• cümə, 19 Aprel, 05:23
  • Baku Bakı 18°C

Rusiyanın nikbinlikdən çox, narahatlıq yaradan jesti

03.12.16 12:09 1272
Rusiyanın nikbinlikdən çox, narahatlıq yaradan jesti
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkəsinin xarici siyasət konsepsiyasının təsdiq edilməsi haqqında Fərman imzalayıb. Konsepsiyaya Rusiyanın postsovet məkanında münaqişələrin siyasi-diplomatik yolla həllinə tərəfdar olması barədə bənd də daxil edilib. Rusiyanın hüquqi informasiya portalında yerləşdirilən sənəddə qeyd edilib ki, rəsmi Moskva Dağlıq Qarabağ probleminin mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində, ATƏT-in Minsk qrupunun həmsədri olan digər ölkələrlə qarşılıqlı fəaliyyət, habelə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında nəzərdə tutulmuş prinsiplər əsasında həllinə səy göstərir. Bəs, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllini yeni xarici siyasət konsepsiyasına daxil etməsi yaxın gələcəkdə münaqişənin həlli ilə bağlı hər hansı nikbinliyə əsas verirmi?

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Rusiya xarici siyasət konsepsiyasında yer alan müddəaların Azərbaycanın xeyrinə heç bir ümid yaratmadığını dilə gətirib. Millət vəkili deyib ki, Ermənistan Cənubi Qafqazda Rusiyanın yeganə strateji müttəfiqidir: "Yeganə ərazidir ki, Rusiyanı oradan çıxarmayıblar. Faktiki olaraq, Ermənistan Rusiyanın nəzarətindədir, hətta rus ordusu da oradadır. Ermənistanla Rusiyanın vahid birləşmiş ordu yaratması barədə də qərar qəbul edilib, bu istiqamətdə müvafiq sənədlər imzalanıb. Əvvəllər də Rusiyanın ATƏT-in Minsk qrupunda həmsədr dövlət kimi iştirakı sual altında idi. Lakin belə ehtimal edilirdi ki, əgər Ermənistan Rusiyanın dəstəyi ilə ərazilərimizi işğal edibsə, o zaman Moskvanın təsiri ilə də geri çəkilər. Mən isə hələ 1991-ci ildə qeyd etmişdim ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yoxdur. Bu problem ancaq müharibə yolu ilə həll olunmalıdır. Hazırda Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya, Fransa iki ölkəni barışdırmaq, problemi dinc yolla həll etmək missiyasını həyata keçirirlər. Amma Rusiya Ermənistanla birlikdə vahid – birləşmiş ordu yaradırsa, Moskva həmsədrlik haqqını mənəvi baxımdan itirmiş olur. Çünki, Ermənistanla vahid ordu yaradan Rusiya münaqişənin həllində artıq açıq-aşkar tərəfə çevrilir”.

Siyasi şərhçi Şahin Cəfərli də hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllini yeni xarici siyasət konsepsiyasına daxil etməsi faktı ümid yox, narahatlıq yaradır. Onun fikrincə, Azərbaycan ictimaiyyətində Rusiyanın münaqişənin həllində pozitiv rol oynayacağı ilə bağlı hər hansı illüziya yoxdur: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilməsi faktını şişirtmək və ona xüsusi əhəmiyyət verməyi gərəksiz sayıram. Bunun müsbət dəyişikliklərə səbəb olacağına, Rusiyanın nizamlanma prosesindəki rolu və yanaşmasında prinsipial fərq yaranacağına inanmıram. Rusiyanın bu münaqişə ilə bağlı siyasəti və tutduğu mövqe ortadadır. Hazırda Moskva Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirmək siyasəti aparır. Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının rəsmiləşməsi, Azərbaycanın xeyrinə pozulmuş hərbi paritetin bərpası istiqamətində addımlar atılması və Ermənistana müasir silah sistemləri verilməsi buna sübutdur. Aprel döyüşlərində məlum oldu ki, münaqişə tərəfləri arasında güc balansı Azərbaycanın xeyrinə pozulub. Moskva son addımları ilə bunu aradan qaldırmağa çalışır. Bütün bunların nəticəsində son vaxtlar işğalçı ölkənin xeyli arxayınlaşdığını və mövqeyini daha da sərtləşdirdiyini görürük”.

Ş.Cəfərli bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Rusiyanın xarici siyasət prioritetləri sırasında göstərilməsi rəsmi Moskvanın postsovet məkanına böyük önəm verməsinin nəticəsi sayılmalıdır: "Rusiya "yaxın xaric” adlandırdığı bu zonanı öz həyati maraqlarının olduğu bölgə kimi qiymətləndirir. Kreml bu ərazini ölkənin təhlükəsizlik maraqları baxımından kritik əhəmiyyətə sahib bölgə kimi görür və buraya xarici müdaxilələri aqressiv qarşılayır. Bu, o deməkdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dominant rolunu əldən vermək fikrində deyil. Çünki əks təqdirdə, Cənubi Qafqaza ABŞ və Avropanın müdaxilə etməsi üçün əlavə yol açılmış olur. Dağlıq Qarabağ məsələsi məhz bu səbəblə Rusiya üçün prioritetdir. Burada bizim xeyrimizə heç nə yoxdur, əksinə, həll prosesində Rusiyanın inhisarçı rolunun davam etməsi və ümumən regionda Moskvanın dayaqlarının möhkəmlənməsi Azərbaycanın maraqlarına ziddir”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu isə qəzetimizə açıqlamasında deyib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllini yeni xarici siyasət konsepsiyasına daxil etməsi müəyyən nikbinlik yaradır: "Bu konsepsiyada ümumi anlayış Dağlıq Qarabağ münaqişəsinin həllinə şərait yaradır. Konsepsiyanın ümumi fəlsəfəsində ABŞ, BMT, NATO-nun tənqidi var. Konkret Dağlıq Qarabağ münaqişəsinə yanaşmaya gəlincə, orada iki tezis var. Birincisi siyasi-diplomatik həll yoludur. Rusiyanın siyasi-diplomatik həll yolu termini dinc tənzimləmə terminindən fərqlənir. Dinc tənzimləmə terminini ATƏT-in Minsk qrupu işlədir. Bunlar tamamilə fərqlidir. Dinc tənzimləmədə yalnız danışıqlar aparılır, amma siyasi diplomatik tənzimləmədə isə müəyyən həvəsləndirmələrə, təzyiqlərə, təsirlərə icazə verilir. Yəni, danışıqlar prosesində kim konstruktiv mövqe nümayiş etdirirsə, Rusiya ona müəyyən yaxşılıqlar etməlidir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün daha fundamental məsələ baza prinsipləridir. Orada da göstərilib ki, münaqişə 2009 və 2013-cü ildə həmsədr dövlətlərin prezidentlərinin qəbul etdiyi sənədlər, bəyanatlar əsasında tənzimlənməlidir. 2009 və 2013-cü il sənədləri isə yenilənmiş Madrid prinsipləridir. Serj Sarkisyan isə Rusiya informasiya agentliyinə müsahibəsində 2007-ci ilin sənədindən söhbət açır. Bu, Madrid prinsipləridir. Deməli, Rusiya konsepsiyasında 2007 və 2008-ci illərdə qəbul edilən sənədləri rədd edir, yalnız 2009-cu ildə İtaliyada imzalanan yenilənmiş Madrid prinsiplərini əsas götürür. Orada isə birinci maddə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasıdır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər