• cümə, 29 Mart, 17:22
  • Baku Bakı 14°C

Rusiyanı gözləyən təlatümlər

15.01.21 18:15 926
Rusiyanı gözləyən təlatümlər
Kremlin iqtisadi imkanlarının zəifləyəcəyi proqnoz edilir
2020-ci il dünya iqtisadiyyatı üçün son 100 ilin, bəlkə də ən ağır sınağı oldu. Koronavirus pandemiyası qlobal ümumdaxili məhsulu çökdürdü, daşınma halqasını dağıtdı, milyonlarla insanı gəlirsiz və işsiz qoydu. Şimal qonşumuz Rusiya Avropanın bir çox ölkələri ilə müqayisədə koronavuris pandemiyasının öhdəsindən uğurla gəlsə də, problemləri xeyli artmış oldu - rublun kəskin enişi baş verdi, işsizlik artdı, ölkənin ən iri ixrac məhsulu olan neftin qiymətində kəskin azalma müşahidə olundu. Bu il üçün proqnozlara görə, iqtisadiyyatın böhrandan əvvəlki dövrə qayıdacağı da tam aydın deyil. Ən ciddi təhlükə rublu gözləyir. İnsanlar əmanətləri hansı formada saxlamaxın yollarını axtarır. İnsanları hazırda düşündürən suallar çoxdur. Aydın olan bir məsələ var. Artıq rus insanını əvvəlki kimi velikorus düşüncəsi ilə idarə etmək çətinləşir. İnsanlar yaxşı yaşamaq, daha çox gəlirə sahib olmaq istəyirlər. Onlar hər il ciblərindən, işğal altında olan və tanınmamış qurumların saxlanılmasına vəsait yönləndirilməsini istəmirlər. Bütün bunlarla yanaşı, bu və digər səbəblərdən Rusiyanın bu il ciddi sınaqlar qarşısında qalacağı şübhəsizdir. Co Baydenin ABŞ prezidenti seçilməsilə Vaşinqton-Moskva münasibətlərində köklü də olmasa, ciddi dəyişikliklər baş verəcək. Ən əsası odur ki, indiki prezident Donald Trampın "qarışmamaq” siyasətini müşahidə etməyəcəyik. Bundan əlavə, postsovet məkanında da artıq Rusiyaya münasibət əvvəlki tək deyil. Rusiyanın ən yaxın müttəfiqi Belarusda ötən il ilk dəfə olaraq irimiqyaslı etiraz aksiyaları start götürdü. Prezident Aleksandr Lukaşenkonun mövqeləri kəskin şəkildə itmək üzrədir. Beləliklə, Rusiyanı gözləyən fəlakətlərə nəzərə salaq.

İqtisadi bərpa 1 ildən çox çəkəcək

İqtisadi sahədə qeyd etdiyimiz kimi, ciddi sıxıntılar yaşanacaq. Bunu Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın ilin ilk günlərində keçirdiyi mətbuat konfransında da təsdiqləyib. "Bərpa, təxminən bir il yarımdan çox vaxt aparacaq ki, bu da qiymət dinamikasına məhdudlaşdırıcı təsir göstərəcək”, – deyə E. Nabiullina bildirib. Xatırladaq ki, Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 4,5%-dən 4,25%-ə endirib. Bu, uçot dərəcəsinin 2013-cü ilin sentyabr ayının 13-dən bəri (Rusiya Mərkəzi Bankı məhz bu tarixdə pul siyasətinin əsas göstəricisi olaraq uçot dərəcəsinin tətbiqinə başlayıb) ən aşağı səviyyəsidir. Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, cari ilin ilk yarısında ölkədə ÜDM istehsalı illik ifadədə 4,2% azalıb. İlin sonunadək Rusiya iqtisadiyyatın 4,8% azalacağı gözlənilir. Rusiya Bankının proqnoza görə, ölkədə illik inflyasiya 2020-ci ildə 3,7-4,2%, 2021-ci ildə 3,5-4% olacaq və gələcəkdə 4%-ə yaxın qalacaq. ÜDM 2020-ci ildə 4,5-5,5% azalıbsa, 2021-ci ildə 3,5-4,5%, 2022-ci ildə isə 2,5-3,5% artacaq.

"Qazprom” ciddi itkilərlə üzləşəcək

Rusiya büdcəsinin formalaşmasında əvəzsiz rol oynayan qaz nəhəngi - "Qazprom”un ötən ildən ciddi problemləri üzə çıxıb. Bu il də problemlərin davam edəcəyi proqnoz edilir. Belə ki, qaz nəhəngi artıq qaz nəqlində irimiqyaslı problemlərlə üzləşib. Bəlli olub ki, Rusiyanın ən iri qaz yatağı Çayandiskdə "Sibirin gücü” qaz xəttinin doldurulması üçün qaz kifayət qədər deyil. Rusiya və Çin arasında 30 illik qaz nəqli barədə saziş də təhlükə altındadır. "Qazprom” təqribən 1,5 trln. rubl itirmək təhlükəsi altındadır. Rusiyanın böyük ümid bəslədiyi "Şimal Axını-2” də ciddi problemlərlə üzləşir. Layihəyə ən ciddi zərbəni Birləşmiş Ştatlar vurub. ABŞ Dövlət Departamenti Rusiyaya "Şimal Axını-2” layihəsinin inşasında yardım edən avropalı şirkətlərə qarşı sanksiya tətbiq edəcəyi ilə hədələyib. "Röyters” öz mənbələrinə istinadən yazır ki, agentliyin həmsöhbəti,onlara atdıqları addımın riski barədə xəbərdarlıq edildiyini bildirib. Amerika hakimiyyət orqanları hesab edirlər ki, "Şimal Axını-2” heç bir halda reallaşmayacaq. Amerika hökumətindəki yüksək rütbəli nümayəndə DPA agentliyinə bildirib ki, boru xətti heç bir zaman Rusiya qazını nəql edə bilməyəcək. Kəmərin ötən ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulurdu. Lakin ABŞ sanksiyaları buna mane oldu. Məhdudiyyətlər səbəbindən İsveçrənin "Allseas” şirkəti konsorsiumdan çıxdı. Bu səbəbdən də Rusiya ayrı bir şirkət axtarışına çıxdı. Obyektin işə düşməsi də qeyri-müəyyən vaxta kimi təxirə düşdü.

Qonşuları Rusiyanı sınağa çəkir

Rusiya üçün 2020-ci il keçmiş Sovet İttifaqı boyunca geosiyasi problemlər ili olub. Onun ən yaxın müttəfiqi olan Belarusda xalq Moskva tərəfindən dəstəklənən liderə qarşı çıxır. Kremldə Aleksandr Lukaşenkoya qarşı səbrin tükəndiyini göstərən əlamətlər nəzərə çarpsa da, ona müvəqqəti dəstək barədə Moskvanın qərarı Belarusda anti-Rusiya əhval-ruhiyyəsinə zəmin yaradıb. Oktyabr ayında Qırğızıstanda baş verən inqilab Rusiya üçün sürpriz hadisə idi. Keçən ay isə Kreml Moldovadakı prezident seçkilərində uduzan namizədi dəstəkləyib. Qərbpərəst siyasətçi Mayya Sandu, Moskvaya yaxın olan hazırkı prezident İqor Dodonu məğlub etdi. Amma Moldovanın misalı göstərir ki, uğursuzluqlara baxmayaraq, Rusiya hələ də bəzi qonşuları üzərində təsir etmək imkanlarına malikdir. Rusiyanın Moldovada qoşunları var. Daha doğrusu, bu hərbi qüvvə Moldovadan qoparaq öz müstəqilliyini elan etmiş ərazi - Dnestryanıda yerləşir. Buradakı Rusiya əsgərləri rəsmi olaraq sülhməramlılardır. Ancaq Moldova rəhbərliyi Moskvanın nüfuz dairəsindən uzaqlaşmağa çalışsa, bu, Kremlin əlində siyasi təsir vasitəsi ola bilər. "Məqsədimiz Aİ-yə yaxınlaşmaq və ümid edirəm ki, bir gün Avropa İttifaqına üzv olmaqdır,” - yeni seçilən prezident deyir. "Bəs Rusiya buna yol verəcəkmi, Rusiya Moldovanın Aİ-yə üzv olmasına icazə verəcəkmi?” suallarına "Bu, bizim seçimimizdir. Əslində, hansı inkişaf modelini seçmək istəyi ölkəmizin suveren qərarıdır” – kimi cavablandırır. "Ancaq Rusiyanın ölkənizdə 1500 nəfərlik hərbi qüvvəsi var” sualına isə "düzdür, amma biz qoşunların çıxarılmasını tələb edirik və tələb etməyə davam edəcəyik” - Sandu cavablayır.

Kiyev və Kişinyov Moskvaya qarşı birləşir
Yeri gəlmişkən, Moldova prezidenti Kiyevə səfər edib və böyük coşğu ilə qarşılanıb. Belə qarşılanmanın səbəb də var. Sandu Krımı Ukrayna torpağı hesab edir. Ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlarda əsas mövzu Dnestryanı münaqişə olub. Liderlər bu məsələ ilə bağlı birgə məşğul olmaq istədiklərini bildiriblər. Bu məqsədlə Prezident Şurası da yaradılıb. Bu görüşdən əvvəl Ukrayna xarici işlər naziri Dmitri Kuleba Dnestryanı bölgənin Moldova dövlətinin tərkibinə daxil edilməsini və rus qoşunlarının çıxarılmasını bildirib. Sandu səfər ərəfəsində bildirib ki, Rusiyaya da səfər etmək niyyətindədir. Lakin əvvəlcə Kiyev və Brüsselə səfər edəcək. Dnestryanı münaqişəni prezidentlik müddətində həll edəcəyinə söz verən Sandu bildirib ki, bu münaqişə Dnestrin hər iki tərəfindəki siyasətçilər üçün illər uzunu gəlir yeri olub. Ukraynalı politoloq Ruslan Bortnik hesab edir ki, Kiyev Dnestryanı münaqişədən Rusiyaya təzyiq vasitəsi kimi istifadə etməyə çalışır: "Burada Dağlıq Qarabağ ssenarisi mümkün deyil. Lakin Sandu Moldova şərtləri ilə inteqrasiyanı qarşıya məqsəd qoyur”. Tərəflər arasında əldə olunan razılaşmada mühüm məqam nəqliyyat dəhlizinin yaradılması olub. Prezidentlər Kiyev və Kişinyovu birləşdirəcək müasir magistralın inşası barədə ambioz plandan bəhs ediblər. Moldova liderinin sözlərinə görə, bu trass ən qısa yolla Ukraynanın mərkəzini Mərkəzi Avropa ölkələri ilə birləşdirə bilər.

"Bu ölkələri buraxın!”

"Rusiyanın öz periferiyasını təsir dairəsində saxlamağa yönəltdiyi resurslar və onun Avropadakı əsas bazarlarda maneəsiz ticarət, təhlükəsizlik və investisiyalardan əldə edə biləcək mənfəəti hesablasaydınız, əmələ gələn tənlik, yəqin ki, "ətrafdakı ölkələri buraxın!” deyərdi” - Moskvadakı "Karnegi” Fondunun baş elmi mütəxəssisi Aleksandr Qabuev deyir. "Ancaq Kremlin buna qarşı emosional bağlılığı var. Kremlin situasiya otağındahər ağacın arxasında Qərb casusları, hər tərəfdə hədə görən, sabiq əks-kəşfiyyat insanları üstünlük təşkil edir. Belə ki, onlar bu ölkələri təhlükəsizlik qurşağı kimi qəbul edirlər”. Son nəticədə, Rusiyanın sabiq sovet məkanına təsir etmək qabiliyyətini məhdudlaşdıran yeni reallıqlar mövcuddur. Buraya Çin, Türkiyə, Amerika və Aİ kimi yeni regional oyunçuların sayının artmasını və Moskvanın hazırkı sabiq imperiya statusunu aid etmək olar. "Rusiya cəmiyyətinin əhəmiyyətli bir hissəsi hələ də bir növ imperiya yaratmaq ideyasına sadiqdir” – deyə ekspert Konstantin von Eggert deyir. Əlavə edir ki, Rusiya bununla çox qısa bir zamanda vidalaşmalı olacaq: "Tarixi baxımından yanaşsaq, Rusiyanın özü imperiyadan milli dövlətə keçid mərhələsini yaşayır və bu, qaçılmaz prosesdir”.
Son olaraq onu da qeyd etmək olar ki, Rusiyanın tək ABŞ-la deyil, Çinlə də münasibətlərində soyuqluq yaşana bilər. Məsələ ondadır ki, ABŞ hakimiyyətində olan ikibaşlılıq ortadan qalxacaqsa, Çinin ABŞ-la dil tapması da sürətlənəcək. Çünki ABŞ pandemiyaya görə Çinə qarşı böyük miqyaslı təzminat iddiaları irəli sürməyə hazırlaşır. Ehtimal var ki, çoxsaylı dünya ölkələri də bu prosesə qoşulacaq. Hazırda Çində ciddi narahatlıq və təşviş var. Bununla bağlı ABŞ rəhbərliyi ilə Çin rəsmiləri arasında danışıqlar aparılır. ABŞ dərin dövlətində ikibaşlılıq aradan qalxan kimi, bu istiqamətdə proseslər də sürətlənəcək. Çin məsələsi həll edildiyi halda, Rusiya təklənəcək. Strateji qarşıdurmada isə gec-tez strateji gücü və hazırlığı yüksək olan tərəf qalib gəlir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər