• cümə, 29 Mart, 14:25
  • Baku Bakı 14°C

“SAKİT”LİYİN POETİKASI

30.10.18 16:16 1463
“SAKİT”LİYİN POETİKASI
Rəngləri mənalandırmaq, onların ovqat qatını aşkarlamaq bütün dövrlərdə rəssamlar üçün çətin olduğu qədər də maraqlı olmuşdur. Milli təsviri sənətimizin qədim miniatürlərdən başlayaraq bu günümüzə kimi davam edən inkişaf tarixi öz səhifələrində belə rəssamların adını yaşatmaqdadır. Öz yaradıcılığında sərt romantikadan lirik-poetik ovqata qədər bədii axtarışlar və tapıntılar yolunu keçmiş Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Cəlil Hüseynovun (1957) müxtəlif janrlarda çəkdiyi əsərlərdə məhz rənglərin ovqat yaratmaq gücünü müşahidə etmək mümkündür...
Əvvəlcə məşhur "Əzimzadə məktəbi”ndə (1973-1977), sonra isə Xarkov Rəssamlıq İnstitutunda (1977-1982) sənətin sirlərinə yiyələnən Cəlil Hüseynovun rəngkarlığımızın "estetik xəritəsi”ni özünəməxsus rəng çalarları və tonları ilə zənginləşdirdiyi danılmazdır. Onun pastel rənglərinin ustalıqla əldə olunmuş çox incə tonlarından "boylanan” ovqatyaradıcılığın şaşırdıcı tutumda olduğu adi gözlə belə görünəndir. Həm də zəngin təcrübə sayəsində əldə olunan bu yüksək sənətkarlığın rəssamın davamlı axtarışlarından keçdiyi həqiqətdir. Bu axtarışların ilkin mərhələsində o, kətan üzərində təsvir obyektlərinin oxşarından daha çox bədii obrazını yaratdığından və belə əsərlərdə reallıqla təfsir qoşalaşdığından onlar rəssam təxəyyülü ilə yaşantılarının ifadəsi kimi qəbul olunmaqla, cəlbedici və düşündürücü baxılırlar.
Cəlil Hüseynovun mənzərələrinə hakim kəsilən məziyyətlərin ən başlıcası onlarda müəllifin gördüklərindən heyrətlənə bilməsini ifadə etməsidir. Onun gözümüzdə adiləşən gözəllik qaynaqlarına "heyrət bucağı”ndan baxması qədim İçərişəhərin, Abşeronun və özünəməxsus təbiəti olan Naxçıvanın mənzərələrini ovsunlayıcı tutum almasına səbəb olmuşdur.
Rəssamın ona doğma olan Naxçıvan təbiətinə bədii münasibətində ( "Nehrəm kəndi”, 1979; "Köhnə Naxçıvan”, 1978; "Nehrəm motivi”, 1978) özünəməxsusluq həm motiv seçimində, həm də onların bədii şərhində hiss olunur. Çoxlarından fərqli olaraq görkəmini dəyişməz saxlayan İlandağ əvəzinə, Əcəmi-Bəhruz yurdunun insan əli ilə dəyişən mənzərəsini təsvir obyekti seçən C.Hüseynov, həmin motivlərdə daha çox inandırıcılığın əldə olunmasına səy göstərmişdir.
Onun hələ tələbəlik illərində işlədiyi bu əsərlərdə görünənlərin bədiiliyini əldə etməklə yanaşı, həm də mövcud olanların görkəminin gələcəyə ötürülməsi istəyinin durması duyulandır. Zamanında daşıdığı memarlıq görkəmini bu gün duyulası dərəcədə dəyişən Nehrəmin iyirminci yüzillikdəki mənzərəsi, əslində, keçmişlə gələcək arasında rəssam təxəyyülü ilə yaradılmış mənəvi-bədii körpüdür. Bu mənada format etibarilə o qədər də böyük olmayan Nehrəm mənzərələrində rəssamın məkanın obrazlı dillə desək, bir qədər sərt – "kişi gözəlliyi”ni qabartmaqla yanaşı, həm də ona insanı duyğulandıra biləcək estetika bəxş etməsi də başadüşüləndir. İllər ötəcək, hələ ötən əsrin əvvəllərində – C.Məmmədquluzadənin əsərlərində məşhurlaşan bu kəndin elə həmin yüzilliyin son qərinəsində C.Hüseynov fırçasının gücü ilə əbədiyyət qazanmış görkəmi necəliyindən asılı olmayaraq həm də tarixi mahiyyət daşıyacaq...
Onun yaradıcılığında Abşeron mövzusu geniş yer tutur, desək. yanılmarıq. Həyat və yaradıcılığının paytaxtla bağlı olmasından qaynaqlanan bu marağın kökündə həm də rəssam marağı ilə vaxtaşırı gəzib-dolaşdığı Abşeronda onun heyrətinə səbəb ola biləcək motivlərin bolluğu durur. "Dübəndi” (1995), "Zeytun bağları” (1995), "Balıqçı evi” (1998), "Ağaclar”(1997), "Köhnə hamam” (1998), "Abşeron bağları” (2016), "Abşeron. Köhnə məscid” (2010), "Abşeron” (2010), "Xəzərin sahili” (2008), "Abşeron motivi” (2011) və s. mənzərələrdə çoxlarına yaxşı məlum olan məkanlara fərqli yanaşmanın mövcudluğunu görmək mümkündür.
