• cümə, 29 Mart, 00:01
  • Baku Bakı 7°C

“Rusiyadakı azərbaycanlıların taleyindən narahatıq”

05.11.13 11:56 1224
“Rusiyadakı azərbaycanlıların taleyindən narahatıq”
“Rusiyada baş verən son proseslərlə bağlı orada yaşayan azərbaycanlıların taleyindən narahatıq”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti, o cümlədən Rusiyadakı səfirliyimiz bu proseslərin nizama salınması üçün öz təkliflərini, tövsiyələrini və problemin həllini necə gördüyünü dəfələrlə açıqlayıb. Şöbə müdiri vurğulayıb ki, hazırda Rusiya hökuməti məsələnin həlli ilə məşğuldur: “Rusiyada bu proseslərin bir qismi kortəbii şəkildə meydana çıxır. Proseslərdə müəyyən milliyyətçi qüvvələrin və üçüncü maraqlı tərəflərin iştirakı, hadisələrin arxasında onların kölgəsi də görünür. Rusiya əlbəttə ki, bu proseslərin, xüsusən qeyri-ruslara qarşı müxtəlif formalarda təzahür edən çıxışların onun beynəlxalq nüfuzuna nə qədər zərbə vurduğunun, nə qədər mənfi çalarlar gətirdiyinin fərqindədir. Eyni zamanda görünən də odur ki, Rusiya hakimiyyəti prosesləri idarə etməyə çalışır, bu sahədə müəyyən tədbirlər görülür. Bu tədbirlərin effekti də müşahidə olunmaqdadır. Amma müəyyən dairələr tərəfindən illərlə formalaşmış bu tipli qızışdırılmış hadisələri qısa müddətdə dayandırmaq, nəzarət altına almaq və tamamilə idarə etmək də mümkün deyil. Hər halda Rusiyada baş verənlərdən narahatıq, Rusiya hökumətinin bu proseslərlə bağlı gördüyü tədbirləri diqqətlə izləyirik. Düşünürük ki, bu addımlar tezliklə effekt verəcək”.
PA rəsmisi bu hadisələrdən Azərbaycanın Gömrük İttifaqına daxil olması üçün Rusiyanın rəsmi Bakıya təzyiq vasitəsi kimi istifadə etməsi barədə bəzi dairələrin iddialarına da cavab verib. Ə. Həsənov deyib ki, mütəxəssislər, tədqiqatçılar bu məsələləri hərə öz nöqteyi-nəzərindən yozmağa çalışır: “Düşünmürəm ki, Rusiya Azərbaycana qarşı belə qeyri-populyar, təhlükəli, beynəlxalq aləmdə ciddi formada mənfi qarşılanan təzyiq və təsir vasitələrindən istifadə etsin. Bu, belə deyil. Rusiya hökumətinin Azərbaycana təzyiq etməyə əsası da yoxdur. Yaradılan ittifaqlar da, irəli sürülən təşəbbüslər də, MDB çərçivəsində həyata keçirilən inteqrasiya prosesləri də könüllülük əsasında aparılır. Hər biz üzv dövlət ora qoşulmanın müsbət və mənfi tərəflərini dəyərləndirir, buna müvafiq də qərar verir. Hər bir üzv dövlətin bu prosesdə iştirakının ali məqsədi öz milli maraqlarını, milli mənafelərini təmsil etməkdən ibarətdir. Ona görə də düşünürəm ki, bu proseslərdə ayıq yanaşma daha çox mühüm rol oynayır. Azərbaycan və Rusiya da bu məsələyə daha ayıq başla yanaşır. Bəzi tədqiqatçıların, bu və ya digər qüvvələrin bu hadisələrin Azərbaycana qarşı təzyiq vasitəsi kimi xarakterizə etmək cəhdlərinin də müəyyən əsası var. Rusiyada bəzi dairələr - rəsmi dairələrdən söhbət getmir - bu proseslərdən anti-Azərbaycan məqsədilə istifadə etməyə, Rusiya ilə Azərbaycan, rus xalqı ilə Azərbaycan xalqı arasında illərdən bəri formalaşmış, sınaqdan çıxmış birgə maraqlar və dostluq münasibətlərini pozmağa çalışır”.
banner

Oxşar Xəbərlər