• cümə, 19 Aprel, 18:18
  • Baku Bakı 24°C

Rusiya mətbuatı Ermənistandakı “koronavirus cəhənnəmi”ndən yazdı

11.06.20 14:00 863
Rusiya mətbuatı Ermənistandakı “koronavirus cəhənnəmi”ndən yazdı
Lenta.ru: "Hakimiyyət xalqı, xalq da hakimiyyəti ittiham edir”
Ermənistan COVİD-19 koronavirus infeksiyası ilə mübarizədə məğlub olan dövlətləri siyahısına düşmək üçün bütün şanslara malikdir. Rusiyanın "Lenta.ru” saytı yazır ki, ölkədə xəstəlik pik həddə keçib, ağır şəkildə olan xəstələrin sayı fantastik həddə yüksəlir, səhiyyə sisteminin resursları isə bunun müqabilində tükənmək üzrədir. "Hakimiyyət isə bütün bunların fonunda küçələrdə maska taxmayan vətəndaşları sosial şəbəkələrdə utandırmaqla məşğuldur. Vətəndaşlar da utanc hissi keçirməyə tələsmir, axı epidemiyanın lap əvvəlindən heç kim epidemioloji təhlükəsizlik qaydalarına əməl etmirdi”, - deyə materialda bildirilir. Baş nazir ötən həftə sonu koronavirusa yoluxduğunu, ardınca ölkədə epidemioloji fəlakət olduğunu bildirib. Ölkədə vəziyyət həqiqətən də pisləşib: bütün dünya məhdudiyyətləri aradan götürdüyü və xəstə sayı azalmağa doğru getdiyi halda, Ermənistanda xəstə sayı durmadan artır. Mayın 20-də ölkədə 5600 xəstə olduğu halda bu gün xəstə sayı 15 minə yaxınlaşıb. Ölüm halı 160-dan 230-a çatıb. İsterik vəziyyətdə olan baş nazir ölkədə xəstə sayının 100 min olduğunu bildirsə də, sonradan sözlərində bir qədər redaktə aparmağa məcbur olub.


Yaranmış durumda isə hakimiyyət vətəndaşları ittiham edir - Paşinyan bildirib ki, xalq kütləvi şəkildə təhlükəsizlik tədbirlərinə əməl etmir. Qaydaları pozanlara qarşı isə "Facebook” vasitəsilə mübarizə aparır, mütəmadi olaraq küçələrdə maskasız gəzən, sosial məsafə gözləməyən insanların fotolarını dərc edir. O, digər sosial istifadəçiləri bu əks epidemioloji hərəkata qoşulmağa çağırıb. Hakimiyyət isə hər hansı bir tədbirlər görməyə tələsmir. Baş nazir artıq bildirib ki, hüquq-mühafizə orqanları epidemiya ilə mübarizəyə qoşulmayacaq. Çünki bu məsələni həll etməyə qadir güc strukturu yoxdur. "Biz kritik nöqtəyə çatdıq, cəhənnəmə doğru addmlayırıq”, - deyə baş nazir xəstə sayının kəskin atması qarşılığında bəyan edib. Doğrudan da, baş nazirin təqdim etdiyi fotolarda insanların epidemiya dövründə adi elementar qaydalara əməl etmədən kütləvi şəkildə bir yerə toplaşdığın görmək mümkündür. Əlcək və maskalar yoxdur, olsa da, onu çənədən aşağı salınmış vəziyyətdə taxırlar. Sanki ölkədə xəstə sayı pik həddə deyil.


Rusiya nəşri yazır ki, ölkədə fövqəladə vəziyyət rejimində həyat bir an olsun belə dayanmayıb, faktiki olaraq İsveç ssenarisi ilə hərəkət edilib. Lakin Skandinaviya düşüncəsi ilə deyil, ermənilər daha çox soydaşlarının xəstələnməsi üçün hər şeyi etdilər. Məsələ ondadır ki, əhalinin böyük bir qismi virusa qeyri-ciddi yanaşır və bunun minimum iki səbəb var. Birincisi, bir dalğadır, keçib gedəcək və qonşunun həyatına biganə yanaşmaq. İkincisi, populyar konspiroloji nəzəriyyə - koronavirus təhlükəsinin olmaması. Bəziləri isə hesab edir ki, bu virus adi soyuqdəymədir. Daha təhsilli vətəndaşlar isə əmindir ki, virusu Bill Geyts və yaxud "dünya qəsdçiləri” fikirləşib tapıb. "Lenta.ru” yazır ki, koronavirusla bağlı dezinformasiya xəbərlərini tibb işçiləri də yayır. Məsələn, Yerevan Ağsaqqallar Şurasının keçmiş üzvü, ixtisasca həkim Marine Xaçatryan bildirir ki, koronavirus bioloji silahdır. Ölkə əhalisinin təhsil səviyyəsinin də aşağı səviyyədə olduğu xüsusi vurğulanır – burada virusu bakteriyadan seçə bilmirlər. Əksər hallarda nəticə birdir – xəstələr xalq təbabəti ilə hərəkət edərək, məsələn, daha çox antibiotik qəbul etməyə çalışır. Antibiotiklərin artıq bir neçə ildir ki, Ermənistanda sərbəst şəkildə satışı qadağan edilsə də, reallıqda bu qadağa qüvvədə deyil. Virusun sürətlə yayılmasında baş nazirin də rolunun olduğu vurğulanır. Ölkənin ən populyar blogeri açıq efirdə epidemiya ilə məzələnərək bildirmişdi ki, bu koronavirus, ümumiyyətlə, itdir.


Məqalə müəllifi xüsusi vurğulayır ki, baş nazir öz fəaliyyəti ilə vətəndaşlara pis nümunə olub. Məsələn, müsahibələrinin birində bildirib ki, koronavirusun öhdəsindən bir peyvəndlə qurtulmaq olar. Eləcə də, işğal altında olan Azərbaycan torpaqlarında keçirilən "inauqurasiya” mərasimlərində iştirak edib. Təəccüblü deyil ki, Ermənistanda martda elan edilən ikihəftəlik sərt karantin qaydaları heç bir xeyir gətirmədi, amma iqtisadiyyata ciddi zərbə vurmuş oldu. Karantin rejimini pozanlara qarşı sanksiyalar tətbiq edilməyib, pozuntuların miqyası o qədər olub ki, polis hər məsuliyyətsiz vətəndaşı saxlasaydı, onda gərək ölkənin yarısını həbs etmək gərək olardı. Paşinyanın milli fəlakət haqqında alarmistik (təşviş, həyəcan yaradan) bəyanatlarından sonra polis tam fəaliyyətsizlikdən aktiv fəaliyyətə keçdi. İndi insanları küçədə saxlayır, əllərini bağlayır və zorakı hallara yol verirlər. Rusiya nəşri yazır ki, təəssüf ki, onlar özlərinin amerikalı həmkarlarının acı təcrübəsini nəzərə almırlar. Sadə amerikalılar kimi, ermənilər də polis özbaşınalığından zara gəliblər.


Sonda vurğulanır ki, məhdudiyyətlər tətbiq edildikdən sonra ölkədə sosial və iqtisadi vəziyyətdən narazı olan insanların lokal etirazları start götürdü. Onsuz da ağır və kövrək olan erməni iqtisadiyyatı ikinci lokdaunu qarşılaya biləcəkmi – bu suala cavab vermək çox ağırdır. Hakimiyyət xalqı, xalq da hakimiyyəti ittiham edir. Lakin bu da mövcud durumu dəyişmir. Hər iki tərəf günahkardır və hər iki tərəf də öz səhvlərini heç olmasa etiraf etməyə belə tələsmir. Bütün bunların fonunda isə gün ərzində koronavirus testlərinin 30-40 faizi pozitiv çıxır. Bu rəqəmlər həm yoluxanların ağlasığmaz dərəcədə çox olmasından və daha çox səhiyyə sisteminin iflasla nəticələnməsindən xəbər verir.


Yeri gəlmişkən, Rusiyanın başqa bir nəşri - "Pravda.ru” da Ermənistandakı mövcud durumdan bəhs edən geniş məqalə dərc edib. Nəşrə açıqlamasında MDB ölkələri İnstitutunun erməni filialının rəhbəri Aleksandr Markarov bildirir ki, Paşinyanın planları alt-üst olub. Onun sözlərinə görə, diasporun ayılacağı və Ermənistana doğru çevriləcəyi, nəticədə milyonlarla dolların ölkəyə gələcəyi baş tutmayıb. Artıq daha çox insanın Paşinyana olan ümidləri puç olub və getdikcə də bu mövqedə olan insanların sayı da artır. "Əgər köklü şəkildə nəsə etmək cəhdi alınmazsa, onda artıq, tək təəssüfedici dövr olmayacaq, insanların ümumiyyətlə, siyasi proseslərə, bütövlükdə proseslərə marağı itib gedəcək. İnsanlar üçün baş verənlərin heç bir əhəmiyyəti olmayacaq. Ən dəhşətlisi və qorxulusu da odur”, - deyə ekspert vurğulayıb.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər