Şahmat tariximizə qızıl hərflərlə düşən xanım - Portret
Güləş, cüdo, taekvondo, karate, boks kimi idman
növlərində adından söz etdirən, mübariz döyüşçülərin vətəni kimi tanınan
Azərbaycan, sevindiricidir ki, həm də "zəka savaşı"nda - şahmatda
dünyanın qabaqcıl ölkələrindən sayılır. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov,
mərhum Vüqar Həşimov və digər adlı-sanlı qrossmeysterlərin sayəsində elitaya
yüksəldiyimiz bu növdə, zəriflərimizin də uğurları az deyil. Qadınlarımız SSRİ
dönəmindən bu yana, müxtəlif yaş qrupları üzrə dəfələrlə qitə və dünya miqyaslı
yarışlarda fərqləniblər. Son illər qazanılan nailiyyətlərə nəzər saldıqda,
əminliklə söyləyə bilərik ki, Azərbaycan qadın şahmatı ən yaxşı dövrlərindən
birini keçirir. Bu yazıda sizi, ənənələrin layiqli davamçısı, millimizin
aparıcı simalarından olan Gülnar Məmmədova ilə yaxından tanış edəcəyik. O,
2016-cı ildə tarixi ilkə imza ataraq, "odlar yurdu"na olimpiadanın
qızıl medalını qazandırıb.
Öncə yığma komandamızın ən təcrübəli üzvü Zeynəb
Məmmədyarovanın fikirləri ilə tanış olaq: "Gülnarda ən çox bəyəndiyim
cəhət, mübarizliyi, məğlubiyyətlə barışmamağıdır. Uduzanda hamımız pis oluruq,
amma o, təəssüf hissini bizdən qat-qat artıq keçirir. Buna görə də, sonadək
qələbə əzmini itirmir. Vəziyyət necə olur-olsun, rəqibləri onunla görüşdə
sayıqlığı əldən verməməlidir. Yoxsa bu, onlara baha başa gələr. Gülnar bu günə
qədər imkansız görünən çox partiyanı qalibiyyətlə başa vurub. Şəxsən mən
Azərbaycan qadın şahmatında onun qədər geridönüş edən adam tanımıram".
Gəlincik
və şahmat lövhəsi arasında seçim
Məmmədova Gülnar Mərifət qızı 1991-ci ildə Şirvan şəhərində
doğulub. Orta təhsilini şəhər 10 saylı məktəbdə alıb. Doqquzuncu sinfə qədər
dərslərini əla, son iki ili orta qiymətlərlə oxuyub. Şahmata gəlişi isə lap
erkən yaşlarına təsadüf edib. Əslində, hansı peşənin sahib olacağı, o, hələ
dünyaya gəlmədən məlum idi. Belə ki, anası Zemfira xanım rayon şahmat
məktəbində müəllim kimi çalışıb. Bəzi səbəblərə görə, böyük karyera qura
bilmədiyindən, arzularının qızında təcəssüm tapmasını istəyib. Beləcə, ana,
günün birində, hər bir qızcığaz kimi gəlinciklərlə oynamağı sevən Gülnarı,
maraqlı seçim qarşısında qoyur. Bir əlində gəlincik, digərində isə şahmat
taxtası ilə qarşısına keçərək, birini götürməsini istəyir. Lövhəyə qarşı biganə
olduğunu gördükdə, ana, deyir ki, şahmatı seçsən, hər şeyin olacaq: "Ailən
də olacaq, evin də, maşının da". Bununla da, kiçik Məmmədovada şahmata
qarşı həvəs yaranır. İlk addımlarını da elə anasının yanında atır. Bunu da xüsusi
vurğulayaq ki, o, 2009-cu ilədək yarışlara Zemfira xanımın yanında hazırlaşıb.
23
gün sonra zirvədə...
Necə deyərlər, ot kökü üstündə bitər. Tezliklə
oyunun qaydalarını mənimsəyən Gülnarın uğurları özünü çox gözlətmir. Cəmi 23
gün şahmatla məşğul olan altı yaşlı qızcığaz,
Respublika gününə həsr olunan turnirin qalibi olur. Çox keçmir ki, zona
birinciliklərində də mükafata layiq yerlər tutur. Bu minvalla da respublika
çempionatlarının iştirakçısı olur. Müxtəlif yaş qruplarında ölkə çempionatının
qalibi olan Məmmədova, ilk beynəlxalq nailiyyətini 2001-ci ildə, Moskvada
təşkil olunan ənənəvi "Məktəbdə şahmat" turnirində qazanır.
"Qızıl"ı boynundan asan Gülnar, növbəti il də analoji turnirə
qatılaraq, ikinci nəticə göstərir.
2006-cı il
isə sadəcə, mükəmməl alınır. Belə ki, 16 yaşadək şahmatçılar arasında
respublikanın ən güclüsü olan 15 yaşlı vunderkind, sözügedən yaş qrupunda əsas
qitə yarışının bürünc, dünya çempionatının gümüş medalına yiyələnir. Həmin ildə
o, 20 yaşadək qızların Azərbaycan birinciliyini də ikinci sırada tamamlayır.
2007-ci ildə isə cəmi 16 yaşında olsa da, bütün rəqiblərini geridə qoyur.
Ardınca 18 yaşadək qızlar arasında ölkə çempionatının bürünc və gümüş
medallarını kolleksiyasına daxil edən Gülnar, 2009-cu ildə Moskvada keçirilən ənənəvi
"Aeroflot open" turnirinin B qrupunda ikinci nəticə göstərir,
qadınlar arasında Azərbaycanın "ən yaxşı zəka sahibi” statusuna yüksəlir. Bu adı sonrakı il də heç kimə güzəştə getmir.
Bunu da qeyd etmək yerinə düşər ki, ardıcıl iki il respublikanın ən güclüsü
olmaq, Azərbaycan qadın şahmatında nadir hadisədir.
Tarix
ardınca tarix
Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olan
Məmmədova, Bakıda məskunlaşaraq, yığmamızın kapitanı Fikrət Sideifzadənin rəhbərliyi
altında hazırlıqlarını davam etdirir. Ölkə çempionatlarındakı çıxışı barədə
qısaca qeyd edək ki, o, 2011-ci ildən bu yana sadəcə, iki dəfə mükafatsız
qalıb. Beş dəfə üçüncü nəticə göstərib, bir dəfə gümüş medal sevinci yaşayıb.
Karyerasının ən böyük uğuru isə sözsüz ki, Bakıda təşkil olunan olimpiadada
qazandığı qalibiyyətdir. Doqquz turdan yeddi xal toplayan Məmmədova, yer aldığı
üçüncü lövhədə bütün rəqiblərini qabaqlayaraq, adını Azərbaycan qadın şahmatı
tarixinə əbədi həkk etdirdi. Bu anları xatırlamaq yerinə düşər: "Ona qədər
bir neçə dəfə mükafatçılar sırasına düşmək imkanım olub. Sadəcə, son turlarda
uduzduğum üçün hədəfə çata bilməmişdim. "Doğma divarlar" arasında
qarşıma qoyduğum əsas məqsəd, uduzmamaq idi. Çünki məhz bu halda medal şansım
olacaqdı. Daha çətin olan son qarşılaşmalarda da yenilmədim və çempionluq
qazandım. Açığı, bu, bir az gözlənilməz oldu. Fəxri kürsüyə dəvət olunanda
Milli Gimnastika Arenasını bürüyən alqış sədaları və himnimiz səslənən zaman
keçirdiyim hisslər sadəcə, möhtəşəm idi. Mükafatlandırma zamanı mənə verilən Azərbaycan
bayrağını isə ən əziz xatirə kimi saxlayıram".
2011-ci ildə beynəlxalq usta, bir il sonra isə
qrossmeyster dərəcəsi alan Gülnar, Bakıdakı triumfdan qısa müddət sonra -
2017-ci ilin yanvarında xallarının sayını 2401-ə yüksəldərək, kişilərin
beynəlxalq usta normativini yerinə yetirən ilk qadın şahmatçımız kimi də tarixə
düşüb.
Həyat
yoldaşının dəstəyi
2017-ci ildə ailə həyatı quran Gülnarın, yaxınlarda
qız övladı dünyaya gəlib. Sirr deyil ki, qadın idmançıların bir çoxu ailə
qurduqdan sonra müəyyən problemlərlə üzləşir. Lakin Məmmədovanın bu sarıdan da
bəxti gətirib. Həyat yoldaşının, qarşısına çıxan əngəlləri aşmaqda hər zaman
yardım etdiyini, psixoloji cəhətdən maksimum dəstək göstərdiyini deyir. Bunda da
təəccüblü heç nə yoxdur. Belə ki, onun ömür-gün yoldaşı da uzun illərdir idman
camiəsində təmsil olunur. İmzasını "Futbol+" qəzetindən tanıdığımız,
ötən ildən isə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi postunu tutan
Sərxan Musalı, idman mediasında son illərin ən uğurlu qələm sahiblərindən
sayılır. 2016 və 2017-ci illərdə müxtəlif qurumlar tərəfindən ilin ən yaxşısı
seçilən həmkarımız, həm də jurnalistlər arasında yaxşı şahmat oynaması ilə ad
çıxarıb. Sərxan deyir ki, əvvəl şahmatda gücünü tez-tez sınasa da, son vaxtlar ruhdan
düşüb. Səbəb isə Gülnarın "amansız" olub, cəmi 30 saniyəyə onu mat
etməsidir.
Rapid
üzrə ən yaxşı
"İtalyan oyunu" adlanan açılışa üstünlük
verən Gülnar, açıq və sürətli oyun tərzi ilə seçilir. Deyir ki, çox
fikirləşəndə, beyində gedişlər təkrarlanır. Qeyd edək ki, sürətli şahmatda da
kifayət qədər yüksək reytinqə sahibdir. Belə ki, o, rapid üzrə dünya
reytinqində hazırda 2418 xalla 28-ci sırada qərarlaşıb. Bu da ölkəmizdə ən
yaxşı göstəricidir.
Müəllim
Kumiri əfsanəvi rusiyalı qrossmeyster Aleksandr
Alyoxindir. Kimliyindən asılı olmayaraq, heç bir rəqibə uduzmağı özünə
bağışlamayan Gülnardan, "niyə məhz o" deyə soruşduqda, "ömrünün
sonunadək çempionluğu əldən vermədiyinə görə" cavabını aldıq.
Hobbisi şeir oxumaqdır. Sevdiyi müəlliflər isə
Nəriman Həsənzadə və mərhum Nüsrət Kəsəmənlidir.
2014-cü ildə Bədən Tərbiyəsi və İdman
Akademiyasının magistraturasını bitirən qəhrəmanımız, elə həmin ildən də bu
təhsil ocağında pedaqoji fəaliyyətə başlayıb.
Portret
Şahmat aləmində ən yaxın rəfiqələri Zeynəb və
Türkan Məmmədyarovalardır. Düşünürük ki, məşhur bacıların fikirləri Gülnarın
portretini formalaşdırmaq üçün kifayət edəcək.
Zeynəb: "O, uğurlu şahmatçı olmaqla yanaşı,
yaxşı, bir az da fərqli insandır. Qapalıdır, çox adamla ünsiyyət saxlamır.
Nədənsə, biz bacılar istisnayıq. Yaradıcı ruha sahibdir. Xarakterindəki
fərqliliyi bununla əlaqələndirirəm. Gülnarın yaxşı şeir yazmaq bacarığı var.
Yadımdadır ki, Xanti-Mansiyskdə ad günümü qeyd edəndə, imkan tapıb mənə iki
bənd şeir həsr etmişdi.
Türkan: "Həm şahmatda, həm də həyatda olduqca
əzmkardır. Çətinliklərə qarşı hədsiz dözümlüdür. O, həm də rahatlıqla sirrimi
bölüşəcəyim biridir. Onun kimi, mənim də ətrafım geniş deyil. Hətta deyərdim
ki, Gülnar ən yaxın rəfiqəmdir.
Gələcək karyerası barədə də nikbin düşünürəm. Çünki
o, şahmata çox bağlı insandır. Yeni ana olsa da, imkan tapıb məşqlərə də vaxt
ayırır".
Sahib