• cümə, 19 Aprel, 13:47
  • Baku Bakı 25°C

Saakaşvili yenidən peyda oldu

05.02.18 20:20 784
Saakaşvili yenidən peyda oldu
Keçmiş Gürcüstan prezidenti, Ukraynada müxalifətdə olan "Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixail Saakaşvili iki aylıq istirahətdən sonra yenidən tərəfdarlarını Kiyevin mərkəzində etiraz yürüşünə çıxarıb. Tələb isə yenə də əvvəlki olub - prezident Petro Poroşenkonun istefası. Təşkilatçıların sözlərinə görə, aksiyada 10 minədək adam iştirak edib. Bu dəfə polis və milli qvardiyaçılar avtobuslarla müstəqillik meydanına gedən yolu bağlayıblar. Səbəb kimi də həmin vaxt orda başqa qüvvələrin mitinq keçirəcəyi göstərilib. Buna görə də aksiyaçılar ənənəvi marşrutu dəyişərək Taras Şevçenko parkından Vladimir küçəsi ilə Avropa meydanına yollanıblar. Yolboyu onlar "Dəstə rədd olsun”, "İmpiçment” və "Siyasi məhbuslara azadlıq” kimi şüarlar səsləndiriblər. Bu dəfə maraqlı olan o idi ki, Saakaşvili tərəfdarları aksiya zamanı əllərində Ukrayna bayrağı ilə yanaşı, Birləşmiş Ştatların da bayraqlarını yellədiblər. Saakaşvili Avropa meydanında keçirilən mitinqdə yenə də prezident Petro Poroşenko və baş prokuror Yuri Lutsenkonu tənqid edib. Deyib ki, onlar Donbasda müharibə getdiyi və xalqın əksəriyyətinin yoxsulluq həddində yaşadığı bir vaxtda, Yeni il bayramlarını xarici kurortlarda, daha dəqiq desək Maldiv adalarında qeyd ediblər. Ukrayna dilində tərəfdarlarına müraciət edən Saakaşvili "onlar sadəcə, xalqı ələ salıblar, müharibənin qızğın vaxtında xalqdan oğurladıqları pullarla xaricə səfər edirlər” deyib. "Ukrayna hakimiyyəti növbəti dəfə məni həbs etməyi, yaxud deportasiya etməyi planlaşdırır. Mən tam əminəm ki, Poroşenko növbəti dəfə məni həbs etdirməyə, yaxud ölkədən rədd etdirməyə hazırlaşır”, - deyə Saakaşvili bildirib. Eləcə də, Poroşenkonu tənqid edərək, onu iki əsas məsələnin korrupsiya və hakimiyyət sisteminin oliqarxlardan azad edilməməsində ittiham edib. Əlavə edib ki, Poroşenko vətəndaş müharibəsi və dövlətin dağılmasının qarşısını almaq üçün istefaya getməlidir: "Əgər indi getsə, ən yüksəkdə olacaq – şokolad fabrikinin direktoru kimi. Sürünən kimi doğulan, uçmaq imkanlarından məhrumdur”. Qeyd edək ki, mitinqin sonunda aksiyaçılar prezident Poroşenkonu fevralın 18-də Meydana çıxmağa və könüllü istefa verməyə çağıran qətnamə qəbul ediblər.
Saakaşvilinin yaxın tərəfdarlarından hesab edilən Ali Radanın deputatı Yuri Derevyanenko mövcud vəziyyəti 2013-cü ilin dekabrı ilə eyniləşdirib. O zaman da avromeydan tərəfdarlarına meydanlara çıxmalarına məhdudiyyət tətbiq etmişdilər. Bəhanə də bu olmuşdu ki, meydanda bayram yolkası quraşdıracaqlar. "Yanukoviçin bayram yolkaları var idi, Poroşenkonun isə "avroblyaxaları” (Ukraynada Avropa nömrəli avtomobilləri belə adlandırırlar)” – deyə deputat bildirib.
Bir məsələni də qeyd edək ki, dünən Kiyev Apelyasiya Məhkəməsində Saakaşvilinin miqrasiya xidmətinə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi başlayıb. Xidmət, ona Ukrayna dövlətinin əlavə dəstəyinə ehtiyac duyduğu ilə bağlı status verməkdən imtina edib. Saakaşvili belə statusun verilməsini onun vətəndaşlıqdan məhrum edilməsindən sonra edib. Fevralın 16-da isə kassasiya məhkəməsi Ukrayna prezidentinin Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı qərarına baxacaq. Bundan əlavə, fevralın 13-də keçmiş prezident Kiyev məhkəməsi qarşısına çıxarılacaq. Burada o, 2014-cü ilin fevralında Maydanda baş verən qətl hadisələri ilə bağlı dindiriləcək. Məsələ ondadır ki, Saakaşvilinin siyasi karyerasında bu xətt ötən ilin noyabrında ortaya çıxıb. İtaliyanın "Canale 5” televiziyasında jurnalist Ciana Mikalessinin "Ukrayna: qapalı həqiqətlər” verilişində Gürcüstan vətəndaşları Koba Nerqadze və Aleksandr Revazişvili Saakaşvilinin adını çəkərək bildiriblər ki, Maydanda gürcü snayperləri olub və onlara insanları güllələmək tapşırığı verilib. Saakaşvili ötən ay bununla bağlı məhkəmədə ifadə verib. Ardınca da jurnalistlərə bildirib ki, filmdə səslənən fikirlər həqiqəti əks etdirmir. Əlavə edib ki, Maydanda "gürcü snayperləri”nin koordinatoru olması barədə səslənən fikirlər düzgün deyil. Xatırladaq ki, Kiyev Apelyasiya məhkəməsi yanvarın 26-da Saakaşvilinin fevralın 5-dək gecə saatlarında ev dustaqlığında qalması barədə qərar qəbul edib. Qeyd edək ki, Mixail Saakaşvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur. O, hakimiyyəti korrupsiyada ittiham edir.
Öz növbəsində hakimiyyət onun cinayətkar qrupla əlibir olduğunu iddia edir. Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroşenkonun xahişi ilə Odessanın qubernatoru olub. 2016-cı ilin noyabrında hakimiyyəti korrupsiyada günahlandıraraq, bu vəzifədən istefa verib. O vaxtdan Poroşenkonun rəqibinə çevrilib.
Son məlumatlara görə, Kiyev Apelyasiya Məhkəməsində Saakaşvilinin apelyasiya şikayətinə baxılıb. Onun barəsində Kiyev Rayon İnzibati Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Qeyd edək ki, Kiyev Rayon İnzibati Məhkəməsi Mixail Saakaşviliyə müdafiəyə ehtiyacı olan şəxs statusu verməkdən imtina edib. Qərardan narazı qalan Gürcüstanın sabiq prezidenti apelyasiya şikayəti verib. Məhkəmənin qərarı hökumətə, M.Saakaşvilini vətəndaşlığı olmayan şəxs kimi Ukraynadan ekstradisiya etməyə əsas verir.

Azər
banner

Oxşar Xəbərlər