“Şahsənəm”i yazan alman əsilli sovet bəstəkarı - Fotolar
"Xeyirxah ürəkli və poetik qəlbli insan”. Müasirləri Reynhold
Moritseviç Qlieri belə adlandırırdılar. O, bütün ömrünü musiqi sənətinin
inkişafına həsr edib. "Görkəmli maestro sevgi və gözəlliyin bir gün dünyanı
xilas edəcəyinə inanırdı. O, ürəklərə sirayət edən musiqi bəstələyirdi.
Bəstəkar öz əsərləri haqqında danışmağı xoşlamırdı. Ancaq onun bütün həyatının
etirafları yaradıcılığında əks olunmuşdu” deyə müasirləri yazırdı.
Onun adı həmçinin Azərbaycanın Muğam Ensiklopediyasında yer alıb. Rus
musiqisinin görkəmli bəstəkarı olsa da, SSRİ Xalq artisti fəxri adını qazansa
da, musiqi mədəniyyətimizin zənginləşməsində
xidmətinə görə, Azərbaycanın Xalq artisti (1934) adına da layiq görülüb.
Reynhold Qlier 1874-cü ildə Kiyev şəhərində anadan olub. Uşaqlıq
illəri Ukraynada keçən bəstəkar, bir neçə il ərzində Rusiyanın ayrı-ayrı
şəhərlərində, sonra isə sovet respublikalarında yaşamalı olub. 1900-cü ildə
Moskva Konservatoriyasını bitirən bəstəkar, eyni zamanda 1906-1908-ci illərdə
Almaniyada Oskar Friddən dirijorluq dərslərini alıb. 1900-cu ilin əvvəllərindən
Belyayev dərnəyinin üzvü kimi bir çox bəstəkarlarla - A.K.Qlazunov,
S.V.Raxmaninov, N.A.Rimski-Korsakovla sıx münasibətdə olan bəstəkarın
yaradıcılığı formalaşıb və mükəmməlləşib. 1913-1920-ci illərdən Kiyev
Konservatoriyasının professoru, 1914-1920-ci illərdən isə Konservatoriyanın
direktoru kimi çalışıb, eyni zamanda da bəstəkarlıq ixtisasından dərs deyib.
Yaradıcılıq laboratoriyası zəngin olan bəstəkar, musiqinin müxtəlif janrlarında
əsərlər yazıb. Çoxsaylı operalar, uvertüralar, orkestr üçün konsertlər,
baletlər, simfoniyalar... onun yaradıcılığının təkcə rəngarəngliyindən deyil,
həmçinin peşəkarlığından xəbər verir.
Bəstəkarın yaradıcılığında yer alan "Şahsənəm”, "Leyli və Məcnun”,
"Gulsarə”, "Torpaq və səma”, "Raşel” operaları, "Xrizis”, "Krasnıy mak”,
"Komediantı”, "Mednıy vsadnik”, "Taras Bulba”, "Kleopatra” baletləri, 3
simfoniya, "İlya Muromest”, "Təntənəli uvertüra”, "Sirenı”, "Pobeda” uvertüraları,
slavyan mövzularında uvertüra, arfa, violonçel, skripka, valtorna və orkestr
üçün konsertlər, kvartetlər, oktet, sekstetlər onun adını dünyaya tanıdıb. Sovet
hakimiyyətinin ilk illərindən Qlier bütün qüvvəsini gənc sovet musiqi
mədəniyyətinin inkişafına sərf edir. O, sovet musiqisinin inkişafında böyük rol
oynayıb və folklor materialı əsasında bir sıra əsərlərin yaranması məhz onun
adı ilə bağlıdır. Özbəkistanın incəsənət işləri üzrə idarəsi tərəfindən,
Moskvada keçirilən Özbəkistan incəsənəti və ədəbiyyatı dekadasına hazırlıq üzrə
konsultant kimi dəvət edilən bəstəkar, tezliklə xalq melodiyaları əsasında
sonradan milli opera incəsənətinin əsl nümunəsi olan "Gülsara” operasını
bəstələyir.
"Şahsənəm”
Rus musiqi klassikası ənənələrinin layiqli davamçısı olan bəstəkarın
yaradıcılıq fəaliyyətində opera janrı
xüsusi yer tutur. Bəstəkarın tərcümeyi-halının bu səhifəsi onu
çoxmillətli sovet musiqisinin görkəmli təbliğatçısı kimi, milli mədəniyyətlərin
təşəkkülü dövründə respublikalara böyük kömək göstərən yaradıcı xadim kimi
xarakterizə edir. Müxtəlif şərq respublikalarında yaşadığı illər, xalq
melodiyaları ilə yaxından tanışlıq onun yaradıcılığına təsir edir. "Əgər Avropa
texniki vasitələri ilə Şərq milli musiqisini zənginləşdirmək olarsa, bu musiqi
ümumilikdə dünya musiqi mədəniyyətində hədsiz rol oynaya bilər”-deyə bəstəkar
yazırdı.
R. M. Qlieri Azərbaycan xalq musiqisi ilə rektor olduğu Kiyev
Konservatoriyasında (1915-1921) vokal sinfi üzrə təhsil alan məşhur müğənni
Ş.Məmmədova tanış edir. Bəstəkar Şövkət xanımın dilindən müğənninin konsert
repertuarına daxil olan bütün melodiyaları qələmə alır, işləyir və
harmonizasiya edir. Onlardan bir çoxları sonradan "Şahsənəm" operasının
əsasını təşkil edir. Azərbaycan musiqi materialı üzərində böyük musiqi lövhəsi
- opera yaratmaq arzusu yalnız 1924-cü ildə həyata keçirilir. Ş. Məmmədovanın
təşəbbüsü ilə Qlieri respublikaya - Azərbaycan folkloru materialı əsasında
opera yazmağa dəvət edirlər.
R.M.Qlierin Azərbaycan musiqi folkloru və "Aşıq Qərib” dastanı
əsasında yazdığı "Şahsənəm” operası onun adını musiqi tariximizə əbədi yazır.
1920-30-cu illərdə görkəmli tarzən Qurban Primov xanəndə Cabbar
Qaryağdı oğlu ilə birlikdə Reynqold Qlierə "Şahsənəm” operası üzərində iş
prosesində yaxından kömək edərək Azərbaycan xalq mahnı və təsniflərindən bəzi
nümunələri bəstəkara öyrədib, onların nota salınmasında iştirak ediblər. Eyni
zamanda, Azərbaycan musiqisinin zəngin xəzinəsi haqqında bəstəkarı
məlumatlandırıblar. Bəstəkar diqqətəlayiq melodiyalar, xalq rəqslərini qeydə
alaraq və öyrənərək Azərbaycan musiqi mədəniyyətini dərindən tədqiq edir. R.M.Qlier
"Şahsənəm” operasının necə bəstələndiyi haqda yazdığı məqaləsində bunları qeyd
edib: ”Xalq şeriyyətinin tükənməz mənbəyini və zəngin xəzinəsinin qapısını
qarşımda taybatay açan mənim müəllimlərim: qocaman xalq müğənnisi Cabbar
Qaryağdıoğlu ilə tarçı Qurban Primov olmuşlar”. Operanı yaradarkən Qlier
dinləyicilərin tələbatını yaxından dərk
edərək Azərbaycan xalq musiqi mədəniyyətinin inkişaf perspektivlərini və öz
qarşısında qoyulan vəzifəni gözəl anlayıb.
”Şahsənəm” operasının musiqi mətnində R.M.Qlier 28 xalq
melodiyasından istifadə edib. Görkəmli opera müğənnisi Şövkət Məmmədovanın iki
türk xalq mahnısını, operanın libretto müəllifi, böyük dramaturq Cəfər
Cabbarlının – iki türk xalq mahnısını, həmçinin konservatoriyanın professoru
B.Karaqiçevin bir Azərbaycan xalq mahnısını bəstəkara verdiyi məlumdur. Digər
xalq mahnı, instrumental rəng və rəqs melodiyaları Cabbar Qaryağdıoğlu və
Qurban Primov tərəfindən ifa edilib. Onlardan "Naxçıvanda”, "Qadan alım, ay
alagöz”, "Bəli, bəli can”, "Onu demə zalım yar” xalq mahnıları və təsniflərlə
yanaşı, "Hüseyni” rəngini, "Qarabağ şikəstəsi” instrumental melodiyasını,
"Çahargah” muğamının melodiyası, "Arazbarı” zərbi-muğamının mövzusu, "Ənzəli”
Azərbaycan xalq rəqsi, "Dərin bahar” fars xalq mahnısı, aşıqların yarışmasının
əsasını təşkil edən "Kərəmi” havası da qeyd olunmalıdır. R.M.Qlier Azərbaycan
musiqisinə həsr etdiyi məqaləsində muğamlarımızın əsas xüsusiyyətlərini belə
səciyyələndirib: "Azərbaycan muğamları xalq dastanının əzəmətini, vüsətini
ifadə edərək, cilalanmış, püxtələşmiş forması və müdrik bitkinliyi ilə bizi
heyran qoyur”.
