AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rüstəm İbrahimbəyov hansı müxalifətçini hakimiyyətə işləməkdə ittiham edib?

Rüstəm İbrahimbəyov hansı müxalifətçini hakimiyyətə işləməkdə ittiham edib?

Siyasət
30 Aprel 2013, 10:22 1465
Reneqatlar toplumunun cəmləşdiyi “Ziyalılar Forumu” və həmin “forum” daxilində formalaşmış “EL” hərəkatı gözlənildiyi kimi Rüstəm İbrahimbəyovun planlarını reallaşdırmadı. Artıq vəziyyət elə bir həddə qədər inkişaf edib ki, dağıdıcı düşərgə “liderləri” də bu qurum daxilində hansısa siyasi uğur əldə edilə bilinməyəcəyi qənaətindədirlər.

Bu baxımdan, R.İbrahimbəyovun “Milli Şura” ideyası da böyük sual altında qalıb. Belə ki, müxalifət “liderləri” əsas kimi reneqatın Rusiya siyasi dairələri ilə əməkdaşlıq etdiyini önə sürərək, onunla əməkdaşlıq etmək fikrində olmadıqlarını bəyan edirlər. Daha bir məsələ də ondadır ki, seçki ərəfəsində dağıdıcı düşərgə “liderlərinin” heç biri öz ambisiyalarını başqalarının xeyrinə geri götürmək istəmir. Bu baxımdan, sözügedən vəziyyətin get-gedə daha da böhranlı mərhələyə keçəcəyini də istisna etmək olmaz.

Lakin məsələ ondadır ki, R.İbrahimbəyov da öz növbəsində ona qarşı ünvanlanmış ittihamlara cavab verərək, “liderlərə” “cavab atəşi” açır. Baş reneqat müxalifətin bu məsələdə "əmma" axtardıqlarını, bu birləşmənin yaxşı heç nə isə vəd etmədiyini anladıqlarını bilincə, təbliğat işlərini gücləndirib. Daha dəqiq desək, o, öz adamlarına Rusiyadan aldığı təlimata əsasən, müxalifət mətbuatında çıxış edib onlara “Milli Şura”nın prezident seçkilərində yeganə qurum kimi çıxış edə biləcəyini başa salmalarını istəyib. İbrahimbəyov məsələnin qəlizləşdiyini, artıq yatanların da oyandığını görüb müxalifət “liderlərini” məzəmmət etməyi də unutmayıb: “Partiya və hərəkat liderləri başa düşməlidirlər ki, onların birləşmək qabiliyyəti cəmiyyətin ciddi islahatlara hazır olduğunu əks etdirir və bu, onların üzərinə tarixi məsuliyyət qoyur”.

Fəqət, yuxarıda qeyd etdiyimiz kimi, ənənəvi müxalifət partiyaları kimi çıxış edən AXCP və Müsavat 2013 seçkilərinin onlar üçün sonuncu şans olduğunu anladıqlarına görə, fərdi iddialarından geri çəkilmək istəmirlər. Yəni Əli Kərimli və İsa Qəmbər "kürsü"lərini əldən vermək fikrində deyillər. Onlar illərlə apardıqları mübarizədən, min əziyyətlə ətraflarına topladıqları adamlardan asanlıqla imtina etmək istəmirlər.

Məhz bu səbəbdən də R.İbrahimbəyovun ittihamları Müsavat və AXCP tərəfindən birmənalı qarşılanmır. Hər iki təşkilat “Milli Şura” ideyasının baş tutmamasını İbrahimbəyovun Azərbaycanda olmaması ilə əlaqələndirməyə çalışsa da, əsl mahiyyətdə görünür ki, onlar R.İbrahimbəyovun Azərbaycana geri dönməməsini bəhanə edərək, şəxsi məqsədlərini gerçəkləşdirmək istəyindədirlər.

Məsələn, Müsavat partiyasının sədr müavini Gülağa Aslanlının açıqlamasından aydın görünür ki, sədr müavini R.İbrahimbəyovun məlum müraciətinə cavabın gecikməsində obyektiv və subyektiv səbəblər axtarmağa çalışsa da, bütün bunlar bəhanədir: ““Milli Şura” ideyasının gecikməsinin bir səbəbi də Rüstəm İbrahimbəyovun ölkəyə gələ bilməmisi ilə bağlıdır".

G.Aslanlı narazılığa səbəb olan məsələni də çox ehtiyatla faş edib: "Rüstəm İbrahimbəyov burada Lalə Şövkət Hacıyevanın və Rəsul Quliyevin partiyalarının da iştirak etməsini arzu edib. Buna baxmayaraq, bu partiyalar başqa bəyanatlar verir. Bütün bu məsələlər müzakirə olunmalı, daha sonra bu barədə konkret danışılmalıdır".

AXCP sədrinin müavini Nürəddin Məmmədli isə “Milli Şura” ideyasının gecikməsi səbəbləri barədə danışarkən qeyd edib ki, müxalifətin daha geniş birliyinin gecikməsinin səbəbi danışıqlarda iştirak edən tərəflər arasındakı fikir ayrılığıdır: “Bir tərəf hesab edir ki, Müsavat və AXCP bir araya gəlsə, müxalifətin geniş birliyi alına bilər. Digər bir tərəf hesab edir ki, son illər müxalifət olmağı şübhə doğurmayan bütün siyasi təşkilatlar, o cümlədən də hüquq müdafiəçiləri, gənclər təşkilatlarının və nüfuzlu şəxslərin iştirakıyla ümumxalq koalisiyası yaradılmalıdır”.

Məhz bütün bunlardan sonra R.İbrahimbəyov da “Milli Şura”nın yaradılmasında bir sıra əngəllərin ortaya çıxdığını etiraf etməyə məcbur olub. Amma baş reneqat Rusiyadan təlimatlar alması barədə məlumatları isə arqumentsiz etirazları ilə rədd edib, bununla da özünü təmizə çıxarmağa çalışıb.

Kinorejissorun müsahibəsində ən çox maraq doğuran məqamlardan biri də onun müxalifət təmsilçilərini hakimiyyətə işləməkdə ittiham etməsi olub. O deyib ki, müxalifət daxilindəki bəzi qüvvələr onun “Milli Şura” yaratmaqda məqsədinin prezident seçkilərində ya özünün, ya da lazım bildiyi namizədin irəli sürməyə çalışdığına dair məlumatlar yayırlar. Kinematoqraf mövcud faktın yalan olduğunu deyib və vəziyyətdən çıxmaq üçün yenidən hakimiyyəti günahlandırıb, müxalifətin fəaliyyətini isə şübhə altına salıb: "Partiyaların daxilində hakimiyyətin tərəfdarları var, böhtanlar da onların əməlləridir”. Bu, heç də sıradan bir açıqlama kimi qələmə verilməməlidir. Bu sözlərlə R.İbrahimbəyov faktiki olaraq bəzi müxalifətçiləri hakimiyyətlə əlbir olmaqda ittiham edib. Bununla da o bir gülləyə iki dovşan vurmağa çalışıb. Həm ideyasına qarşı çıxanlara barmaq silkələyib, həm də faktiki olaraq hazırda danışıqlar apardığı şəxsləri şantaj edib. İndi kimlərsə “Milli Şura ideyasının əleyhinə çıxacaqsa, narazı elektoratda belə bir rəy yaradılacaq ki, müxalifətin daxilində hakimiyyətə işləyən məhz odur. “Milli Şura”nın Azərbaycanın deyil, başqa bir dövlətin maraqlarının təmin edilməsi məqsədilə yaradılmasına etiraz edənlər məhz bu formada qaralanacaq.

Bəs görəsən Rüstəm İbrahimbəyov müxalifətin içində hakimiyyətə işləyənlər deyəndə kimi nəzərdə tutur? Hazırda şuranın yaradılması ilə bağlı danışıqlarda fəal iştirak edən Müsavat başqanı İsa Qəmbərimi, AXCP sədri Əli Kərimlinimi? Onun belə bir cəsarətdə bulunması o qədər də ağlabatan deyil. Onda qalır Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və onlar kimi statusda olanlar.

İstənilən halda, R.İbrahimbəyovun bu iddiası müxalifət daxilində yeni gərgin polemikaların və qarşılıqlı ittihamların baş qaldırmasına əsas verəcək. Çox gözləmək lazım deyil, lap yaxın gələcəkdə bu gərginliyin ilkin elementləri gündəmi zəbt edəcək. Artıq ilk qığılcımlar da görünməkdədir.

Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı artıq R.İbrahimbəyovu dalana sıxışdıran açıqlamalar verib. Müsavat yetkilisi Moskvadan gələn sifarişlərə münasibət bildirərək qeyd edib ki, eksperiment aparmağın yeri deyil: "Təkliflər olur ki, Rüstəm İbrahimbəyovun namizədliyi müxalifətin qələbəsini təmin edə biləcəyi üçün onun müəllifi olduğu “Milli Şura”ya qoşulmaq lazımdır. Bu, qətiyyən mümkün deyil. Çünki, dahi ssenarist olmaq, heç də dahi siyasətçi olmaq anlamına gəlmir. Siyasi mübarizəyə yalnız siyasətçilər qoşula və qalib gələ bilər. Rüstəm müəllimə böyük hörmətim var, ancaq bu meydan onun meydanı deyil. Bu oyunlara son qoyulmasa, Müsavat prezident seçkilərinə təkbaşına qatılmaq qərarını verəcək".

Göründüyü kimi, R.İbrahimbəyov son açıqlamaları ilə qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. O, müxalifətin bir araya gətirilməsi mövzusunda fəaliyyət göstərdiyi görüntüsü yaratmaqla əslində partiyalar arasında onsuz da kövrək olan birlik tellərini daha da incəldib. Bütün bunlar isə növbəti dəfə siyasətin onluq olmadığını əyani şəkildə nümayiş etdirib. Ona görə də nə qədər gec deyil, R.İbrahimbəyov siyasətin daşını atıb kinoya qayıtmalıdır. Onun yeri elə kinodur......

RÖVŞƏN