• çərşənbə axşamı, 19 mart, 11:27
  • Baku Bakı 8°C

“Saat 12 radələrində hər yerdə, hətta işdə də 1-2 saat yatırlar” – Soydaş

29.11.19 12:00 3936
“Saat 12 radələrində hər yerdə, hətta işdə də 1-2 saat yatırlar” – Soydaş
Ləman Bayramlı: "Bizim ölkəmizdə kişi işi kimi qiymətləndirilən sahələrdə, burada qadınlar çalışır”
Deyir ki, orda müəllimlik peşəsinə yanaşma bir az fərqlidir. Müəllimlərin əsas işi dərsi əyləncəli şəkildə təşkil etməkdir. Yəni müəllim özünü şagirdə sevdirməyə çalışır. Çünki şagird müəllimi sevərsə, ona yüksək maaş verilir, hamı o müəllimi sevir. Yəni nə öyrədildiyindən çox, necə öyrədildiyinə önəm verirlər.
"Soydaş” rubrikamızda budəfəki qonağı Vyetnamda müəllim işləyən gənc həmyerlimiz Ləman Bayramlıdır.
Qeyd edək ki, Ləman Bayramlı 1996-cı ildə doğulub. 2013-cü ildə keçmiş Qafqaz Universitetinin ingilis dili və ədəbiyyat fakültəsinə daxil olub. Universitetə daxil olduqdan bir il sonra, yəni 17 yaşından öz ixtisası üzrə işləməyə başlayıb. 20 yaşında şəxsi biznesini qurub. Amma hazırda 1 ildir ki, Vyetnamda yaşayır.
- Qeyd edirsiniz ki, ölkəmizdə təhsil aldığınız dönəmdən iş həyatına başlayıbsınız, hətta, biznesiniz belə var idi. Bəs necə oldu ki, xaricə getmək qərarına gəldiniz?
- Bakalavrı bitirdikdən sonra magistr təhsili üçün bir çox xarici universitetlərə müraciət etdim. Hətta, qəbul da oldum. Getməyim üçün bütün hazırlıqlar tamam idi, amma bəzi problem yarandığından, ölkəmizdə qalası oldum. Təhsil sahəsində 6 illik təcrübəm var idi və düşündüm ki, beynəlxalq təcrübəni öyrənməyin zamanıdır. Ona görə, xarici ölkələrə iş üçün müraciət etmək qərarı verdim.
- Bəzən ailələr qız övladlarının xaricə getməyinə razı olmurlar. Maraqlıdır, siz ailənizlə belə bir problem yaşadınız?
- Haqlısınız, ölkəmizdə bir çox ailələr qız uşaqlarına mühafizəkar yanaşırlar. Bu, mənim ailəmə də xas xüsusiyyətdir. Atam polis işçisi olduğu üçün onda mühafizəkarlıq daha çoxdur. Amma bu, heç nəyə əngəl deyil. Çünki o, nə qədər mühafizəkar olsa da, açıq fikirli, dünyagörüşlü, anlayışlı biridir. Ən yaxın dostum atamdır. Valideynlərim məni dinləyirlər, əgər edəcəyim bir iş üçün yetəri qədər səbəblərim olduğunu görürlərsə, bu zaman əngəl olmurlar, mənə dəstək göstərirlər. Amma iş üçün Vyetnama gedəcəyimi deyəndə, atam gülmüşdü. İlk sualı "niyə Vyetnam?” olmuşdu.

- Qızlarına tək xaricə getməklə bağlı yox, ümumiyyətlə, bir sıra məsələlərdə, xüsusilə də inkişaf etmək, təhsil almaq kimi istiqamətdə məhdudiyyət qoyan valideynlərə nə demək istəyərdiniz?
- Qız övladlarına belə məhdudiyyətin qoyulması yanlışdır. Çünki insan dünyaya gələndə, cinsini özü seçmir və seçə bilmədiyi bir məsələyə görə də mühakimə olunması, həyatına məhdudiyyətlərin qoyulması ədalətsizlikdir. İlk olaraq həmin xanımlara demək istərdim ki, bu kimi məhdudiyyətlərdən çəkinməsinlər. Əksinə, inkişaf etmək, təhsil almaq üçün mübarizə aparsınlar. Onları məhdudlaşdıran valideynlər də düşünməlidirlər ki, möhtəşəm bir övlad yetişdirmək istəyirlərsə, bunu məhdudlaşdıraraq yox, ona dəstək olaraq edə bilərlər.
- Bildirdiniz ki, atanızın ilk sualı "niyə Vyetnam?” olub. İndi həmin sualı mən sizə ünvanlayıram. Niyə Vyetnam?
- Əslində, bu, çox ani verilmiş qərar oldu. Əvvəlcə Çinə müraciət etmişdim. Orada universitetdə müəllim işləmək üçün qəbul almışdım. Yaşım az olduğu üçün iş vizası ala bilmədim. Dekabrda, doğum günümdə qərara aldım ki, Vyetnama gedəcəyəm. Orada qrup yoldaşım yaşayırdı. Onunla danışdım və Vyetnamla bağlı ətraflı məlumat verdi. Sonra orada yaşayan digər azərbaycanlılarla da əlaqə saxladım. Onların da çox böyük köməkləri oldu. Ayın 11-i qərar verdim və 16-sı Vyetnama uçdum. Vyetnama gələrkən işim yox idi, gəldikdən sonra 2 iş müsahibələrində oldum və hər ikisinə də seçildim. Beləcə, işləməyə başladım.
- Vyetnamda yaşayan həmyerlilərimiz havanın kəskin istiliyindən, bürkü olmasından şikayətlənir. Sizin həmin havaya alışmağınız çətin olmadı ki?
- Mən bura qışda gəldim. Ölkəmizdə qalın paltar geyinirdik, amma Vyetnamda hamı yay geyimində idi. Çünki 25-26 dərəcə istilik var idi. Hava çox çirkli, rütubətli və bürkülüdür. Orqanizmim belə havaya alışa bilmədi, necə oldusa, bədənim səpdi, tez-tez xəstələnməyə başladım. Bu isə təxminən 5-6 ay çəkdi. Daha sonra yavaş-yavaş iqlimə alışdım və hazırda səhhətimdə və bədənimdə heç bir problem yoxdur (gülür).

- İnsanları necədir? Vyetnamlıları tanımayan birinə onları necə tanıdardınız?
- İnsanları çox qəribədir. Yəni bədən dilini qəti şəkildə başa düşmürlər. Dillərini bilməsən, bədən dilinlə nəyəsə "yox” və ya "hə” deyəndə, əlinlə "stop” işarəsini göstərəndə anlamırlar. Sonradan öyrəndim ki, özlərinin fərqli bədən dili var. Digər tərəfdən, çox mehribandırlar, başqa ölkədən olanlara xüsusi qayğı göstərirlər. Burada ara küçələrdə yeriyəndə, insan özünü ulduz kimi hiss edir (gülür). Çox da dünyagörüşlü, bilgili deyillər. Yəni hansısa mövzuda oturub müzakirə aparmaq mümkün deyil. Bir az qapalı qutu kimidirlər, ölkələrinə bağlıdırlar. Bəzən iş mühitində bır sıra problemlər olur. Çünki burada xarici müəllimlərə daha çox maaş verirlər, nəinki öz vətəndaşlarına. Bu da istər-istəməz aqressiya yaradır. Əslində, bu aqressiya başadüşüləndir. Sənin ölkəndə qonaq olan biri səndən daha çox maaş alır. Amma bəziləri bu aqressiyanı çox bildirir.
- İş mühitindən danışmışkən, iş sistemi necədir orada?
- Burada tam ştat işçi anlayışı tamam fərqlidir. Məsələn, Vyetnamda iki işdə tam ştatlı işləyə bilərsiniz, amma Azərbaycanda yox. Əslində, burada iki işdə işləmək leqal deyil, sadəcə mən hər iki işimi axsatmadan çatdırdığım üçün heç bir problem yaranmırdı. Müəllimlik peşəsinə yanaşma bir az fərqlidir. Burada müəllimlərin əsas işi dərsi əyləncəli şəkildə təşkil etməkdir. Müəllim özünü şagirdə sevdirməyə çalışır. Çünki şagird müəllimi sevərsə, həmin müəllimə yüksək maaş verilir, hamı o müəllimi sevir. Yəni nə öyrədildiyindən çox, necə öyrədildiyinə önəm verirlər. İş sistemlərində məni təəccübləndirən məqamlardan biri də cinsi ayrı-seçkiliyin olmamağıdır. Bizim ölkəmizdə kişi işi kimi qiymətləndirilən sahələrdə, burada qadınlar çalışır. Məsələn, tikinti işlərində işləyən xeyli qadın görmüşəm.
- Sosial şəbəkə profilinizdə balaca vyetnamlı şagirdlərinizlə şəkillərinizi paylaşıbsınız. Görünür, şagirdləriniz sizi çox sevir. Dərsə yanaşmaları, Azərbaycandan gəlmiş bir müəllim kimi sizə münasibətləri necədir?
- Bəli, şagirdlərim məni, mən də onları çox sevirəm. Milliyyətindən asılı olmayaraq burada müəllimə münasibət çox yaxşıdır. Xüsusi günlərdə mənə diqqət yetirirlər, mənimlə görüşməyə gəlirlər. Onlara xəritədə hansı ölkədən olduğumu göstərmişəm. Mədəniyyətimiz, dinimiz, dilimiz haqqında çoxlu suallar verirlər. Mən də bacardığım qədər geniş informasiya verirəm. Dərsdən əlavə görüşlərimiz də olur. Muzeylərə, parklara və digər görməli yerlərə birlikdə gedirik. Digər müəllimlərin sözünü dinləməsələr də, mənim sözümdən çıxmırlar. Mənə öz əl işlərini hədiyyə edirlər. Onlarla vaxt keçirərkən, özümü xoşbəxt hiss edirəm.
- Vyetnamda təhsilə nə qədər önəm verilir?
- Təhsilə kifayət qədər böyük önəm verilir. Valideynlər uşaqlarının təhsili ilə daima maraqlanır, onları dil kurslarına, özlərini inkişaf etdirmələri üçün tədris mərkəzlərinə göndərirlər. Baxmayaraq ki, gəlirləri elə də çox deyil, amma övladlarının təhsili üçün külli miqdarda pul xərcləyirlər. Məsələn, riyaziyyat dərsinə daha çox üstünlük verilir. Xaricdə təhsil almaq üçün müxtəlif ölkələri seçirlər, amma Avstraliyanı seçənlər daha çoxdur.

- Bir az da vyetnamlılarda müşahidə etdiyiniz fərqliliklərdən danışaq.
- İlk müşahidəm piyada keçidləri ilə bağlıdır. Burada piyada keçidləri sanki dekor kimidir. Heç kim əhəmiyyət vermir. İşıqforu nəzərə almırlar, kim harada və necə istəsə, yolu keçir. Küçələrdə pijama ilə gəzənləri görmək mümkündür. Şəhərin mərkəzində, alış-verişdə, tədris mərkəzlərində pijama ilə gəzmək onlar üçün adi haldır. Daha sonra saat 12 radələrində hər yerdə, hətta işdə də 1-2 saat yatırlar. Yəni istənilən yerdə yorğansız, döşəksiz yatırlar. Digər fərqlilikləri isə qonaq otaqlarından qaraj kimi istifadə etmələridir. Onlarda əsas nəqliyyat vasitəsi motosiklet olduğu üçün çox rahatlıqla onu gətirib qonaq otağında park edirlər.
- Orada başınıza gələn maraqlı bir əhvalatı bizimlə bölüşə bilərsiniz?
- Elə gəldiyim gün yaşadığım bir hadisəni danışım. Demək, təyyarədən düşmüşəm, pasport yoxlamasından keçirəm. Baxdım ki, pasportum çantada yoxdur və inanılmaz stressə düşdüm. Geriyə, təyyarəyə doğru qaçmağa başladım. Birdən gözüm təyyarədə yanımda əyləşən şəxsə sataşdı. Ona yaxınlaşıb "ola bilər ki, təyyarədə yuxulu şəkildə pasportumu sizin çantanıza qoymuşam, olar, baxım” dedim. Əslində, özüm qəsdən belə dedim ki, onun oğru olduğundan şübhələndiyimi fikirləşməsin. O da təbii ki, inkar etdi, çantasına baxmağa razı olmadı. Bu zaman polis çağıracağımı deyəndə, anidən razılaşdı. Çantaya baxanda pasportumun orada olduğunu gördüm. Heç nə demədən sakitcə götürüb getdim.
- Gələcəklə bağlı planlarınız nədir?
- İşdən əlavə özümü və təhsilimi inkişaf etdirməklə məşğulam. Hazırda magistraturaya və deltaya hazırlaşıram. Ölkəmizə tam ixtisaslı və təcrübəli bir müəllim kimi qayıtmaq istəyirəm.
Günel Azadə




banner

Oxşar Xəbərlər