• cümə, 29 Mart, 12:49
  • Baku Bakı 14°C

Şagirdləri ilə dost olan müəllim – Örnək

15.03.19 10:00 4928
Şagirdləri ilə dost olan müəllim – Örnək
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə etdiyinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə 2 fevral Gənclər Günündə Təhsil Nazirliyi tərəfindən təltif edilib. Həmçinin 2018-ci ildə İnnovativ Müəllim Müsabiqəsində 2-ci yerə layiq görülüb. Müsahibim Oğuz rayon Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinin kimya müəllimi Cəmilə Abidovadır.
Həmsöhbətim 1993-cü ildə Oğuz rayonunda anadan olub. Orta təhsilini Oğuz rayon Emin Abdullayev adına 2 saylı məktəbdə alan Cəmilə 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya və biologiya müəllimliyi” ixtisasına daxil olub. 2014-cü ildə bakalavr təhsilini bitirdikdən sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Analitik kimya" ixtisası üzrə magistr təhsili alıb. Magistr təhsilinin ikinci tədris ilində "Kaspi” liseyində təcrübə keçib. Təhsilini bitirdikdən sonra isə 2016-cı və 2017-ci tədris ili ərzində həmin liseydə çalışıb. Daha sonra doğulub boya-başa çatdığı doğma rayonunun şagirdlərinin təlim-tərbiyəsində yaxından iştirak etmək məqsədilə 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edir. İmtahan və müsahibə mərhələsindən uğurla keçən Cəmilə Sincan kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlayır.

- Uşaqlıqdan müəllim olmaq istəmisiniz, ya qəbul olduqdan sonra ixtisasınızı sevməyə başlamısınız?
- Bəli, uşaqlıqdan müəllim olmaq istəmişəm. Təbii ki, kimya və biologiyaya olan marağım da bu sahəni seçməyimə təsir etdi. Qəbul olduqdan sonra isə universitetdə təcrübə müddətində müəllimliyin necə gözəl peşə olduğunu bir daha anladım və bu sahədə çalışmaq istədiyimi hiss elədim.
- Bəzən ixtisas seçimi zamanı valideynlər də işə qarışır, öz məsləhətlərini verir. Sizin valideynlərinizin münasibəti necə oldu?
- Bu ixtisas mənim seçimimdir. Təbiət elmləri o qədər gözəl və rəngarəngdir ki, bunu seçmək üçün kiminsə məsləhətindən əvvəl yaşadığımız mühiti duymaq, dəyişikliklərin necə baş verdiyini hiss etmək vacibdir.
- Sizin üçün "müəllim” nə deməkdir? Yəni bu sözün sizin üçün nə məna kəsb etdiyini necə izah edə bilərsiniz?
- Həyatda ən böyük xoşbəxtlik birinin uğura doğru atdığı addımlarında, onun dünyagörüşünün formalaşmasında bələdçi olmaqdır. Buna görə də həyatda müəllimlikdən gözəl sənət ola bilməz.
- Hər peşənin çətinlikləri olur, sizin peşənin çətinliyi nədir? Qarşınıza çıxan çətinlikləri, problemləri necə həll edirsiniz?
- Uşaqlarla işləməyin ən çətin tərəfi onların dəyişkən xarakterə və fikirlərə sahib olmalarıdır. Onlar maksimum dərəcədə diqqət və qayğı istəyirlər və fikirləşirlər ki, müəllim hər şeyi bilməlidir. Onların suallarına cavab tapmaq üçün yenidən tarix, ədəbiyyat kimi fənləri təkrar oxumağa başlamışam (gülür). Bəzən onlarla xarici dildə belə danışırıq. Dərsdən sonra onlarla oyun oynadığım vaxtlar da olub.

- Kimya çətin fəndir, hər şagird kimyaya həvəs göstərmir. Bilmək olar, siz fənninizi şagirdlərinizə necə sevdirirsiniz?
- Şagirdlərimi kimyaya həvəsləndirmək üçün yarışlar keçirir, tədris etdiyim mövzulara aid maraqlı məlumat verirəm. Və mümkün olduğu qədər təcrübələrdən, müasir təlim texnologiyalarından istifadə etməyə çalışıram. Əlbəttə, bu təcrübələr məişətimizi əhatə edəcək qədər mümkün olur. Kimya əyani şəkildə daha asan öyrənilir. Əyani vasitələr olmadıqda, müəyyən çətinliklər yaranır. Bunu aradan qaldırmaq üçün məişətdə işlətdiyimiz və yaxud asanlıqla əldə edə biləcəyimiz maddələrdən istifadə edirəm. Hətta bu işdə şagirdlərim də mənə kömək edir. Belə ki, səkkizinci sinif şagirdim keçən il elektroliz mövzusunu keçdiyimiz zaman bunu əvəz edəcək qurğu hazırlamışdı və biz bunun sayəsində elektrolit və qeyri-elektrolitləri əyani surətdə ayırmışdıq.
- Ümumiyyətlə, müəllim həm özünü, həm də fənnini şagirdlərə necə sevdirməlidir?
- Şagirdlərlə səmimi, mehriban davranmaq kifayətdir ki, onlar səni sevsin. Buna müəyyən qədər nail olduğumu deyə bilərəm. Hər şagird bir şəxsiyyətdir. Onlar müəllimdən nə görsələr, eşitsələr, onu da beyinlərinə yazırlar. Bu isə onların gələcək xarakterinin, müəllim haqqında fikirlərinin formalaşmasına səbəb olur. Düşünürəm ki, təhqir edən, təzyiq göstərən müəllimi heç bir şagird sevməz. Peşəkar, tələbkar olduğu qədər də müəllim, sirdaş, dost olmağı bacarmalıdır.
- Bəzən uşaqlar öz düşüncələrində müəllimləri iki yerə ayırır. Onlar üçün kimisi yaxşı müəllim olur, kimi pis müəllim. Sizcə, müəllimin yaxşısı-pisi olur?
- Əslində, bu suala cavab vermək çox çətindir. Məncə, pis müəllim yoxdur. Yəni müəllim pis ola bilməz. Bu suala ən gözəl cavabı şagirdlər verə bilər.
- Bakıda qalıb işləmək yerinə, yenidən doğma rayonunuza qayıtdınız. Bilmək olar, bunun səbəbi nədir?
- Bəli, Bakıda da qalıb işləyə bilərdim, amma düşündüm ki, Bakıda onsuz da kifayət qədər müəllim var. Bölgələrimizdə şagirdlərə dərs deyəcək müəllimlərə daha çox ehtiyac duyulur. Ona görə qərara gəldim ki, müəllimlərin işə qəbulu imtahanında iştirak edim. İmtahandan 57 bal topladım və bu balla şəhər məktəblərini seçə biləcəyim halda, sırf yaşadığım rayonda şagirdlərin təlim-tərbiyəsində yaxından iştirak etmək istədim.

- Dərs dediyiniz kənddə təhsilə olan münasibət necədir?
- Bəlkə də tək mənim dərs dediyim kənddə deyil, bütün ucqar kəndlərin problemi odur ki, valideynlərin çoxu təhsilin mahiyyətini tam anlamırlar. Övladlarının təhsilindən çox onların kənd işlərinə meyilli olmasını istəyirlər. Əlbəttə, bunu hamıya aid etmək olmaz. Övladlarının təhsilinə böyük önəm verən, onların dərsləri ilə maraqlanan valideynlər də var.
- Kəndə işləməyə gedərkən sizi hansı çətinliklərin gözlədiyini təsəvvür edirdinizmi?
- Bəli, kəndə işləməyə gedərkən məni nə gözlədiyini, qarşılaşacağım çətinlikləri təsəvvür edirdim. Bunları nəzərə alaraq, bu məktəbi seçmişdim. Düşünürəm ki, müəllim hər şəraitdə çalışmağı bacarmalıdır.
- Müəllimlik etdiyiniz dövrdə yadınızda qalan maraqlı bir hadisəni bizimlə bölüşə bilərsiniz?
- Əslində, maraqlı hadisə olmayıb, amma sizinlə bir şagirdimlə olan dialoqumu bölüşmək istəyirəm. Bir dəfə şagirdlərimdən biri kənddən şəhərə oxumağa gedənlərin çox zaman geri qayıtmadığını, orada qalıb işləməyi seçdiklərini dedi və mənim nə üçün kəndə qayıtdığımı soruşdu. Mən isə bu suala "əgər hər kəs ali məktəbi bitirəndən sonra qayıdıb öz yaşadığı yer üçün nələrsə etməsə, kəndlərdə işləməyə getməsə, o zaman bir müddətdən sonra kənddə yalnız savadsız və cahil insanlar olar, yaşanmaz hala düşər” deyə cavab verdim. Bundan sonra şagirdimin dərsə marağı daha da artdı. Və mənə "müəllim, fikir vermisiniz, mən daha yaxşı oxumağa başlamışam” dedi. Sonra qayıtdı ki, sizin o sözləriniz haqda çox fikirləşmişəm, mən də ali məktəbə qəbul olub, gəlib burda çalışacağam. Kəndimizi daha da gözəlləşdirəcəyəm.

- Cəmiyyətimizdə belə ucqar kəndlərə gedib dərs deyən müəllimlərə çox yaxşı, müsbət münasibət olur. Həmin müəllimlər daha çox sevilir. Siz necə düşünürsünüz, sizə münasibət necədir?
- Mənə kənddə çox yaxşı münasibət oldu. Həm şagirdlərin, həm işlədiyim kollektivin münasibəti çox gözəldir. Onlardan yalnız xoş fikirlər eşidirəm. Məncə, tək kənd camaatı deyil, insanların çoxu bunu gözəl qarşılayır. Təhsil nazirimiz Ceyhun Bayramovun da bu sahədə əməyi danılmazdır. Ucqar kəndlərdə işləyən müəllimlərə diqqəti, dəstəyi göz önündədir. Əlbəttə, "yüksək bal toplamısan, yaxşı işdə işləyirdin, kəndə gəlmək axmaqlıqdır” kimi deyən insanlar da az deyil.
- Həm şəhərdə, həm kənddəki uşaqlara dərs deyən bir müəllim kimi, arada hansı fərqləri müşahidə etmisiniz?
- Kənddə yaşayan uşaqlar müəyyən qədər kənd işlərində valideynlərinə kömək edirlər, vaxtlarını həm işə, həm dərsə bölüşdürməyə çalışırlar. Şəhərdə yaşayan şagirdlərin çoxu bu cəhətdən daha şanslıdır. Bu danılmaz faktdır ki, kənd həyatı çətindir. Amma bir o qədər də maraqlıdır. Onu da qeyd edim ki, tərbiyə və savad tərəfdən kənddəki şagirdlər şəhərdəki şagirdlərimdən geri qalmır. Hətta deyərdim ki, kənddəkilər ailə vəziyyətlərini nəzərə alaraq, ödənişsiz ali təhsil almaq üçün daha çox çalışırlar.
- Bu peşəni seçmək istəyən gənclərə məsləhətiniz ?
- Müəllimlik gözəl peşədir və ürəyində bu peşəyə sevgi olan, uşaqları sevən birisinizsə, müəllim olun. Bunu iş olaraq yox, sevərək edin. Bir şagirdin sizi örnək götürməsindən, sizə oxşamaq istəməsindən gözəl heç nə ola bilməz.
Günel Azadə





banner

Oxşar Xəbərlər