• cümə, 29 Mart, 04:59
  • Baku Bakı 7°C

Sabah Ukrayna yeni prezidentini müəyyən edəcək

24.05.14 08:18 996
Sabah Ukrayna yeni prezidentini müəyyən edəcək
Ukraynalı seçicilər mayın 25-də devrilmiş prezident Viktor Yanukoviçin xələfini müəyyən etmək üçün səs verməli olacaqlar. Hazırda Rusiyaya sığınan Yanukoviç Moskvanın qurduğu iqtisadi strukturun xətrinə Aİ ilə ticari müqavilədən imtina etməsi nəticəsində hakimiyyətdən devrildi. Prezident seçkilərinə Ukraynada hazırlıq hadisələrin dramatik inkişafı fonunda keçirilir. Ölkə ərazisinin bir hissəsi - Krım yarımadası Rusiya tərəfindən işğal edilib. Çoxları hesab edir ki, Kreml ölkənin şərq regionlarında separatçılığı qızışdıraraq seçkini pozmağa çalışır.
Yanukoviç ölkəni tərk etdikdən sonra bərpa edilmiş Konstitusiyaya görə Ukrayna parlament-prezident respublikasıdır. Bu səbəbdən yeni prezidentin səlahiyyətləri sələfindən xeyli az olacaq. Yeni prezident XİN rəhbərini və müdafiə nazirini təyin edə biləcək, lakin hökumətə təsiri olmayacaq. Hökuməti parlament çoxluğu formalaşdıracaq. Prezident, eləcə də baş prokuror və Ukrayna Təhlükəsizlik Xidməti başçısı vəzifəsinə namizədləri irəli sürə biləcək.
Bu günədək qeydiyyata alınan 23 namizəddən 3 nəfəri namizədliklərini geri götürüb - rusiyapərəst deputat Oleq Tsaryov, keçmiş sosial siyasət üzrə nazir Natalya Korolevska və avropapərəst fəal Zoryan Şkiryak. Son rəy sorğularına əsasən, oliqarx Pyotr Poroşenko Timoşenkoya seçkilərin ilk turunda qalib gələ bilər. Şirniyyat fabrikinin və “5 Kanal” populyar televiziya xəbər kanalının sahibi olan Poroşenkonun namizədliyini populyar siyasətçi, keçmiş DİN rəhbəri Yuri Lutsenko və Kiyev meri seçkilərində iştirakına bütün gücünü vermək üçün prezident seçkisində iştirakdan imtina etmiş boksçu Vitali Kliçko dəstəkləyirlər.
“Amansız dostların dueli”
48 yaşlı Poroşenko Ukraynada “şokolad kralı” kimi ad çıxarıb. O, seçkinin lideri sayılır. 53 yaşlı Timoşenko reytinqə görə 2-ci yerdədir. Son rəy sorğularına əsasən, Poroşenko Timoşenkoya elə seçkilərin ilk turunda qalib gələ bilər. Səsvermədə iştirak edəcəklərini deyən respondentlərin 55%-i Poroşenkoya səs verəcəklərini bildiriblər, Timoşenkonu isə yalnız 9.6% dəstəkləyib. O biri namizədlər - Sergey Tiqipko 6.7% , Xritsenko 6.5%, Lyaşko 5.4% səviyyəsində respondentlərin dəstəyini qazana biliblər. Qalan namizədlərdən heç biri 5%-dən yuxarı dəstək almayıb. Lakin 2-ci turun da keçiriləcəyi ehtimalı istisna edilmir. Belə ki, həmin rəy sorğusuna görə, 18 yaşından yuxarı olan ukraynalıların 33.7%-i Poroşenkonu, 59%-i isə Timoşenkonu dəstəkləyir. İkinci turun mümkünlüyünün digər bir səbəbi isə Ukraynada vəziyyətin qeyri-müəyyənliyi və dəyişkənliyilə bağlıdır. Ukraynanın populyar “Fokus” həftəlik nəşri qarşıda gələn prezident seçkilərini “amansız dostların dueli” kimi səciyyələndirib.
Vəd bolluğu

Namizədlər reytinqinə başçılıq edən dörd iddiaçının seçki proqramları və şüarları bol vədlərlə doludur. Poroşenko seçicilərə “yeni həyat tərzi” vəd edir. Onun seçkiqabağı proqramı “yeni həyat yaşamaq” adı daşıyır.
Poroşenko bundan əvvəl Milli Təhlükəsizlik xidmətinin rəhbəri, Milli Bankın yüksək rütbəli rəsmisi, xarici işlər naziri və iqtisadi inkişaf naziri kimi vəzifələrdə çalışıb. Öz proqramında o, konstitusiya səlahiyyətləri çərçivəsində fəaliyyət göstərəcəyini, regionlara daha çox səlahiyyət verəcəyini, Ukraynanın unitar dövlət strukturunu qoruyacağını vəd edib. O, mətbuatın sərbəstliyini qoruyacağını, ukraynalıların ana dilində azad danışacağını, lakin Ukrayna dilinin ölkənin yeganə dövlət dili olacağını bəyan edir. Poroşenko eləcə də ilin sonunadək Aİ ilə tam hüquqlu üzvlük barədə danışıqlara başlayacağını vəd edir. Eyni zamanda qeyd edir ki, Rusiya ilə münasibətlərdə kompromislər tapılmayanadək ukraynalılar özünü təhlükəsiz hiss edə bilməyəcəklər.
Timoşenko: “Putin bir nömrəli düşməndir”

Televiziya ilə çıxışlarında keçmiş baş nazir Timoşenko “oliqarxiyanın bel sütununu qıracağını” və korrupsiya ilə mübarizə aparacağını, regionlara əlavə səlahiyyət veriləcəyini, vergi yükünü yüngülləşdirəcəyini vəd edib. Krımın işğalından sonra Timoşenko Putini “bir nömrəli düşməni” elan edib. Keçmiş baş nazir yarımadanın azaq olunmasına nail olacağını, Ukrayna üçün Moskvadan kompensasiya tələb edəcəyini, ölkəsinin enerji və digər sahələrdə ədavətli qonşusundan asılılığını azaltmağa çalışacağını vəd edir. O, eləcə də yeni hərbi doktrina hazırlanacağını və hərbi qüvvələrə xüsusi diqqət yetiriləcəyini vəd edir.
Tiqipko: “Diqqət cənub-şərqə yönəlməlidir”

Bank sektorunda və hökumət vəzifələrində çalışmış 54 yaşlı milyarder Tiqipko idarəçiliyin mərkəzsizləşdirilməsi yolu ilə biznesi dəstəkləmək planını irəli sürüb. O, regionlara daha geniş mədəni və iqtisadi sərbəstliyin verilməsini dəstəkləyir və hesab edir ki, qubernatorlar yerli sakinlər tərəfindən seçilməlidir, daha Kiyevdən təyin olunmamalıdırlar. Tiqıpko rus dilinə Ukraynada ikinci dövlət dili statusu verilməsinin tərəfdarıdır. Onun digər təklifləri deputatın seçicilər tərəfindən geri çağırılması təşəbbüsünü və “Ukraynanın ərazi bütövlüyünü bərpa etmək” planını əhatə edir.
Ukrayna rəsmiləri isə seçkinin baş tutması üçün səylərini əsirgəməyəcəklərini bildirirlər. Hüquq-mühafizə orqanları seçki günü səsvermə məntəqələrinin təhlükəsizliyini təmin edəcəklərini vəd edirlər. MSK seçki günü 70 minlik polis qüvvəsinin hazır vəziyyətə gətiriləcəyini elan edib.
ATƏT-in icraçı sədri Didier Burkhalter bəyan edib ki, Ukraynada seçkiləri müşahidə etmək üçün qurumun çoxsaylı missiyası bu ölkəyə göndəriləcək.
Krımlılar və ölkədən kənarda olanlar səs verə biləcəklərmi?

Çoxsaylı problemlərə baxmayaraq, ukraynalı ekspertlər hesab edirlər ki, seçki baş tutacaq. Ukrayna Seçicilər Komitəsi hətta səsvermə günü yüksək seçici fəallığını proqnozlaşdırır. Bəzi ekspertlər hətta ölkənin şərq regionlarında da, ən azı bəzi ərazilərdə səsvermənin təşkil edilməsinin mümkünlüyünü qeyd edirlər. Seçkini keçirmək mümkünsüz olan yeganə Ukrayna ərazisi Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasıdır. Lakin təxminən 1.3 milyon Krım seçicisinin çoxunda Ukrayna pasportları qaldığından, Krımın tanınmamış rəsmiləri Ukraynanın qalan ərazisilə yarımadanın sərhədini bağlamasalar, onlar ölkənin digər ərazilərində səs verə bilərlər.
Mətbuatda başlanmış kampaniyadan sonra Ukrayna hökuməti eləcədə ölkədən kənarda olan seçicilər üçün səsvermə qaydalarını xeyli yüngülləşdirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər