• şənbə, 20 Aprel, 03:48
  • Baku Bakı 15°C

Sağlam gəncliyi o “enerji”dən, o tüstüdən necə qoruyaq?

13.11.19 09:00 911
Sağlam gəncliyi o “enerji”dən, o tüstüdən necə qoruyaq?
Ekspertlər " maarifləndirmə, maarifləndirmə, yenə də maarifləndirmə” deyirlər
"Azərbaycanda hazırkı dövrdə energetik içkilərdən istifadə etmək, qəlyan çəkmək ürək-damar xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən biridir”. Bunu Trend-əSəhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib. Onun sözlərinə görə, əvvəllər infarkta, hipertoniyaya yaşı 45-50-dən çox olan insanlar arasında rast gəlinirdi: "Adətən, yaş amili ilə əlaqədar 45 yaşdan sonra kişilərdə, 50 yaşdan sonra qadınlarda ürək-damar xəstəlikləri olur. Ancaq indi 28-30 yaşlarında cavan oğlanlar hipertoniyadan əziyyət çəkirlər. Hətta artıq 18 yaşlı oğlanlar da bizə təzyiqin yüksəlməsi şikayəti ilə müraciət edirlər. Təəssüf ki, gənclər tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi, onların qeyri-sağlam həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini cavanlaşdırır".
İnstitut direktoru əlavə edib ki, əvvəllər yalnız alkoqollu içkilərdən istifadə və siqaret çəkmə kimi zərərli vərdişlərin ürək-damar xəstəliklərinin yaranmasına mənfi təsir göstərdiyi qeyd edildiyi halda, indi bu xəstəliyin yaranmasına və inkişafına şərait yaradan amillərin sayı dəfələrlə artıb: "Neqativ informasiya verən televiziya verilişlərinin, qorxu filmlərinin də ürək-damar xəstəliklərinin inkişafına çox böyük təsiri var. Məsələn, xəstəxanadan evə gedən ərəfədə belə verilişlərə baxan infarkt olmuş xəstələrimiz arasında təkrar infarkt olanlar olub. Yaşlıların, uşaqların, ürəyi xəstə olan insanların belə verilişlərə baxması düzgün deyil. Bu barədə insanlara daha geniş məlumat verilməlidir ki, onlar risk amillərini bilsinlər".
G.Dadaşova əlavə edib ki, energetik içkilərin tərkibində kofeindən başqa, insanın sinir sisteminə olduqca mənfi təsir edən toksiki maddələr, konservantlar var: "Həmin maddələr insanlarda təzyiqi yüksəldir. Bu da öz növbəsində hipertoniyası olan insanların sayını artırır. Tələbələr arasında stress faktoru daha çox olduğuna görə hipertonik gənclərin sayı getdikcə artır. Biz xəstə olmaq istəmiriksə, təbiətə daha yaxın olmalı, təbii qidalar və içkilər qəbul etməliyik. Bununla yanaşı, insanlar ildə heç olmasa, bir dəfə kardioloq müayinəsindən keçməlidirlər".
Əslində, həkimin qeyd etdikləri çox doğrudur və bunları hamımız bilirik. Problem də bundadır ki, insanlar sanki bilə-bilə həyatlarına qəsd edirlər. Çox təəssüf ki, bu gün gənclərimizi bu tip zərərli qidalardan, vərdişlərdən uzaq tuta bilmirik. Media olaraq bu mövzu barədə nə qədər yazsaq da, bu zərərli vərdişlərin insan həyatı üçün nə dərəcədə təhlükəli olduğunu desək də, gənclər yenə də energetik içkiləri içi, qəlyan və siqaret çəkirlər. Bəs nə edək ki, gənclərimizi bu kimi zərərlərdən xilas qoiruyaq?
Tibb üzrə ekspert Adil Qeybullanın sözlərinə görə, həm yaxşı, həm də pis vərdişin kökündə təbliğat dayanır və biz yaxşını təbliğ etməliyik: "Ümumiyyətlə, son dönəmlər ürək-damar xəstəliklərinin çoxalmasının və yaşının cavanlaşmasının səbəbi birbaşa olaraq qidalanmağımızla əlaqədardır. Qidalanmada müəyyən inqridentlər var ki, bəzi xəstəliklərin əmələ gəlməsində böyük rol oynayır. Bunlardan biri də enerji içkiləridir. Qəlyanlar və ya digər spirtli içkilərin tərkibində stimulyasiyaedici maddələr var. Məsələn, energetik içkilərdə kofein var. Hansı ki, həddən artıq qəbul edildik də ürəyin fəaliyyətini gücləndirir və yorur. Bu da növbəti mərhələdə ürək çatışmazlığına gətirib çıxardır. Qəlyanın tərkibində olan sintetik mənşəli, müxtəlif bitki dadları verən maddələr də insan sağlamlığı üçün çox ziyanlıdır. Bəli, bu saydıqlarımızı hamı bilir, amma öz sağlamlığının qeydinə qalmır. Bununla mübarizə ilk növbədə təbliğat vasitəsilə aparılmalıdır. Biz hara baxırıq, enerji içkilərinin reklamını görürük. Televiziyalarda, küçələrdə enerji içkilərinin cəlbedici reklamları verilir. Bütün bu reklamların arxasında həmin şirkətlərin korporativ maraqları dayanır. O cür reklamların əvəzinə həkimlərin məsləhətləri paylaşılsın, qəlyanın, enerji içkisinin zərərləri haqqında reklamlar çəkilsin. Orta məktəblərdə həkimlərlə görüşlər keçirilsin, uşaqlara kiçik yaşlarında bunların ziyanları haqqında məlumat verilsin. Valideynlər, müəllimlər gənclərə xüsusi nəzarət etsinlər”.
Psixoloq Gülnar Orucova bildirdi ki, zərərli vərdişlərdən yaxa qurtarmaq insanın öz iradəsindən asılıdır: "Hazırda siqaret çəkənlərin yaşı 8-10-a qədər enib. Biz bunu uşağın böyüklərə oxşatması ilə əlaqələndiririk. Uşaq siqaret çəkməklə, sanki böyümüşəm mesajını ötürür. Çox zaman uşaqlar böyüklərdə gördüklərinin normal, doğru olduğunu qəbul edir. Yəni evdə valideynin qəlyan, siqaret çəkdiyini, enerji içkisi içdiyini görür və eynisini etməyə başlayır. Son zamanlar qəlyan çəkənlərin sayı artıb, bunu da onunla əlaqələndirirlər ki, siqaretə nəzərən az zərərlidir. Amma araşdırsaq, görərik ki, qəlyanın tərkibində olan maddələr siqaretdən 63% daha çoxdur. Bəzi insanlar elə düşünürlər ki, istədikləri vaxt siqareti ata bilərlər. Amma bu, elə deyil, onlar özləri də bilmədən nikotindən asılı olurlar. Bir məsələni də qeyd edim ki, hazırda Türkiyədə, Almaniyada, Rusiyada insanlara bu tip pis vərdişlərdən uzaqlaşmaq üçün kömək edəcək "qaynar xətt” var. Xüsusilə də siqaretlə bağlı "qaynar xətt” fəaliyyət göstərir. Təəssüf ki, ölkəmizdə elə bir qurum yoxdur ki, zəng vurub kömək istəyəsən. Digər tərəfdən insanlarda fenomenal iradə olmalıdır. Məsələn, "toy günümdə, yeni ildə, ad günümdə siqareti tərgidəcəyəm” deyir və sözünə də əməl edir. Onlar fenomenal iradəyə sahib insanlardır. Amma iradəsi zəif olanlar da var. Bəs onlara necə kömək edək? Həmin insanlara isə ətrafındakılar kömək etməlidir, ona psixoloji dəstək olmalıdırlar. Siqareti atmaq istəyən şəxs özü də düşünməlidir ki, mən bununla nəyə sahib olacağam. Bütün bunları beynində analiz edib addım atmalıdır. Ümumiyyətlə, bu kimi zərərli vərdişlərdən yaxa qurtarmaq insanın öz iradəsindən asılıdır. Ona görə, ilk növbədə iradəmizi möhkəmləndirib, sağlam düşünüb, sağlam qərarlar verməliyik”.
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı düşünür ki, bu işdə əsas yük valideynlərin üzərinə düşür: "Bu işdə başqalarını günahlandırmazdan əvvəl, ilk olaraq valideynlərə baxmalıyıq. Dəfələrlə şahidi olmuşam ki, valideynlər özləri enerji içkisi alıb uşaqlarına verirlər. 11-12 yaşlı məktəbli uşaqların siqaret çəkdiyinin şahidi olmuşam. Bəs bu uşaqların valideynləri bundan xəbər tutmur? Əlbəttə, bilirlər. Siqaretin xüsusi spesifik qoxusu olur, mümkün deyil ki, xəbərsiz olsunlar. Sadəcə məsələyə ciddi yanaşmırlar. Qarşısını almağın yeganə yolu isə yetkinlik yaşına çatmayan uşaqlara enerji içkisi, siqaret və qəlyan satanların ciddi şəkildə cərimələnməsi və maarifləndirmə işinin aparılmasıdır. Məktəblərdə sağlam bədən, sağlam ruh, sağlam cəmiyyət mövzusunda dərslər keçirilməlidir. Valideynlərlə müəllimlər arasında sıx əlaqə olmalıdır, evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqları nəzarətdə saxlamalıdırlar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər