AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiya mətbuatından şok iddia

Rusiya mətbuatından şok iddia

Siyasət
24 Dekabr 2012, 16:52 1709
Məşhur politoloq Zbiqnev Bjezinkski özünün son açıqlamalarından birində bəyan edib ki, əgər Qərb Gürcüstan üzərində nəzarəti itirərsə, onda Xəzər dənizinə, eləcə də Mərkəzi Asiya regionuna çıxışdan məhrum ola bilər. Məhz bu səbəbdən də Rusiya Qərb-Şərq kommunikasiya xətti üzərində nəzarəti həyata keçirməyə çalışır. Və Moskva bunun üçün Tbilisidə rusiyayönümlü qüvvələrin güclənməsinə çalışır. Bu səbəbdən də Gürcüstanla Azərbaycan arasında münasibətlərin pisləşməsində maraqlıdır. Rusiya nəşrləri bu qənaətdədirlər ki, yaxın vaxtlarda hamımız gürcü siyasi sistemində rusiyayönümlü xəttin leqallaşmasının şahidinə çevriləcəyik.

“Nezavisimaya qazeta” yazır ki, prezident Mixail Saakaşvili faktiki olaraq Rusiya ilə bağlı hər bir şeyi qanundan kənar etmişdi - dili, mədəniyyəti, iqtisadiyyat və siyasəti. Moskva isə buna nəinki müqavimət göstərir, əksinə öz hərəkətləri ilə buna siyasi dəstək verirdi. Ruslarla bağlı hər şeyin sıxışdırılması isə sonda hətta gürcü qərbyönümlü qüvvələrdə suallar doğurmağa başladı. Saakaşvilinin tərəfdarları bu prosesdə o qədər irəli getdilər ki, bir sıra ekspertlərdə şübhələr yarandı: Saakaşvili süni şəkildə siyasi defisit yaradır. Bir çoxları fikirləşdirdi - bir tərəfdən rus bazarı gürcü istehsallarının üzünə bağlanırdısa, digər tərəfdən Rusiya kapitalı gürcü bazarında güclənirdi. Aparılan siyasətə paralel olaraq ölkədə antiqərb əhval-ruhiyyə güclənməyə başlanmışdı. Nəhayət 2008-ci il müharibəsi bu əhval-ruhiyyəni gücləndirmiş oldu. Bir çoxları Saakaşvilini qəsdən müharibə aparmaqla Rusiyanın Cənubi Osetiya və Abxaziyada mövqeyinin güclənməsinə çalışdığını bəyan edirdi. Nəticədə Moskva bu regionlarda öz mövqeyini yeni statusda möhkəmləndirmiş oldu.

Bütün bunların nəticəsində hakimiyyətə gələn «Gürcü arzusu» koalisiyası və onun lideri Bidzina İvanişvili ilk günlərdə əhali arasında xeyli populyarlığa malik olsa da, zaman keçdikcə bu, azalmağa doğru gedir. Buna səbəb isə onun antiqərb çıxışları olub. Eyni zamanda region dövlətləri ilə münasibətləri pisləşdirən bəyanatları da İvanişvilinin mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Əvvəlcə Azərbaycanla neft sahəsində imzalanan sazişlərə yenidən baxılacağı barədə bəyanat verdi. Düzdür, sonradan bu bəyanat geri götürülərsə də, hər halda söz artıq deyilmişdi. Ardınca da erməni və rus mətbuatı Azərbaycanla Gürcüstan arasında münasibətlərdə problemlərin yarandığını iddia etməyə başladılar. Bu yaxınlarda isə Gürcüstanın Bakı-Qars dəmir yolu xəttindən imtina edəcəyi barədə İvanişvili bəyanat səsləndirdi. Özü də prezident Mixail Saakaşvilinin 50 illiyində. Az qala sensasiya kimi qarşılanan bu bəyanat şok effekti yaratdı. Bəzilər bunu prezidentlə baş nazir arasında qarşıdurma kimi qələmə verərək, İvanişvilinin verdiyi bəyanatın fərqində varmadığını iddia etməyə başladılar.

Müşahidəçilər hesab edir ki, baş nazir sadəcə həmin dəmir yolu xəttinin tikintisində iştirak edən şirkətlərin Saakaşvilinin adamlarına məxsus olduğu səbəbindən bu bəyanatı verib. Maraqlıdır ki, birinci dəfə olduğu kimi, bu dəfə də baş nazir Bakıya səfəri ərəfəsində Bakı-Qars dəmir yolu xəttinə qarşı olmadıqlarını bəyan etdi. Ən maraqlı mövqeni isə ermənilərə yaxınlığı ilə seçilən «Reqnum» yayıb. Agentlik Azərbaycan hökumətindəki mənbəsinə istinadən yazır ki, hakimiyyət Gürcüstan üçün qazın qiymətinə yenidən baxa bilər. “Azərbaycan qazın min kub metrinə görə çox gülünc bir rəqəm 200 dollara satır. Dünyanın heç bir yerində belə qiymət yoxdur. Lakin Azərbaycan strateji münasibətlərini nəzərə alaraq hər zaman ona güzəştə gedib. Bu səbəbdən də bizim üçün İvanişvilinin Bakı-Qars xəti çərçivəsində inşa edilən Axalkalaki-Qars xətti ilə bağlı bəyanatları başadüşülən deyil. Gürcüstan bu xətti ilə bağlı bir sent belə qoymayıb. Bütün xərcləri Azərbaycan öz üzərinə götürüb. Bundan əlavə minlərlə gürcü vətəndaşı bu layihədə iş tapıblar. Gürcüstan bu layihədən daha çox udub, nəinki uduzub» deyə mənbə bildirib.

Deyəsən səhvini başa düşən İvanişvili dekabrın 24-də keçirdiyi brifinqdə bildirib ki, Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini dayandırmağa hazırlaşmır və əksinə, bu tikintiyə kömək etmək istəyir. O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması coğrafi baxımdan "çox maraqlıdır", lakin iqtisadi planda bəzi məsələlər var: "Yeni dəmir yolunun tikintisi Gürcüstan limanlarından və Gürcüstan dəmir yolunun özündən yüklərin axınına səbəb ola bilər, buna görə biz qonşularımızla, ilk növbədə Azərbaycanla məsləhətləşmələr keçirməliyik”. İvanişvili qeyd edib ki, Gürcüstanın dəmir yollarının inkişafı üçün pullar xərclənir və bu, müəyyən suallar doğurur. "Mənim suallarım ünvanına çatıb və biz həmin problemləri müzakirə edirik" - deyə baş nazir bildirib. Onun sözlərinə görə, bu layihə ətrafında çoxlu sayda suallar var və ona görə də o, dekabrın 26-da Bakıya səfəri zamanı bu məsələni müzakirə etmək niyyətindədir.

Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Gürcüstan tərəfinə layihənin Gürcüstan hissəsinin reallaşmasına 775 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayırıb. Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə yanaşı, Azərbaycanı dost ölkə kimi tanıdığını və iki ölkə münasibətlərinin çox yaxşı səviyyədə olduğunu da bildirib. O, iki ölkə arasında problemli məsələ olan sərhədlərin delimitasiyası və David Qareci məbədi ilə bağlı məsələlərin gələcəkdə necə həll ediləcəyi ilə bağlı sualı da cavablandırıb: “Bu, çox yaxşı sualdır. Amma çətin mövzudur. Azərbaycana səfərim zamanı bu ölkənin prezidenti ilə dostluq şəraitində bu vacib məsələlərə də toxunacaq və həll etməyə çalışacağıq”. Tbilisidə keçirilən brifinqdə baş nazir deyib ki, Azərbaycanla münasibətlər Gürcüstan üçün strateji xarakter daşıyır və heç kəs bu əlaqələri qurban verməyə çalışmır: “Biz Azərbaycanla əməkdaşlığımızın dərinləşməsinin tərəfdarıyıq və dekabrın 26-da Bakıya səfərim zamanı bu barədə söhbət aparılacaq”. İvanişvili, həmçinin aşağı qiymətə qaz tədarük etdiyinə görə Azərbaycana təşəkkür edib. "Bizə olduqca yaxşı qiymətə qaz tədarük etdiyinə görə Azərbaycana minnətdarıq" - o, vurğulayıb. İvanişvili bildirib ki, hazırda Gürcüstanda qaza görə tarifin azaldılması mümkün deyil və bununla belə, qazın qiymətinin "rəmzi" azaldılması barədə danışıqlar aparılacaq.

Bütün bu yaşananlara prezidentin reaksiyasına gəldikdə, Mixail Saakaşvili hesab edir ki, yeni hakimiyyət yarım ay ərzində əvvəlki hakimiyyətin 8 ildə buraxdığı səhvdən çox qədər səhv buraxıb. «Biz bu 8 il ərzində əsl dövlət qurduq və bu gün bu dövlət təhlükə altındadır. Bu hökumət artıq xalqa xoş gəlmir. Lakin bizim partiya başı verənlərə laqeyd halda baxa bilməz» deyə o əlavə edib.
Azər NURİYEV