Sağalandan sonra gələn test cavabı - ARAŞDIRMA

Yoluxma sayının pik həddə çatması fonunda insanlar
COVID testi verməkdə, testin cavabını almaqda çətinliklərlə üzləşirlər. Bəzən
testin cavabı xəstə sağalandan sonra məlum olur. Bəzən isə test cavabının
gecikməsi səbəbindən xəstəliyi ağır keçirənlərin müalicəsi ləngiyir.
Pandemiyanın ilk günlərində insanların COVID testi
verməsi, ümumiyyətlə, test verməkdən qorxmamaları üçün maarifləndirmə işi aparırdıq.
Bəzi insanlar test nəticələrini gizlədir, ümumiyyətlə, COVID testi verməkdən çəkinirdilər.
"Əsasları” da var idi: bizə yalandan xəstəlik yazacaqlar. Hətta qız COVID
olduğu üçün nişanı qaytaranlara belə rast gəlmişdik. O günlər çox da uzaqda deyil. İndi isə
insanlar maariflənib, hamı test verir, lakin testin nəticələri bəzən 4-5 günə gəlir.
Nəzərə alaq ki, hazırda karantin müddəti 7 gündür. Əgər cavab 5 günə gəlirsə,
bu halda test vermək vaxt itkisi deyilmi? Vətəndaş o 5 gün ərzində ətrafdakıları
yoluxdurmurmu? Üstəlik, xəstə həkimə müraciət etdikdə həkim testin cavabı
olmadığından müalicə tətbiq edə bilmir. Bu zaman xəstənin vəziyyəti vaxtında
müalicəyə başlanılmadığı üçün ağırlaşır. Elə xəstələr var ki, müalicənin gec
başlanması ölümə səbəb olur.
"Yaz gələr yonca bitər”
Məsələn, Günel özündə halsızlıq hiss edib, test
vermək istəyib. 4 gün ərzində nə təcili yardım çağıra bilib, nə də test verə
bilib: "Təsəvvür edirsiniz, 4 günə evə gəldilər, analiz götürdülər, cavablar da
5 günə çıxır. 2 gün sonra da sahə həkimi gəlib dərman verəcək. Atalar demiş,
ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər məsəli…”
Fərhad da 4 gündür ki, testin cavabını gözləyir: "4
gün keçib, hələ də testimin cavabı gəlmir. 3 günə də artıq sağalacağam. Verdiyim
testin nə mənası var?”
Sosial platformalar bu kimi statuslarla çalxalanır.
"Omikron”un digərlərinə nisbətən qısa müddət sağalma ehtimalını nəzərə alsaq, xəstə
sağalana yaxın testinin cavabı gəlir. Bu problem nədən qaynaqlanır? Axı biz bu
virusu yeni tanımırıq. Buna hazır deyildikmi? Dövlət xəstəxanalarında bu
problemin həlli gözlənilirmi?

"Prosesin sürətləndirilməsi üçün addımlar atılır”
TƏBİB nümayəndəsi Elnarə Baxış "Kaspi”yə açıqlamasında bildirdi ki, "omikron”
variantının aşkarlanması ilə əlaqədar dövlət tibb müəssisələrinə test üçün müraciətlərin
sayı kütləvi şəkildə artıb. Bu da mövcud laboratoriyaların iş yükünün artmasına
səbəb olub. Ümumilikdə, götürülən testlərin nəticəsinin daha da tez açıqlanması
və prosesin sürətləndirilməsi məqsədilə mütəmadi addımlar atılır və bundan
sonra da bu istiqamətdə proses davam etdiriləcək”.

"İş yaxşı təşkil edilməyib”
Həkim-ekspert Aydın Əliyev deyir ki, bu prosesdə nə həkimləri, nə də vətəndaşları
qınamaq olar: "Test nəticələrinin gecikməsi ilə bağlı şikayətlər çoxdur. Bunun əsas
səbəbi işin yaxşı təşkil edilməməsidir. Bu prosesdə nə təcili yardım işçilərini,
nə sıravi həkimləri, nə də sahə həkimlərini qınamaq düzgündür. İşin təşkil
olunması aidiyyəti rəhbər strukturları tərəfindən həyata keçirilməlidir.
Yoxlama məntəqələri, laboratoriyalar istənilən səviyyədə olmalı, daha çox işçi
cəlb edilməli, onlar normal məvaciblə təmin edilməlidir ki, analizlərin vaxtı ilə
də bağlı problem yaranmasın”.
Problem vətəndaşdadır?
Həkim vurğulayır ki, biz məsuliyyəti vətəndaşlardan
gözləyirik. Amma istənilən halda problemi vətəndaşın üzərinə yıxmaq düzgün
deyil: "Son zamanlarda çox eşidirəm ki, insanlar yoluxur, sağalır, ondan sonra
ona cavab gəlir ki, yoluxmusunuz və karantinə alınır. Testin cavabı 5 günə gəlir
və həmin 5 gün ərzində yoluxmuş şəxs insanları yoluxdurur. Məsuliyyətli şəxs
olsa və virusla bağlı hansısa əlaməti hiss etsə, özünü təcrid edəcək. Amma
bilirsiniz ki, məsuliyyətli insanların da sayı çox azdır. İstənilən halda,
sözügedən problemi vətəndaşların üstünə yıxmaq düzgün deyil. Həmişəki kimi,
işin təşkilində problem var”.

Əgər yoluxma sayı çoxdursa...
İnfeksionist Mərdan Əliyev deyir ki, yoluxma sayı rekord həddə olduğu üçün
test nəticələri gec verilir: "Ötəni il yüksək yoluxma dalğasında da belə oldu.
Yoluxma sayı 5 minə qalxanda xaos vəziyyəti yaranırdı. İndi isə 6-7 minin üzərindədir.
Məsələyə bu tərəfdən yanaşdıqda, əslində, nəticələrin gecikməsinin obyektiv səbəbləri
var. Çünki laboratoriyalarda reaktiv aparatların limitləri var, reaktivləri
limitdən artıq qoymaq olmur. Belə olan halda da əgər yoluxma sayı çoxdursa,
çatdıra bilmirlər və analizlərin cavabı gecikir”.
"Məsələni həll etmək çətindir”
İnfeksionist vurğulayır ki, həkim sayında da
problemlər mövcuddur: "Analizlər daha tez götürülsün deyə, həkim sayı çoxaldıla
bilər. Amma aparat məsələsini həll etmək çətindir. Ona görə də belə hallar baş
verir. Bu, obyektiv məsələdir”.
"Yüksək qızdırması olan xəstələrin nəticəsi önə
salınmalıdır”
Həmsöhbətimizin sözlərinə görə, xəstə çoxluğu
dünyanın hər yerində bu cür problemlər yaradır, lakin müəyyən qaydalarda dəyişiklik
etmək olar: "Bunun qarşısını almaq üçün, ağır xəstələri ilkin mərhələdə test
etmək və nəticələrini vermək lazımdır. Bəzi xəstələr var ki, simptomları
yoxdur, analiz verirlər. Onlar öz məsuliyyətlərini başa düşüb evdə qala bilərlər.
Amma xəstəliyi ağır keçirənlərin test cavabı tez verilməlidir ki, müalicəsinə
başlanılsın. Bu məsələni növbələşdirmək lazımdır. Yüksək qızdırması olan, pnevmoniya
keçirən xəstələrin nəticəsi önə salınmalıdır”.

İnsan anlayışlıdır, bəs virus?
Ötən dalğada da TƏBİB-in şöbə müdiri Yaqut
Qarayeva testin
cavablarının gecikməsini yoluxma sayının çoxluğu ilə əlaqələndirmişdi. O, vətəndaşlara
müraciət edib bu məsələdə anlayışlı olmağa çağırmışdı.
Biz də Yaqut xanımı dəstəkləyib, bu virusla mübarizə
aparmaqda vətəndaşları səbirli, təmkinli, anlayışlı olmağa səsləyək. İnsan
anlayışlıdır, bəs virus? Virusa etibar edə bilərikmi?
Aygün Əziz
