Saakaşvili Ukraynada vəziyyəti dəyişə biləcəkmi?
Sabiq Odessa qubernatoru Mixail Saakaşvili hazırda Ukraynada, Qərbdə
və postsovet məkanında ən çox müzakirə olunan bir fiqura çevrilib. Gürcüstanın
sabiq prezidentinin gələcəyi ilə bağlı ən müxtəlif ehtimallar səslənir. Bura
onun Qərbin layihəsi olmasından tutmuş, Ukraynanı parçala biləcəyi barədə hər
cür fikir və ssenarilər daxildir. Nüfuzlu "The Spectattor” nəşri yazır ki, vaxtilə
Gürcüstan prezidenti postunu tutan Mixail Saakaşvili hakimiyyətə dönməkdə
qətiyyətli görünür. "Lakin ölkəsinə yox, Ukraynaya. Dahi və ziddiyyətli şəxs
kimi tanınan eks-prezidentin tərəfdarları əsas etibarilə təhsillilər və gənc
gürcülərdir. Ukraynalılar isə onun timsalında düşüncəli, neopotizmin
(qohumbazlıq) istənilən şəbəkəsini dağıtmağa qadir qorxmaz lider görürlər. Saakaşvili
onun tərəfindən işdən qovulan yüz minlərlə məmur, o cümlədən skeptiklərin
gözündə qüsurlu, 2008-ci ildə Rusiyanın
Gürcüstana müdaxiləsinə gətirib çıxaran hərəkətlərə yol verən bir
avantüristdir. Həmçinin, Saakaşvilini özünü reklam etməyi xoşlayan biri kimi
qələmə verirlər”, - deyə məqalədə vurğulanıb.
Müəllif daha sonra yazır ki,
Saakaşvili ilə 2008-ci il hərbi əməliyyatları zamanı tanış olub. "O zaman onun
işi ancaq qırmızı şərab içməkdən ibarət idi. Daha sonra isə prezidentlikdən
sonra Nyu-Yorkda onunla bir müddət bir yerdə oldum. Saakaşvilidə özünə güclü
bir inam hissi var. Bu da onu müasir dövrün inamverici və hələ təkmilləşməmiş
siyasi xadimi edir. Saakaşvili 2013-cü ildə öz postundan gedib, onun bir
vaxtlar populyar olan partiyası isə az keçməmiş seçkilərdə uğursuz nəticə əldə
edib. Onun yerinə gələn rejim isə Saakaşviliyə qarşı korrupsiya və xidməti
vəzifəsindən sui-istifadə ittihamı irəli sürərək, onu vətəndaşlıqdan məhrum
etdi. Lakin onun siyasi karyerası 2015-ci ildə yenidən şans əldə etdi. Həmin
tarixdə Ukrayna prezidenti Petro Poroşenko onu Odessa qubernatoru təyin etdi.
Ukrayna dünyanın ən korrupsiyalaşmış rejimlərindən biridir - Odessa isə ən
biabırçı vəziyyətdə olan region kimi tanınır. Saakaşvili isə qısa zaman
kəsiyində onların öhdəsindən gəldi. Gürcüstanda islahatlara rüşvətxor yol
polislərindən başlayan Saakaşvili zabitlər istisna olmaqla hamını işdən qovdu.
Poti limanını da korrupsiyadan təmizlədi. O zaman prezident kürsüsündə əyləşən
Saakaşvili hesab edirdi ki, bu taktika Odessada da işləyəcək. Mafiyanın idarə
etdiyi limanın direktoru vəzifəsinə 27 yaşlı siyasi fəal Yuliya Maruşevskiyanı,
polis rəisi vəzifəsinə isə yaxın tərəfdarı Georgi Lortkipanidzeni təyin etdi.
Başlatdığı islahatlara xarici müşavirlər, o cümlədən London polisindən və
Avropa İttifaqından da mütəxəssislər cəlb etdi. Bəziləri artıq proqnoz
edirdilər ki, Odessa yaxın vaxtlarda Şərqi Avropanın ən varlı şəhərlərindən
birinə çevriləcək. Lakin bu, baş vermədi.
2016-cı ilin noyabrında Saakaşvili və
Lortkipanizde öz postlarını tərk etdilər. Saakaşvili Odessada kriminal
sindikatların məhv edilməsi ilə bağlı səylərinin qarşısınınprezident Poroşenko
tərəfindən alındığını açıq şəkildə bəyan etdi. Reytinq problemi ilə üzləşən,
Rusiya ilə müharibə vəziyyətində olan Poroşenko seçim qarşısında qaldı. Bir
tərəfdə siyasi asılılıqda olduğu kriminal ünsürlərin qəzəbi, digər tərəfdə isə
Saakakvilinin müxtəlif qurumlarda islahatlar aparmaq istəyi var idi. Sonda o, birincilərə
üstünlük verdi. Bir müddət sonra isə Saakaşvilini Ukrayna vətəndaşlığından da məhrum
etdi. O zamandan etibarən də Saakaşvilin vətəndaşlığı yoxdur”, - deyə qəzet
yazır. Müəllif yazır ki, eks-prezidentin çox asanlıqla siyasi sığınacaq üçün
müraciət etmək şansı olsa da, o, bundan imtina etdi, Ukrayna siyasətinə dönməyə
üstünlük verdi. "Poroşenko bütün qüvvələrini mobilləşdirib onun qarşısını
almağa cəhd göstərsə də, səyləri nəticəsiz qaldı. Sabiq qubernator ölkəyə
qayıda bildi. Açıqlamalarında da bəyan
edir ki, vətəndaşlığının ləğvi qanunsuzdur və məhkəmədə hüquqlarını müdafiə
edəcək. Lakin onun çox güclü şəkildə risk etdiyi də bəllidir. Belə ki, gürcü
tərəfi onun ekstradisiyasını tələb edir. Düzdür, Ukraynanın baş prokuroru
Saakaşvilini qanunsuz olaraq sərhədi keçdiyinə görə məsuliyyətə cəlb
edilmədiyini bildirsə də, onun azadlığı məsələsi hazırda yerli hakimiyyətin
əlindədir. Poroşenko Saakaşvilidən əzabkeş, özündən isə beynəlxalq yetim obrazı
yaratmaq istəyir. O, ümidsiz şəkildə gözünü Qərbin və Beynəlxalq Valyuta
Fondunun dəstəyinə dikib. Lakin Qərbin sevimlisi olan Saakaşvili Poroşenkonun
ümidlərini heçə endirir. ABŞ-ın da ona dəstəyi hava-su kimi gərəkdir. İyul
ayında Poroşenko Rusiyaya qarşı təzyiqləri gücləndirmək və özünə dəstək
qazanmaq üçün Vaşinqtona səfər etdi. Bundan əlavə, ABŞ prezidenti Donald
Trampdan Ukraynaya silah verilməsini xahiş etdi”, - deyə müəllif yazır.
Sonda müəllif belə bit sualla çıxış edir. "Ən mürəkkəb məsələ odur
ki, Saakaşvili parlaq və aqressiv manerası sayəsində özünün səlib yürüşündə
uğur qazana və Ukraynanı mafioz dövlətdən, çiçəklənən və rifah halı yüksək
olacaq bir Avropa ölkəsinə çevirə biləcəkmi? İyun ayında siyasi partiya təsis
edən Saakaşvili əsas deviz olaraq korrupsiya ilə mübarizəni seçib. Bu
yaxınlarda isə gələcək seçkilərdə Poroşenkoya qarşı çıxacağını bəyan edib.
Hazırda stol üzərində çox şey qoyulub – Saakaşvilinin azadlığı və siyasi
karyerası. Qərbin keçmiş Sovet İttifaqına, o cümlədən Rusiyaya qarşı xarici siyasətinin
bütün vektoru hərtərəfli islahatların aparılmasıdır. Ukraynada iki (2004 "narıncı”
və 2014 Maydan) və Gürcüstanda bir (2004-cü il Qızılgül inqilabı) inqilab Moskvanın
dəstəklədiyi rejimlərin məğlubiyyəti ilə nəticələnib. Hər üç inqilabdan gözləntilər
Rusiyanın müdaxiləsi ilə özünü doğrultmadı və çox biabırçı şəkildə məhv oldu”,
- deyə müəllif yazıb.
Bütün bunlardan çıxış edərək söyləmək olar ki, Ukraynanı
Saakaşvilinin timsalında çox ciddi sınaqlar gözləyir. Bu dəfə kimin bu
mübarizədən qalib çıxacağını isə zaman göstərəcək.
Azər