• çərşənbə axşamı, 16 aprel, 08:22
  • Baku Bakı 14°C

Şair və dünya

22.02.16 09:58 2804
Şair və dünya
Deyirlər ki, istənilən çıxışda ən çətini birinci cümlədir. Yaxşı, deməli, mən həmin cümləni artıq geridə qoydum. Ancaq nədənsə mənə elə gəlir ki, sıradakı – üçüncü, altıncı, onuncu və sona kimi sıralanacaq - bütün cümlələr eyni dərəcədə çətin olacaq, çünki burada poeziyadan danışmalıyam. Əslində, bu mövzu haqqında çox az – demək olar ki, heç nə - danışmışam. Nə zamansa bu haqda ağızdolusu danışmadığım üçün içimi didən şübhə var ki, mən bu sahədə kifayət qədər uğurlu adam deyiləm. Ona görə mənim nitqim olduqca qısa olacaq. Bütün qüsurlar xırda olanda ona dözmək daha asan olur.
Müasir şairlər olduqca skeptik və güvənilməz davranırlar, hətta və ya bəlkə də xüsusilə, özləri haqqında. Onlar ictimai çevrədə şair olduqlarını olduqca könülsüzcə etiraf edirlər, sanki bundan müəyyən mənada utanırlar. Amma poeziyanın gurultulu zamanlarında səhvlərini qəbul etmək daha asandır, ən azından onları gözə cəlbedici görünəcək şəkildə “gizlətmək” olar, nəinki dərinliyinizdə gizlənmiş və daxilinizdə özünüzün də inanmadığınız şeylərin mahiyyətini təqdim etməyə çalışaraq…
Yad adamlarla söhbət zamanı, artıq başa düşürlər ki, nə işlə məşğul olduqlarını deməsələr, alınmayacaq, şairlər ümumi mənada istifadə edilən “yazıçı” sözündən istifadə edir, ya da özlərini “şair” sözünü hardasa əvəz edən, yazıya aid nəsə başqa bir işin sahibi kimi təqdim edirlər. Bürokratlar və avtobus sərnişinləri şairlə həmsöhbət olduqlarını biləndə qəribə reaksiya verirlə,r çünki, inamsız və narahat baxışlarla süzürlər. Məncə, filosoflar da eyni reaksiya ilə qarşılaşa bilərlər, baxmayaraq ki, onlar daha yaxşı vəzifə sahibi hesab olunurlar. Çünki tez-tez də olmasa, müəyyən elmi rütbələrlə özlərini qiymətə mindirə bilirlər – fəlsəfə üzrə professor indi daha hörmətəlayiq səslənir.
Amma poeziya üzrə professorlar yoxdur. Nə də olsa, nəticədə bu, xüsusi təhsil və iş mexanizmi, mütəmadi məşqlər, biblioqrafiya və açıqlamalı sözlərin əlavə edilmiş nəzəri məqalələr və nəhayət, xüsusi mərasimlə təqdim olunan diplom tələb edən bir işdir. Bu isə o deməkdir ki, şair olmaq üçün ən uğurlu şeirlərdən ibarət səhifələri çevirmək kifayət deyil. Əlinizdə rəsmi ştamplı kağız olması vacib hesab olunur. Rusiya poeziyasının fəxri, İosif Brodskini xatırlayaq. O, bir dəfə məhz bu səbəblərlə daxili sürgünə məhkum edilib. Onu “parazit” adlandırıblar, çünki rəsmi məzuniyyət sənədi olmadan özünü şair kimi təqdim edib…
Bir neçə il bundan əvvəl Brodski ilə şəxsən tanışma şərəfinə və sevincinə nail oldum. Onunla görüşdə bir şey sezdim, tanıdığım bütün şairlər arasında bircə Brodski özünü şair kimi təqdim etməkdən zövq alırdı. O, bu sözü çəkinmədən, qorxmadan deyirdi.
Tam tərsinə - o şairliyi haqqında meydan oxuyan azadlıqla (sərbəstliklə) danışırdı. Mənə elə gəlirdi ki, bu zaman o, gəncliyində üzləşdiyi mərhəmətsiz davranışları, alçaldıcı təhqirləri xatırlayırdı.
