Şagirdlər sinifdə robot hazırlayacaq - Fotolar
Təhsil
sistemimizdə STEAM layihəsinin tətbiqi ölkədə həyata keçirilən islahatların bir
hissəsi kimi dəyərləndirilir. Fənlərarası,
praktik və tətbiqi dərslərdən ibarət olan STEAM kurikulumu elmin və
texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqlənir. Belə ki, STEAM təhsili
praktik məşğələlər vasitəsilə elm, texniki biliklərin gündəlik həyatda tətbiqini
şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək,
onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri
şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.
Qeyd edək ki, Təhsil
Nazirliyi tərəfindən pilot şəkildə başladılan STEAM layihəsi Bakı şəhərində
yerləşən 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir. Layihənin
tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer,
robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. Beş
sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering),
İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi
ideyası üzərində qurulan STEAM təhsil metodu ölkənin təhsil sistemində
yenilikdir. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında
inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə
tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.
STEAM
təhsilinin tədrisi məqsədi ilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən
keçirilən təlimlərdə iştirak edib. Növbəti ildən regionların da bu layihədə
iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə
tutulur. Hətta gələcəkdə layihənin 50 min şagirdi əhatə edəcəyi istisna
edilmir.
"Hər şagird - bir qurğu”
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü
Gimnaziyaya mediatur zamanı
jurnalistlər tədrisdəki bu yeniliklə yerində tanış oldular.
STEAM
tədris otağına daxil olanda stolların üzərində "Hər şagird - bir qurğu” siyasətinin
həyata keçdiyinin şahidi olursan. Tədris
otağı yeni nəsil kompyuterlərlə, elektron lövhə ilə təmin olunub və daha böyük
stolun üzərində şagirdlərin hazırladığı robotlar hərəkət edir.
Məktəbin direktoru Xəyalə Əhmədzadə 2019-2020-ci tədris ili başlayandan bu layihəyə
start verildiyini deyir: «STEAM layihəsi müəyyən özəl məktəblərdə həyata
keçirilirdi. Ancaq bu ildən Təhsil Nazirliyi layihəni pilot olaraq tətbiq etdi.
Layihə 6-cı sinifləri əhatə edir. Hazırda məktəbdə bu siniflər üzrə 193 şagird
təhsil alır və onların hamısı bundan yararlanır”. Direktor qeyd etdi ki,
şagirdlər STEAM layihəsini bir fənn olaraq öyrənirlər: "Əgər uşaqlar robot düzəldirlərsə,
burada fizikanın, incəsənətin, mühəndisliyin rolu var. Bu, uşaqların praktik
bacarıqlarını formalaşdırır. Uşaq hansısa bir fiquru düzəldir, ona forma verir,
proqramlaşdırır, hərəkətə gətirir». Direktorun dediyinə görə, gələn il layihənin
davamının olacağını, yəni 7-ci sinifləri əhatə edəcəyini istisna etmir: «Biz
layihənin effektini indidən müşahidə edirik. Artıq bir aydır başlayan fənni öyrənmək
üçün şagirdlər çox həvəslidirlər. İki saat dərs keçilir, ancaq onlar hər gün bu
fənni keçməyə hazırdırlar».
Məktəbin informatika müəllimi Nərmin Ərəbova qeyd etdi ki, şagirdlər bu dərsdə müxtəlif fənlərə
inteqrasiya edəcəklər: "Məsələn, əvvəllər fizikanı yaxşı oxuyan, hətta,
imtahandan 700 bal toplayan abituriyent olurdu ki, iki naqili bir-birinə birləşdirə
bilmirdi. Həmçinin, ingilis dilindən 25 suala cavab verən şagirdlər üz-üzə
ingiliscə danışa bilmirdilər. Amma bu dərslər sırf praktika üzərində qurulub.
Biz əvvəlcə uşaqlara işin praktikasını öyrədirik. Hazırda uşaqlar robotlar
quraşdırır, onlara proqram yükləyirlər”. N.Ərəbovanın sözlərinə görə, şagirdlər
texnoloji biliklərdə xeyli inkişaf ediblər: "Onlar hətta bu sahədə bizdən də
yaxşıdırlar. İdeyanı özləri verirlər, biz də onlara bir az kömək edən kimi istədikləri
robotu düzəldirlər. Hətta bəzən biz onlardan nəsə öyrənirik. Hesab edirəm ki,
bizim uşaqlar gələcəkdə öz robotlarını hazırlayacaqlar».
Bütün ixtisaslar üçün
Şagirdlər fənni əsl
yenilik kimi qəbil edir və həvəslə iştirak edirlər. Hazırda onlar mühəndislik və
dizayn bacarıqlarını mənimsəməklə məşğuldurlar və bu onlar üçün yenidir.
Məktəbin 6-cı sinif şagirdi Miradil Abdullayev STEAM fənnindən zövq aldığını dedi: «5-ci sinifdə
alqoritm keçirdik. O dərslərdən sonra belə bir layihənin keçirilməsi çox
xoşumuza gəlir. Bu fənn bizi inkişafa aparır. Biz kompyuterdə işləyir, müxtəlif
proqramlarla istədiyimiz fiqurları qurur, sonra onları reallıqda tətbiq edirik.
STEAM təhsilinin
onu yeni bacarıqlara yiyələndirdiyini deyən şagird Nihal Məhərrəmov gələcəkdə seçəcəyi həkimlik peşəsində bu fənnin
böyük rolu olacağını qeyd etdi: "Bu fənn vasitəsilə protez ürək, qaraciyər, ağciyər,
əl, qol, ayaq və b. orqanları çox sürətlə yaratmaq olacaq. Bu fənn təkcə həkimlik
peşəsinə deyil, bütün ixtisaslara vacibdir».
Yeni tədris metodu
Qeyd
edək ki, layihə hazırda tədris proqramına əlavə olunub və STEAM dərsləri kimi
keçirilir. Layihənin tədris planı və məzmunu hazırlanıb və dərsliklər nəşr
olunub. Həmçinin müəllimlər üçün metodik vəsaitlər hazırlanıb.
Təhsil İnstitutunun əməkdaşı, layihə rəhbəri İqrar
Nəzərov STEAM layihəsini Azərbaycanın təhsil sistemində
innovasiya fəaliyyətinin formalaşması istiqamətində atılmış yenilikçi bir addım
kimi dəyərləndirdi: «Bu, təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir
Şagirdlər bir neçə innovativ metodologiyaların tətbiqi nəticəsində yeniliklərə
yiyələnirlər. Həmin yeniliklər 21-ci əsr bacarıqlarını - kreativlik, tənqidi
düşüncə, əməkdaşlıq qabiliyyəti və bu bacarıqların birgə qurulmasıdır”. Layihə
rəhbərinin sözlərinə görə, bu, bacırıqlarla yanaşı, şəxsiyyətyönümlü fəaliyyətdir
və yeni yaranan çağırışlara cavab verən şəxsiyyətin inkişafına yönəlmiş
addımdır. Layihənin maraqlı cəhəti odur ki, ideyanı şagird məktəbə gətirməlidir.
Əgər şagird istədiyi nəticəni almamışsa bu, onun uğursuzluğu deyil. O, bu nəticəni
yeni bir fürsət kimi dəyərləndirməyə başlayır. Layihədə iştirak edən müəllimlərə
gəlincə, onlara xarici ölkələrdə treninqlərdə iştirak edən mütəxəssislər tərəfindən
təlimlər keçirilib. STEAM layihəsinin pilot olaraq seçildiyi məktəblər isə
layihə rəhbərinin dediyinə görə "bir addım öndə” siyasətinə uyğun olaraq pilot
kimi rəqəmsal bacarıqlar tətbiq olan məktəblərdə həyata keçirilir: "Bu məktəblərdə
artıq maddi-texniki baza qurulub və alqoritm proqramlaşması onların tədris
sisteminin içərisində oturub”.
Layihə ilə əlaqədar
nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM
təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər
barədə məlumatlar yerləşdirilib.
Mediaturda iştirak etdi
Təranə Məhərrəmova