• cümə, 26 Aprel, 10:58
  • Baku Bakı 12°C

Sabitlik kimə lazım deyil?

23.07.21 15:30 277
Sabitlik kimə lazım deyil?
Rusiyalı deputat: "Bu, yalnız İrəvan və onun Qərbdəki ağaları üçün sərfəli deyil"
Moskvada Rusiya və Azərbaycan prezidentlərinin görüşünün yekunları beynəlxalq mediada geniş müzakirə olunur. Son vaxtlar Qərb dövlətlərinin bölgədə aktivliyi, fəaliyyətini genişləndirdiyi də hiss olunur. Yenə də burada Ermənistandan bir vasitə kimi istifadə olunması əlamətləri açıq görünür. Rusiya Dövlət Dumasının deputatı, "Rodina" Partiyasının sədri Aleksey Juravlev "Moskva-Bakı" portalına müsahibəsində Rusiya və Azərbaycan prezidentlərinin Moskvada baş tutan görüşü, eyni zamanda Avropa İttifaqı nümayəndələrinin Cənubi Qafqaza artan səfərləri və Ermənistanın proseslərdəki rolu ilə bağlı fikirlərini bölüşüb.

Moskva və Bakı çalışacaq ki...

Öncə Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında baş tutan görüşlə bağlı fikirlərini bölüşən deputat bildirib ki, görüş, gördüyümüz kimi, ənənəvi olaraq çox isti, mehriban bir şəraitdə keçdi: "Əsas diqqət mövzusu, qeyd etdiyimiz kimi, Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ nizamlanmasına dair üçtərəfli razılaşmalarının həyata keçirilməsidir. Çox güman ki, Vladimir Putin və İlham Əliyev görüş zamanı intensivləşən Qərb təşəbbüslərinə qarşı mübarizə variantlarını müzakirə etdilər. Ümumiyyətlə, Rusiya tərəfi Qafqazdakı sabitlikdə maraqlıdır, çünki qonşu bölgələrdə vəziyyət anlaşılmaz haldadır. Xatırladım ki, ABŞ ordusunun Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyət dəyişib, fərqli istiqamətdəki silahlı qruplar maraqlarını ən dəhşətli şəkildə bəyan etməkdədir. Buna görə inanıram ki, indi Moskva və Bakı Qarabağdakı vəziyyəti düzəltməyə çalışacaq. Bu, yalnız İrəvan və onun Qərbdəki ağaları üçün sərfəli deyil".

"Parçala və hökm sür” prinsipi hələ də işləyir

Deputat Aİ nümayəndələrinin Cənubi Qafqaz dövlətlərinə müntəzəm turları, eləcə də, Bakı, İrəvan və Tbilisiyə səfər edən Avropa Şurasının rəhbəri Çarlz Mişelin Aİ-nin Azərbaycan və Ermənistan arasında son sülhə töhfə verməyə hazır olduğu barədə fikrini də şərh edib: "Qərb heç vaxt nə Rusiyada, nə də Qafqazda sülhdə maraqlı olmayıb. Hər hansı bir böyük və ya kiçik müharibə, hər hansı bir siyasi böhran, küçə qarışıqlığı - Avropa və ABŞ-ın maraqlarına cavab verir. Qədim "parçala və hökm sür” prinsipi hələ də yaxşı işləyir. Və əgər Moskva bir yerdə vasitəçi, sülhün təşəbbüsçüsüdürsə, Qərbin məntiqinə görə, bu yerə zərbə vurmaq lazımdır. Əvvəlcə yenidən müharibə, xaos, iğtişaşlara səbəb olmaq, ikincisi, Rusiyanın imicinə zərbə vurmaq, xarici siyasət strukturlarının, prezidentin özünün səlahiyyətlərini şübhə altına almaq üçün”.
Deputat əlavə edib ki, Qərb siyasətçilərinin hər hansı bir səfəri işğal olmasa da, buna hazırlıq kimi qəbul edilməlidir: "İndi, əlbəttə ki, "hibrid müharibə" deyilən daha çox elementdən istifadə edirlər, lakin Qərb müstəmləkəçilərinin DNT-sində həmişə qana susamaq var”.

"Hörümçəkli bankın” rəqabət qanunları

Fransanın bölgəyə yardım baxımından niyə bu qədər canfəşanlıq göstərməsinə gəlincə, deputat bunu Avropada artan rəqabətlə əlaqələndirir. Onun sözlərinə görə, "kollektiv Qərb” anlayışı olsa da, bu "hörümçəkli bankın” öz rəqabət qanunları var: "Qitənin ən güclü ölkələrindən biri olan İngiltərənin Avropa İttifaqını tərk etməsindən sonra ortaya belə sual çıxdı - indi lider kimdir? Söhbət Aİ-dən də deyil, bütövlükdə Avropadan, "tarixi" Avropadan gedir. Fransa əsrlər boyu lider roluna malik olub. İndi isə liderliyə əsas namizəd Almaniyadır. Almaniya "Şimal Axını 2" layihəsində faktiki olaraq onun maraqlarına qarşı çıxan ABŞ-ı məğlub etdi və bu, onun güclü bir rıçaqıdır”.

"Kollektiv Qərb”in bölgədəki təsir agenti

Rus siyasətçi bu qənaətdədir ki, Fransa "Minsk razılaşmaları"na qatılmaqda təsir gücünü artırmağa çalışdı, amma Qərbdəki "Ukrayna məsələsi" artıq gündəmdə deyil: "Paris "Donbass sülhməramlı" imicində çürüməkdən bezib. Bəli, Fransanın özü üçün siyasi xal qazanmağa çalışdığı yeni bir mövzu budur - Ermənistan. Yeri gəlmişkən, Fransa Avropanın ən böyük erməni diasporlarından birinə sahibdir. Beləliklə, bütün bu proseslərə hansı qüvvələrin rəhbərlik etdiyini, Parisin Cənubi Qafqaz hadisələrində kimin mənafeyinə qulluq etdiyini güman edə bilərik”.
Deputatın fikrincə, Aİ Cənubi Qafqazın ən zəif dövləti olan Ermənistan vasitəsi ilə hərəkət etməyə çalışır: "Çoxları hesab edirdi ki, İrəvan, nəhayət sağlam düşüncənin tərəfini tutacaq. Lakin belə olmadı. Nikol Paşinyan bəyan etdi ki, guya Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyasına mane olur. Və sonra Azərbaycan mövqelərinin fasiləsiz atəşə tutulması baş verdi. Demək olar ki, bu, hər gün baş verir. Təəssüf ki, Paşinyan şərti olaraq qərbyönümlü liberallara və ya navalnıçılara aid edilə bilən qüvvələrin hakimiyyətdə necə davranacağının bariz nümunəsidir. Paşinyan Cənubi Qafqazda "zəif" həlqə deyil, "kollektiv Qərb”in bölgədəki təsir agentidir. Ancaq əsas odur ki, indi Rusiyada, Azərbaycanda və Türkiyədə bu və ya digər şəkildə özlərini Qərbə, onun maraqlarına, mədəniyyətinə qarşı qoyan qüvvələr var! Və bizim gücümüz həqiqətimizdir!”

Heç bir "ortaq" lazım deyil

Partiya sədri olan deputat onu da deyib ki, bölgədəki son hadisələrə əsasən, qəti şəkildə deyə bilərik ki, vəziyyəti yenidən sarsıtmağa, prosesləri öz planlarına uyğun aparmağa çalışan qüvvələr var və bu planlar Azərbaycanla Ermənistan arasında yeni toqquşmalara səbəb olmağa xidmət edir: "Bu, yalnız Moskvanın deyil, həm də Bakının məsələsidir. Bölgədə çox maraqlarımız var, bizi ortaq tarix birləşdirir. Ancaq Moskvanın baxışı yenə də kənardan baxışdır. Bakı hadisələrin mərkəzindədir. Ancaq yaxşı xəbər budur ki, Rusiya və Azərbaycanın bölgənin necə inkişaf etməsi barədə bir çox ümumi fikirləri var. Qonşu dövlətlərin sülh, qarşılıqlı fayda şəraitində qarşılıqlı münasibətdə yaşamalı olduqları barədə ciddi bir anlayış var. Burada "mantar dəbilqəsində" heç bir "ortaq" lazım deyil və bizə yaddır”.

Azər


banner

Oxşar Xəbərlər