İnsanın şərəf və ləyaqətinin asanlıqla tapdalanmadığı bir çox uğurlu ölkədə şairlər, təbii ki, onların da nəşr olunmaq, oxunmaq və anlaşılmaq kimi dərdləri olur, əgər qeyri-adi bir şey yoxdursa, gündəlik rejimin və həyatın fövqündə durmaq üçün çox da əziyyət çəkmirlər. Və məncə, bu şairlərin bizi ekstravaqant geyimlər və eksentrik (qəribə, öyrəşilməmiş) davranışlarla şoka salmağa cəhd etdiyi zamanlar çox da uzaq deyil, elə bu əsrin ilk onillikləridir. Bütün bunlar isə sadəcə ictimai göstəriş üçün idi. Nə olursa olsun, şairlərin bütün qapıları arxalarından bağlayıb, mantolarını, fripperilərini və digər şairanə atributcuqları soyunub, səssizcə və səbrlə daxili mənlərini gözləyərək, hələ də ağ olan bir vərəqlə üz-üzə qaldıqları o an mütləq həmişə olur. Bax, həqiqətən də əsl məna kəsb edən an nəhayət ki, doğulur.
Təsadüfi deyil ki, görkəmli elm adamları və incəsənət xadimləri haqqındakı bioqrafik filmlər həmişə kütlə içərisində çəkilir. Daha iddialı rejissorlar izləyicini tam təmin etmək üçün əhəmiyyətli elmi kəşflərə və ya bir şah əsərin meydana gəlməsinə yol açan yaradıcı yetişmə mərhələsini dönə-dönə işləyirlər. Hansı ki, elmi işlərin müəyyən bir formasını sadəcə qazanılan uğurla izah edə bilər. Laboratoriyalar, müxtəlif alətlər, gündəlik istifadəyə uyğunlaşdırılan mürəkkəb texnika – bu tip səhnələr auditoriyanın marağını qısa müddətə özünə cəmləyə bilər. Və bu prosesi izləyən sirli anlar – görəsən, nəhayət ki, bəzi xırda dəyişikliklərlə min neçənci təcrübə arzuolunan nəticə verəcəkmi – olduqca dramatikdir. Məşhur bir tabloya dəyən ilk karandaş izindən tutmuş son fırça toxunuşlarına qədər hər mərhələni demək olar ki, dönə-dönə işləyən rəssamlar haqqında çəkilən filmlər möhtəşəm alına bilər. Bəstəkarlar haqqında çəkilən filmlərdə isə musiqinin mahiyyəti şişirdilir – bəstəkarın qulağına melodiyanın ilk notları kimi gələn səslər filmdə simfonik formada səslənən tamam-kamal iş kimi göstərilir. Əlbəttə ki, tamamilə sadə görünən bütün bu cəhdlər yaradıcı insanların girdiyi qəribə ruhi vəziyyəti – ilham pərisini - ictimai şəkildə əlçatan etmir, sadəcə prosesə daha yaxından baxmağa, dinləməyə imkan verir.
Amma şairlər üçün vəziyyət daha pisdir. Onların məşğul olduqları iş heç də fotogenik deyil, işıq saçmır. Bu prosesi çəkmək istəsəniz, stulda əyləşmiş və ya divanda uzanaraq şüursuz bir vəziyyətdə gözlərini divarlara və ya tavana zilləmiş biri çıxacaq ortaya. Bir qədər sonra bu qəribə adam olduğu yerdən tərpənib yeddi sətirlik bir şey yazacaq, on beş dəqiqə sonra isə onlardan yalnız birinin lazımlı olduğuna qərar verəcək, sonra yenə növbəti bir saat keçəcək və o bir saatda əvvəlki bir saatda olduğu kimi heç nə baş verməyəcək... Belə bir şeyə baxmağa kim dözə bilər ki?
Bayaq ilham pərisi haqqında danışdım. Bunun nə olduğu və ya həqiqətən olub-olmadığı haqqında sual veriləndə çağdaş şairlər bu suala ayaqüstü (qaçaraq, başdansovdu) cavab verirlər. Bu o demək deyil ki, onlar bu daxili impulsun, dalğanın bir nemət olduğunu heç anlamırlar. Sadəcə özünün də anlamadığı, sirrini aça bilmədiyi bir şeyi başqa birisinə izah etmək asan məsələ deyil.
Bir dəfə bir tədbirdə bu sual mənə də ünvanlanmışdı, mən də karıxdım. Amma cavabım belə oldu: “İlham ümumiyyətlə, şairlərə və rəssamlara bəxş edilmiş xüsusi imtiyaz deyil. Dünyada ilham pərisinin tez-tez ziyarət etdiyi bir qrup insan həmişə olub, var və olacaq da. Bu insanlar, mənə elə gəlir ki, yolunu şüurlu şəkildə seçib, işini sevgi və xəyal gücü ilə görənlərin arasından seçilir. Bura həkimlər, müəllimlər, bağbanlar və adını sıralaya biləcəyim yüzlərlə peşənin sahibi adamlar aid ola bilər. Onlar sahib olduqları işin imkanları daxilində durmadan yeni şeylər kəşf edən idarəçi olduqca, sanki həmin iş də bitmək bilməyən macəra dolu səyahətə çevrilir. Çətinliklər və uğursuzluqlar heç vaxt onların marağını söndürə bilmir. Həll etdikləri hər problemin arxasından yüzlərlə cavablanmalı sual doğulur. İlham hər nədirsə, daimilikdən doğur “Bilmirəm”in daimiliyindən.”
Belə insanlar çox deyil. Yer kürəsi vətəndaşlarının çoxu yola getmək (dolanmaq) üçün işləyir. Onlar sadəcə “işləməli” olduqları üçün işləyirlər. Onların bu və ya digər işlə məşğul olması hansısa həvəsdən qaynaqlanmır, onlar üçün seçimi yaşadıqları həyat şərtləri, standartlar edir. Sevgisiz görülən iş, cansıxıcı iş. Sevgi ilə görülməsə də, sıxıcı olsa da, işə dəyər verilir, çünki başqalarının heç bu işi də yoxdur. Bu, bəşəriyyətin düçar olduğu ən ağır iztirablardandır. Gələcək əsrlərdə illərdir davam edən bu vəziyyəti dəyişəcək bir yolun tapılacağına heç bir ümid işartısı yoxdur. Beləcə, baxmayaraq ki, mən ilhamın şairlərin monopoliyasında olduğunu inkar etmişəm, hələ də onların “Taleyin sevimliləri” seçilmiş qrupuna aid edirəm.
Bu mənada auditoriyamda müəyyən şübhələr yarana bilər. Gücə sahib olmaq üçün mübarizə aparan bütün zülmkarlar, diktatorlar, fanatiklər və demaqoqlar ən çox yüksək səsli şüarlar səsləndirir və bu işdən zövq alırlar, onlar da vəzifələrini şairlər kimi eyni şövq ilə icra edirlər. Bəli, elədir, amma onlar məndən fərqli olaraq, nəyin nə üçün olduğunu daima “Bilirlər”. Onlar bilirlər və bildikləri onlara bir dəfəlik və ömürlük bəs edir. Çünki onlar hər gün təzə bir şey tapmaq arzusunda deyillər, hər gün yeni şey tapmaq onların mübarizə gücünü zəiflədər. Və yeni suallar yaratmayan hansısa bilik ölümə məhkum olduğu kimi o mübarizələr də bu taleyi yaşayır. Ən pis hallarda isə, qədim və müasir tarixdə belə hallar çox məşhurdur, bu hətta ictimai ölümcül təhdid həddinə gəlir.
Ona görə də mən bu xırda frazanı yüksək qiymətləndirirəm – “Bilmirəm”. O balacadır, amma güclü qanadlarla uçur. O bizim daxilimizdə olan və ətrafımızda yaşadığımız bu balaca dünyanın əlləri asıla qalmış bütün boşluqları doldurmaq üçün hər gün həyatımızı genişləndirir, dərinləşdirir. Əgər İsak Nyuton özünə “Mən bilmirəm” deməsəydi, bağındakı almalar elə dolu dənələri kimi yerə töküləcəkdi. Ən yaxşı halda hər dəfə yerdə xarab olmasınlar deyə, əyilib, toplayıb, zövqlə yeyəcəkdi. Və ya mənim həmvətənim Meri Sklodovska-Kuri heç vaxt öz-özünə “Mən bilmirəm” deməmiş olsaydı, ehtimal ki, tanınmış ailələrdən gənc xanımların təhsil aldığı hansısa özəl məktəb kimya dərsi keçməkdən bezgin və ömrünü necəsə olduqca hörmətəlayiq peşəni icra edərək tamamlayardı. Amma hər gün “Mən bilmirəm” deməyi seçdi, bu sözlər onun yoluna rəhbərlik etdi, məhz ona görə də bir dəfə yox, iki dəfə Stokholmda yorulmaz beyinlər onu Nobel mükafatına layiq gördülər.
Şairlər də, əgər həqiqətən dühadırlarsa, “Mən bilmirəm”i təkrarlamalıdırlar. Hər şeir bu iki kəlməlik şüarın cavabıdır, lakin final mərhələsi gələndə, şair bir qədər tərəddüd içində qalır, yavaş-yavaş bu xüsusi cavabların “Mən bilmirəm”in kökünə, mahiyyətinə ünvanlanmış sadə cəhd olduğunu anlayır. Odur ki, bu öz-özünə baş qaldıran təvazökarlıq hissi ilə şairlər durmadan yazır, qələmlərini sınayırlar və bütün bunlar bir gün ədəbi tarixçilər tərəfindən toplanır və “ouvre” (toplu) adlanır.
Bəzən əsla gerçəkləşə bilməyəcək situasiyaların xəyalını qururam. Gülməli də olsa təsəvvür edirəm ki, bəşər övladının bütün cəhdlərinin boş olması ilə bağlı yazılmış məşhur ağının müəllifi Eklesiasteslə söhbət etmək imkanım var. Əvvəlcə, qarşısında dərin hörmətlə baş əyərdim, hər şey bir yana, o tarixin ən böyük şairlərindəndir, ən azından mənim üçün elədir. Bundan sonra əlindən tutardım: “Günəşin altında yeni heç nə yoxdur”. Bunu sən yazmısan, Eklesiastes. Halbuki sənin öz doğuluşun Günəşin altında baş verən yeni bir şeydir. Elə yaratdığın şeir də yeni bir şeydir, çünki səndən əvvəl bunu heç kim yazmayıb. Və sənin bütün oxucuların da yenidirlər, çünki səndən əvvəl yaşayan heç kim sənin şeirini oxuya bilməyib. Və altında oturduğun o sərv ağacı zamanın şəfəq vaxtından heç bu qədər böyüməmişdi. Sənin altında oturduğun sərv kimi böyüyəcək başqa sərv ağacı da olacaq, amma heç vaxt eyni ilə səninki kimi olmayacaq. Və bir də Eklesiastes, bir də soruşmaq istəyirəm ki, sən bu Günəşin altında necə bir yenilik üzərində işləməyi planlaşdırırdın? Fikirlərini daha da açıqlayan əlavələri sən artıq qələmə almısan? Yoxsa onların bəzilərinin əksini iddia etmək üçün qızışdırılırsan? İlk sınaq yazılarında xoşbəxtlikdən danışırsan – sənə görə o qısa, ötəridir. Bəlkə sənin “Günəş altındakı yeni” şeirin elə bu haqdadır? Hələ də qeydlər aparırsan, sənin qaralamaların olur? İnanmıram ki, “Mən hər şeyi yazmışam, əlavə edəsi heç nəyim qalmayıb” – deyəcəksən. Yer üzündə bunu deyə biləcək şair yoxdur, hətta sənin kimi nəhəng olanları belə”.
Onun genişliyini və bizim acizliyimizi müqayisə edəndə dünya insanı qorxudur, və ya bütün canlılara – insanlara, heyvanlara və bəlkə də bitkilərə - çəkdirdiyi əziyyətlərlə incidir. Hansısa səbəbdən bitkilərin ağrı hiss etmədiyi qənaətindəyik. Nə zaman onun planletlərlə əhatələnmiş, ulduz axını ilə dəlinən geniş və güclü örtüyü haqqında düşünsək, yeni bir şey kəşf edirik. Hələ planetləri yeni kəşf etməyə başlamışıq, görəsən, onlar təzəcə ölüblər, yoxsa çoxdan? Bunları bilmirik. Biz bu sonsuz teatr haqqında nə düşünə bilərik ki?! Bizlər bu tamaşaya bilet almış, ömrü iki qəddar tarix arasında qalan tamaşaçılarıq. Bu dünya haqqında başqa nəsə düşünə biliriksə, bu heyrətamizdir.
Lakin “heyrətamiz” məntiqi tələni gizləyən epitetdir sadəcə. Əslində, bizi heyrətləndirən min illərdir yaşadığımız yerdə hər gün öyrəşərək böyüdüyümüz aydın şeylərdən, hamı tərəfindən qəbul və riayət edilən şeylərdən tamamilə fərqli olan şeylərlə qarşılaşmağımızdır. Burada əsas məsələ budur – düşündüyümüz qədər açıq-aşkar belə bir dünya yoxdur. Bizim təəccübümüz özümüz üçündür, bizi dünyada, onsuz da, var olan şey təəccübləndirir və bu, nəyinsə nə iləsə müqayisəsinə əsaslanmır.
Gündəlik danışığımıza fikir verin, sözləri saya-hesaba almadan danışırıq, hamımız “adi dünya”, “adi həyat”, “adi hadisələr zənciri” və sair kimi ifadələr işlədirik.
...Amma poeziyanın dilində hər sözün çəkisi var, heç nə ənənəvi və ya normal deyil. Bir daş belə, bir bulud belə onun üstündə deyil. Ondan sonra bir gün, bir gecə belə yoxdur. Ondan yuxarıda heç bir mövcudluq yoxdur, ondan üstün bir dünyada varlıq yoxdur. Belə görünür ki, şairlərin həmişə xüsusilə onlar üçün yaradılmış işləri olacaq.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər