• şənbə, 20 Aprel, 05:48
  • Baku Bakı 15°C

Saakaşvilinin təyinatı ətrafında gərginlik davam edir

12.05.20 16:22 663
Saakaşvilinin təyinatı ətrafında gərginlik davam edir
"Kommersant” onun Ukraynadan uzadacağı əlin Gürcüstandakı partiyasına təsirindən yazıb

Mixail Saakaşviliyə Ukraynada yenidən vəzifə verilməsi Rusiya, Ukrayna və Gürcüstan mediasında koronavuris pandemiyası qədər müzakirə olunan mövzulardandır. Onun Ukrayna prezidenti Vladimir Zelenski komandasında yerini tapması tamamladıqdan sonra məlum olub ki, keçmiş Gürcüstan liderinin fəaliyyəti Milli İslahatlar Şurası İcra Komitəsinin rəhbəri kimi daxili gündəliklə məhdudlaşmayacaq. Saakaşvili də Gürcüstan hakimiyyətinin hərəkətlərini şərh edir və ümumiyyətlə, yeni vəzifəsində vətənindəki siyasi proseslərdən yayınmaq niyyətində olmadığını açıqlayır. Mütəxəssislər bir məsələdə əmindirlər: M.Saakaşvili Kiyevdəki hazırkı vəziyyətdən Gürcüstanda keçiriləcək parlament seçkilərinə təsir etmək üçün istifadə edəcək. "Ukrinform” qeyd edib ki, Ukrayna prezidenti V.Zelenski yaxın aylarda M.Saakaşvilidən fəaliyyətinin nəticəsinə dair hesabat istəyəcək. Məlumata görə, Zelenski Saakaşvilidən xüsusilə biznesin tənzimlənməsi və gömrük islahatları ilə bağlı işlərin nəticəsini tələb edəcək. Bundan başqa, Zelenskinin pensiya islahatlarında Saakaşviliyə kömək etməkdə maraqlı olduğu bildirilib.
"Kommersant”da dərc olunan materialda isə bildirilir ki, M.Saakaşvili Ukrayna siyasətinə hay-küylə qayıdıb. İki həftə boyu o, yerli medianın qəhrəmanı idi. Aprelin 22-də onun baş nazirin islahatlar üzrə müavini ola biləcəyi barədə məlumatlar ortaya çıxandan Milli İslahatlar Şurası İcra Komitəsinin rəhbəri təyin olunana qədər Ukraynada siyasi karyerasının necə inkişaf edəcəyi barədə davamlı yazırdılar. O da qeyd edilir ki, Mixail Saakaşvilinin qarşısında duran vəzifələr açıqlanıb: gömrük islahatı, biznesdə tənzimləmə, investisiyalar cəlbetmə. Saakaşvilinin 2013-cü ildən bəri görünmədiyi və qiyabi həbsə məhkum edildiyi Gürcüstanda bu məsələ diqqətlə izlənilir.
Rəsmi Tbilisi Kiyevə xəbərdarlıq edib ki, M.Saakaşvili heç bir yerə işə qəbul edilməməlidir. Təyin həll olunandan sonra Gürcüstan məsləhətləşmələr üçün bu ölkədəki səfirini geri çağırıb. Oktyabrda parlament seçkilərinə hazırlaşan Gürcüstan müxalifəti, əksinə, təyinatı alqışlayıb. Vahid Milli Hərəkat Partiyasının (VMHP – Mixail Saakaşvili tərəfindən təsis edilib) sədri Qriqol Vaşadze Saakaşvilinin Ukrayna siyasətinə qayıdışından məmnundur. Vaşadze "Kommersant”-a bildirib: "Əgər Gürcüstanın üçüncü prezidentinin, Mişanın dəstəyi olarsa və dəstək ilk növbədə, siyasi olmalıdırsa, planlaşdırdığı hər şeyi alacaq və hətta daha çox şey olacaq. Onu Ukraynada intriqa, idarələrarası mübarizə və digər cəfəngiyatlarla məşğul olmaqdan yayındırsalar, inanıram ki, Mişanın Ukraynadakı fəaliyyətinin real nəticələrini çox tezliklə görəcəyik”. Qəzet yazır ki, M.Saakaşvilinin özü Gürcüstan hakimiyyətinin hərəkətləri barədə şəxsən açıqlama verməkdən çəkinə bilməzdi. O, bunu mayın 11-də VMHP-yə yaxın olan müxalif "Mtavari Arxi” telekanalına müsahibəsində edib. Təyinatı ilə əlaqədar Ukrayna və Gürcüstan arasındakı münaqişəni şərh edən Saakaşvili deyib ki, ölkələr arasında münasibətlər korlanarsa, Tbilisi daha çox itirəcək. "Gürcüstan Ukrayna üçün yox olarsa, bu, Ukraynadakı insanlara təsir etməyəcək. Ukrayna Gürcüstan üçün yoxa çıxsa, bu, mağazalardakı boş piştaxtalar, kütləvi aclıq, çətinliklər olacaq”, – deyən M.Saakaşvili qeyd edib ki, Gürcüstan mağazalarında insanların aldıqları şeylərin çoxu, məsələn, dənli bitkilər, qarabaşaq yarması, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir. Eyni müsahibədə Gürcüstan hakimiyyəti ilə uzun müddət münaqişə edən M.Saakaşvili iqtidara və hökumətin arxasında dayanan oliqarx Bidzina İvanişviliyə gürcü siyasətindən və VMHP-nin seçki kampaniyasından uzaq qalmaq niyyətində olmadığını açıqlayıb: "Mən azad bir ölkə olan Ukraynada, azad bir dünyada yaşayıram”. Bu, Gürcüstanın baş naziri Georgi Qaxariyaya verilən cavab sayıla bilər. O, təyinat ərəfəsində Ukrayna hakimiyyətinə rəsmi Tbilisinin M.Saakaşvilinin Gürcüstanın siyasi həyatına müdaxiləsinin qarşısını almaq üçün prosesi "yaxından izləyəcəyi” barədə xəbərdarlıq edib.
Öz növbəsində Gürcüstan Strateji Təhlil Mərkəzinin regional proqramlarının direktoru Qela Vasadze əmindir ki, M.Saakaşvilinin Ukraynadakı təyinatı Gürcüstan və qarşıdakı seçki kampaniyası baxımından çox faydalı ola bilər. "O, Qərbdəki təmaslarını yeniləyir. Ən əhəmiyyətli beynəlxalq maliyyəçilər və digər əhəmiyyətli insanlarla görüşlər keçirəcək. Statusu onlarla görüşməyə imkan verir. Saakaşvili Ukraynaya pul axıdacaq, ancaq bu əlaqələrdən Gürcüstan hakimiyyətini qapazlamaq üçün də istifadə edə biləcək. Bu da partiyasına kömək deməkdir. Məncə, o, Kiyevdəki hazırkı vəzifəyə razılıq verdikdə, ilk növbədə, bunu nəzərə alıb”.
M.Saakaşvili isə hesab edir ki, Ukraynadakı bütün islahat cəhdləri heç nəyə gətirib çıxarmayıb. O, regionlarda hələ də korrupsionerlərin çoxluq təşkil etdiyini bildirib. Saakaşvili Ukraynada antibürokratik, antielita inqilabının baş verməsi gərəkdiyini söyləyib: "Bizim hazırkı situasiyadan çıxmağımız üçün bir neçə ayımız var. Qocaman və təcrübəli peşəkarları dinləməyimiz doğru olardı”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər