• çərşənbə, 24 Aprel, 21:46
  • Baku Bakı 23°C

Rusiya ilə Gürcüstan arasında münasibətlər yenidən gərginləşə bilər

31.01.18 20:22 697
Rusiya ilə Gürcüstan arasında münasibətlər yenidən gərginləşə bilər
Sabah Praqada Gürcüstanla Rusiya arasında danışıqların növbəti raunduna start verilir. "Karasin-Abaşidze” formatında baş tutacaq danışıqların əsas müzakirə mövzusu İsveçrənin SGS şirkətinin köməyi ilə aparılacaq gömrük monitorinqi haqqında müqavilənin implementasiyasıdır. Söhbət Tbilisinin nəzarəti altından çıxan Abxaziya və Cənubi Osetiyada sərhəd məntəqələrinin açılmasından gedir. Kreml bütün beynəlxalq qanunvericilik qaydalarına zidd gedərək hər iki separatçı qurumun müstəqilliyini tanıyıb.
Tərəflərin Praqada müzakirə edəcəyi ikinci məsələ işğal altında olan ərazilərdə baş verən son hadisələrdir. Tbilisi işğal altında olan torpaqlarında baş verənlərə etirazını çatdıracaq. Praqaya yola düşməzdən əvvəl Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinə Gürcüstanla Rusiya arasında münasibətlərin gərginləşdiyini göstərən yeni faktlar təqdim etmək niyyətindədir. Onun sözlərinə görə, bu faktlar nazir müavinlərinin müzakirə edəcəyi məsələlər sırasında daxil edilə bilər. Tbilisinin Moskvaya iradları kifayət qədərdir. Dövlət Duması Cənubi Osetiyanın tədricən, hissə-hissə tanınmasını nəzərdə tutan sənədi və birgə hərbi hissələrin yaradılması barədə sənədləri ratifikasiya edib. Bu barədə sənəd separatçı qurumla Rusiya arasında ötən il martın 31-də imzalanıb. Gürcü tərəfi hesab edir ki, saziş, eləcə də onu imzalayan separatçı qurum, onun ratifikasiyası - Moskvanın qeyri-dost münasibətinin davamıdır. Əlavə edilib ki, bu kimi hallar heç bir halda Rusiya-Gürcüstan münasibətlərinə pozitiv təsir edə bilməz. Əksinə, münasibətlərin əvvəlki dövrünə gətirib çıxara bilər.
Rəsmi Tbilisi bu kontekstdə, həmçinin tanınmamış Cənubi Osetiya hakimiyyət orqanlarının Gürcüstandan məhsulların idxalı məqsədilə gömrük postunun açılması barədə qərarına qiymət verməyə hazırlaşır. Bu yaxınlarda yayılan məlumata görə, məntəqə Axalqor rayonunda açılacaq. Bu rayonun əsas sakinləri gürcülərdir. Bundan sonra osetin tərəfi sərhədi keçən hər bir nəfərə 50 kq-dan artıq yük aparmaq icazəsinin verilməsi təklifini qaldırmaq niyyətindədir.
Nəhayət, ən gərgin mövzu hərbi təlimlər məsələsidir. Bu təlimləri Rusiya hərbi birləşmələri Cənubi Osetiyada ötən gün başlayıblar. Gürcüstan hakimiyyəti bunu təxribat, regionda vəziyyəti gərginləşdirə biləcək növbəti addım adlandırıb. Sxinvalidə bu ittihamları ciddi qəbul ediblər. Bəyan edilib ki, qondarma respublika Gürcüstan tərəfindən hər an başlaya biləcək hərbi əməliyyatlara hazır olmalıdır. Bundan əlavə, qeyd edilib ki, rəsmi Tbilisi sürətlə hərbi texnika almaqda davam edir. Bu sırada separatçılar Tbilisinin ABŞ istehsal olan Javelin tank əleyhinə müdafiə sistemləri almasından narahatlığını ifadə edib. Tanınmamış qurumun yaydığı xüsusi bəyanatında qeyd edilir ki, 2008-ci il faciəvi hadisələrinə səbəb həm də Gürcüstanın Qərbdəki tərəfdaşlarından iri miqyasda hərbi texnika alması olub. Lakin separatçıların rəhbərliyi burada bir məsələni qeyd etməyi "unudur” ki, gürcü tərəfi öz torpaqlarının azad olunması məqsədilə bu əməliyyatları keçirmişdi.
Beləliklə, qayıdaq Gürcüstan baş nazirinin xüsusi nümayəndəsinin Praqa səfəri ərəfəsində səsləndirdiyi fikirlərə. Onun sözlərinə görə, Karasinlə müzakirə edəcəyi məsələlər çoxdur. Lakin bəyan edib ki, əsas müzakirə edəcəyi məsələ Rusiya və Sxinvalinin birgə hərbi birləşmələr yaratması barədə sazişin Dövlət Dumasında ratifikasiya edilməsidir. Eləcə də, Sxinvalidə qondarma gömrük məntəqəsinin açılması da bura daxildir.
Gürcü nəşrləri yazır ki, Karasin-Abaşidze danışıqlarında Gürcüstan ilə Rusiya arasında İsveçrənin SGS şirkətinin təşəbbüsü ilə gömrük monitorinqinin aparılması reallaşa bilməyəcək. Səbəb də tərəflərin ziddiyyətli bəyanatlarıdır. Məsələ o qədər qəlizləşib ki, bu məsələdə kimin məsuliyyət daşıdığı bəlli deyil. Gürcü ekspertləri hesab edir ki, Rusiya ümumiyyətlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən qaçmağa çalışır. Lakin Rusiya XİN-in müavini Qriqori Karasin bu günlərdə bildirib ki, Gürcüstanla 2011-ci ildə imzaladıqları müqavilə yaxın aylarda qüvvəyə minə bilər. "Biz Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanan gömrük administrasiyası və ticarət monitorinqi razılaşmasına böyük ümid bəsləyirik. Ümid edirik ki, bu, regionda ticarətə güclü impuls verəcək. Bu razılaşma gömrük sərhədinin haradan keçdiyini dəqiq göstərib. Bu ərazilər Rusiya ilə sərhəddə olan Kazbeqi rayonu, İnquri çayının cənub hissəsi (Abxaziya) və Qoridir (Cənubi Osetiya). Rusiya da Gürcüstan kimi, nəzərdə tutulan yerlərdə gömrükçülərinin fəaliyyətinin monitorinqi ilə bağlı lazımı sənədləri yaxın aylarda imzalamağa hazırlaşır. Bundan sonra razılaşma işləməyə başlayacaq” – deyə o bildirib. Karasinin iddiasına görə, Moskva bu addımı Ermənistan üçün atıb: "Ermənistanın bu məsələdə bizdən xahişi həqiqətən var. Hazırkı məsələdə söhbət Rusiya və Gürcüstan arasında İsveçrə vasitəsilə bağlanmış müqavilədən gedir. O, üçüncü ölkələr üzərinə öhdəlik qoymur”. Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında münasibətlərin düzəlməsi prosesi başlayıb: "Bu proses Gürcüstanda parlament seçkisində Mixail Saakaşvilinin partiyasının məğlubiyyətindən sonra başlayıb. O ana qədər ikitərəfli münasibətlər dərin böhranda idi. Səbəb hakim rejimin sistemli antirusiya siyasəti idi. Gürcüstanın yeni hökuməti Rusiya ilə dialoqa cəhddən bəhs etdi. Biz hər zaman prinsipial şəkildə münasibətlərin normallaşdırılmasının tərəfdarı olmuşuq”.
Bir faktı da qeyd edək ki, əksəriyyət iki ölkə arasında münasibətlərdə normallaşmanın baş verəcəyini proqnozlaşdırmır. Buna səbəb də var. Məsələn, Gürcüstan 2018-ci ildə Rusiyadan qaz almaq niyyətində olmadığını bəyan edib. Ölkənin iqtisadiyyat naziri Dmitri Kumsişvili növbəti il üçün təbii qaz balansını təsdiq edib və sənədə əsasən, ölkəyə proqnozlaşdırılan qaz tədarükü 2,689 milyard kubmetr təşkil edəcək. Gürcüstan bu həcmin 99,65%-ni Azərbaycandan, o cümlədən onun 1,866 mlrd. kubmetrini SOCAR-dan, 813 milyon kubmetrini isə "Şahdəniz" yatağından alacaq. Yerdə qalan 0,35% (9,41 mln. kubmetr) yerli hasilat hesabına ödəniləcək. Gürcüstan 2017-ci ildə Rusiyadan 100 mln. kubmetr qaz idxal edib. Mart ayından sonra tədarük həyata keçirilməyib. "Qazprom"la rəsmiləşdirilən sənədə görə, Rusiya Ermənistana tədarük etdiyi qazın tranzitinə görə, Gürcüstana vergini təbii qaz qismində ödəyir. Sənəd 2018-ci ilin sonunadək qüvvədədir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər