• cümə axşamı, 25 aprel, 13:33
  • Baku Bakı 23°C

Rusiya nəşri Ermənistanı hədəfə aldı

17.04.19 18:09 399
Rusiya nəşri Ermənistanı hədəfə aldı
Ermənistanda "məxməri inqilab”dan sonra hakimiyyətə gələn qüvvənin anti-Rusiya yönümlü olduğunu sübut etməyə ehtiyac olmadığını yəqin ki, əksəriyyət təsdiq edər. Nikol Paşinyanın hakimiyyətinin bir ili ərzində elə ay, hətta həftə olmayıb ki, Rusiya və yaxud ona yaxın resurslar, qüvvələr hədəfə alınmasın. Həbslərin, ittihamların ardı-arası kəsilmir. Erməni nəşrləri mütəmadi olaraq Kremli hədəfə alan məqalə və xəbərlərə yer ayırmaqdadırlar. Bütün bunlar qarşı tərəfin mediasının diqqətindən kənarda qalmır. Məsələn, "Rosbalt” yazır ki, N.Paşinyanın baş nazirliyinin Rusiya ilə Ermənistan arasında münasibətlərin pisləşdiyinə gətirib çıxardığına şübhə yeri yoxdur. "Düzdür, baş nazir bunun əksini iddia edir. Və bir müddət anti-Rusiya "hərəkətverici qüvvə” tempini bir qədər aşağı salsa da, onu birdəfəlik "susmağa” qoymurlar”, - deyə nəşr yazır.
Erməni kütləvi informasiya vasitələrinin yaydıqları xəbərlərə görə, bu yaxınlarda Ermənistan parlamentində keçirilən dinləmələrdə 27 oktyabr 1999-cu il gülləbaranı mövzusu qabardılıb. Həmin terror nəticəsində o zamankı baş nazir Vigen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçiyan, baş nazirin iki müavini, bir nazir və üç deputat qətlə yetirilmişdi. Parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin rəhbəri Andranik Koçaryan adıçəkilən terror aktı ilə bağlı təhqiqatın hansı mərhələdə olduğu barədə suala belə cavab verib: "Həmin cinayət işinin üstü açılıb, sifarişçilər bəllidir. Bunu Rusiya xüsusi xidmət orqanları həyata keçiriblər”. Düzdür, bu informasiya böyük hay-küyə və qalmaqala səbəb olandan iki gün sonra A.Koçaryan jurnalistlərə bildirib ki, belə bir fikir səsləndirməyib. O, mətbuatı "absurd” və "yalan” informasiyalar yaymaqda günahlandırıb. Rusiya nəşri yazır ki, "deputat bu xəbər erməni mediasında bir müddət tirajlansa da ona reaksiya verməyib. Yalnız Azərbaycan mediasında da bu informasiya tirajlanandan sonra təkziblə çıxış edib. Baş verənləri təxribat adlandıraraq bunun Rusiya ilə Ermənistan arasında strateji münasibətləri pisləşdirmək məqsədilə ortaya atıldığını bəyan edib”. "Rosbalt” yazır ki, erməni deputatın sözlərinə inanmaq çətindir. Məqalə müəllifi yazır ki, deputatın belə bir bəyanatı olubsa, onda mütləq qaydada Paşinyanla razılaşdırıb. Ya da onun susqunluğu ilə reallaşdırıb. Müəllifin qənaətincə, ən yaxşı halda bu bəyanatdan Paşinyanın xəbəri olub. Nəşr yazır ki, bu variantların hamısı Ermənistan üçün pis və təhlükəlidir. Çünki bu tip ittihamlar cavabsız qala bilməz. Müəllif onu da yazır ki, yeni erməni baş nazir hər zaman özü barəsində qərbpərəst siyasətçi obrazı yaratmağa çalışıb. Rusiya çətin ki, ona Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının rəhbəri Yuri Xaçatuovun həbsini bağışlasın. Bu həbs təşkilatın nüfuzuna ciddi zərbə vurmuşdu. Eləcə də Moskvanın ciddi dəstək verdiyi eks-prezident Robert Koçaryanın həbsini də qeyd etmək olar. Bura Ermənistandakı Rusiya biznesinə "hücumları”, aktiv anti-Rusiya ritorikanı da daxil etmək olar. Ümumiyyətlə, Yerevanın Moskva ilə münasibətlərə mümkün olmayanları yerləşdirməyə cəhd edir.
Məqalədə o da vurğulanır ki, Ermənistanda ruslara qarşı hücumlar bununla kifayətlənmir. "Erməni siyasətçilərinin, daha dəqiq Nikol Paşinyanın "Mənim addımım” blokunun tam "xoşbəxt” olmaları üçün ölkədəki "ziyankar” Rusiya telekanallarının yayımının dayandırılması çağırışları da səslənir. Parlamentin elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman komissiyasının iclasında hakim blokdan olan deputat Narine Tuxikyan bildirib ki, Rusiyanın bir sıra telekanalları (Rossiya, Birinci kanal, Mir) efirə ermənilərə qarşı nifrət aşılayan aqressiv verilişlər buraxırlar. Deputat Milli televiziya və radio Komissiyasının sədri Tiqran Akopyandan erməni ərazisində bu və digər proqramların yayımının dayandırılmasının mümkünlüyü barədə sual ünvanlayıb. "Mən sizinlə razıyam. Bu, Ermənistanın informasiya təhlükəsizliyi üçün müəyyən təhlükələr yaradır”, - deyə sədr vurğulayıb. Lakin uzaqgörənliklə əlavə edib ki, belə bir praktikanı Gürcüstan və Ukraynada reallaşdırmaq çox baha başa gəlib: "Ümumiyyətlə, biz də həmin qiyməti verməyə hazırıqmı? - axı onlar öz ərazilərinin bir hissəsindən məhrum olublar”. Akopyan hesab edir ki, onlar balanslaşdırılmış siyasət yürütsə yaxşı olar. Çünki bundan da vacib problemlər həll edilməmiş qalır. O, həmçinin ümidvar olduğunu bildirib ki, zaman gələcək ölkə daha rifahlı bir vəziyyətə gələcək və o zaman bu ideyanı reallaşdırmaq mümkün olacaq. İndi isə bu addımı atmaq arzuolunan deyil.
"Novosti-Armeniya”nın xəbərinə görə, "Mir” dövlətlərarası teleşirkətinin nümayəndəsi Merujan Melkumyan təşəbbüsü irəli sürən deputata müraciət edərək, hücumun motivini başa salmasını istəyib: "Mən təəssüf edirəm ki, xanım Tuxikyan bizim teleşirkətin dövlətlərarası olduğunu bilmir”. Əlavə edib ki, Ermənistan onun səhmdarlarından biridir. O ki qaldı digər kanallara – Rossiya-RTR MDB ölkələri ərazisində dövlətlərarası razılaşmalara əsasən yayım həyata keçirilir.
Ümumiyyətlə, hazırda Ermənistanda Rusiya telekanallarına qarşı hücumlar və "sensasion ifşalar” geniş şərh edilir. Hərbi ekspert Vladislav Şurıqin "Armiya.az” saytına müsahibəsində bildirib ki, "bu kimi addımlar Yerevan üçün pis sonuclanacaq. Əgər Rusiya-Ermənistan münasibətləri gələcəkdə də, soyuqlaşmağa doğru gedəcəksə, onda Ermənistan özünün geosiyasi vəziyyətinə nəzər salmalı olacaq. Ən azı, Ermənistan minimum Azərbaycanın işğal edilmiş ərazilərini geri qaytaracaq”. Müəllif sonda belə bir sualla çıxış edir: görəsən Ermənistan yaranmış vəziyyətdən bu dəfə necə çıxmağa çalışacaq? Daha dəqiq desək, Rusiya ona vəziyyətdən çıxmağa necə imkan verəcək və hansı müddətə kimi?

Azər NURİYEV
banner

Oxşar Xəbərlər