həyat tərzini dəyişərək, pis vərdişlərin üstündən qalın xətt çəkərək, "irsən keçən” bir neçə xəstəliyin axırına davasız-dərmansız çıxa bilib: "Təkcə bu faktın özü xəstəliklərin genlər vasitəsilə keçməsi fikrini tamam alt-üst edir. Fikirləşin, necə olur ki, vərəm xəstəliyindən əzab çəkən ana sağlam övlad doğur, lal-kar atanın övladları dilli-dilavər, kor kişinin uşaqları normal olur? Əgər xəstəliklər irsən keçirsə, bəs necə oldu ki, mən ata-anamı öldürən xəstəliklərə deyil, 8 fərqli xəstəliyə tutuldum? Necə oldu ki, pis vərdişləri tərgidən kimi, o xəstəliklər məni tərk etdi? Genlərimmi dəyişdi? Xeyr, dəyişən yeganə şey - həyat tərzim oldu”.
Sağlamlıq və xoşbəxtlik yolu

Mərkəzin rəhbəri bildirir ki, sağlam həyat tərzi ilə sağalmayan xəstəlik yoxdur: "Gəlin, genləri rahat buraxaq, nadan olduğumuzu boynumuza alaq. Mən hər yerdə deyirəm və yazıram ki, düz 60 il cahil olmuşam, sağlamlığımı baltalamışam. Ağıllı adamların kitablarını oxuyandan sonra gözlərim açıldı və dərk etdim ki, bizi zəka deyil, pinti "gödən” idarə edir, nəfs və tamah bizi müti qula çevirib. Şükürlər olsun ki, "xəstəlik” adlı böyük bəladan qurtarmağın yolu var – sağlam həyat tərzi. Bu yolu - sağlamlıq və xoşbəxtlik yolunu öz kitablarımda ətraflı işıqlandırmışam. Oxuyanların çoxu bəhrələnib.Sağlam və xoşbəxt olmaq üçün insana nə milyonlar, nə əzəmətli saray, nə də yüksək vəzifə lazımdır. İnsana ikicə şey lazımdır - dərin zəka və möhkəm iradə. Yaxşı-yaxşı düşünün, yaşadığınız həyat tərzinə kamil insanların gözü ilə baxın. Öz təcrübəmdən dəqiq bilirəm ki, həyat tərzini dəyişmək, xəstəliklər üzərində zəfər çalmaq və xoşbəxt olmaq heç bir yaşda gec deyil.Bu gün çıxaracağımız nəticə belə olmalıdır: irsən keçən xəstəlik yoxdur, bütün xəstəliklər pis vərdişlərin acı məhsuludur, elə bir xəstəlik tapa bilməzsən ki, onu sağlam həyat tərzinin köməyi ilə sağaltmaq mümkün olmasın”.
Günel Azadə

banner

Oxşar Xəbərlər