• cümə axşamı, 25 aprel, 03:34
  • Baku Bakı 19°C

Rusiya-Ukrayna savaşı İran-İraq müharibəsinə çevrilir? - TƏHLİL

06.06.22 09:24 1693
Rusiya-Ukrayna savaşı İran-İraq müharibəsinə çevrilir? - TƏHLİL

“Müharibə uzun müddət davam edə bilər. Hətta illərlə. Rusiya və Ukrayna orduları bir-birini əldən salmaqda davam edərlər. Zaman-zaman tərəflər bir-birinə üstün gələr. Tərəflərdən heç biri geri addım atmaq istəməz. Ukrayna Qərb ölkələrinin yardımına, Rusiya isə Çinin dəstəyinə arxalanaraq aktiv hərbi əməliyyatları davam etdirə bilərlər”. - Rusiya ilə Ukrayna arasında müharibədən bəhs edən Qərb politoloqlarının çoxsaylı proqnozlarından biri belə səslənir.

Bu qayda ilə aparılan müharibələr tarixdə yetərincədir. Amma bizə yaxın olanı İran-İraq müharibəsidir. İran İslam İnqilabından bir il keçməmiş - 1980-ci ildə İraqın İrana hücumu ilə başlayan bu müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkiləri ilə nəticələnmiş, tarixə ən uzun müddətli müharibələrdən biri kimi düşmüşdü. 8 ilik müharibə zamanı Amerika Birləşmiş Ştatları, SSRİ, Fransa, Böyük Britaniya, Almaniya növbə ilə gah İrana, gah da Səddam Hüseynin başında durduğu İraqa hərbi sursat və silah yardımı edir, müharibənin qarşısını almağa deyil, uzanmasına təşəbbüs göstərirdilər.

Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdır. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır.

1988-ci ilin iyulunda BMT-nin vasitəçiliyi ilə Cenevrədə İran-İraq danışıqları başlanır. O zaman İran İslam Respublikasının prezidenti olmuş Ayətullah Xomeyni BMT TŞ-nin 1987-ci il 598 saylı qətnaməsinin tələblərini qəbul edir. Beləliklə iki qonşu dövlət arasında kənar qüvvələrin fəal müdaxiləsi nəticəsində başlayan və 8 il davam edən müharibəni bitirmək mümkün oldu.

İran-İraq müharibəsi qarşıduran tərəflərin hər biri üçün ağır nətcələrə səbəb oldu. Təkcə İran tərəfinin ölü olaraq itirdiyi insanların sayı 600 min nəfərdən çox idi. Hər iki tərəfdən 1 milyon nəfərdən çox insan tələf olmuşdu. 40 mindən çox hərbçi əsir düşmüşdü. Müharibənin hər iki tərəfə vurduğu zərərin ümumi miqdarının 350 milyard ABŞ dolları həcmində olduğu hesab edilir. Amma İran tərəfinin qazandığı itirdiyindən daha çox idi. 8 illlik müharibədən istifadə edərək İslam İnqilabı ölkədə tam qələbə çalıb möhkəmləndi, yeni dövlət institutları yaradıldı, müxalif qüvvələr aradan götürüldü, nizami ordu, hərbi sənaye, ağır metallurgiya müəssisələri quruldu və inkişaf etdirildi.

Səddam rejimi isə bu müharibədən sonra bir daha öz vəziyyətini əvvəlki qaydaya gətirə bilmədi. Küveytə hücum və sonradan ABŞ və koalisiya qüvvələrinin İraqa müdaxiləsi məhz İran-İraq müharibəsinin acı nəticələri ilə bağlı idi.

Rusiya-Ukrayna müharibəsinin birmənalı olaraq İran-İraq müharibəsinin senarisi ilə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amma eyni taktikanın burada da tətbiq edildiyini zaman-zaman müşahidə edirik.

Rusiya və Ukraynanı 8-10 illik müharibədən sonra İranla-İraqın vəziyyətinə düşə bilməsi fikri belə çox qorxuludur.

Politoloq Əlimusa İbrahimov

banner

Oxşar Xəbərlər