• çərşənbə, 24 Aprel, 14:55
  • Baku Bakı 27°C

Saakaşvili partiyasının qələbəsinə şübhə etmir

04.10.16 12:09 926
Saakaşvili partiyasının qələbəsinə şübhə etmir
Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakalaşvili ölkəsi üçün böyük əhəmiyyət kəsb edən parlament seçkiləri ərəfəsində Birləşmiş Ştatlara səfər edib. Səfər ərəfəsində bəyan edib ki, rəhbərlik etdiyi partiyanın – "Vahid Milli Birliy”in özünün də ifadə etdiyi kimi, "heç bir şübhə doğurmayan qələbəsindən sonra Gürcüstana dönəcək. Lakin Gürcüstan rəhbərliyi asanlıqla öz postunu təhvil verməyə tələsmir. Hakimiyyət orqanları Saakaşviliyə məsləhət görürlər ki, indidən gələcək hökumətdə yerdəyişmələr etməyə yox, özünə vəkil tutmağa tələssin. Belə ki, ölkədə eks-prezidentə qarşı dörd cinayət işi açılıb.
Odessa qubernatoru isə "Gürcüstanın intibahı və islahatların davam etdirilməsi” planı barədə Vaşinqtonda bəyanat verib. Yaxın dostu Con Makkeynlə keçirdiyi görüşdən sonra danışan M.Saakaşvili əminliklə oktyabrın 8-də keçiriləcək parlament seçkilərində qalib gələcəyini ifadə edib. "Rustavi-2” telekompaniyasına müsahibəsində keçmiş prezident maraqlı bir vəd də verib. O, heç kimdən qisas almayacağını, iqtisadiyyatın inkişafına çalışacağını və Gürcüstanın təhsil sisteminin yaxşılaşdırılmasına çalışacağını vurğulayıb. Gürcüstanın sabiq lideri müsahibəsində Birləşmiş Ştatlarla keçiriləcək prezident seçkilərində hansı namizədə - Donald Tramp və yaxud Hillari Klintona üstünlük verdiyi barədə sualın cavabından yayınıb. "Mənim hər iki namizədlə dost münasibətlərim mövcuddur. Müasir dünyada isə böyük siyasətdə şəxsi əlaqələr çox vacibdir”, - deyə eks-dövlət başçısı vurğulayıb. Nyu-Yorkda gürcü diasporunun nümayəndələri ilə də görüşən M.Saakaşvili daha bir planını da açılayıb. O, qələbə qazanacağı təqdirdə Kiyevdən Tbilisiyə yeni "daxili işlər naziri” - Xatiya Dekanoidzeni də gətirəcək. Bu şəxs hazırda Ukrayna milli polisinə rəhbərlik edir. "O, öz işinin öhdəsindən əla gəlir. Ukraynada 200 min insanın çalışdığı polis idarəsi yaradıb”, - deyə Saakaşvili xanım Dekanoidzeni belə xarakterizə edib. Gürcüstandakı "məxməri inqilab”ın lideri partiyasının seçkilərdəki qələbəsinə zərrə qədər də şübhə etmədiyini vurğulayıb. Əlavə edib ki, artıq ailəsini və uşaqlarını Gürcüstana yollayıb.
Eks-prezidentin tezliklə Gürcüstana dönəcəyi barədə bəyanatını şərh edən parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili "Kommersant”a açıqlamasında bildirib ki, Saakaşvili yaxşı olardı özünə təcrübəli vəkillər tapardı. Onu ölkədə barəsində qaldırılmış dörd cinayət işi gözləyir.
Beləliklə, Gürcüstan çox mürəkkəb bir seçim qarşısındadır. Əvvəllər də qeyd etdiyimiz kimi, qarşıdan gələn parlament seçkiləri mövcud rejim üçün mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, hakimiyyətdə olduğu müddətdə "Gürcü arzusu” islahatlardan çox, məğlub etdiyi partiya və onun liderlərinə qarşı qisasçılıq siyasəti yeritməsi ilə seçildi. "Vahid Milli Hərəkat”ın demək olar ki, bütün rəhbər şəxslərinə qarşı cinayət işi qaldırıldı, onları həbs edildi. Bu müddət ərzində isə müxalifət partiyasına qarşı nə qədər repressiv addımlar atılsa da, o özünü qorumağa imkan tapdı. Halbuki, seçkidən qabaq vəd edirdi ki, əhaliyə faizsiz kreditlər, bütün sahələr üzrə dotasiya veriləcək və 100 zavod tikiləcək. Sosial sferada 500 lari pensiya, ipoteka kreditlərinin bağışlanması vədləri də reallaşmadı. Əksinə, 40 faizlik devalvasiya, elə bir o qədər də inflyasiya vəziyyəti gərginləşdirdi. Bunlar isə sıravi Gürcüstan vətəndaşını maraqlandıran məsələlərdir. Ən önəmlisi odur ki, ölkədə hələ də Saakaşvilinin qurduğu sxem işləyir. Hökumətin ciddi müdaxiləsi hiss olunmur, çünki bundan yaxşısı hələ ki, mövcud deyil.
Ötən müddət ərzində hakimiyyət xarici siyasət sahəsində ən mühüm nailiyyət kimi Avropa İttifaqı ilə viza rejiminin aradan qaldırılmasını göstərsə də, bu sahədə də irəliləyiş yoxdur. Eləcə də, Rusiya ilə də münasibətlər düzəlmədi və hələ də iki ölkə arasında diplomatik münasibətlər mövcud deyil.
Xatırladaq ki, qonşu ölkənin qanunverici orqanında 150 yer üçün 29 partiya mübarizə aparır. Əsas aparıcı partiyalar "Gürcü arzusu”, "Vahid Milli Hərəkat”, "Paata Burkuladze-Xalq üçün”, "Respublikaçılar” və "Azad demokratlar” partiyaları hesab edilir.
Azər
banner

Oxşar Xəbərlər