Əgər rəssamların ən müxtəlif nəsillərinin Abşeron ünvanlı əsərlərini göz önünə gətirməli olsaq, onda həmin mənzərələrdə elə ilk baxışdan gözəl – cəlbedici və gözoxşayan guşələrin yer aldığını görə bilərik. C.Hüseynovun əsərlərində isə "Gilavar”ı – "Xəzri”si əskik olmayan Abşeronun gözdən "düşən” və funksionallığını artıq itirən əski məkanlarına diqqətli rəssam marağının ifadəsini görürük. Bu əsərlərdə köhnə məscidin və istifadəsiz hamamın, əhatəsindəki yaşıllığı itirən bağ evlərinin kimsəsizliyindən qanaqlanan "sakit”liyin bədii təqdimatı kifayət qədər duyulan və ovqatyaradıcıdır.
Boz, bəyaz, sarı və mavi rənglərin pastel tonlarına qədər "gücsüzləşdirilmiş” incə çalarlarının qovşağından "boylanan” müxtəlif motivlərin "itirdikləri”nin görünməzliyində onlara bu münasibəti sərgiləyən rəssamın istedadı durur, desək, yanılmarıq. Az sonra "yeni”ləşəcəyi danılmaz olan bu motivlərdəki tamaşaçının nostalji hisslərinə toxunan məqamlar da, artıq tarixin yaddaşına qovuşmuş məşhur "Sovetski” küçəsinin yastı damlı evlərinin xiffəti hopmuş tarixi mənzərə də, İçərişəhərin labirintəbənzər küçələrinə "bədii güzgü” tutan əsər də bədii kamilliyinə görə yaddaqalandırlar...
Rəssamın "nyu”lar silsiləsində ifadə olunan təkcə qadın bədəninin gözəlliyinin vəsfi olsaydı, bəlkə də bu qədər tamaşaçı diqqətini çəkməzdi. Belə ki, onlarda gah fərdi yaşantısını pünhan saxlayan, çox vaxt isə onları gizlətməyə can atmayan qadınların tamaşaçı ilə təmasa yönəli pozalarında insan və məkan probleminin mənəvi-psixoloji məqamlrına təsirli bədii görüntü verilməsinə səy göstərilib. "Molbert qarşısında”(1996), "Emalatxanada”(1998), "Yatmış qadın”(1999), "Uzanmış qadın”(2001), "Ağ geyimli qadın”(2002), "Qız albalı ilə”(2002),”Çılpaq qadın”(2015) və s. "nyu”larda belə cəlbedici məziyyətlər çoxdur. "Yatmış qadın”da rəssamın rənglərin çox yumşaq keçidlərində pastel incəliyini əldə bilməsi isə, sözün əsl mənasında şaşırdıcıdır...
Bu yerdə əlavə edək ki, Cəlil Hüseynovun qadın dünyasına marağı "nyu”larla məhdudlaşmır. Onun digər qadın portretlərində ("Qadın portreti”, "Düşüncə”, "Bəyaz geyimli qadın” və s.) də zəif cinsin təzadlı yaşantılarına tutulan "bədii güzgü”də əks olunanlar duyğuların poetikaya-lirizmə bələnmiş görüntüləridir...
Natürmort rəssamların yaradıcılığında qırmızı xətt kimi keçən janrlardandır. Bu mənada C.Hüseynovun yaradcılığı da istisna deyil. Amma onun "Meyvələr” (1997), "Şərabla natürmort”(1998), "Şahmat” (2015), "Gilasla natürmort” (2018) və digər çoxsaylı natürmortlarında flamandların-hollandların əşyalara vermək istədikləri "cansızlıq” – donuqluq əvəzinə, çox fərqli yanaşma duyulmaqdadır. Belə ki, təqdim olunan əşyaların rəng estetikasında elə bir bədii-mənəvi qüvvə mövcuddur ki, onun bədii tutumlu görüntüsündə təsvir olunanların insanla təmasının "izlər”i görünməkdədir. Sanki, meyvəli masa da, yarımçıq qədəh də, şahmatlı məkan da buradan müvəqqəti ayrılanların indicə qayıdacağı ümidindədirlər. Beləcə, belə təsvirlərdə yaşananların çox az sonra əvvəlki halına qayıdacağına inam duyulmaqdadır...
Müstəqillik illərində C.Hüseynov zamanında monumental sənət üzrə aldığı təhsilin daha iri forma-biçim və tutumla ifadə etmək imkanı da əldə etmişdir. Bunun memarlıq layihələrində ifadəsi çoxları üçün gözlənilməz olsa da, onun özü bunu sıradan yaradıcılıq işləri kimi qəbul edir. Bakı, Balakən, Mingəçevir, Şamaxı, Neftçala, Astra, Siyəzən və Sumqayıt kimi yaşayış məntəqələrində inşa olunan müxtəlif funksiyalı binalarda ifadə olunan yüksək zövq daşıyıcılığının nəticəsidir ki, həmi binalar həmin şəhərlərin memarlıq xəritəsinin dominantına çevriliblər. Bu tikililəri digərlərindən fərqləndirən və C.Hüseynovun tanınma nişanı”na çevrilən onların eksteryerlərində rəssam palitrasını səciyyələndirən rəng çalarlarından istifadə olunmasıdır. Onun 2018-ci ildə "Milli irs” mükafatına layiq görülməsi də mədəniyyətimizə yaradıcı qayğısına cavabdır.
Əgər Cəlil Hüseynovun bütünlükdə "sakitlik” hökm bədii irsinin estetikasına xas məziyyətləri vurğulamalı olsaq, onda ilk növbədə onun rənglərə sevgisinin güclü poetik duyğuya kökləndiyini vurğulamalıyıq. Bunun tamaşaçını ovsunlamaqda davam etməsi isə bir sənətkar kimi onun ən böyük yaradıcılıq qazancıdır...
Ziyadxan Əliyev

banner

Oxşar Xəbərlər