• şənbə, 20 Aprel, 00:06
  • Baku Bakı 15°C

Sahilboyu ərazilər tullantılardan təmizlənir

08.08.20 17:45 796
Sahilboyu ərazilər tullantılardan təmizlənir
"Xəzər günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və ictimai qurumların iştirakı ilə Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb. Bu proses Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağını əhatə edəcək.
Belə tədbirlərdən biri avqustun 8-də Buzovna çimərliyində olub.
Karantin rejiminin qaydalarına əməl olunmaqla təşkil edilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp, "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və ekokönüllülər iştirak ediblər.
Aksiya zamanı 10 hektara yaxın ərazi tullantılardan təmizlənib və tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva tədbirin keçirilməsində əsas məqsədin Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək olduğunu qeyd edib. O, aksiyanın hər kəs üçün bir mesaj olduğunu və tədbir iştirakçılarının vətəndaşları istirahət etdikləri əraziləri tullantılarla çirkləndirməməyə çağırdıqlarını bildirib.
Aksiyada iştirak edən Kestutis Yankauskas ictimaiyyətə çağırış edərək deyib: "Vətəndaşlar çimərliyə gələrkən pandemiyaya görə qoruyucu tədbirlərə əməl etməklə yanaşı, gətirdikləri əşyaları, qida qalıqlarını, plastik qabları dənizə, çimərlik ərazilərə atmamalıdırlar. Ona görə də çimərliyə istirahətə gələnlər özləri ilə torbalar gətirməli və tullantıları ona yığaraq götürməlidirlər. Hər kəs düşünməlidir ki, dəniz, çimərlik təkcə onun deyil, buraya ondan sonra da dincəlməyə gələnlər olacaq. Ona görə də dənizi, onun sahillərini qorumaq hər kəsin borcudur”.
O, təmsil etdiyi qurumun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bir çox istiqamətdə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. K.Yankauskas Avropa İttifaqının yaşıl strategiyasında təkrar emalın, plastik tullantılardan azad fəaliyyətin, bərpaolunan enerji mənbələri kimi məsələlərin prioritet olduğunu vurğulayıb.
Ceyms Şarp vətəndaşların çimərliklərdə istirahət edərkən həm özlərini, həm də ətraf mühiti qorumalı olduqlarını deyib. Bugünkü aksiyanı yüksək qiymətləndirən səfir burada iştirakdan məmnunluğunu ifadə edib və vətəndaşları dənizə, ətraf mühitə qayğı göstərməyə, sahil ərazilərini çirkləndirməməyə çağırıb.
C.Şarp səfirliyin Azərbaycan hökuməti ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq etdiyini də bildirib.
Xatırladaq ki, 2006-cı il 12 avqust tarixindən - Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il avqustun 12-si "Xəzər günü” kimi qeyd olunur.
banner

Oxşar Xəbərlər