• cümə, 26 Aprel, 17:59
  • Baku Bakı 23°C

“Rusiyanın təklifi Azərbaycanın maraqlarına cavab vermir”

02.12.16 13:44 1027
“Rusiyanın təklifi Azərbaycanın maraqlarına cavab vermir”
Noyabrın 30-da Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 71-ci iclası keçirilib. Tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnikZakir Həsənov, həmçinin Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi idarələrinin rəhbərləri, MDB İcraiyyə Komitəsi, MDB-nin iştirakçı ölkələrinin Müdafiə Nazirləri Şurası (MNŞ) Katibliyi, MDB-nin Antiterror Mərkəzi və MDB-nin Sərhəd Qoşunları Komandanlığı Şurasının Əlaqələndirmə Xidmətinin nümayəndələri də iştirak ediblər. İclas zamanı müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyət istiqaməti üzrə müxtəlif məsələlər nəzərdən keçirilib. Bununla yanaşı, 2016-cı ilə yekun vurulması və 2017-ci ilin birgə işi, eləcə də MDB MNŞ-nin yaradılmasının 25-ci ildönümü ilə bağlı tədbirin keçirilməsi də müzakirə olunub. İclas çərçivəsində Azərbaycan və Rusiya müdafiə nazirləri arasında ayrıca görüş keçirilib. Görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişafı müzakirə olunub. Nazirlər iki ölkənin müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalayıblar.
Xüsusilə diqqət çəkən məqam burasıdır ki, MDB MNŞ-nin iclası ilə eyni gündə Kremlin nəzarətindəki "Nezavisimaya qazeta”da maraqlı məqalə yayınlanıb. Sözügedən mətbuat orqanı hərbi mənbələrə istinadən yazıb ki, Rusiya-Suriya koalisiyası Serbiya, Çin, Misir və bir sıra MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistan hərbçiləri hesabına tamamlana bilər. Yəni, Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada "sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilərlər. Ehtimal edilir ki, bu mövzuda Sergey Şoyqu ilə Zakir Həsənov arasında müzakirə olunub. "Nezavisimaya qazeta”nın yazdığına görə, Rusiya Müdafiə Nazirliyi hətta Azərbaycana təklif edib ki, Suriyada üsyançılardan azad edilmiş ərazilərdə minaların təmizlənməsində iştirak etsin. Əgər yazılanlar reallığı əks etdirirsə, faktiki olaraq Rusiya işğala məruz qalan Azərbaycana işğalçı Ermənistanla eyni (hərbi) koalisiyada və ya missiyada təmsilçilik təklif edib. Belə olan halda, Azərbaycan bu sülhməramlı missiyada, Rusiyanın Suriya planında yer ala bilərmi?

Mili Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu mövzu barədə qəzetimizə açıqlamasında Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu amilə görə ölkəmiz hər zaman antiterror koalisiyalarında müəyyən dərəcədə iştirak edib. Rusiyanın təklifinə gəlincə isə deyib ki, Azərbaycan bu təklifə bir qədər ehtiyatla yanaşmalıdır: "Azərbaycan MDB üzvü olan digər bir dövlət - Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib, azərbaycanlılara qarşı kütləvi soyqırımı, deportasiya siyasəti həyata keçirib. Bu gün də Ermənistan işğalçılıq siyasətindən əl çəkmir, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin iştirakı ilə keçirilən danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirir. Demək olar ki, hər gün atəşkəsi pozan, mövqelərimizi iriçaplı silahlardan, minaatanlardan atəşə məruz qoyan Ermənistan hərbçiləri müxtəlif vaxtlardan bir sıra təxribatlar törətməklə də məşğul olurlar. Məhz bu kimi səbəblərdən işğal faktoru, müharibə vəziyyəti indi də davam etməkdədir. Üstəlik, Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən də Dağlıq Qarabağda çoxsaylı minalar basdırıblar. Düşünürəm ki, Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlıq etməsi, bu kontekstdə ərazilərimizin işğaldan azad edilməsinə çalışması, həmçinin düşmən tapdağından xilas edilmiş ərazilərimizdə minaların təmizlənməsini həyata keçirməsi daha məqsədəuyğundur. Arzu edərdik ki, Rusiya işğalçı Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa məcbur etsin. Bunun üçün Kremlin əlində geniş imkanlar var. Əvvəla, Rusiya 3 həmsədr dövlətdən biridir, ikincisi isə rəsmi Moskvanın əlində Ermənistana təsir etmək üçün çoxsaylı rıçaq var. Bu baxımdan, indiyə qədər Azərbaycanın MDB məkanındakı hər hansı hərbi koalisiyada iştirak etmədiyini, həmçinin Azərbaycan torpaqlarının MDB üzvü Ermənistan tərəfindən işğal altında saxlanıldığını nəzərə alaraq, Rusiyanın Suriya ilə bağlı koalisiya təklifinin ehtiyatla qarşılanmasının, araşdırılmasının tərəfdarıyam”.

Millət vəkili, politoloq Rasim Musabəyov Rusiyanın təklifinin Azərbaycanın maraqlarına cavab vermədiyini söyləyib. O, "Kaspi”yə açıqlamasında bildirib ki, bu günə qədər antiterror koalisiyasında Azərbaycan yalnız Türkiyə ilə bərabər iştirak edib: "Kosovada, Əfqanıstanda Azərbaycan Türkiyə ilə bərabər sülhməramlı missiyada iştirak edib. İndiki halda düşünmürəm ki, Azərbaycan Rusiya və digər MDB ölkələri ilə birlikdə Suriya koalisiyasında təmsil olunsun. Əgər Rusiyanın belə bir koalisiyaya ehtiyacı varsa, o zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə birlikdə bunu həyata keçirsin. Oradakı müttəfiqlər bu koalisiyaya qoşula da bilərlər, qoşulmaya da. Bundan başqa, Azərbaycan vaxtilə Səudiyyə Ərəbistanı tərəfindən Suriyada yaradılan koalisiyaya da qoşulmayıb. Hesab edirəm ki, Azərbaycan belə sülhməramlı missiyalarda yalnız öz müttəfiqi Türkiyə ilə birlikdə iştirak edə bilər”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, indiki şərtlər altında Suriyaya hərbi birlik göndərilməsi Azərbaycanın maraqlarına cavab vermir: "Birincisi, Azərbaycanın İraq, Kosovo və Əfqanıstandakı sülhməramlıların tərkibində iştirakı ümumi koalisiyanın varlığı ilə əlaqəli idi. Suriyada isə terrorçulara qarşı savaşan beynəlxalq koalisiya yoxdur. İkincisi, Azərbaycanın Ermənistan hərbçiləri ilə eyni koalisiyada iştirak mümkün deyil. Üçüncüsü, Azərbaycanın Rusiyanın rəhbərliyi altında koalisiyada iştirakı rəsmi Bakının tərəf seçməsi anlamına gələcək. Bu baxımdan, Rusiyanın təklifinin Azərbaycanın maraqlarına zidd olduğu qənaətindəyəm”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər