• cümə axşamı, 28 mart, 18:42
  • Baku Bakı 13°C

Rusiya nəşrindən Ermənistana sərt ittiham

22.07.20 20:04 798
Rusiya nəşrindən Ermənistana sərt ittiham
"Svobodnaya pressa”: "Erməni liderlər öz xalqını və Rusiyanı satmağa cəhd edir”

Ermənistan-Azərbaycan sərhədində baş verən son erməni təxribatı və onun nəticələri dünya mediasında müzakirə olunmaqdadır. Erməni təxribatının arxasında ölkədaxili problemlərdən yaxa qurtarmaq cəhdinin olduğu da qeyd edilir. Bundan əlavə, Ermənistan sərhəddə münaqişəni yaratmaqla Rusiyanı da prosesə cəlb etməyi hədəfə alıb. Bu hədəfə çata bilmədikdən sonra isə forpost ölkə Rusiyanı lazımı dəstək göstərməməkdə ittiham etməyə başlayıb. Hazırda da erməni media və siyasi dairələrində Rusiya əsas tənqid hədəflərindən birinə çevrilib. Rusiyanın "Svobodnaya pressa” nəşri yazır ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik başa çatdıqdan sonra erməni tərəfindən Rusiyanın ünvanına sərt ittihamların səsləndirilir. İşğalçı dövləti qardaş erməni xalqını satmaqda, Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatı çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə günahlandırılır. "Ən əsası, Rusiya Ermənistanı müsəlman Azərbaycanla mübarizədə tək qoymaqda günahlandırılıb. Bu ittihamlar indiki hərbi gərginliyin əsas mahiyyətini ortaya qoyub. Xatırladım ki, bir həftədən artıqdır ki, Ermənistan-Azərbaycan sərhədində atışmalar davam edir. Ən maraqlısı odur ki, gərginlik Dağlıq Qarabağda baş vermir. 30 ildir ki, orada gərginlik davam edir. İndi isə münaqişə Ermənistan və Azərbaycan sərhədinin ən önəmli hissəsində baş verir”, - deyə müəllif fikrini bölüşüb. Ardınca yazıb ki, iki il bundan əvvəl Ermənistanda "məxməri inqilab” nəticəsində Nikol Paşinyan hakimiyyətə gəldi. Bu şəxs Rusiyadan məsafə saxlamağa, Birləşmiş Ştatlar və Avropa ilə əlaqə yaratmağa üstünlük verən erməni elitasının bir hissəsini təmsil edir. Bu istiqamətdə əsas addımlardan biri Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatından çıxmaq idi. Lakin Paşinyan sazişi birdən-birə ləğv edə bilməzdi və bu addım dərhal Rusiya ilə münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilərdi. "Belə ki, nə qədər o tərəfə-bu tərəfə çevirsən də, Rusiya Ermənistanın əsas müttəfiqi və təhlükəsizliyinin təminatçısı hesab edilir. Bu səbəbdən də başqa yol seçildi. Ermənistanın yavaş-yavaş KTMT və Avrasiya İqtisadi İttifaqından çıxılması yolu seçildi. Keçən iki il ərzində Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2016-cı ildə qəbul edilən Vyana və Sankt-Peterburq razılaşmalarını pozmaqda davam edib. Onları qəti şəkildə dəfn etmək üçün isə məhz indi baş verən münaqişə gərək idi. Ermənistanla sərhəddə baş verən döyüşlər ona münaqişənin nizamlanması ilə bağlı Vyana və Sankt-Peterburq razılaşmalarını zibil qutusuna atmağa və buna görə Azərbaycanı ittiham etməyə imkan verir”, - deyə məqalə müəllif yazır. Ardınca bildirilir ki, öz üzərindən ittihamları birdəfəlik götürmək üçün isə erməni kütləvi informasiya vasitələrində dərhal Rusiyaya qarşı çirkin kampaniya start götürdü. Rusiyanın Ermənistanı satdığı və onun müdafiəsini, təhlükəsizliyini həyata keçirmək istəmədiyi ittihamları gücləndi. Bu isə o deməkdir ki, Yerevan özünə NATO-nun, konkret olaraq ABŞ-ın timsalında yeni tərəfdaş və müdafiəçi axtarmalıdır. Müəllif məqaləsində bununla bağlı araşdırma aparılmasına başlayır: "Əvvəlcə müasir Ermənistan bizim üçün "qardaş”, daha dəqiq desək, "bacı” olduğunu müəyyən edək. "Qardaşlıq” Rusiyada yaşayan erməni diasporuna və biznesinə birtərəfli qaydada üstünlüklərin verilməsindən ibarətdir”.
Məqalədə daha sonra 1987-1995-ci illər ərzində Ermənistanın faktiki olaraq monoetnik dövlətə çevrildiyi xüsusi vurğulanır. Bu təmizləmələr nəticəsində ölkə əhalisinin 98 faizi ermənilərdən ibarət olub. Cəmi bir faiz yezidilər, 0,4 faiz isə ruslardır. Yada salmaq kifayət edir ki, 1987-ci ildə əhalinin 93,9 faizi ermənilər idi. İkinci yerdə azərbaycanlılar idi. Burada azərbaycanlıların sayı 2,6 faiz idi. Kürdlər 1,7, ruslar 1,5 faiz idi. Tək iki il müddətdə iki yüz mindən artıq azərbaycanlı ölkədən qovulub. Müəllif yazır ki, rusların "qardaş” Ermənistanda sayının üç dəfə azalması çox mətləbdən xəbər verir. Burada ermənilərin ruslara münasibətinin necə olması qeyd olunur. Leninakanda baş verən zəlzələdən dörd il sonra, 1992-ci ildə beş rus desantçısı edam olunub. Özü də onlar Leninakanda zəlzələnin nəticələrinin aradan qaldırılmasında yaxından kömək göstəriblər. "Bu addım mənim bu xalq haqqında fikirlərimi dəyişib. O zaman Ermənistan bütün dünyaya Rusiya hərbçilərinin cinayətkar əməlləri barədə məlumat verirdi. Guya həmin hərbçilər avtomobillə uşağı əziblər, sonra isə silah tətbiq ediblər”, - deyə müəllif fikrini bildirib.
Müəllif daha sonra yazır ki, bu gün erməni siyasiləri Rusiyanı səxavətlə və açıq şəkildə ittiham etməkdədir. Az qalır onu ultimativ formada təhqir etsinlər. Ən əsası, Rusiyaya Ermənistanla necə rəftar etməyi başa salırlar. Bundan əlavə, Ermənistanın yeni rəhbərliyi ümumiyyətlə açıq şəkildə bəyan edir ki, Rusiya KTMT çərçivəsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Burada Nikol Paşinyanın 2018-ci ildən KTMT-yə qarşı münasibətlərin pisləşməsinə yönəlik strategiyası barədə susmağa, üstündən ötüb keçməyə çalışırlar. Məhz Ermənistan 2018-ci ildən KTMT-nin fəaliyyətini ən müxtəlif bəhanələr altında bloklayıb. İş o yerə çatıb ki, KTMT-nin rəhbərini həbs ediblər. 2019-cu ildə işlər bərpa olunsa da, yenə də Ermənistan tərəfindən bir sıra komitələrin işi bloklandı. "İndi Paşinyan qarşısında belə bir sual qoyulub - bundan sonra nə etmək? Durub KTMT-dən çıxmaq mümkün deyil. Bu, dərhal Ermənistanın anti-Rusiya mövqeyində olduğunu göstərmiş olacaq. Bu zaman respublika Rusiyanın dəstəyindən məhrum olacaq. Lakin bu təxribatı əldə əsas götürməklə Rusiyanı 2016-cı ildə olduğu kimi, Ermənistana kömək etməməkdə günahlandırmaq olar. Məhz bu səbəbdən də növbəti hərbi toqquşma üçün Qarabağ cəbhəsi deyil, məhz Ermənistan-Azərbaycan sərhədi seçilib. Çünki burada KTMT-nin qaydaları keçir. Bununla da maksimal şəkildə Rusiyanı küncə sıxmaq olar. Axı Ermənistan KTMT-nin üzvüdür, Azərbaycan isə yox”, - deyə qeyd olunur.
Müəllif sonda bu nəticəyə gəlir ki, "30 il bundan əvvəl olduğu kimi, indi də ermənilər növbəti dəfə Rusiyaya "atmağa” və onu satmağa çalışır. Ölkə rəhbərliyi bununla həm də sadə erməniləri satmış olur. Məhz onlar erməni hökumətinin satqın hərəkətlərinin hesabını verməli olacaqlar. Erməni siyasi avantüristlərin hərəkətlərinin qurbanına çevriləcəklər. Lakin Yerevanda bunu anlamırlar. Rusiya isə artıq 1990-cı ilin yox, 2020-ci ilin Rusiyasıdır. Putin də Yeltsin deyil”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər