• cümə, 29 Mart, 04:56
  • Baku Bakı 7°C

Rusiyalı ekspertlər Ermənistanın Münxen fiaskosundan yazırlar

18.02.20 17:48 1871
Rusiyalı ekspertlər Ermənistanın Münxen fiaskosundan yazırlar
Sergey Markov: "Paşinyan həmin dəqiqələrdə aciz və yazıq adam təsiri bağışlayırdı

Sözsüz ki, təhlükəsizlik üzrə Münxen konfransının ən parlaq epizodlarından biri iki ölkə lideri – İlham Əliyev və Nikol Paşinyanın debatı idi. Rusiyanın "Moskva-Baku” portalı yazır ki, Paşinyanın məğlubiyyəti faktını Yerevanda da əksər müşahidəçilər etiraf ediblər. Hətta onlar vurğulayıblar ki, İlham Əliyev daha inamlı təsir bağışlayırdı, diskussiyanın aparıldığı ingilis dilində öz fikirlərini daha sərbəst şəkildə ifadə edirdi. Paşinyanın isə söz ehtiyatının olmaması göz önündə idi. Nəinki Bakıdakı şərhçilər, eləcə də yerevandakılar da etiraf ediblər ki, İlham Əliyev öz arqumentasiyasını daha ardıcıl qurmağa müvəffəq olub. Bütün çıxışlarında mövcud hüquqi sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edirdi. Bu sənədlər də Ermənistanın qeyd-şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxarılmasını, ev-eşiklərindən qovulan insanların ata-baba yurdlarına qayırmasını tələb edir. İ.Əliyev münaqişənin tarixi ilə bağlı auditoriyanı məlumatlandıraraq xatırladıb ki, ermənilərin Qarabağın Azərbaycandan ayırmaları üçün heç bir hüquqi əsasları yoxdur. Prezident debat zamanı faciəvi bir insidenti də xatırladıb ki, cəbhə bölgəsində ermənilərin atdıqları atəş nəticəsində azərbaycanlı hərbçi şəhid olub.


Rusiyanın Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin hesab edir ki, "Paşinyanın mübahisə aparmağa hazır olmadığı göz önündə idi. Əvvəldən buna ciddi əhəmiyyət vermədiyi qənaətini özündə formalaşdırmışdı. Nəticədə erməni baş nazir həqiqətən də Əliyevdən zəif duruma düşdü. Mən ümumiyyətlə Nikol Paşinyana belə diskussiyaları rusca aparmağı məsləhət verərdim. Bu, onun siyasi orientasiyasını müəyyən edə bilərdi. Lakin təəssüf ki, hazırda o çox güclü şəkildə Qərbə doğru istiqamət götürüb. Anlamır ki, bir sıra hallarda bu, yersiz alınır. Münxendəki debatlarda Paşinyan daha çox Qərb auditoriyasına istiqamətlənmişdi və nəticədə də, girova çevrildi”, - deyə ekspert "Moskva-Baku” portalına müsahibəsində bildirib. Onun qənaətincə, Paşinyan Qərb və Minsk qrupu həmsədrlərinə daha çox ümid bəsləyir. "O, əvvəlki tək ümid edir ki, onlar Yerevana işləyəcəklər. Yəni, əgər Ermənistanda "məxməri inqilab” baş veribsə və hakimiyyətdə qərbpərəst siyasətçilər yerləşibsə, onda onlar ona dəstək verəcəklər. Paşinyan başa düşmür ki, qərb diplomatları, Brüsseldəki məmurlar Qarabağ münaqişəsinin hesabına yaşayırlar, Münxen konfransı kimi tədbirlərə gedirlər. Nəticədə, onlar münaqişənin həllində deyil, onun konservasiyasında maraqlıdırlar”, - deyə Lepexin urğulayıb. Ekspert Paşinyanın uğursuzluğunun ikinci səbəbini onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ümumi zəifliyini göstərib. "Onun Qarabağ üzrə xətti hələ də işlənməyib, sabit deyil. Digər tərəfdən, Paşinyan bu ərazinin idarəçiliyini təmin etmək istəyir. Bununla belə, Qarabağ klanının liderlərinin mövqeyindən asılıdır. Bütün bunların da fonunda Qərbə xoş gəlməyə çalışır. Arqumentlərinin sabit olmaması Əliyevlə də danışıqlarda hiss olunurdu. Paşinyandan fərqli olaraq, onun aydın xətti var”, -deyə Lepexin bildirib. Onun sözlərinə görə, Paşinyanın mövqeyi tam olsaydı, o, Əliyevlə konstruktiv məcrada danışıqlar apara bilərdi. "Lakin görünür, bunlar baş vermir”, -deyə fikrini tamamlayıb.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da hesab edir ki, Paşinyan diskussiyanı ingiliscə deyil, rusca, ya da ermənicə aparmalı idi. "Hər halda bu, onun dağınıq ingiliscəsindən yaxşı olardı. Belə baxanda Paşinyan uğurlu meydan siyasətçisi hesab edilir. Lakin bu meydançada gah çaşır, gah dili topuq vururdu. İlham Əliyev isə diplomat kimi debata yaxşı hazırlanmışdı, onun çıxışı gözəl təsir bağışlayırdı. Paşinyandan fərqli olaraq, onun ingiliscəsi möhtəşəm idi”, - deyə ekspert bildirib. Bundan əlavə, Əliyev iki dəfə öz opponentinin faktları bilmədiyini müəyyən etdi. "Söhbət Paşinyanın Şaumyan rayonu barədə dediklərindən gedir. Bəlli olduğu kimi, bu rayon heç vaxt Qarabağa aid olmayıb. İkincisi, Paşinyan bildirib ki, Stalin Qarabağı Bakının nəzarəti altına verib. Bu zaman bolşeviklərin Qafqaz bürosuna istinad edirdi. Əslində həmin qətnamələrdə söhbət Qarabağın Azərbaycana "verilməsi”ndən” deyil, onun Azərbaycanın tərkibində "qalmasından” gedir. Yəni, həmin ərazi bolşeviklərə qədər də Bakının nəzarəti altında idi”, - deyə S.Markov bildirib. Onun qənaətincə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Əliyev xal hesabı ilə onu darmadağın edib. "Belə qənaətə sosial şəbəkə istifadəçiləri də gəliblər. Azərbaycanda əhval-ruhiyyə yüksəkdir, Ermənistanda isə Paşinyanın hərəkətləri tənqid obyektinə çevrilib”, - deyən Markov əlavə edib ki, Azərbaycan prezidenti ilk növbədə öz arqumentləri hesabına qələbə qazanıb. "Paşinyan ümid edirdi ki, Münxendə qərbyönümlü siyasətçi kimi auditoriya onu dəstəkləyəcək. Ona görə bu debata razılıq vermişdi. İlham Əliyev isə debatlara ona görə razılıq verdi ki, həqiqətin onun tərəfində olduğuna inamlıdır. Əliyevə fundamental həqiqət kömək göstərdi. Auditoriyaya xatırlatdı ki, Dağlıq Qarabağ Azərbaycandan hansısa bir referendumun nəticəsində - səsvermə ilə ayrılmayıb. Sadəcə, işğal olunub, özü də qarabağlılar tərəfindən deyil, Ermənistandan gələn yaraqlıların köməyi ilə”, - deyə Markov bildirib. Ekspert qeyd edib ki, debatlar zamanı Paşinyan qədim tarix barədə danışarkən gülməli təsir bağışlayırdı: "O, Böyük Tiqran barədə danışanda zalda hamı gülməyə başladı”. Əlavə edib ki, "Paşinyan həmin dəqiqələrdə aciz və yazıq adam təsiri bağışlayırdı. Özü də tarixçilər yaxşı bilir ki, tarixi Ermənistan indiki ərazisindən çox-çox uzaqlarda yerləşib”.

"Münxen Təhlükəsizlik Konfransı dünya tarixinə ABŞ-ın Çinə "soyuq müharibə” elan etməsi ilə yadda qalsa da, Azərbaycan və Ermənistan xalqlarının, o cümlədən hakimiyyətlərinin yaddaşında sözügedən konfrans İlham Əliyev və Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrlə qalacaq”. Bunuisə rusiyalı tanınmış tarixçi və professor Oleq Kuznetsov deyib. O bildirib ki, diskussiyanın videoyazısına əvvəldən-axıra kimi iki dəfə baxandan sonra onda iki qəti təəssürat yaranıb: "Birincisi, təşkilatçılar diskussiyanı əvvəldən seçilmiş auditoriyanın iştirakı ilə tok-şou formatında keçirdilər. Tok-şou formatına adətən panel müzakirələrində rast gəlinir”.
Politoloq müharibə şəraitində olan iki dövlət başçısının görüşünün ilk dəfə belə bir şəraitdə keçirilməsinin önəmli məqam olduğunu deyib: "İlham Əliyev və Nikol Paşinyan təşkilatçılar tərəfindən bilərəkdən üz-üzə otuzdurulmuşdular, aralarında isə "hakim” yer almışdı. Diskussiya barədə uzun danışmağa ehtiyac yoxdur, onu cəmi iki sözlə xarakterizə etmək olar – "uşağı döymək”.
Rusiyalı tarixçi həmçinin əlavə etdi ki, bu debatda İlham Əliyevin qələbə çalacağı əvvəlcədən bəlli idi. Çünki o, hər bir göstəriciyə - istər ingilis dili biliyi, ümumi erudisiyası, istərsə də özünü aparmaq qabiliyyəti və özünü auditoriyaya təqdim etmək bacarığına görə opponentini üstələyirdi: "Paşinyanın intellektual mövqeyinin zəif cəhəti ondan ibarət idi ki, o, tutarlı arqumentlərə deyil, Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulmuş və beynəlxalq normalara zidd ideoloji stereotiplərin və təbliğat doqmalarının kompleksinə əsaslanırdı. Lakin bu, prezident Əliyevi heç narahat etmirdi, çünki o, rəqibinin bacarıqsızlığını dərhal anlamışdı və onu məntiqi arqumentlərlə çıxılmaz vəziyyətə salırdı. Şübhəsiz, "Əliyev və Paşinyan” intellektual duelində birmənalı qalib, hətta texniki nokautla qələbə qazanan Azərbaycan prezidenti oldu”, - deyə Kuznestov bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər