AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyünün maskası

Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyünün maskası

Siyasət
07 May 2013, 10:47 2179
Son vaxtlar Azərbaycan siyasətində uğur qazanmanın əsas formullarından biri kimi xaricdən dəstək faktoru önə çəkilir. Kim siyasi meydana atılırsa, hansısa xarici dövlət tərəfindən dəstəkləndiyini nümayiş etdirməyə çalışır. Bu mərəz siyasətimizə hələ 1992-ci ildən sirayət edib. O vaxt parlamentin deputatı olan Arif Hacıyev AXC sədri Əbülfəz Elçibəyin prezident postuna gətirilməsinin dünyanın 9 böyük dövləti ilə razılaşdırıldığını fəxrlə bəyan etmişdi. Sonradan xalqın böyük dəstəyi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev bu təsəvvürləri alt-üst etdi. O, hakimiyyətdə uğur qazanmağın yeganə yolunun xalqın dəstəyini qazanmaq olduğunu əyani şəkildə nümayiş etdirdi.

Lakin 1993-cü ildən sonra da Azərbaycanda müxalifətdə olan qüvvələr hər dəfə öz güclərini nümayiş etdirmək üçün xarici güclər tərəfindən dəstəkləndiklərini nümayiş etdirməyə çalışırlar. Bu baxımdan son vaxtlar Azərbaycan siyasətin atılmaq istəyən Eldar Namazov-Rüstəm İbrahimbəyov cütlüyü də istisna deyildir. Onlar da özlərini cəmiyyətə Rusiya tərəfindən dəstəklənən siyasi qüvvələr kimi təqdim etməyə çalışırlar. Amma bu, həqiqətəmmi belədir?

Bu sualın cavabını verməzdən əvvəl bir sıra nüanslara diqqət etmək lazımdır. Şübhə yoxdur ki, Rustəm İbrahimbəyov uzun müddətdir Rusiyada yaşayır. Onun Rusiyanın müəyyən dairələri ilə çoxdan formalaşmış əlaqələri ola bilər. Ola bilsin ki, onun son «vətənpərvər» addımlarında da həmin dairələrin istəklərinin müəyyən rolu var.

Amma bunu ümumilikdə Rusiyanın Rüstəm İbarhimbəyov-Eldar Namazov cütlüyünü dəstəkləməsi qələmə verməyə ehtiyac yoxdur. Çünki Rusiya Azərbaycanla tarixi ənənələrə və tarixi münasibətlərə malik ölkədir. Rusiya şimal qonşumuz olaraq böyük iqtisadi potensiala malikdir. Eyni zamanda Rusiyanın bu bölgədə siyasi təsirlə bərabər, iqtisadi imkanları da böyükdür. Bizim Rusiya ilə münasibətlərimizin əsaslarında bu ölkə ilə imzaladığımız müqavilələr dayanır. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu səviyyədə qorunmaqdadır. Prezident İlham Əliyev bu yaxınlarda Rusiya telekanallarından birinə verdiyi müsahibədə də Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirib və münasibətlərin inkişafında Azərbaycanın maraqlı olduğunu qeyd edibdir. Amma ümumilikdə Rusiya siyasəti yekcins deyildir. Rusiyanın duması, ölkə siyasətində ayrı-ayrı maraqları ifadə edən dairələr var. Bütövlükdə isə dövlət səviyyəsində Rusiyanı prezidenti, baş naziri, hökuməti təmisl edir. Rusiya dövlətinin adında danışmaq səlahiyyəti və hüquq olan dairələrin heç bir Azərbaycanla münasibətlər barəsində xoşagəlməz, gərginliyi özündə əks etdirən fikirlər səsləndirməyiblər. Yəni Azərbaycanla Rusiya arasında dövlətlərarası münasibətlər kifayət qədər sanballı əsaslara söykənir və normal məcrada inkişaf edir. İki qonşu ölkə beynəlxalq təşkilatlarda da yaxından əməkdaşlıq edirlər.

Bu baxımdan guya Eldar Namazov və yaxud Rüstəm İbrahimbəyovun Rusiya tərəfindən dəstəklənməsi haqqında fikirlər həqiqəti əks etdirmir. Bu fikirlərin yayılmasında əslində onların özləri maraqlıdır. Çünki, onlar Rusiyanın adamı olduqlarını hansısa bir formada cəmiyyətə sızdırmaq, bununla da müəyyən mənada Rusiyanın dövləti səviyyəsində müdafiə olunduqlarını cəmiyyətə hansısa bir formada çatdırmaq istəyirlər. Əlbəttə bu, tamamilə yanlışdır. Bu cür təəssürat yaratmaq istəyən dairələrin məqsədi odur ki, özlərinin “qiymətli”, “yararlı” olduqlarını nümayiş etdirsinlər. Sıradan bir insan düşünsün ki, bunlar o qədər böyük gücdürlər ki, böyük dövlətlər tərəfindən müdafiə edilirlər.

Bu taktika bizə tanışdır. Özlərini demokratik qüvvələr kimi qələmə verənlər də vaxtaşırı ABŞ və ya Avropa dövlətləri səviyyəsində müdafiə edildikləri barədə təəssürat yaratmağa çalışırlar. Amma son 20 il ərzində onların konkret olaraq ABŞ və Avropa Birliyindən hansısa ciddi dəstək aldıqları görünməyib. Onların yalnız aldıqları müəyyən maliyyə əsasında həmin dövlətlərin maraqlarını təmin edən siyasi xətt yürütməyə çalışırlar. Başqa sözlə desək, həmin qüvvələrdən müəyyən mənada istifadə olunur. Qərb də, Rusiyada da yaxşı başa düşür ki, Azərbaycan xalqının dəstəyi olmadan heç bir siyasi qüvvənin Azərbaycanda hakimiyyətə gəlmək şansı yoxdur.

Bu mənada Rüstəm İbrahimbəyovu da Rusiyanın siyasi dairələrində kimsə müdafiə edə bilməz. Çünki onun siyasi dairələri hökumət səviyyəsində Azərbaycanla münasibətlərə böyük önəm verir. Rüstəm İbrahimbəyovu isə olsa-olsa Rusiyada hansısa qrupları müdafiə edə bilər. Hansı ki, onların Azərbaycanda müəyyən iqtisadi maraqları ola bilər. Diqqət yetirsək, onun təmsil olunduğu və «Milyarderlr İttifaqı» kimi tanınan təşkilatda da əsasən böyük maliyyə imkanlarına malik iş adamları təmsil olunurlar.

Bundan əlavə, Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyü Rusiyadakı Azərbaycana düşmən mövqedə dayanan, tamamilə ermənilərin maraqlarını müdafiə edən qruplarla da əlaqədə ola bilər. Daha doğrusu, həmin dairələr uzun illərdir Azərbaycanda milli maraqlara qarşı çıxa biləcək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ənəvi mövqeyindən kənara çıxan tərəfdaşlar axtarışında idilər. Görünür, həmin dairələr kinorejissorun və dostlarının timsalında özlərinə yaxşı tərəfdaş tapıblar. Rüstəm İbrahimbəyovun dostu Əkrəm Əylislinin «Daş yuxular» romanı, ardınca özünün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı «beynəlmiləl» açıqlamaları məhz bu dairələrin sifarişi ola bilər.

Ümumilikdə belə nəticəyə gəlmək olar ki, Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyü xalq tərəfindən dəstəklənmədiklərini və heç vaxt dəstəklənməyəcəklərini görüb xaricdən müdafiə olunduqları barədə məlumatları özləri gündəmə gətiriblər. Onlar bu yolla müəyyən adamları özlərinə cəlb etmək və məqsədlərinə nail olmaq istəyirlər.

Amma tarixi təcrübəsi göstərir ki, Azərbaycanda xalqın dəstəyi olmadan hakimiyyətə gəlmək qeyri-mümkündür. Azərbaycan xalqı isə son 20 ildə ancaq bir qüvvəni – Heydər Əliyev ideyalarına sadiq olan indiki hakimiyyəti dəstəkləyir.

Kamran