Yalnız 1926 ildə opera
teatrında operanın variantı
(I akt) səhnəyə qoyulur, 1927-ci ildə isə opera tam olaraq
səhnələşdirilir. Lakin o dövrdə Azərbaycan musiqi teatrında olan ifaçılıq
imkanları nəzərə alınmaqla səhnələşdirilən opera, müəllifin ideyasına tam
olaraq cavab vermirdi. Yalnız 1934-cü ildə nəhayət, məşhur dramaturq C.
Cabbarlının iştirakı ilə Azərbaycan dilində, müəllifin ideyası tam olaraq
realizə olunur. "Şahsənəm” operası bir daha Qlierin xalq musiqisinə diqqətli
münasibətini, onun Avropa musiqi vasitələri ilə üzvi işlənməsini, ən əsası isə
- milli mədəniyyətin inkişaf problemlərinin dərindən dərk etdiyinin təsdiqinə
çevrildi.
Dahi Üzeyir Hacıbəyov həmin əsəri, Azərbaycan musiqisinin simfonizmə
yaxınlaşmasında xalq yaradıcılığı əsasında mürəkkəb formaların yaranmasında
mühüm nailiyyətlərdən biri adlandırır: "Qlier tərəfindən məharətlə bəstələnmiş
əsər yeni Azərbaycan opera mədəniyyətinin təməlini qoymuşdur”.
Qlier təkcə istedadlı bəstəkar olmayıb, həmçinin
görkəmli pedaqoq olub. Onun bir çox görkəmli musiqiçilərin yetişməsində xidməti
olub. Bəstəkarın ilk tələbələri arasında olan Sergey Prokofyev və Nikolay
Mayakovskinin adı dünyada məşhur idi.
Bəstəkarın Kiyev Konservatoriyasında dərs dediyi
illər inqilabi dəyişikliklər dövrünə təsadüf edirdi. Həmin dövrdə şəhərdə
hakimiyyət dəfələrlə dəyişirdi. Onu düşmən rejimlə əməkdaşlıqda suçlayaraq
dəfələrlə həbs edir, güllələnmə ilə hədələyirdilər. Bəstəkarın günahı
hakimiyyət dəyişikliyinə baxmayaraq,
tələbələrin konsertini təşkil etməsi idi. Ancaq tələbələri səylə müəllimlərinin müdafiəçisinə çevrilir və onu
xilas edə bilirlər. Ö, özü də tələbələrinə qarşı eyni cür davranırdı. Stalin
repressiyaları illərində SSRİ Bəstəkarlar İttifaqının rəhbəri kimi, nüfuzundan
istifadə edərək bir neçə tələbəsini
sürgündən xilas etmişdi.
R.Qlierin şəxsi həyatında bəxti gətirir. Ö, həyat
yolunda 50 il birlikdə yaşadığı qadınla rastlaşır. Bəstəkar həyat yoldaşına
pərəstiş edir və hər səhər onu əzizləyərək əlini öpürdü. "Qlier çox
məsuliyyətli adam idi. İşdə və ailədə o eyni məsuliyyətlə yanaşırdı. Xəstələnəndə,
temperaturu yüksək olanda belə, o, səhnəyə çıxır, konsertini təxirə salmırdı. O
işləyən zaman heç bir qüvvə onu işdə ayıra bilməzdi. Müharibə vaxtı bombardmançı
təyyarələr uçanda bütün insanlar sığınacaq üçün yer axtarırdısa, o, otaqda
oturub əsərini yazırdı”- deyə həyat yoldaşı böyük bəstəkar haqqında danışırdı.
1956-cı ildə vəfat edən görkəmli bəstəkar Moskvada
Novodevnçiy qəbiristanlığında həyat yoldaşı ilə yanaşı dəfn olunub. Kiyevdə
Musiqi İnstitutu, həmçinin Moskvada, Alma-Atada, Daşkənddə, Kalininqradda və
alman şəhəri Marknoykirhendə musiqi məktəbləri onun adını daşıyır. Donetsk və Maqnitoqorsk
şəhərində böyük bəstəkarına adına küçələr də var.
Təranə Məhərrəmova