AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiya separatçı “DQR”in müstəqilliyini tanımamalıdır

Rusiya separatçı “DQR”in müstəqilliyini tanımamalıdır

Siyasət
22 Fevral 2013, 10:17 1637
“Dağlıq Qarabağın müstəqilliyinin birtərəfli qaydada tanınması nə Ermənistan, nə də Rusiya üçün ağıllı addım ola bilməz. Bu addım Azərbaycanı münaqişəni gərginləşdirməyə doğru addımlar atmağa sövq edər”. Bu barədə Rusiyanın nüfuzlu «Pravda» qəzeti Dağlıq Qarabağ münaqişəsinin başlanmasının 25 illiyi ilə bağlı dərc etdiyi məqaləsində qeyd edib.

Qəzet yazır ki, 25 il bundan öncə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin separatçı əməllərinə start verildi: “Muxtar Respublikanın o vaxtkı rəhbərliyi saxta referendum keçirməklə Azərbaycan, Ermənistan və SSRİ Ali Sovetinə müraciət edərək DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə verilməsi barədə qərar qəbul etdi. Və bu separatçı əməlin ardınca da bölgədə on minlərlə insanın ölümünə səbəb olan, bir milyondan artıq insanı isə ev-eşiyindən didərgin salan hərbi əməliyyatlar başladı”.

“Pravda” qəzeti yazır ki, o vaxtdan ermənilərin “azadlıq”, azərbaycanlıların isə separatçı adlandırdıqları bu müharibə həllini tapmır ki, tapmır. Qəzet yazır ki, SSRİ-nin o vaxtki rəhbərliyi ermənilərin birləşmək barədə qərarını ekstremist adlandıraraq bunun Azərbaycan və Ermənistan konstitusiyalarına zidd olduğunu bəyan etdi. Bu imtina isə etiraz və mitinqlər dalğasına gətirib çıxardı. Azərbaycan və Ermənistan arasında münasibətlər kəskinləşdi. Milli münaqişə zəminində hər iki respublikada toqquşmalar baş verdi. Azərbaycanlı kəndlərinə hücumlar başladı.
Maraqlıdır ki, Rusiya nəşri burada da birtərəfli mövqedən çıxış edir. Belə ki, qəzet yazır ki, məhz Sumqayıtda baş verən hadisələrdən sonra Qarabağda və ona bitişik ərazilərdə Azərbaycan kəndlərinə hücumlar başladı. Halbuki, bundan əvvəl Ermənistandan azərbaycanlıların deportasiyası baş vermişdi. 1991-ci ildən isə sovet məkanında ən irimiqyaslı hərbi əməliyyatlar start götürdü. Bu da hər iki tərəfdən təqribən 25-30 min insanın həlak olmasına gətirib çıxardı. Qəzet xüsusi qeyd edir ki, 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə Bişkekdə atəşkəs barədə sənədə qol çəkildi. O dövrdən də münaqişənin nizamlanması prosesi ilə ABŞ, Rusiya və Fransanın sədrlik etdiyi Minsk qrupu məşğul olmağa başlayıb. Hazırda de-fakto Azərbaycanın nəzarət etmədiyi Dağlıq Qarabağın gələcəyi çox dumanlı görünür. Azərbaycan dünya ictimaiyyətinə ərazi bütövlüyünün bərpası ilə bağlı müraciət edir və Ermənistana təzyiq göstərilməsini istəyir - bu gün onun mövqeyi bundan ibarətdir.

Qəzet yazır ki, Ağ evin saytında bu günlərdə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında olmasına diqqət artırılması ilə bağlı 100 minlik imza ilə müraciət yerləşdirilib. “Nə Ermənistan, nə separatçı Dağlıq Qarabağ rejimi münaqişənin sülh yolu ilə həllini istəmir” - deyə Qərb universitetinin professoru Fikrət Sadıqov qəzetə bildirib. Onun qənaətincə, vəziyyəti sülh açarında həll etmək mümkün deyil. “Belə ki, Azərbaycanın çiçəklənməsini və inkişafını istəməyən bir sıra islamofobiya ölkələri bizi hədəf kimi götürüblər. Hamıya bu qüvvələr bəllidir: bunlar Ermənistanın və erməni dairələrinin maraqlarına uyğun fəaliyyət göstərən müxtəlif islamofobiya mərkəzləridir. Biz yaxşı başa düşürük ki, islamofobiya orientasiyalı və çox güclü erməni diasporası olan ölkələrlə üzləşmişik” - deyə politoloq vurğulayıb. “Bu hansı ölkələrdir - politoloq onları açıqlamır. Lakin güclü erməni diasporası Fransa, ABŞ və Rusiyada var. Bu səbəbdən də bu işarəni hər üç Minsk qrupu ölkələrinə aid etmək olar” - deyə qəzet yazır.

Nəşr daha sonra Azərbaycanın öz hərbi qüdrətini artırmaq məqsədilə hərbi xərcləri çoxaltması məsələsinə yer ayırıb. Beynəlxalq Sülh problemlərinin öyrənilməsi İnstitutunun (SIPRI) apardığı araşdırmalara görə, 1998-2007-ci illərdə bu artım 5,5 dəfə olub və 2012-ci ildə 3,2 mlrd. dollar təşkil edib. Qəzet daha sonra Azərbaycan prezidenti İlham Əliyevdən sitat gətirib: «Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edəcək. Dağlıq Qarabağ bizim vətəndir, tarixi torpaqlardır».

Qəzet daha sonra Ermənistanın mövqeyinə toxunur. “Rəsmi Yerevan separatçı DQR-in müstəqilliyini tanıya bilmir. Başa düşür ki, Azərbaycan hər an torpaqlarının azad edilməsinə başlaya bilər. Və buna haqqı da çatır. BMT-nin bununla ağlı məlum qətnamələri də var. Qəzet yazır ki, Yerevan yeni müharibəyə başlayar, lakin Rusiyanın əli ilə döyüşmək istəyir. Ermənistan KTMT-yə üzv olub və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev 2010-cu ildə erməni rəhbərliyi ilə Gümrüdəki hərbi bazanın icarə müddətinin uzadılması ilə bağlı razılığa imza atıb. Bu müqaviləyə uyğun olaraq Rusiya indi Ermənistanın nəinki İran və Türkiyə ilə, həmçinin, onun bütün sərhədlərinin qorunmasını təmin edir. 2011-ci ildə isə Rusiya Gorus yaxınlığında bir neçə C 300 batareyaları yerləşdirib. “Qəbələ RLS-nin istismarını dayandıran Rusiya rəhbərliyi bəyan edib ki, artıq Ermənistanla münasibətlərə yenidən baxır. Yəni Rusiya KTMT qarşısında öz öhdəliklərini yenidən nəzərdən keçirəcək. Bunu Rusiya Federasiya Şurası müdafiə və təhlükəsizlik Şurasının baş müşaviri İqor Semençenko bəyan edib. Onun sözlərinə görə, Dağlıq Qarabağda müharibə başlayarkən Moskvanın KTMT çərçivəsində Ermənistana yardımı mümkündür.

Qəzet daha sonra münaqişə tərəfi kimi gördüyü Xankəndinin mövqeyinə müraciət edib. “Separatçı rejim üçün müstəqil dövlət kimi status qazanmaq çox vacibdir. Bakı müharibədən əvvəlki statusun bərpasının tərəfdarıdır. Yerevan isə, «Qarabağ» komitəsinin üzvü Aşot Manuçaryanın qənaətincə, Dağlıq Qarabağla bağlı siyasətə malik deyil. “Yerevan bəyan edib ki, münaqişənin nizamlanmasının əsasında xalqın öz müqəddəratını müəyyən etmək hüququ durur və bunun məsuliyyətini «böyük dayı»ların üzərinə atır. Dayılar da Minsk qrupunu fikirləşib tapıblar». Qara-Xəzər regionu siyasi və sosial tədqiqatlar İnstitutunun direktoru Vladimir Zaxarov hesab edir ki, bu gün dünya regionda böyük fəlakətin astanasındadır. Söhbət İranın iştirakı ilə başlaya biləcək hərbi münaqişədən gedir. Ən əsası, bu münaqişəyə Dağlıq Qarabağ da cəlb edilə bilər. Vəziyyət çox kəskindir” - deyə Zaxarov qəzetə bildirib. O hesab edir ki, Ermənistan təcili qaydada Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımalıdır. Əks təqdirdə, o, müdafiəsiz qalacaq. Digər rusiyalı politoloq, Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Çıqanyuk isə hesab edir ki, Rusiya da Əfqanıstandan ABŞ qoşunlarının çıxarılmasından sonra vəziyyətin gərginləşməsi fonunda Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır.

Azər NURİYEV